XƏRİTƏNİN ƏSL MÜƏLLİFİ KİMDİR, ADMİRAL PİRİ RƏİS, YOXSA BAŞQA BİR ALİM?(Əvvəli - “Piri Rəisin xəritəsinin izi haralara gedib çıxır?”)XX əsrdə böyük rezonansa səbəb olmuş xəritənin türk admiralının əlinə hansı yolla keçməsi xəritəşünas mütəxəssisləri ilə yanaşı, həm də tarixçilərin maraq dairəsini əhatə edirdi. Yuxarıda göstərildiyi kimi Piri Rəisin özünün bəyan etdiyi kimi, guya o, xəritənin qərb hissəsini Kolumbun birinci səyahət zamanı istifadə etdiyi xəritədə apardığı qeydiyyatlardan köçürmüşdü. “Kolumbun itmiş xəritəsi”nin izinə düşməyə çalışan ABŞ-ın dövlət katibi Henri Stimson həmin xəritənin Türkiyədə olduğunu israrla bildirir. Əlbəttə ki, belə bir qənaətlə bir çox alimlər həmrəydirlər. Əgər, Piri Rəis “Kolumbun itmiş xəritəsi”ndən istifadə edibsə, onda həqiqətən də o, məşhur dəniz səyyahının xəritəsini müəyyən olunmayan səbəb nəticəsində əldə edibdir. Türk admiralı həmin xəritədən lazımi bir material kimi istifadə edəndən sonra çox güman ki, xəritəni tarixi bir sənəd kimi İstanbulda, imperiyanın dövlət əhəmiyyətli bir binasında saxlamağa məcbur olmuşdu. Belə olan halda Henri Stimsonun şübhələrinin əsası vardı. Lakin uzun müddətli axtarışlar heç bir müsbət nəticə vermir. Deməli, belə çıxır ki, həmin axtarışlar lazımi səviyyədə aparılmayıbdır, ya da həmin axtarışlarda, öz işinin fanatiki olan peşəkar mütəxəssislər iştirak etməyiblər. Buna baxmayaraq, belə bir bu məsələni həll etmək üçün ortaya bir neçə mühüm sual çıxır; 1. P. Rəisin əldə etdiyi manuskriptlər toplusunun əsl müəllifi kimdir? 2. P. Rəis Kolumbun birinci səyahət zamanı apardığı qeydiyyatları öz xəritəsində göstərirsə, deməli həmin xəritənin əsl nüsxəsi (Amerika və Qərbi Afrika qitəsi göstərilən hissə) məşhur dəniz səyyahında olubdur. Belə olan təqdirdə xəritə türk admiralının əlinə haradan keçə bilərdi? 3. Bəs həmin xəritə Kolumbun əlinə haradan keçmişdir? Axı, alimlər üçün müəmmalı sayılan məlum xəritənin müəllifi dəniz səyyahının özü sayıla bilməzdi. Çünki onun 1492-ci ildə kəşf etdiyi Yeni Dünyanın konturları, ekspedisiya İspaniyadan yola düşməmişdən əvvəl, həmin xəritədə çəkilmişdir. Tarixi mənbələrdən məlumdur ki, Piri Rəis qədim sənədlərin və xəritələrin tədqiqi ilə məşğul olmaqdan ötrü, İmperiya kitabxanasında xeyli vaxt keçirmişdi. Konturları çox hallarda dəqiq göstərilmiş xəritə türk alimlərinin ciddi marağına səbəb olur. Çünki tarixinə görə həmin dünya xəritəsi Amerika qitəsinin konturları çəkilən ən erkən xəritələrdən (Amerikanın ilk konturlarını 1500-cü ildə Xuan de la Kosa, 1502-ci ildə isə Alberto Kantino çəkmişdilər) biri, dəqiqliyinə görə isə ilkin xəritə sayılırdı. Bundan əlavə xəritədə həm Şimali Amerika, həm də Antarktida materiklərinin də konturları göstərilirdi. Piri Rəisin 1513-cü ildə tərtib etdiyi xəritə Başa düşmək olar ki, həqiqətən də “Kolumbun itmiş xəritəsi”nin izi gedib İstanbula çıxır. Bunun üçün Piri Rəisin əl gəzdirdiyi xəritədəki gəmilərin şəkillərinə nəzər salsaq bir çox müəmmalara aydınlıq gətirmək olar. 1. Xəritənin qərb hissəsində karavella, karakka və nao növlü gəmilər çəkilibdir, halbuki Piri Rəisin donanmasında qalera, qaleas, füst və başqa gəmilər üstünlük təşkil edirdi. Deməli, o, bildirmək istəyirdi ki, həqiqətən də Şərqi Asiya və Qərbi Avropa arasında naməlum bir qitə yerləşir və həmin ərazilər avropalılar – özü də ki, ispanlar tərəfindən kəşf edilibdir. 2. Həmin gəmi şəkilləri bir daha Piri Rəisin “Kolumbun xəritəsindən köçürülmə” barəsindəki sözlərini təsdiqləyir. İş ondadır ki, genuyalı admiral Yeni Dünya sahillərinə yollanarkən, məhz karavella, karakka və nao gəmilərindən istifadə etmiş və sübut etmişdi ki, uzun okean keçidi zamanı həmin gəmi növlərindən istifadə etmək, dənizçilər üçün hava-su kimi gərəklidir. Kolumbun birinci səyahət zamanı istifadə etdiyi gəmi növləri Müəmmalı xəritədəki sahil konturları diqqəti cəlb edir. Deməli, qədimdə yer səthinin konturları çəkilmiş müvafiq xəritələr vardı. Bu yerdə bir qeyd verməliyəm. Həmin zaman aerokosmik texnologiya olmadığı üçün, alimlərin türk admiralının verdiyi bəyanatlarına şübhə ilə yanaşmaqlarından başqa çarələri qalmırdı. Axı, İsgəndərin dövründə mövcud olan xəritələrin bir dənəsi olsun gəlib bizim zamana gəlib çatmayıbdır? Məlumdur ki, İsgəndər Hindistana yürüş edəndə o, donanmasının (başçısı sərkərdə Nearh) köməyi ilə oradan Mesopotamiyaya qayıdır. Maraqlıdır ki, həmin səyahət zamanı donanma heç bir çətinliklə üzləşməmişdi. Düzdür, həmin səyahətin yazısı qalmasa da, bu haqda Arrianın və Strabonun əsərlərində rast gəlmək olur. İsgəndərin bəzi qoşun hissələri Yunanıstana qayıdanda, Massaliyadan olan yunan taciri, səyyahı, coğrafiyaşünası Pifey b.e. ə. 325-ci ildə vətənini tərk edib səyahətə çıxır. O, asan olmayan bir marşrutla hərəkət edərək, Britaniya adalarına, Şimali Avropanın bəzi sahillərinə, o cümlədən, Tule adasına (ada Eratosfenin xəritəsində göstərilirdi) və Baltik dənizinə gedib çıxmışdı. Bütün səyahət Pifeyin “Okean haqda” adlı kitabında yazılmışdı. Kitab bizim dövrə qədər gəlib çıxmasa da, vaxtilə Strabon və Böyük Plini həmin əsərə istinad etməklə xeyli məlumatlar vermişdilər. Qeyd edim ki, yunan səyyahının əlində müvafiq xəritə olmasaydı, belə bir mürəkkəb səyahətdə asan uğur qazana bilməzdi. Deməli, həqiqətən də İsgəndərin dövründə Yer kürəsinin bir çox ərazilərini əhatə edən xəritələr vardı və Pifey də belə bir xəritələrdən istifadə etmişdi. Məlumdur ki, elə həmin dövrdə mahir dənizçi sayılan finikiyalılar Cəbəllüttariq boğazından çıxaraq, oradan həm şimal, həm də cənub istiqamətlərə uğurlu səyahətlər həyata keçirmişdilər. 1. Hepqud belə bir qeyd vermişdi, xəritənin çəkilişi indiki sivilizasiyaya məlim olmayan bir xalq tərəfindən həyata keçirilmiş və antik dövrə qədər yığılan xəritələrin əksəriyyəti İsgəndəriyyə kitabxanasında bir yerə yığılaraq tədqiq edilmişdi.1 Orta əsrlərdə belə bir materialı yaratmaq üçün naviqasiyanı, sferik triqonometriyanı, astronomiyanı, riyaziyyatı, triqonometriyanı, coğrafiyanı, xəritəşünaslığı peşəkar səviyyədə bilmək lazım idi. Bu qədər sahəni bilmək bacarığının öhdəsindən isə heç bir dənizçi və ya səyyah gələ bilməzdi. 2. Dünyanın vahid xəritəsini yaratmaq üçün, bir neçə xəritəni lazımi qaydada, dəqiq koordinatları düzgün səviyyədə calamağı yalnız məşhur alim edə bilərdi. Həmin alim həm riyazi triqonometriyadan, həm də ki, sferik triqonometriyadan sərbəst şəkildə istifadə etmək bacarığına malik olmalıydı. Alimlər isə bilirlər ki, həm riyazi triqonometriyanın banisi (bəzi alimlərin iddia etdikləri kimi Regiomontan yox), həm də sferik triqonometriyanın mükəmməl bilicisi Nəsirəddin Tusidir. Çünki XIII əsrin sonunda Marağa rəsədxanasında Yerin sıfırıncı meridianı indiki Qrinviç meridianından 340 qərb istiqamətində göstərilməsi və Kordobadan tutmuş Pekinə qədər 256 şəhərin koordinatları verilmiş “Zic Elxani” adlı astronomik kataloqu və coğrafi koordinatlar cədvəli yaradılmışdı ki, ondan Avropa alimləri xeyli qaynaqlanmışdılar. 3. Türk admiralının başçılıq etdiyi dəniz donanması müəyyən bir dövr Aralıq dənizində fəaliyyət göstərmiş və hətta özü İspaniyada da olmuşdu. Maraqlıdır o, orada olanda Kolumbun xəritəsindən hali idi, ya yox? Bundan əlavə ona oxşar bir xəritəni də o, çox güman ki, İstanbulda ələ keçirə bilərdi. Ona görə ki, yuxarıda qeyd etdiyim kimi Marağada Tusinin rəhbərliyi altında alimlər, Amerika qitəsinin konturları göstərilən, bir neçə eyni surətli xəritə tərtib edə bilərdilər. Belə bir xəritənin Nəsirəddin Tusi, Müəyyidəddin Ordi, Qütbəddin Şirazi və Çin alimi Fao Mun-Çidə olması mümkün idi. Ona görə ki, onlar rəsədxanada mühüm vəzifələrə sahiblik edirdilər. Qütbəddin Şirazi monqolların səfiri kimi Misirə gedəndə, özündə olan nüsxəni İsgəndəriyyə şəhərinə aparmışdır və çox güman ki, həmin xəritə sonradan türklərin vasitəsilə Osmanlı imperiyasının paytaxtına aparılmışdır. Bu izahdan məlum olur ki, Kolumb İstanbulda olan nüsxədən xəbərsiz idi və onu heç cürə ələ keçirə bilməzdi. Bəs, tarixdə “Kolumbun itmiş xəritəsi” kimi tanınan həmin xəritəni ispan admiralı harada və necə ələ keçirə bilərdi? Mənim fərziyyəməmə görə bu sualın bir cavabı var: Marağa rəsədxanasında çalışan Çin alimi Fao Mun-Çi 1267-ci ildə vətəninə qayıdanda özü ilə rəsədxanada tərtib edilən xəritəni aparır. Yuxarı bölümlərdən məlumdur ki, Marko Polo həmin materialı əldə edərək İtaliyaya aparır. Xəritənin sonrakı aqibətindən məlum olur ki, həmin sənəd İtaliyanın Florensiyada Toskanellinin başçılıq etdiyi kitabxanaya düşür və elə oradaca Kolumb həmin material ilə tanış olur. 4. Ən əsas suallardan biri odur ki, hansı üsul ilə konturlar və dəqiq koordinatlar xəritəyə çəkilmişdir? Artıq dəqiq bəllidir ki, həmin xəritə bir neçə manuskriptlərdən tərtib edilmişdir. Lakin həmin xəritənin, Anarktidadan şimalda göstərilən hissənin necə yaranmasına toxunacam. (Ardı - “Piri Rəisin xəritəsindəki koordinat torunu Marağa alimləri çəkə bilərdilər”) 26378
|
|