MARAĞA RƏSƏDXANASI VƏ ONUN ALİMLƏRİGörkəmli Azərbaycan alimi Rəşidəddinin yazdığına görə, Marağa rəsədxanasında 100 nəfərdən çox alim və başqa işçi varmış. Onların da çoxu görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) tələbəsi olmuşdur.Maraqlı cəhət ondan ibarətdir ki, gələcəkdə həmin adamlar öz ölkələrində tanınmış alimlər kimi hörmət sahibi olmuş və əksər hallarda hökmdar saraylarında işlə təmin olunurdular. Hətta həmin alimlərin bə`ziləri Marağa rəsədxanasına oxşar bir rəsədxananın öz ölkələrində inşa etmək üçün öz hökmdarlarına müraciət etmişdilər. Lakin həmin iş külli-miqdarda vəsait tələb etdiyindən, ortaya qoyulan layihəni həyata keçirmək mümkün olmamışdı. Hülaku xan hələ Bağdadı tərk etməmiş göstəriş vermişdi ki, tikinti (rəsədxana – R. D.) üçün lazım olan tikinti materiallarını və cihazlar alınması üçün vəsait versinlər. Bununla əlaqədar göstəriş verdi ki, bütün islam vəqfləri Nəsirəddinin sərəncamına verilsin və bu vəqflərin gəlirinin ondan bir hissəsi rəsədxananın tikintisinə xərclənsin. Nəsirəddin vaxt itirmədən işə başladı. Göstəriş verdi ki, riyaziyyata və astronomiyaya aid olan bütün kitablar (o cümlədən, hücumlar vaxtı İrandan və İraqdan oğurlanmış kitablar) axtarılıb tapılsın və tə`cili Marağaya göndərilsin. Bu məsələlərə nəzarət etmək üçün Nəsirəddin sonralar daha bir neçə dəfə Bağdada gəlmişdi. Nəsirəddin alimlərin axtarışı ilə də ciddi məşğul olurdu. Mənbələrə arxalanıb deyə bilərik ki, Bağdaddan Marağaya özü ilə Nəcməddin Əhməd ibn Əli ibn Əbil Fərəci (təxəllüsü İbn əl-Bəvvab əl-Bağdadi əl-Katib), Amidəddin Əbül-Fədail Saib ibn İzəddin Məhəmməd ibn Abdin Əs-Səlmi əl-Ömüdəddin Münəccim Bağdadini, Nəcməddin ibn Huab Bağdadini, Kəmaləddin Sufi Bağdadi Əbu Əzizi, Qavaməddin Bağdadini və 14 yaşında əl-Füvati əl-Bağdadini gətirmişdi. Əl-Füvatini Nəsirəddin öz himayəsinə götürmüş, ona fars dilini öyrətmişdi. Sonralar əl-Füvati fəlsəfə elminə yiyələnmiş və Marağa rəsədxanasının kitabxanasında xəzinədar işləmişdir.1 Bir çox mənbələrin araşdırılması nəticəsində Marağa rəsədxanasında çalışan bir neçə tanınmış və nüfuzlu mütəxəssislərin adları aşkar edilmişdir. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, rəsədxana fəaliyyət göstərən zaman oraya həm Azərbaycandan, həm də yaxın regionlardan çox məşhur şəxsiyyətlər gəlmiş və elm ocağının alimləri ilə müxtəlif səpkili görüşlər aparmışlar. On il boyunca kitabxananın qoruyucusu və açarcısı olmuş İbn əl-Füvati “Təzkirə mai qəsədə əl-rəsədxana” adlı əsərində minlərlə уerli və əcnəbi alimlərin, mütəxəssislərin adını əks etdirib. Həmin fundamental əsərin müxtəsər variantı dövrümüzə qədər gəlib çıxmışdır. Əsərdə indiyə qədər namə`lum olan neçə böyük azərbaycanlı alimin adı çəkilir... Rəsədxanadan danışan Əs Səfədi “Əl-Favi bilvəfayat” adlı əsərində yazır: “Şəmsəddin əl-Cəzəri Həsən ibn əl-Həkimə əl-İbrahimlinin dilindən xəbər verir: Mən Marağaya getdim və o rəsədxanaya baxdım (Sədrəddin Əli ibn Xacə Nəsirəddin Tusinin rəhbərlik etdiyi rəsədxana). O, gənc və ləyaqətli bir alim, nücumun və fars şeirinin bilicisi idi. Mən orada Şəmsəddin Mühəmməd əl-Ordi, Şəmsəddin əş-Şirvani, şeyx Kəmaləddin əl-İyqi, Hüsaməddin əş-Şamini də gördüm”.(2) Mahmud ben Məsud Qütbəddin Şirazi (1236-1311) Şiraz şəhərində anadan olmuş, gəncliyini də orada keçirmişdir. O, Tusinin tələbəsi olmuş və astronomiya, riyaziyyat elmlərini müəllimindən öyrənmişdi. Qütbəddin 1282-ci ilə qədər Marağada çalışmış və ondan sonra o, monqolların səfiri kimi Misirə göndərilmişdı. İlk dəfə o, Misirdə Aralıq dənizi və onun ətrafındakı torpaqların xəritəsini tərtib edir. Qütbəddin ərəb dilində, öz dövrünün astronomik və coğrafi nailiyyətlərini əks etdirmiş “Biliklərin sonu” adlı qiymətli əsər yazmışdır. Bundan sonra o, “Dürrətül tac” (Tacın dürləri) adlı ensiklopediya mahiyyətli bir kitab da tamamlamışdır. Marağa rəsədxanasında çalışan alimlərdən biri də xristianlığı qəbul etmiş və yəhudi millətinə mənsub olan Yuhanna Qriqori Əbül Fərəc Bar Ebrey (1226-1286) Anadolu yarımadasının şərq hissəsində anadan olmuşdur. Melatiyada yepiskop, sonradan isə Hələbdə baş kilsə xadimi olmuş Əbül Fərəc XIII əsrin 60-cı illərində Marağaya gəlir və burada Nəsirəddinin rəhbərliyi altında çalışmışdı. O, Suriya dilində astronomiya və coğrafiya elminin əsasları haqqında qısaca mə`lumatlar verilmiş qiymətli əsər yaratmışdı. Əbül Fərəci orta əsrlərdə Avropada çox məşhur edən “Sülalələr tarixi”, yaxud “Dövlətlərin müxtəsər tarixi” adlı ərəb dilində yazdığı kitabdır. Bu əsər Marağa rəsədxanasında çalışan və yaşayan çoxmillətli kollektivin həyat tərzini geniş şəkildə əks etdirmişdir. Marağa rəsədxanasının baş mühəndisi və qurucusu tanınmış alim Müəyyidəddin Ordidir. Ordi haqqında bioqrafik mə`lumatlar, demək olar ki, yoxdur. Tarixdə sənəd kimi yalnız onun ərəb dilində qələmə aldığı “Marağa rəsədxanasının astronomik alətləri haqqında risalə”sinin iki əlyazma nüsxəsi qalmışdır. Bunlardan biri Parisin, digəri isə Tehranın milli kitabxanalarında saxlanılır. Birinci nüsxə XIX əsrin əvvəllərində Parisdəki xüsusi şərq dilləri məktəbinin müəllimi A. Jurden tərəfindən tapılıb fransız dilində tərcümə olunur. Kitab Parisdə ilk dəfə - 1809 və 1810-cu illərdə nəşr olunur. 1811-ci ildə alman dilinə tərcümə edilir. Bu əsərdə Tusinin rəhbərliyi altında Ordinin hazırladığı on mürəkkəb astronomik cihazın təsviri də var. Ordinin traktatında verilən mə`lumatların təhlili bir çox tədqiqatçıları belə bir fikrə gətirmişdir ki, Marağa rəsədxanasındakı alətlər təkmilliyi ilə o dövrün bütün rəsədxanalarındakı alətlərdən seçilirmiş. Bu da məlumdur ki, Ordinin öz ixtirası olan bəzi alətlər sonradan dünyanın bir çox rəsədxanalarında istifadə olunub. Ondan sonrakı dövrdə isə hazırlanan astronomik cihazların əksəriyyəti, Ordinin ixtira etdiyi cihazlara əsasən təkmilləşdirlmişdir. Mühəmməd ben Müəyyidəddin Ordi rəsədxanada astronomik cihazların quruluşu ilə məşğul olaraq, dünyada ən qədim ulduz qlobusu (1279) düzəltmişdi. Həmin qlobusun üzərində ulduzların vəziyyəti çox böyük dəqiqliklə düzəldilmişdi. XVI əsrdən Almaniyanın Drezden şəhərində bir dövlətli şəxs “Rəsm Qalereyası” adlı bir muzey yaradır və bürüncdən, gümüşdən və qızıldan hazırlanmış həmin qlobus bu muzeydə saxlanılır. Sədrəddin Əli Tusi atasının vəfatından sonra uzun müddət rəsədxanaya rəhbərlik etmişdir. Onun qardaşı Əsiləddin, Parisdə milli kitabxanada saxlanılan “Zic Elxani” əsərinin bir əlyazma nüsxəsinin müəllifidir. Marağa rəsədxanasında çalışan Məhiəddin Məğribi İspaniya ərəblərindən idi. O, hələ rəsədxana tikilməmişdən əvvəl Hələbə gəlmiş, orada astronomiya ilə məşğul olmuşdu. Hülaku xanın qoşunları Hələbə daxil olduqda heç cür xilas yolu tapmayan Məhiəddin qışqırır ki, o, astronomdur. Nəsirəddinin, harada astronomlara təsadüf olunsa, onları Marağaya göndərmək xahişini bilən Hülaku xan Məhiəddini xilas edib oraya göndərir. Məşhur alimlər Fao Mun-Çi Çindən, İsa Monqolustandan, Fəxrəddin İxlati isə Tiflisdən idi. Marağa rəsədxanasında çalışan alimlərin dini mənsubiyyət e`tibarilə müxtəlif idi. Müsəlmanlarla yanaşı xristianlar, nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş və onlara orada böyük hörmətlə yanaşılırdı. Bu tədqiqatdan mə`lum olur ki, orada azərbaycanlılarla yanaşı farslar, ərəblər, yəhudilər, özbəklər, çinlilər, türklər, monqollar və başqaları da çalışmışlar. Buradan aydın olur ki, Marağa rəsədxanası tam mə`nası ilə beynəlmiləl tərkibli mədəniyyət ocağı, yaşayış məntəqəsi olmuş və orada alimlər arasında əsl emansipasiya yaranmışdı. Bu isə rəsədxananın ən mütərəqqi cəhətlərindən biri idi. Şamaxı astrofizika rəsədxanasının rəhbəri akademik Hacıbəy Sultanov haqlı olaraq bildirmişdi ki, Marağa astronomik rəsdxanasının astronomiya və riyaziyyat məktəbi sonrakı dövrdə Qərbi Avropada, Çində, Orta Asiyada, həm də Hindistanda fizika-riyaziyyat elmlərinin inkişafına çox böyük tə`sir göstərmişdir. 1 A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” İslam araşdırmaları mərkəzi, 1996. səh. 94 (2) B. Rzayev. Bəşəri düha: Mühəmməd ibn Mühəmməd ibn Həsən – Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 78 24008
|
|