ANS ŞİRKƏTLƏR QRUPUNUN VİTSE PREZİDENTİ MİRŞAHİN AĞAYEVƏ

29 Yanvar 2016
 Hörmətli Mirşahin bəy!
 
Sizin dekabr ayının 13-də həftəlik proqramınızda “Xəzər dənizi bizi xilas etmədi” - deyərək, ona böhtan atmanız məni həyəcanlandırdı və ona görə də Sizə yazmaq qərarına gəldim. İstərdim ki, Xəzər dənizinin öz ətrafındakı adamları daim  xilas etdiyini, həmişə onun hoyuna yetdiyini biləsiniz və bu haqda xalqı maarifləndirəsiniz.
Fikrimi təsdiq üçün bir neçə misal. Siz bilirsinizmi ki, 2-ci Dünya  müharibəsi qurtardıqdan sonra   Azərbaycanda 100 minlərlə dinc insan aclıqdan öldü. Səbəbi 1946-47-ci illərin quraq keçməsi, taxılın yoxluğu oldu. Bəzi kəndlərdə təkcə bu aclıqdan ölənlərin ayrıca qəbiristanlığı yarandı. Ancaq bu mənzərə Xəzərətrafı bölgələrdə müşahidə olunmadı. Səbəbi güman edirəm aydındır: Xəzərin o zamankı bol balığı. Gələk sizinlə bizim yaşadığımız dövrə, SSRİ-nin kollaps etdiyi vaxta. Azərbaycan vətəndaşının maddi vəziyyətinin nə qədər çətin olduğunu yəqin yaxşı xatırlayırsınız. Onda yenə Xəzər köməyə gəldi, dedi ki, mən siz azərbaycanlılara  “öz altımda” ruslardan gizli neft-qaz ehtiyatları saxlamışam, aparın satın, güzaranınızı yaxşılaşdırın. Biz belə də etdik, iqtisadiyyatımızı və sosial həyatımızı qaldırdıq. Bundan əlavə, Xəzər sənin üçün də, mənim üçün də həm də pənah yeridir, bütün istirahətimiz - reabilizasiyamız  (sahildəki bağlar, sanatoriyalar, balneoloji mərkəzlər və s), pul qazanmaq istədiyimiz turizm fəaliyyəti və s. də onunla bağlıdır. Onun faydalı varlığı haqqında mən daha çox yaza bilərdim. Güman edirəmi, bu Sizə kifayətdir. Axı Siz peşəkarsınız.
Xəzərin heç bir günahı yoxdur ki, biz onu saymırıq. Onun gücünü bilmirik, bilənlərlə isə ümumiyyətlə danışmaq istəmirik. Elə mənim tərtib etdiyim “Xəzər dənizinin hidrometeoroloji atlası”nda həmin vaxt baş vermiş hündürlüklü dalğaların yaranma ehtimalı verilmişdi. Kim ona baxır - heç kim! Ancaq panegirik danışanları eşidirik. Axırıncı verilişdə Siz neftçilərin fədakar əməyini, yanğını xilas etmək istəyənləri haqlı olaraq milli qəhrəman kimi təqdim etdiniz. İlk günlər bu faciə haqqında KİV-lərdə məlumat gedəndə, mən bu yaşımda bir neçə dəfə ağladım. Bəlkə ona görə ki, mən o həyəcanı yaşamış adamam. Həmin platformadan bir qədər şimala Andriyevski sayı yaxınlığındakı özüldə (dünyada ilk dəfə olaraq biz orada elmi dəniz observatoriyası yaratmışdıq) mən 28 gün tək qalmışam, müşahidələr aparmışam. Sürəti saniyədə 40 metr və ondan çox olan küləkləri ölçmüşəm, başqa sözlə desək səhərə kimi ölümümün gözünə baxmışam. Təsəllim o olub ki “elm qurban tələb edir”. Təsəvvür edin ki, belə küləklərdə özül (platforma) gəmi kimi yırğalanır. İndi o neftçilərin nə keçirdiyini təsəvvür edin. Mənim üçün bunu anlamaq asandır. 
Ancaq sizin axırıncı veriliş çox tendensiyalı alındı. Belə ki, baxın ha, görün nə fədakar müdirlər var. Yanğını necə söndürmək istəyirlər, hətta xaricdən mütəxəssis çağırıblar. Daha neyləsinlər?! Axı, bəs niyə sual qoymadın ki, bu yanğın niyə baş verdi, “ay nədən oldu”. Siz peşəkar jurnalistsiniz, həm də müəyyən axtarışlar aparmalısınız. Bütün rus, ingilis və s. beynəlxalq jurnailstlər belə edirlər. Mən istərdim bizim jurnailstlər də belə olsunlar. Heç olmasa, bir neçə il əvvəlin peyk təsvirlərinə baxardnıız. Jurnalistlərimiz içərisində  babatı Sizsiniz. Siz də bunu etməyəndə, bəs kim etməlidir?  Axı bu şəkillər var və özü də həmin platformanın ətrafında güclü neft ləkələrinin olduğunu göstərir. Bu, platformanın qəza halında olmasına bir işarədir. Yəni istənilən güclü külək bu qəzanı yarada bilərdi. Üstəlik sizə deyim ki, qasırğalı küləyin olacağı haqda proqnoz verilmişdi. Qabaqlayıcı tədbirlər görmək lazım idi.
Nə isə, uzaq getdim, az yazmaq istəyirdim, bir az çox alındı.
Allah bizə insaf versin!

 
Hörmətlə,
 Akademik Ramiz Məmmədov
13.12.2015. 23.00.


 

 
10239
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic