TÜRK ADMİRALININ XƏRİTƏSİNİN ŞƏRQ HİSSƏSİ HARADADIR?

(Əvvəli  -  “Piri Rəisin xəritəsindəki koordinat torunu Marağa alimləri çəkə bilərdilər”)
 
Xəritənin şərq hissəsinin yoxa çıxması ilə bağlı üç fərziyyə söyləyəcəm:
Piri Rəisi hərbi dəniz sərkərdəsi kimi fəaliyyət göstərdiyi məkanda yalnız strateji əhəmiyyətli obyektlər və coğrafi mövqelər maraqlandırırdı. Ola bilsin ki, vaxtı ilə Kolumbda olmuş həmin xəritə türk admiralının əlinə keçəndə o, tarixi materialı diqqətlə nəzərdən keçirmiş və Osmanlı Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən “Ədviyyat adalarına” gedən yolu məxfi saxlamaqdan ötrü, xəritənin Şərq dünyasına aid olan hissəni, demək olar ki, Qrinviç meridianı xətti ilə düz kəsir və həmin hissəni, İstanbulda dövlət əhəmiyyətli bir binada, məxfi sənəd kimi arxivə təhvil verir. Buna səbəb nə idi? Tarixdən məlum olduğu kimi artıq XVI əsrin ilk illərinə kimi Osmanlı Türkiyəsi Yaxın Şərqin əksər bölgələrini işğal edərək, Avropadan Asiyaya gedən həm “İpək yolu”nu, həm də “Ədviyyat adalarına” gedən yolu tam nəzarət altına almış və nəticədə Avropa bazarlarında ən baha qiymətə satılan ipək parçaların və ədviyyat mallarının inhisarçısına çevirilir. Belə olan təqdirdə, Avropa tacirləri Şərqi Asiya bazarlarına çıxmaq üçün başqa yoldan istifadə etməliydilər. Belə bir yol isə həmin xəritədə göstərilmişdir. Biri hələ Antik alimlərinin fikirləşdikləri uzaq yol sayılan qərb yolu, o biri isə yaxın sayılan Afrikanı dövrə vurmaqla cənub, cənub-şərq yolu.
Şübhə yox ki, türklər avropalıları həmin yoldan neytrallaşdırmaq üçün cənub marşrutu göstərilən xəritənin şərq hissəsini kəsib ən məxfi bir yerdə gizlədirlər. Lakin xəritənin qərb hissəsinin aqibəti, o biri hissə kimi olmur, baxmayaraq ki, məlum hissə 1929-cu ildə İstanbulda təsadüf nəticəsində tapılır. Həmin dövrdə xəritənin qərb hissəsini gizlətməyə heç bir ehtiyac duyulmurdu. Ona görə ki, Atlantik okeanının qərb hissəsində göstərilən nəhəng bir ərazi – dördüncü qitə – Şərqi Asiyaya gedən qərb yolunun üstündə “böyük baryer” rolunu oynayırdı və türklər çox yaxşı anlayırdılar ki, Avropa dənizçiləri Asiyanın şərq sahilinə çatmaq üçün qərb istiqamətində heç də asan olmayan labirint xarakterli uzun yol qət etməli olacaqlar. Deməli, avropalılar Asiyanın gəlirli şərq hissəsinə getmək üçün dəniz yolundan imtina edib, türklərin nəzarət etdikləri quru yola üstünlük verəcəklər.
Bu barədə başqa bir hepoteza da söyləmək olar. Ola bilsin ki, adı çəkilən xəritə Piri Rəisin əlinə keçməmişdən əvvəl, artıq iki hissəyə bölünmüşdür. Onda bu iş üçün Kolumbun özü böyük bir səy göstərmişdir. Xəritənin ölçüsündən bilinir ki, o çox böyük olmuşdur. Həmin xəritəni adam öz yanında gəzdirəndə, onun bağlaması bir çoxlarının diqqətini özünə cəlb edəcəkdi. Bu səbəbdən dəniz səyyahı özünə lazım olmayan hissəni kəsib kənara qoyur və yaxud da həmin ərazilər dünya ictimaiyyətinə bəlli olduğundan o, həmin hissəni sadəcə olaraq İtaliyanın hansısa bir şəhərində gizlədir. Kolumb özündə olan hissədən səmərəli istifadə edəndən sonra Yeni Dünyadan özü ilə birlikdə İspaniyaya gətirir. Sonradan isə naməlum səbəblərdən xəritə Piri Rəisin əlinə keçir.                                                                               
Mənə elə gəlir, Kolumb səyahətdən qayıdan kimi, xəritəni ən etibarlı bir qasidi ilə İtaliyaya, doğma şəhəri Genuyaya və yaxud Florensiyanın ictimai kitabxanasına göndərir. Xəritə isə öz ünvanına çatmır. İş ondadır ki, həmin dövrdə Piri Rəis Aralıq dənizinin böyük hissəsinə nəzarət etmiş və başçılıq etdiyi donanma ilə müntəzəm olaraq, İspaniyanın, Portuqaliyanın, Fransanın, Genuyanın, Venetsiyanın və Vatikanın gəmilərinə hücum edərək, orada olan bütün əmlakı mənimsəmişdi. Yuxarıda göstərildiyi kimi xəritə 1505-ci ildə Vatikanın iki qalerasında İtaliyaya göndərilərkən, yolda türklərin əlinə keçir. Bir sözlə, xəritə öz ünvanına çatmır.
Bu hepotezanın üstündə dayanaraq, mən bildirmək istəyirəm ki, yalnız bu halda Kolumbun birinci səyahət zamanı istifadə etdiyi xəritəni türk admiralı ələ keçirmişdi.
Qəribə paradoks yaranır, İsgəndəriyyənin kitabxanası saxlanıldığı Musseyon və Serapis məbədləri yandırılandan sonra Qərbdə tanınmış alimlərin sayı nəzərə çarpacaq dərəcədə azalır. İş ondadır ki, nə qədər həmin kitabxana fəaliyyət göstərmişdisə, həmin dövrə qədər Qərb dünyasında xeyli ad-sanlı alimlər yetişmişdi. Bəlkə, orada bütün elmləri əhatə edən, əlavə mənbə materialları olub ki, alimlər onlardan səmərəli istifadə etməyi imkan tapıblar. Yəni, Makedoniyalı İsgəndərin dövrünə qədər gəlib çıxmışdır.
Coğrafiya elminin inkişaf etdirilməsində böyük səy göstərmiş Eratosfen, Yerin öyrənilməsinə dair, böyük əsər qoyub getmişdir. Alim Musseyonda baş kitabxanaçı olmuş və əbəs yerə onu “beş elmin korifeyi” adlandırmamışdılar. Eratosfen həm riyaziyyatçı, filosof, ədəbiyyatşünas, coğrafiyaşünas, astronom, həm də epik poemaları yazan bir alim idi. Maraqlısı odur ki, o, Yerin çevrə uzunluğunun ölçüsünü demək olar ki, 75 km. xətası ilə təyin etmişdi.1
 
                                                       eratosfen
 
Piri Rəisin müəllifliyi kimi göstərilən xəritədən bəlli olur ki, bu və buna oxşar xəritələr, İsgəndərin dövründən hələ xeyli qabaq məlum imiş. Amma maraqlıdır, görəsən həmin xəritələrdən, tarixi əhəmiyyət kəsb edən coğrafi kəşflərlə nəticələnən səyahətlərdə istifadə olunub, ya yox?
Dünyada həyata keçirilən səyahətləri nəzərdən keçirəndə, Misir fironu II Nexonun, b.e. əvvəl 597-ci ildə Qırmızı dəniz ilə Afrikanın cənubuna göndərdiyi ekspedisiya diqqətimi cəlb etdi. Həmin dövrdə heç bir dənizçi uzaq səyahətə yola düşməyə cürət etmirdi. Qəribəsi də odur ki, yola salınan ekspedisiya ekvator xəttini keçib, səyahətin müəyyən bir hissəsini Cənub yarımkürəsində davam etdirməliydi. O vaxtki təsəvvürə görə isə ekvator xəttini kim keçsə cəhənnəm odu ilə üzləşəcək, ya da başıaşağı dərin bir dərəyə yuvarlanıb düşəcək. Həmin dövrün rəvayətinə görə heç kim həmin istiqamətdə üzməmiş, üzsə də heç vaxt həmin yerdən qayıtmamışdır. Lakin dənizçilər həmin ağır səyahətə yollanmağa öz razılıqlarını verir və qəribəsi odur ki, onlar üç il müddətinə Afrikanı dövrə vuraraq, Aralıq dənizi ilə geri qayıtmış və Nil çayı ilə Misirə daxil olmuşdular. Mənə elə gəlir, onların əlində münasib xəritələr olduğundan ekspedisiya uğurla başa çatmışdır. Deməli, Piri Rəisdə olan xəritənin oxşar surəti, finikiyalılarda olmuş və onlar həmin materialın köməyi ilə hər hansı bir səyahətin öhdəsindən müvəffəqiyyətlə gəlirdilər. Unutmaq lazım deyil ki, finikiyalılar Atlantik okeanında yerləşən Madeyra, Azor və Kanar adalarına sərbəst şəkildə gedib-gələ bilirdilər.
Çarlz Hepqud müəyyən etmişdir ki, həmin xəritə bir neçə qədim konturların sayəsinə dünya xəritəsi kimi tərtib olunmuşdur. Yəni, Yer kürəsinin mövcud olan qitələri ayrı-ayrı hissələrdə göstərilirdi, sonradan həmin hissələr cəmləşdirilərək, vahid şəkildə böyük bir perqament üzərində çəkilmişdir. Bu cür zərgər dəqiqliyi tələb olunan işin öhdəsindən yalnız peşəkar alim gələ bilərdi. Qitələrin yerləşməsi, onların müəyyən hissələrdə düzgün göstərilməsi, koordinatların dəqiqliklə bölünməsi və kəsişməsi bəzi xətaları nəzərə almasaq, çox yüksək səviyydə işlənmişdir. Ona görə ki, bu işdə sferik triqonometriyadan lazımi bir vəsait kimi istifadə olunmuşdur.
 

       1 Н. А. Ионина, автор-составитель. Сто великих чудес света. Москва, «Вече», 2000. стр. 148
 
email: [email protected],
          [email protected]
16158
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic