M.MƏMMƏDOVA “ERMƏNİSTAN ƏRAZİSİNDƏ AZƏRBAYCAN MƏNŞƏLİ OYKONİMLƏR VƏ ONLARIN ERMƏNİLƏŞDİRİLMƏSİ SİYASƏTİ” KİTABI HAQQINDA

16 Mart 2016
AMEA Ədəbiyyat İnstitutunda  Coğrafiya İnstitutunun keçmiş dissertantı “Sitarə Mirmahmudovanın 1986-cı ildə müdafiə etdiyi dissertasiya işi olan “Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti” kitabının təqdimat mərasimi keçirilmişdir. 
Tədbirdə iştirak edən Coğrafiya İnstitutunun Xəritəçilik şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Mahirə Abbasovanın "Sitarə Mirmahmudovanın Ermənistan ərazisində “Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti”  kitabı haqqında"  məruzəsini təqdim edirik.
 
         Təəssüf ki, Sitarə Mirmahmudovanın 1986-cı ildə müdafiə etdiyi dissertasiya işi keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olunmamış və kitab ancaq indi, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovun təşəbbüsü və təqdim etdiyi materiallar əsasında tərtib olunaraq çap edilmişdir.
 Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq elmi-tədqiqat mərkəzinin dissertasiyanın dəyərli əhəmiyyətini nəzərə alaraq, kitab şəklində hazırlanmasını məqsədəuyğun hesab etməsi də təqdirəlayiqdir. Kitab Bakıdakı TEAS PREES Nəşriyyat evində tərcümə olunub üç dildə - Azərbaycan, türk və rus dillərində çap edilmişdir.
 “Təmizləmə” siyasəti və “türksüz Ermənistan” uğrunda məkrli ermənilərin əsrlər boyu apardıqları gizli mübarizə,  açıq-aşkar müharibələr tarixinə 1991-ci ilin avqust ayında son qoyuldu. Ermənistanda daha nə azərbaycanlı var, nə azərbaycanlıların minilliklər boyu yaşadıqları kəndlər nə də burada mövcud olan və çox qədim tarixə malik olan saysız-hesabsız (kənd, oba, binə, qışlaq, yaylaq, yurd, qala, dağ, zirvə, gədik, aşırım, təpə, dərə, çay, göl, bulaq, arx və s.) toponimlər.
Məlumunuz olsun ki, Ermənistan SSR ərazisində Azərbaycan (türk) mənşəli oykinomlərin tədqiq edilməsi sahəsində ilk təşəbbüs S.Mirmahmudovaya məxsusdur. Tədqiqat işi Azərbaycan SSREA Coğrafiya İnstitutunun Coğrafi adlar (toponimika) şöbəsində (1980-1986) başa çatdırılmışdır. Dissertantın elmi rəhbərləri t.e.d. prof.Y.Yusifov və c.e.n. R.M. Yüzbaşov olmuşdur.
S.Mirmahmudovanın araşdırmaları nəticəsində ərsəyə gələn, tarixi qaynaqlara - müxtəlif ədəbiyyat, xəritə, arxiv  və çöl materialları və s. söykənən   dissertasiya işinin kitab halında işıq üzü görməsi mövzu aktuallığı baxımından xüsusi elmi əhəmiyyət daşıyır. Müstəqillik dövründə bu sahədə çoxsaylı monoqrafiyalar, kitablar, elmi-populyar məqalələr və b. yazılsa  da 1980-cı illərdə ilk cəsarətli addımı S.Mirmahmudova atmışdır.
S.Mirmahmudovanın “Ermənistan SSR ərazisində Azərbaycan mənşəli oykonimlərin tədqiqi” mövzusunda dissertasiyası Ermənistanda Azərbaycan toponimiyasının öyrənilməsində ilk uğurlu əsər olmaqla, ən dəyərli toponimik tədqiqatlar sırasında dayanmaq hüququna malikdir.
Əsərin gənc oxucu kütləsinə Qərbi Azərbaycanda –“Ermənistanda uzun əsrlər boyu sovetlər birliyi dövründə mövcud olan Azərbaycan (türk mənşəli) toponimlərinin erməniləşdirmə siyasətinə - soyqırıma məruz qalması, onların mərhələ-mərhələ dəyişdirilməsi və tamamilə sıradan çıxarılması məsələlərinin müəyyənləşdirilməsi kimi tarixi həqiqətlərin  Beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması olduqca vacib siyasi və elmi əhəmiyyət kəsb edir.
Tarixi torpaqlarımızın azərbaycanlılara məxsus olmasını sübut edən mənbələrdən biri də toponimlərdir. Bu baxımdan Coğrafi adlarımıza aid yazılan hər bir əsər tarixi mənbə rolunu oynayır. Qloballaşan dünyada ortaq türk toponimiyasının öyrənilməsində Azərbaycan mənşəli toponimlərin sistemli şəkildə toplanıb tədqiq olunması, toponimik tədqiqat əsərlərinin  yazılıb gələcək nəsillərə çatdırılması milli-etnik zənginliyimizin öyrənilməsi məsələlərinin həllində qiymətli mənbədir.
9305
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic