ANTİK DÖVRDƏ ASTRONOMİYANIN İNKİŞAFI - II HİSSƏ
Qədim Babilistanda belə bir təsəvvür yaranmışdı ki, guya Yer şişmiş dairəvi bir adanı təşkil edir və dünya okeanında üzür. Kainat yerin üzərində möhkəm bir daş kimi dayanıbdır, hansınaki planetlər və ulduzlar bərkidilib. Günəş isə bu cisimlər üzərində gündəlik seyrini edir.
Qədim Babilistanın alimləri, hələ bizim eramıza 18 əsr qalmış Günəş və Ay tutulmalarını müəyyən edə bilirmişlər. Aydındır ki, bunu müəyyən etmək üçün hökmən əsas triqonometriya elementlərini bilmək lazım idi. Belə çıxır ki, həndəsə, riyaziyyat və astronomiya zəmanəsinə görə Babilistanda çox inkişaf etmişdi.
Aristotelə qədər Qədim Yunanıstanda mütəfəkkir alimlər, əsasən Heraklit, Demokrit və Pifaqor fəza cisimlərinin hərəkətlərini müəyyən etməkdən ötrü, elmi araşdırmalara əl atmağa cəhd göstərmişdilər. Yunan alimi Heraklit Efesli (təx. b.e. əvvəl 544-470) belə bir məntiqə əsaslanırdı ki, dünya getdikcə hərtərəfli inkişaf edir.
Demokritin fikrincə, (təx. b.e. əvvəl 460-370) Kainat atomların bir-biri ilə toqquşmasını təşkil edən sonsuz olaraq çoxlu dünyalardan ibarətdir. İş ondadır ki, bəzi dünyalar yenicə yaranır, bəziləri inkişaf səviyyəsində olur, digərləri isə dağılır. Demokrit hesab edirdi ki, Süd Yolu çoxlu udluzların toplaşmasından ibarətdir. Məhz bunun nəticəsində Kainatda tez-tez olmasa da, lakin kosmik partlayışlar baş verir. 1
Heraklit Efesli (təx. b.e. əvvəl 544-470) Demokrit (təx. b.e.ə. 460-370)
Yunan alimi Pifaqor (təx.580–500) elmlə məşğul olmaq üçün gənc yaşlarından müəllimləri Hermodamastdan, filosof Ferekiddən və məşhur filosof Falesdən (tarixdə ilk fəlsəfə məktəbinin banisi) dərs almışdı.
Yeri gəlmişkən onu qeyd etməliyəm ki, bəzi alimlər Anaksimandrı (b.e.ə. VI əsr.) dünyada ilk coğrafi xəritənin müəllifi kimi qələmə verirlər. Çox güman ki, o, birinci olaraq horizontun tərəflərini təyin etmiş və bunun əsasında xəritədə Yerin cəhətlərini göstərmişdir.2
İlk təhsilini Misirdə alan Fales elə orada da Ayın və Günəşin tutulmasını müəyyən etməyi, həm də həndəsəni öyrənir. O, suda dayanan gəmi ilə sahil arasındakı məsafəni dəqiq təyin edə bilirdi. Fales və onun şagirdləri Misirdə öyrənilən riyaziyyat və astronomiya biliklərinin Yunanıstanda yayılmasında xüsusi rol oynamışdılar.
Miletdə Falesin (b.e.ə. 640-556) şagirdi məşhur coğrafiyaşünas və astronom sayılan Anaksimandr öz bildiyi elmləri Pifaqora öyrədir.
Anaksimandr (b.e.ə. VI əsr.) Miletli Fales (b.e.ə. 640-556)
Həmin dövrdə Pifaqor Lesbos adasında, Finikiyada, Misirdə və Babilistanda olmuş və tarixi sənədlərin saxlanıldığı binalara daxil olmaq üçün imkan tapmışdır.
Babilistanda olarkən Pifaqor (12 il orada qalır) Haldey müdriklərinin tədris metodunun vasitəsilə astronomiya, astrologiya, tibb və riyaziyyat elmlərinə tam yiyələnir. Siciliya adasının Kroton şəhərində o, öz məktəbini açır və orada ilk dəfə Yerin kürə şəkildə olması fikri yürüdülür. On rəqəminin ideal olması üçün Pifaqor bildirmişdi ki, göydə on planet olmalıdır.1 Halbuki həmin dövrdə Günəş, Ay və beş planet məlum idi. (Yer planetindən başqa).
Pifaqor belə bir fikir söyləmişdir ki, Yer kürə şəklindədir və o heç bir dayaq olmadan fəzadan asılıbdır. Aristotel (b.e.ə. 384-322) “Göy haqqında” əsərində Yerin çevrə uzunluğunun ölçüsünü göstərmişdir və qeyd etmişdir ki, Yerin radiusu, indiki ölçülərlə 10000 km-ə bərabərdir. Onun fikrincə, torpaqlar, sular, hava və od məhvedilməz materiyadan – efirdən – təşkil olunub və onlar sfera şəklində bir-birinin üstündə sıra ilə yerləşir.
Pifaqor (təx. b.e.ə. 580-500)
Yunanlar düşünürdülər ki, bütün yeri Okean əhatə edir və onun suları əbədi burulğan vasitəsilə yer ətrafında dövr edir.1
Aristotel və ondan sonra gələn sələfləri, həmin dövrə qədər mövcud olan Yerin öz oxu ətrafında fırlanması və Kainatda dövr etməsi ideyasını rədd edirdi. Onlar bunu onunla izah edirdilər ki, əgər Yer öz oxu ətrafında fırlanırsa, onda əks tərəfdə əsən küləklər Yerin üzərində yerləşən bütün əşyaları qərb istiqamətində itələyib aparacaq. Bu barədə alimlər bir neçə arqumentlər gətirirdilər.1
Şübhə yox ki, qədim dövrdə astronomiyaya və Yerin quruluşuna dair nə qədər də hepotezalar və elmi dəlillər gətirirdilər, bir o qədər də sonrakı alimlərin işləri yüngülləşirdi. Samoslu Aristarxın (təx. b.e.ə. 320-230) bir neçə işi bizim dövrə qədər gəlib çatmışdır. Ona Günəş ilə Ayın bucaq ölçüsünün məsafəsini təyin etmək müəssər olmuşdur. Aristarx hətta Aya və Günəşə qədər olan məsafəni də tapmağa cəhd göstərmişdir. Onun hesablamalarına görə Yerdən Aya qədər məsafə - Yerin 19 radiusuna bərabərdir, Günəşə qədər olan məsafə isə həmin məsafədən 19 dəfə çoxdur. Məhz Yer ilə Günəş arasındakı ölçünün böyük olmasını nəzərə alan alim belə bir fikir söyləməyə məcbur olmuşdu ki, “tərpənməz ulduzlar və Günəş fəzada öz yerlərini dəyişmirlər, bununla da Yer dairəvi olaraq Günəş ətrafında dövr edir”.
Aristarx Samoslu təcrübə aparır Platon ilə Aristotel “Afina məktəbi”ndə
Bu haqda sonradan Arximed də fikir söyləmişdi. Deməli, belə çıxır ki, Aristarx Nikolay Kopernikdən hələ xeyli əvvəl Yerin Günəş ərafında dövr etməsi barəsində fikir yürütmüşdü. Sadəcə olaraq o, polşa alimi kimi bu ideyanı elmi baxımdan sübut edə bilməmişdi.
Həmin elmi nailiyyətləri əldə etmək üçün ilk növbədə riyaziyyat, astronomiya və coğrafiya elmlərini inkişaf etdirmək lazım idi. Bu sahənin təkamülü üçün Aristotel, Hipparx, Ptolemey, Evklid, Arximed və Eratosfen kimi məşhur alimlər, bəşəriyyət tarixində əvəzsiz rol oynamışdılar. Həmin dövrdə əldə olunan ən xırda elmi nailiyyət, hər bir adam üçün, xüsusən də tədqiqatla məşğul olan mütəxəssislər üçün böyük bir kəşf sayılırdı.
B.e. əvvəl V-IV əsrlərdə Antik coğrafiyada həddindən artıq maraqlı müvəfəqiyyətlər əldə edilir. Yerin kürə şəklində olmasının tədqiq edilməsində və Dünya okeanının vahidliyi nəzəriyyəsindəki yüksək nəticələr alimlərin əsas nailiyyətləri sayılırdı. Bizim planetin sferik olması ideyasını ilk dəfə Eleidən olmuş filosof Parmenid (b.e.ə. V əsr) irəli sürmüşdü, lakin elmi baxımdan bu zəif bir nəticə idi.
Alman alimi D. B. Ditmara görə, çox güman ki, Yerin kürə şəklində olmasını elmi sübutlarla ilk dəfə, astronom, coğrafiyaşünas və filosof Evdoks Knidli (b.e.ə. təx. 408-353) həyata keçirmişdir.1 Yəqin o, ilk dəfə “horizont” terminini coğrafi elmə daxil etmiş və coğrafi enliyin müəy-yən edilməsinin banisi sayılır. Bir neçə tarixçi-coğrafiyaşünasların fikrincə, bizim planetin çevrə uzunluğunun ilk dəfə təyin edilməsində, biz Evdoksa borcluyuq. Həmin ölçü həddindən artıq böyük verilsə də - 400 min stadi, (nəzərə alsaq, bu stadinin hansı ölçülərlə aparılır (157,5-176 m.) onda həmin ölçünün 63-70 min km. olduğunu müəyyən edərik) – alimin bu sahədə nə qədər böyük iş gördüyünün şahidi oluruq.
Onun arqumentləri bunlardan ibarət idi: Ay tutulması zamanı Yerin kürə şəkilinin Ayın üzərində görünməsi, dağa qalxdıqda yer səthinin genişlənməsi, üfüqə baxaraq cənuba və ya şimala doğru gedəndə göydəki ulduz mənzərəsində dəyişikliklərin (bu üsuldan Stagirdan olan Aristotel (b.e.ə. 384-322) istifadə etmişdi) baş verməsi nəticəsində Yerin kürə şəkilində olmasını ayırd etmək çətin deyildi.
Yazçı-tədqiqatçı Ramiz Dəniz,
Ədəbiyyat üzrə Prezident təqaüdçüsü,
“Qızıl qələm” mükafatı laureatı
1 Д. К. Самин. Сто великих научных открытий. Москва, «Вече», 2002. стр. 257
2 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географических открытий. I том. Москва, «Просвещение», 1982. стр. 126
1 Д. К. Самин. Сто великих ученых. Москва, «Вече», 2002. стр.8
1 Н. А. Кун. Легенды и сказания Древней Греции и Древнего Рима. Москва, «Правда», 1990. стр.25
1 Д. К. Самин. Сто великих научных открытий. Москва, «Вече», 2002. стр. 257
1 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географических открытий. I том. Москва, «Просвещение», 1982. стр. 129
email: [email protected],
[email protected]
28498