NÖVBƏTİ TUR

29 Mart 2016
ACC-nin  təşkil etdiyi növbəti ekotur martın 13-də Azərbaycanın tanınmış palçıq vulkanlarına  və Qobustan Dövlət Tarixi Bədii Qoruğuna olub.  Bu seçim  heç də təsadüfi olmayib:  Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutur. 800 mövcud palçıq vulkanından 350-si duradadır. 
Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir. Alimlər hesab edirlər ki, palçıq vulkanlarına səyahətlər ölkəmizdə ekoturizmin inkişafında mühüm rol oynaya bilər.
       Havanın yağışlı-çiskinli olmasına baxmayaraq bura turistlərin gəlişi onların ürəyincə olub. Bələdçi rolunu bu dəfə öz üzərinə götürən  Üzeyir Mikayılov bildirib ki, Prezident  İlham Əliyevin Sərəncamına əsasən 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir və onlar dövlət tərəfindən mühafizə olunurlar. Ona görə də  təbiətin bu nadir hadisələrinə qayğı ilə yanaşmaq, ərazini gəzərkən təbii görkəminə xələl gətirməmək üçün ehtiyatla davranmaq lazımdır. Tur iştirakçıları krater boğazından çıxaraq müxtəlif formalar əmələ gətirmiş palçıq kütlələrinə, eləcə də hazırda pıqqıldayaraq qaynayan kiçicik vulkanlara tamaşa ediblər,  bu maraqlı təbiət hadisələrini öz gözlərilə seyr ediblər.
       Marşrutun sonrakı məntəqəsi Qobustan Milli Tarixi-Bədii Qoruğu olub. “Qobustan sirlərinin izi ilə” devizi altında Qobustana gələn iştirakçılar əvvəlcə  yeni muzey modelinin gözəl nümunəsi olan, müasir  texnologiyalar əsasında  tərtib olunmuş muzey kompleksində olublar. Onlar  qoruqda yerləşən abidələr haqqında rəqəmsal xəritə vasitəsilə  istədikləri  məlumatları əldə edərək  ən qədim dövrlərdən orta əsrlərədək qədim insanların həyat tərzi, təsərrüfatı, məşğuliyyəti, o dövrün landşaftı, iqlimi, ətraf mühitin dəyişkənliyi, flora və faunası ilə tanış olublar. Burada quraşdırılmış sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etiblər.
      Sonra  ziyarətçilər, məşhur səyyah Tur-Heyerdalın dediyi kimi, “açıq səma altında canlı muzey”i  xatırladan Qobustan ərazisində 1000-dən çox olan daş və qaya üzərində 6000-dən çox təsvir və işarənin əks olunduğu abidələri seyr ediblər. Onlar qoruq ərazisindəki Böyükdaş zirvəsində yerləşən qədim musiqi aləti olan qavaldaş, Anazağa, Öküzlər və Ovçular mağaraları ilə də tanış olublar.
      Qeyd edilib ki, Coğrafiya Cəmiyyətinin tarixi məkanlara belə səfərlər təşkil etməsi bura gələnlərə ölkəmizi daha yaxından  tanımaq üçün gözəl imkanlar  yaradır.
        Tur iştirakçıları getdikləri səfərlərdə ACC-nin loqosunu təsvir edən plakatla birgə şəkil çəkdirməyi də unutmayıblar.
 
 
 





 
14395
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic