AZƏRBAYCAN COĞRAFİYA CƏMİYYƏTİNİN PREZİDENTİ, AKADEMİK RAMİZ MƏMMƏDOV 160 SAYLI KLASSİK GİMNAZİYANIN ŞAGİRDLƏRİNƏ MASTER-KLASS VERDİ

11 fevral 2016

11.02.2016.

Respublika Təhsil Nazirliyinin “Elmdən təhsilə” adlı məqsədli proqramına uyğun olaraq fevralın 9-da Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov 160 saylı klassik gimnaziyanın IX-X sinif şagirdləri üçün yüksək səviyyədə dərs tədris edib.

Respublika Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə adı çəkilən təşkilatların, kütləvi informasiya vasitələrinin  nümayəndələri, Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, gimnaziyanın direktoru Faina Ələkbərova və coğrafiya müəllimləri iştirak ediblər.

 “Coğrafiya – müşahidədən fundamental elmə və tətbiqə” mövzusunda geniş məruzə ilə çıxış edən akademik Ramiz Məmmədov coğrafiya elminin əhəmiyyətindən, cəmiyyətdəki rolundan, müasir dövrdə tutduğu mövqeyindən, eləcə də  onun tədqiqat  obyektləri, istiqamətləri, funksiyaları və s. haqqında iştirakçılara dolğun məlumat verib. Ömrünün böyük hissəsini Xəzərin tədqiqinə həsr edən alim  məruzəsində “İqlim dəyişkənlikləri fonunda Xəzər dənizinin problemləri” mövzusuna xüsusi yer ayırıb. O həmçinin bir sıra qlobal  xəritələrin müəllifi, AMEA-nın müxbir üzvü Elbrus Əlizadənin fəaliyyətini də xüsusi qeyd edib.

Məruzəni böyük maraqla dinləyən şagirdlər akademikə Xəzərin çirklənməsi, səviyyəsinin dəyişkənliyi, daşqınların Azərbaycan iqtisadiyyatına vurduğu ziyanlar, neftçıxarmanın seysmoloji vəziyyətə təsiri və s. haqqında  ardı-arası kəsilməyən suallar veriblər.  Şagirdləri   məmnunluqla dinləyən akademik dolğun, qənaətbəxş cavabları ilə onları razı salıb.

Tədbirin sonunda R.Məmmədov müəllifi olduğu “Xəzər dənizinin hidrometeoroloji atlası”nı və  “Azərbaycan Respublikasının Coğrafiyası” adlı üçcildlik monoqrafiyanı  gimnaziyanın coğrafiya kabinetinə bağışlayıb və gəncləri hər həftə institutda keçirilən elmi seminarlarda iştirak etməyə  dəvət edib. Elbrus Əlizadə şagirdlərin Coğrafiya İnstitutunda eyni zamanda Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti  ilə də tanış olmaq imkanı əldə edəcəklərini diqqətə çatdırıb.  

160 saylı klassik gimnaziyanın direktoru Faina Ələkbərova şagirdlərdə coğrafiya elminə həvəsin daha da artmasına  nail olan Ramiz Məmmədova maraqlı görüş üçün təşəkkürünü bildirib.














 

18975
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic