BDU -DA "COĞRAFİ BİLİKLƏRİN NƏZƏRİ VƏ TƏCRÜBİ TƏTBİQİ" MÖVZUSUNDA KONFRANS

10 Dekabr 2014
5 dekabr 2014-cü il tarixində BDU Coğrafiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti Bakı Dövlət Universitetinin yaradılmasının 95 illik yubileyinə həsr olunmuş "Coğrafi biliklərin nəzəri və təcrübi tətbiqi" mövzusunda magistrant və bakalavrların XX elmi konfransını keçirmişdir. 
Konfransda Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, eləcə də Turizm İnstitutunun tələbələri coğrafiyanın müxtəlif sahələrinə dair təqdimatlarla çıxış etmişlər.
Konfransı giriş sözü ilə açan BDU Coğrafiya fakültəsinin dekanı prof. F.Ə.İmanov konfrans haqqında xoş təəssuratlarını iştirakçılarla bölüşdü və Coğrafiya fakültəsi tələbələrinin elmi fəaliyyəti haqqında ətraflı məlumat verdi. Daha sonra söz Universitetin elm və innovasiyalar üzrə prorektoru, akademik A.N.Kazımzadəyə verildi. O, Bakı Dövlət Universitetinin yaradıldığı dövrdən bü günə kimi keçirilən yubileyler haqqında qısa məlumat verdi, son dövrlərdə Universitetdə təhsilin və elmin inkişafında aparılan dəyişikliklər barədə danışdı və  bu istiqamətdə rektor, akademik Abel Məhərrəmovun hər tələbəyə göstərdiyi qayğını xüsusilə vurğuladı.
BDU Coğrafiya fakültəsi  TEC-in sədri Geodeziya və kartoqrafiya kafedrasının dosenti Ə.T.Talıbov TEC-in əsas fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görülən işlər barədə ətraflı məlumat verdi,  qeyd etdi ki, tələbələrin elmi fəaliyyətini, ictimai fəallığını gücləndirmək, cəmiyyət üçün faydalı kadrların yetişdirilməsi üçün 2 əsas hədəf müəyyən etmişdir. Bu hədəflərdən birincisi elmi bilik və bacarıqlara yiyələnmiş kadrlar, ikincisi isə cəmiyyət üçün sağlam düşüncəli gənclər yetişdirməkdir. Bunları həyata keçirmək üçün Coğrafiya fakültəsinin TEC-i elmi parktik konfranslar keçirmək və müxtəlif səpkili təlimlər təşkil etmək kimi 2 istiqamətdə fəaliyyət göstərir.
2014-cü ildə Coğrafiya fakültəsinin  TEC-i 2 konfrans keçirmişdir. Birinci konfrans Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Coğrafi tədqiqatlarda gənclərin rolu” mövzusuna, ikinci isə BDU-nun 95 illik yubileyinə həsr olunmuş “Coğrafi biliklərin nəzəri və təcrübi tətbiqi” mövzusuna həsr edilmişdir. Ikinci konfransda TEC fəaliyyətini daha da genişləndirmişdir. Belə ki, bu konfransda yalnız Bakı Dövlət Universitetinin deyil, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Turizm İnstitutunun da tələbələri təmsil olunmuşdular. İnteqrasiya elmin inkişafının əsasını təşkil etdiyindən digər universitet tələbələrinin də əldə etdikləri bilik və bacarıqların mübadilə edilməsi böyük əhəmiyyəti kəsb edir.
Ə.T.Talıbov qeyd etdi ki, Coğrafiya fakültəsi TEC-nin ikinci fəaliyyət istiqaməti müxtəlif səpkili təlimlərin təşkilidir. Bunun üçün artıq TEC-in tərkibində təlim mərkəzi yaradılmışdır. Bu təlim mərkəzi hər həftənin şənbə günləri Coğrafiya fakültəsində bakalavr, magistr və doktorantların iştirakı ilə tədbirlər təşkil edir. Belə ki, noyabr ayının 22-də TEC-in sədr müavini Eltac Cəbiyev “Uğura doğru təlim”, “Layihələrin hazırlanma formaları”, IV kurs tələbəsi Babayeva Leyla “Turizmin inkişafı üçün geoinformasiya sisteminin yaradılması”, IV kurs tələbəsi Əhmədova Şəmsiyyə “CİS-də tətbiq olunan proqram təminatları” mövzusunda təqdimatlarla çıxış etmişlər. 29 noyabr tarixində isə Young Business Factory şirkətinin nümayəndəsi Rasim Acalov “İş müsahibələri və CV hazırlığı” mövzusunda təlim keçmişdir. Bunlarla yanaşı tələbələr artıq müxtəlif mövzuları əhatə edən layihələr üzərində işləyirlər. Layihələr hazır edildikdən sonra onlar müvafiq donor təşkilatlarında keçirilən tenderlərə təqdim ediləcəklər. TEC Təlim Mərkəzi eyni zamanda ingilis dilindən danışıq dərsləri və coğrafi xəritələrin tərtibində geniş tətbiq tapmış ArcGİS proqram təminatı üzrə də təlimlər təşkil edir.
Daha sonra tələbə və magistrların coğrafiyanın müxtəlif sahələrinə aid çıxışları dinlənildi.
Konfransın sonunda “Ən yaxşı tələbə elmi tədqiqat işi” müsabiqəsinin qalibləri pul və sertifikatla mükafatlandırıldılar.
15173
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic