ELM DÜNYASININ ŞAHI NƏSİRƏDDİN TUSİ

XIII əsrdə, zəmanəsinin görkəmli filosofu, astronomu, riyaziyyatçısı, tarixçisi, coğrafiyaşünası, maliyyəçisi və hüquqşünası sayılan Azərbaycan alimi, Tusitəxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusi (1201-1274) Azərbaycanın mərkəzində yerləşən Marağa şəhərində, şəxsən özünün layihəsi ilə rəsədxana inşa etdirmiş və orada işləmişdir.
Əsas mənbələrdə göstərilir ki, Nəsirəddin Tusi 1201-ci ilin fevralın 18-də Həmədan şəhərinin Bahar bölgəsində anadan olmuşdur.
Lakin onu da qeyd etməliyiəm  ki, Tusinin anadan olması ilə bağlı bəzi müxtəlif fikirlər var. Akademik Ziya Bünyadov bu barədə yazmışdır: “Bu günə qədər böyük alimin təvəllüd tarixi ənənəvi olaraq yanlış göstərilib. Lakin, mənbələr təsdiq edir ki, Nəsirəddin Tusi 1201-ci ildə deyil, daha əvvəl anadan olmuşdur. Ən nüfuzlu və dəqiq orta əsr tarixçilərindən Əl-Məqrizi “Kitab əs-süluk” əsərinin birinci cildinin ikinci hissəsində yazır ki, Nəsirəddin Tusi cəmadiyal əvvəl ayında, 577-ci ildə (12 sentyabr – 11 oktyabr 1181) anadan olmuşdur1.
Qütbəddin Yuninin  “Zeylmirat əz-zaman” əsərində göstərir ki, “Nəsirəddin Tusi 25. VI. 1274-cü ildə Bağdadda vəfat edərkən onun yaşı səksəndən çox idi”2.                                                                                             
 Təhsilini Xorasan vilayətinin Tus qəsəbəsində aldığına görə “Tusi” təxəllüsünü götürmüşdü. O, ibtidai təhsilini (şəriətdən) atası Məhəmməddən, orta təhsilini isə XIII əsrin məşhur alimləri yanında almışdır.
O, ilk elmi təhsilini dayısı Nurəddin Şəidən (rasional elmlər üzrə) və atasının əmisi Bəsirəddin Abdullah ibn Həmzədən (müsəlman hüququ, hədislər üzrə) almışdır. Əbu Əli ibn Sinanın tələbəsi olmuş məşhur  Azərbaycan  filosofu  Bəhmənyarın  tələbəsi  Sərxəsin  tələbəsi  də  Tusinin  müəllimi  olmuşdur.
Tarixi sənədlərdə Tusinin müəllimlərinin adı qalıbdır. Birinci müəllimi Sədrəddin Sərxəsin tələbəsi Fəxrəddin Dəmadi olmuşdur. Sərxəsin müəllimi isə Əbül Abbas Lövkərinin tələbəsi Əfzələddin Gilyani idi. O, isə öz növbəsində Əbu Əli İbn Sinanın tələbəsi görkəmli Azərbaycan alimi Bəhmənyardan təhsil almışdır. Tusinin ikinci müəllimi Qütbətdin Misri, üçüncü müəllimi isə rəqqaslı saatın ixtiraçısı və “Zic Əkbər əl Hakimi” adlı astronomik kataloqun müəllifi Yunis Misri olmuşdur. Aldığı hərtərəfli və dərin biliklər Tusini az  bir vaxtda elmi  mühitdə məşhurlaşdırır.
Tusi elə uşaqlıq illərindən bir çox elmlərə tam yiyələnmək üçün bütün bilik və enerjisindən istifadə etmişdi. Bu elə bir dövr idi ki, elm, ədəbiyyat, incəsənət, mədəniyyət yüksək səviyyədə inkişaf etməkdə idi. Antik və erkən orta əsr dövrünün tanınmış alimlərinin əsərləri ilə tanış olmaqdan ötrü, o, bir çox dilləri öyrənərək, eyni zamanda elmin bir neçə sahəsinə dərindən yiyələnir.
Hələ gənc yaşlarında mütaliəyə həvəsi olan Nəsirəddin, deyilənə görə, fenomenal hafizəyə malik olmuş, oxuduqlarını və eşitdiklərini öz mühakiməsi və dərin zəkası ilə təhlil edib yoxladıqdan sonra müsibətləri qəbul edər, mənfiləri isə rədd edərdi. Özündən yeni-yeni bilməcə, teorem və alətlər, cihazlar tərtib etməyi və düzəltməyi xoşlayardı. Elmin çətin məsələləri ilə maraqlanardı...
Artıq həmin dövrdə, Azərbaycan özünün bütün Yaxın Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyətləri Mühəmməd Babakuhi Bakuvi, Şihabəddin Əbuhəfs Sührəvərdi, Qətran Təbrizi, Əli Xatib Təbrizi, Əfzələddin Xaqani Şirvani, Ömər ibn Osman Kafiəddin Şirvani, Əcəmi Naxçıvani, Mahmud Zəncani, Şeyx Nizami Gəncəvi, Məshəti Gəncəvi ilə tanınmışdı. Onların haqqında, elmə və mədəniyyətə böyük üstünlük verən Hülaku xan da müsbət fikirlər eşitmişdi. Adları çəkilən görkəmli şəxsiyyətlərdən fərqli olaraq, Azərbaycan alimi N. Tusi hərtərəfli inkişaf etmiş adam idi və öz biliyi ilə nəinki dostlarını, hətta düşmənlərini də valeh etmişdi.
Şübhəsiz ki, XIII əsrin ortalarında, Avropa monarxlarının nümayəndələri Azərbaycanda olanda, nəinki bu ölkədə, hətta bütün Yaxın Şərq ölkələrində öz elmi nailiyyətləri və insani keyfiyyətləri ilə məşhurlaşan Tusi haqqında bir çox xəbərlər eşitmiş, onun barəsində bir çox məlumatlar toplamağa çalışmışdırlar.
Tusinin şan-şöhrətinin Avropada yayılmasına şübhə etməmək olar. Onunla ilk növbədə astronomiya, riyaziyyat, həndəsə, coğrafiya və tarix elmləri ilə məşğul olan mütəxəssislərin maraqlanması labüd idi.
Bir çox həmkarları onu həm filosof, həm də alim kimi tanıyırdılar. Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M. Qəzali, Bəhmənyar, əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir.
Ədalət naminə demək lazımdır ki, Tusiyə dünya şöhrəti qazandıran onun riyaziyyat və nücum elmlərinə aid yazdığı “Zic Elxani” kimi əsəri və Marağa rəsədxanasıdırsa, onu Şərq xalqlarına sevdirən “Əxlaqi-Nasiri” əsəri olmuşdur. Məzmununun ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi səciyyəsi baxımından bu əsər xüsusi əhəmiyyətə malikdir. Onun 700 ildən artıq bir müddət ərzində Orta və Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi böyük şöhrət tapması da bununla izah olunur. Bu kitab çoxlu miqdarda üzü çıxarılaraq xalq içərisində yayılmışdır. “Əxlaqi-Nasiri” özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi və pedaqoji fikirlərin bir növ yekunudur.
Tusi “Əlamut” qalasında sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınmış alim ismaililərin yanında keçirdiyi 20 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılara baxmayaraq, bir neçə elmi əsər yaza bilir: “Şərhül-İşarət”, “Təhrir Məcəsti” (Almagest), “Təhrir Öqlidis” (birinci redaksiya). Adı çəkilən sonuncu kitabı o, 1248-ci ildə və bundan sonra isə həmin kitabın ikinci variantını (13 hissədən ibarət olanını) yazmışdır.
Alim 1242-ci ildə tamamladığı “Şərhül-İşarət” (Əbu Əli ibn Sinanın “İşarət” adlı fəlsəfi risaləsinə şərhlər) əsərinin sonunda yazır: “Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi. Mənim bu kitabı yazdığım vaxtın hər fəsiləsi qəmlə, əzabverici qüvvə, hayıfsılanma və böyük hüzn ilə dolu idi. Mən bu kitabı elə bir şəraitdə tərtib etmişəm ki, hər bir anda mənim üstümdə cəhənnəm odu yandırılır  və  üstündən  qaynar  su  tökülürdü”3.
Onun bu yazısını izləyəndə, onda “Dürrətül-Əxbar” kitabında yazılanların həqiqət olduğuna inanırsan; “Əlamut  zindanında  Nəsirəddin  ayaqları  bağlı  saxlanılırdı”.
Tusinin sarsıntısını və iztirabını başa düşmək çətin deyil. O, araşdırma işləri ilə məşğul olmaq üçün mühüm kitabxanalardan məhrum edilmişdi. Alimin qalada yazdığı bütün elmi əsərlər ciddi nəzarət altında yazıldığından, yoxlamalara məruz qalırdı. Bununla belə Tusi Əlamut qalasında ağır bir şəraitdə, özünün ölməz  əsərlərini  yaradır.
Çoxları elə zənn edirdi ki, ürəyi elmin eşqi ilə döyünən alim qısa zaman kəsiyində ismaili təriqətinin əleyhdarı kimi edam ediləcək. Lakin bu baş vermədi.
Bunun bir səbəbi “Tarix-e cahaquşay-e Cüveyni” kitabında belə izah edilir: “İsmaililər rəhbərlərinin ən çox diqqət yetirdikləri elmlərdən biri ulduzların tədqiqi olmuşdur. İsmaililər istehkamların, qalaların, qüllələrin – Əlamut, Kuhistan qalalarının hündür yerlərdə tikilməsinin əsas səbəblərindən biri də bu idi ki, münəccimlər münasib yerlərdə yerləşdirilsin və kainatı tədqiq etsinlər... Digər tərəfdən isə ismaililər hərəkatı öz inkişafının ən yüksək zirvəsinə çatmış, yüksək səviyyədə elmi tədqiqat işləri apardığına görə xüsusi diqqət mərkəzində idi. Çalışırdılar ki, müxtəlif elm sahələri üzrə böyük alimləri öz mərkəzlərinə toplayıb, onlar üçün tədqiqat aparmaq üçün imkanlar yaratsınlar.
Xacə Nasirin Əlamutda olması, sonralar onun o dövrün ölkələrinə - Çinə qədər elmi nəzəriyyələrinin yayılması göstərir ki, o, orada elmi tədqiqat fəaliyyəti ilə məşğul olurmuş. Unutmaq olmaz ki, Əlamutda zəngin kitabxanalarından biri mövcud idi. Hətta orada münəccimlik alət və dəzgahları da geniş şəkildə işlədilirdi”4.
Bir neçə ildən sonra Tusi məntiqdən “Əsasül-iqtibas” əsərini yazır. Bu əsər məntiqlə bağlı ibn Sinanın “Şifa” əsərindən sonra ikinci əsər sayılır.
Çingiz xanın nəvəsi Hülaku xan öz ordusu ilə Azərbaycanın sərhədinə yaxınlaşanda xanın göndərdiyi cəsuslar Tusinin nə qədər müdrik alim və aqil insan olduğunu hökmdara izah edirlər.Buna qədər xan qiyabi olsa da, Azərbaycan alimi barəsində çoxlu müsbət fikirlər eşitmişdi. Alimlərə və ümumiyyətlə, aqil insanlara möhkəm pərəstiş edən Hülaku xan “Əlamut” qalasını mühasirəyə alır. Onun qoşunları 1256-cı ildə fəth olunmaz “Əlamut” qalasını alır, Tusini və digər alim məhbusları azad edirlər.
“Əlamut” qalası monqollara təslim olandan sonra əhali demək olar ki, toxunulmaz qalır.
Cüveyni oradakı əl işləri ilə tanış olandan sonra Hülaku xana məsləhət görür ki, həmin kitabxanaya heç bir zərər dəyməsin. Bütünlüklə oradakı elmlə bağlı olan işlər tarixçinin öhdəsinə verilir. Cüveyni əmr edir ki, “Əlamut” kitabxanasında olan astronomik alətlər, Quran, qiymətli əlyazmalar saxlanılsın, yalnız ismaili cərəyanı ilə əlaqəli olan bütün əsərlər yandırılsın. Lakin bir neçə ismaili əsərlərini tarixçi öz elmi işlərinə daxil edir. Məsələn, Əlamut dövlətinin təməlini qoyan Həsən ibn Səbahdan  bəhs  edən“Sərgüzeşt-i seyidna” əlyazmasından o, öz əsərində istifadə etmişdi5.
1256-cı ildə Hülaku xan Azərbaycanın bütün bölgələrinə tam yiyələnir və həmin ölkənin hakimi elan edilir. O, Azərbaycana sahib çıxandan sonra dahi alim N. Tusini öz məsləhətçisi təyin edir. Hülaku xan ən ağır vəziyyətlərdə belə, başqa milliyyətdən olan bu alimə bel bağlamışdı.
Tusi “Əlamut” qalasında saxlanıldığı  zaman onun nəslinin bir çox nümayəndələri, o cümlədən ailəsi Həmədan şəhərində yaşayırdı. Tusinin müasiri olan məşhur Azərbaycan tarixçisi Rəşidəddin Fəzlullah (1247-1318) Hülaku xanın alimə necə hörmətlə yanaşması barəsində yazırdı: “Elə ki aşkar edildi və səhih çıxdı, Xacə Nəsirəddin, Rəşiddövlə və Müvafiqəddövlənin oğulları açıq ürəklidir və onların mənşəyi Həmədan şəhərindəndir, bunlar böyük və hörmətli təbiblərdir, onların hamısına Hülaku xan nəvaziş və hörmət göstərdi, onlara nəqliyyat vasitələri verdi ki, öz ailələrini, qohumlarını, ev adamlarını, itaətlərində olanları, müridlərini onun (Hülakunun) hüzuruna gətirsinlər və onun zat-ailələrinin xidmətində saxlasınlar”6.
Alim qaladan azad edilən kimi ilk vaxtdan monqol hökmdarının məsləhətçisi təyin edilir. Elə ilk günlərdən o, Hülaku xanın bir çox siyasi tədbirlərinin həyata keçirilməsində məsuliyyəti öz üzərinə götürür. Xan yenicə yaratdığı dövlətinin sərhədlərini genişləndirmək üçün mütləq Abbasilər xilafətinin paytaxtı - Bağdadı ələ keçirməli idi. Bu işdə Tusi hökmdara lazımi məsləhət vermişdi. Uzun müddət müsəlman aləminin müqəddəs şəhəri sayılan Bağdada hücum etməyə çəkinən Hülaku xan yalnız, Azərbaycan aliminin elmi cəhətdən əsaslandırılmış  fikirlərindən sonra bu addımı atmağa cürətlənir.
Bağdad ələ keçiriləndən sonra (1258) Hülaku xan öz möhtəşəm dövlətini 1260-cı ildə Azərbaycanda salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları “Elxan”lar idi.
 
1 Əl-Məqrizi “Kitab əs-süluk” I cild. Qahirə, 1936, səh. 614
2 Q. Yunini “Zeylmirat əz-zaman”, III cild. Heydərabad, 1960, səh.790
3 Nəsirəddin Tusi. “Şərhül İşarət”. Bu ifadələri professor Ə. K. Zəkuyev tərcümə etmişdir.
4 A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” İslam araşdırmaları mərkəzi, 1996. səh. 33-34
5 Л. В. Строева. Государство Исмаилитов в Иране в XI-XIII вв. Москва, «Наука», 1978. стр. 243
6 Рашид-ад-дин. Сборник летописей. III том. Москва, 1946. стр. 31
 
email: [email protected],
          [email protected]
45333
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic