ANTİK ALİMLƏRİN İNQİLABİ KƏŞFLƏRİ - III HİSSƏ

Məlumdur ki, Nil çayının deltasında, Makedoniyalı İsgəndərin sərəncamı ilə İsgəndəriyyə şəhəri salınanda, gələcəkdə həmin şəhərdə böyük bir kitabxana yaradılmış və çox güman ki, kitabxana, Misirin bir çox şəhərlərindən, Babilistandan və Yunanıstan şəhərlərindən gətirilən əlyazmalarla doldurulmuşdu. Məhz buna görə də Antik dövrün bir çox tanınmış alimləri elmi biliklərini artırmaq üçün, elə hey İsgəndəriyyə şəhərinə can atmış və müəyyən müddət orada yaşamışdılar.

İsgəndəriyyədə yaşayıb fəaliyyət göstərmiş məşhur yunan alimi, astronom, coğrafiyaşünas və riyaziyyatçı Eratosfen Kirenski (b.e. əvvəl III əsrin sonu və II əsrin əvvəli) “kobud alətlərin” vasitəsilə Yer kürəsinin çevirəsinin uzunluğunu 252 min stadi – təxminən 39690 km. (müasir ölçüsü 40076 km.) və radiusunu 6311 km. (müasir ölçüsü 6378 km.) təyin eymişdi. Bundan əlavə o, meridianın 10-ni 700 stadi ölçüdə olduğunu bəyan edir. Bir çox alimlər bildirirlər ki, Eratosfen həmin ölçünü yunan alimi Pifeydən götürmüşdü, Pifeyin hesablamasına görə meridianın 10-si 105-112 km-ə bərabərdir.
 
               
         Eratosfenə görə dünyanın təsviri                Eratosfen Kirenski (b.e.ə. III əsrin sonu və II əsrin əv.)
 
B.e. əvvəl II əsrin sonunda və I əsrin əvvəlində Suriyalı coğrafiyaşünas, tarixçi və səyyah Posidoni (b.e.ə.139-135 - 51) Yerin çevirəsinin uzunluğunu ölçür. O, ikinci dəfə aldığı ölçünün düzgün olduğuna inanır – 180 min stadi. Bu qiymətlə Yer kürəsinin uzunluq çevrəsinin qısa olması göstərilir və bu rəqəm XV-XVI əsrlərin bəzi coğrafiyaşünas və səyyahlarında böyük çaşqınlıq yaradır.

Antik dövrün ilk alimləri Yer kürəsinin məlum olan torpaq ərazilərini qitələrə bölməyə çalışmışdılar. Tarixi qaynaqlarda göstərilir ki, Miletin coğrafiyaşünasları ilk dəfə qitələrin bölgüsünə görə Asiya və Avropa sözlərini istifadəyə vermişdilər.

Anaksimandrın kiçikyaşlı müasiri olan Hekatey Miletli (b.e. əvvəl VI-V əsrlər) həmin qitələrdən əlavə Liviyanı da (Afrika) gündəmə gətirir. Qəribə olsa da, ilkin iki adalar artıq Herodotun dövrünə qədər demək olar unudulmuşdu.

Herodot öz əsərində Ərəbistanı, Suriyanı, Kiçik Asiyanı, Mesopotomiyanı, İran dağlarını və Şimal-Qərbi Hindistanı Asiya kimi göstərir. Ondan şərqdəki ərazinin naməlum səhra olduğunu bəyan edir. Asiyadan şimalda Avropanın, qərbdə isə Misirin və Liviyanın yerləşdiyini bildirir. Misir Asiya ilə “ensiz burun” ilə (Süveyş bərxəzi və Sinay yarımadası) birləşir.    

Həmin dövrdə Herodot “Afrika” sözündən xəbərsiz idi. Həmin sözə ilk dəfə b.e. əvvəl III əsrin sonunda, antik ədəbiyyatında, Kvint Enniyin “Annallar” poemasının gəlib bizə çatan parçalarından rast gəlinir. Lakin həmin ad bütün materikə yox, yalnız Karfagenin əsas vilayətinə və ya əyalətinə şamil olunurdu. Karfagen romalılar tərəfindən darmadağın (b.e. əvvəl 146-cı il) ediləndən sonra işğalçılar həmin yerdə Afrika (Afriqa) adlı bir vilayət təşkil edirlər və sonradan həmin ad ilə bütün qitə adlanır.1

Antik dövrün alimləri, primitiv üsullardan istifadə edib, astronomiya elmində dünya əhəmiyyətli kəşfləri həyata keçirmişdilər. Aristotel ilk dəfə sahilsiz Dünya okeanının birliyi haqqında fikri irəli sürmüşdü. Lakin vahid okean nəzəriyyəsini, ilk dəfə Eratosfen ortaya atmışdır. O, qeyd edirdi: “...Atlantik okeanının böyüklüyü maneəçilik törətməsəydi, onda eyni paralel ilə İberiyadan (İspaniya) Hindistana üzmək mümkün ola bilərdi” (Strabon I, 4, §6). Artıq bizim eradan iki yüz il qabaq məlum idi ki, İspaniya ilə Hindistan eyni paraleldə yerləşir. Həmin nəzəriyyəni Posidoni dəqiq izah etmişdi: “...Məlumdur ki, məskunlaşan yer okean dairəsi ilə əhatə olunub. Onu heç bir quru dairəsi əhatə etmir və su geniş bir miqyasda dövran edir” (Strabon I, 3, §5). Belə bir fikri Strabonun özü də bölüşdürürdü (I, 1, §8).
 
                             
                Herodot (b.e.ə. 484-425)                                  Herodota görə Yerin görünüşü
 
Artıq bizim eramıza qədər Yer planetinin coğrafi quruluşunda qlobal dəyişikliklər baş verir, lakin həmin dəyişiklikləri nəzəri cəhətdən həyata keçirmək mümkün olmur. Yerin kürəvi şəkilində olması vahid okean nəzəriyyəsi həmin dövrün alimləri tərəfindən qəbul olunur.

Bizim eranın I əsrin ortasında Pomponi Mela (b.e.ə.1-b.e.60) Dünya okeanı ideyasını müdafiə edərək bildirirdi ki, Qərb və Şərq okeanları şimalda Britan və Skif okeanları ilə, cənubda isə Efiop, Qırmızı və Hind dənizləri ilə birləşir.1

Aydınlıq gətirmək üçün Pomponi Melanın vaxtl ilə tərtib etdiyi xəritəyə müraciət edək. O, Hind okeanının bir hissəsini, Qırmızı dəniz ilə Hind çayın mənsəbi arasındakı ərazini Qırmızı dəniz, Hind çayının mənsəbindən, Asiya qitəsinin cənub-şərq hissəsinə qədər olan Hind dənizi adlandırır. Hind okeanı və Efiop, Qırmızı dənizləri Avropanı, Asiyanı və Afrikanı cənubda hər tərəfi su ilə əhatə olunmuş, antihtonlar (“əkstərəfdə yaşayanlar”) ilə məskunlaşan hipotetik torpaq ilə ayırır. Belə bir quruluş ilə çoxları razılaşmır və məhz 100 ildən sonra Ptolemeyin “Coğrafiya”sında Asiyadan şimalda və şərqdə, “Efiopiya”dan isə cənubda okeanlar göstərilmir. Bununla da Ptolemeyin dünya xəritəsində Asiya qitəsinin ərazisi bütünlükdə şimala və xeyli şimal-şərqə, Afrika isə xeyli cənuba uzanır. Asiyanın cənub-şərqi və Afrikanın isə cənub-şərq hissəsi cənubdakı hipotetik torpaq ilə birləşir. Nəticədə isə Hind okeanı hər tərəfdən qapanaraq nəhəng gölə çevrilir.
 
                                        
                            Pomponi Melaya görə Dünyanın təsviri (C. Uinsor hazırlayıb)
 
İntibah dövrünün başlanğıcına qədər Ptolemey Avropa alimlərinin bir çoxu üçün həddindən artıq istedadlı alim sayılırdı, onun xəritəsi isə hər bir xəritəşünas və coğrafiyaşünas dərnəklərində nümayiş etdirilirdi. Belə olan halda Avropadan Hindistana getmək üçün Afrikanın cənubundan dövrə etmək mümkünsüz sayılırdı. Dəniz yolu ilə Hindistana yalnız qərb yolu ilə Yer kürəsini dövrə vurmaqla, getmək olardı. Həmin yol isə dənizçilər üçün həddindən artıq uzun idi.

Məhz bu səbəbdən Avropadan Hindistana yol açmaq üçün ilk növbədə quru yoldan istifadə edilməyə başlandı. Səyyahlar, sonra isə tacirlər Asiyanın şərqinə gedən yollardan ən münasibini özləri üçün mənisəməkdən ötrü, hətta primitiv, üsullardan istifadə edərək xəritələrin tərtibi ilə məşğul olurlar. İş o yerə çatır ki, gəmiçiliyin inkişafı və gəmi konstruksiyalarının təkmilləşməsi zamanı da Hindistana dəniz yolunun kəşf edilməsi üçün heç bir cəhd edilmirdi. Hətta Roma imperiyası Şərqə işğalçılıq siyasətini gücləndirdiyi bir zaman, ixtiyarında güclü hərbi dəniz donanması olaraq (Qney Pompeyin və başqa tanınmış Roma sərkərdələrinin dəniz donanmasına başçılıqları nəzərdə tutulur) Hindistana dəniz yolunun kəşf edilməsi yönümündə heç bir iş aparmamışdılar. Bu ondan xəbər verir ki, Yer kürəsinin quruluşu barəsindəki təsəvvür kifa-yət qədər az idi. Hamı üçün Hindistana münasib yol quru yolu sayılırdı.

Astronomiya elmi dünyada mövcud olan ən qədim elmlərdən biridir. Yunan alimi Aristotel Kainatın quruluşu haqqında öz dövrünə görə yeni bir sistem yaratmışdı. Həmin sistem nədən ibarətdir? Onun fikrincə, Yer Kainatın mərkəzində hərəkətsiz durmuş, planetlər isə Yer ətrafında dolanır. Bunun öz qaydası vardı. Hər planetin özünə görə sferası (kürəsi) vardır və o öz sferasına bərkidilmişdir. Hər planetin sferası müəyyən sürətlə Yerin ətrafına dolanır. Planet öz sferasına bərkidildiyinə görə onun vasiəsilə yer ətrafında hərəkət edir. Bir planet arxasında duran başqa bir planetin görünməsini izah etmək üçün Aristotel belə qeyd edirdi ki, planetlərin sferaları şəffaf büllurdan yaranmışdır və ona görə də biz planetlərin hamısını müşahidə edə bilirik. Aristotel zamanından və ondan çox sonralar da göydə 7 planet olduğu güman edilirdi. Həmin planetlər – Merkuri, Venera, Mars, Yupiter, Ay, Günəş və Saturndan ibarət idi. Məsələn: Tusinin və Uluqbəyin yaşadıqları dövrlərdə də (XIII-XV əsrlərdə) bu belə idi. Ancaq ilk dəfə olaraq Polşa alimi Nikolay Kopernik (1473-1543) Yeri planet hesab etmiş, Ayı və Günəşi planetlər sırasından çıxarmışdı. Aristotel sistemində planetlərin sferasından sonra “sabit ulduzlar” sferası yerləşirdi.

Qədim yunan astronomları içərisində, demək olar ki, iki şəxsiyyət gördükləri elmi işlərə görə daha çox fərqlənir –Hipparx və Ptolemey.

Eramızdan əvvəl II əsrdə yaşamış Hipparx dövrünün böyük alimi olmuşdur, lakin onun haqqında çox az məlumat vardır. Nikeydə və ya Rodos adasında anadan olması güman edilir, ancaq məlumdur ki, o, bir müddət İsgəndəriyyə şəhərində astronomik müşahidələr aparıbdır.
 
                                                           
                                                                        Hipparx
 
Yunan alimi öz dövrünə görə Ayın ölçüsünü çox dəqiq təyin etmişdi. Hipparxa görə Ayın radiusu 0,27 Yerin radiusuna bərabərdir. Bu demək olar ki, Ayın indiki ölçüsünə yaxındır. Antik dövrün çox məşhur astronomu Yer-dən Aya qədər məsafəni 59 Yer radiusu kimi göstərmişdir (həqiqi orta ölçü – 60,3 Yer radiusu).

Hipparx Çin astronomlarından sonra ilk astronomik kataloqun müəllifidir. Bizim günlərə qədər gəlib çıxmayan kataloqda 1080 ulduzun koordinantları göstərilmişdir. Şübhəsiz ki, o, bu işdə triqonometriyanın elementlərindən istifadə etmişdi. Deyilənlərə əsasən ulduzları öz parlaqlıqlarına görə ölçülərlə ilk dəfə Hipparx ayırmışdır.

Ptolemey dövründən başlamış XVII əsrə qədər Yer ilə Günəş arasındakı məsafə 1120 Yer radiusu kimi göstərilirdi. Bu ölçü həqiqi ölçüdən təxminən 20 dəfə azdır.

Yunan alimi Klavdi Ptolemey qədim dünyanın ən böyük astronomu sayılır. O, bizim eranın II əsrində İsgəndəriyyə şəhərində yaşayıb fəaliyyət göstərmişdir. Onun əsas elmi işləri, “Almagest”“Coğrafiya” əsərləridir. Bundan başqa alim optikaya aid bir əsər də yazmışdır.

Coğrafi enliklərin və uzunluqların dəqiq riyazi ölçülərinin konsepsiyasını Ptolemey özünün “Coğrafiya” əsərində təqdim etmişdi. O, ənənəvi müvəqqəti koordinatları daimi koordinatlarla əvəzləmişdi – enliklər ekvatordan, uzunluqlar isə məlum olan dünyanın ən qərb ucqar nöqtəsi sayılan “Fortuna adalarından” (Kanar adaları) hesablanırdı.

Ptolemey ömrünün əksər hissəsini İsgəndəriyyə kitab-xanasında keçirmiş və orada özünün iki möhtəşəm əsərlərini yaratmışdı, hansı ki, dünya elmi XVII əsrə qədər həmin kitabların təsiri altında olmuşdu. Onlardan birincisi “Amagest” adı ilə məşhur olan “Böyük toplu” özündə ən qiymətli qədim yunan astronomiyasını əks etdirmişdi. O, Hipparxla Appoloniyanın əsərlərini daxil etmiş və özünün çoxsaylı nəticələrini vermişdi. Ptolemeyin ikinci əsəri həmin dövrün minlərlə məntəqənin coğrafi mövqeyini göstərən, izahlı məlumat və atlas kimi tanınan, səkkiz cildli “Coğrafiya” idi. Xəritələrin tərtibatı üçün Ptolemey coğrafi məntəqələrin müəyyən edilməsində üç əsr əvvəl Nikeyadan olan Hipparxın təqdim etdiyi üslubun geniş tətbiqini önə çəkir.1 

Ptolemeyin “Almagest” əsəri 1400 ilə yaxın bir müddətdə astronomiya tarixində “Hakimi-mütləq” hesab olunmuşdur. Bu əsər və Evklidin məşhur “Əsaslar” kitabını dərindən bilən bir adam orta əsrlərdə astronomiya və riyaziyyat üzrə böyük mütəxəssis sayılırdı.
 
                          
        Klavdi Ptolemey (təx. 90-160)                                        Ptolemeyin Dünya xəritəsi
                                           
 “Almagest” 13 kitabdan ibarətdir. 1-ci və 2-ci kitablar ən sadə astronomik hadisələrdən, Yer kürəsindən, üçüncü kitabda Günəşin hərəkət nəzəriyyəsindən, dördüncü kitabda Ayın hərəkətindən, beşinci kitabda Astrolyabiya adlanan astronomik cihazdan, altıncı kitabda Günəş və Ayın tutulmalarından bəhs edilir. Yeddinci və səkkizinci kitablar ancaq ulduzların kataloqudur. Bu kataloqda 1028 ulduzun siyahısı vardır. Ptolemey göstərir ki, ulduzların ümumillik pressiyası “36”-dır. “Almagest”in qalan beş kitabı planetlərin hərəkətinə həsr olunmuşdur.

“Almagest”in birinci kitabının ikinci fəslində Ptolemey yazmışdı: “Ümumi vəziyyəti nəzərə alaraq, qəbul etmək lazımdır ki, Göy sferik formadadır və sferik kimi hərəkət edir. Yerin özü də sferik formadadır və ümumi görüşə nəzər salsaq, ulduzları quruluşunu və aradakı məsafələri nəzərdən keçirsək, Yer Göyün ortasında yerləşir və mərkəz nöqtəsidir. Yer hərəkətsizdir və heç vaxt öz yerini dəyişmir”.1

Ptolemey astronomiya tarixində “Geosentrik sistem” adlanan dünyagörüşünün müəllifi kimi məşhurdur.
Gələcəkdə kitabın bu fəsli ilə bağlı, orada verilən elmi fikirlərə görə Nikolay Kopernik çoxsaylı fikirlər söyləmiş və özünün şərhlərini yazmışdır.

Ptolemey bir çox astronomik müşahidələr nəticəsində hər planetin öz epitsikli üzrə hərəkət dövrünü, bu epitsikllərin ölçüsünü, deferentlər üzrə hərəkət dövrünü təyin etmişdir. Bunları bildikdən sonra planetlərin hərəkətlərini irəlicədən, əlbəttə müəyyən xəta ilə xəbər vermək olur.
 


Yazçı-tədqiqatçı Ramiz Dəniz,
Ədəbiyyat üzrə Prezident təqaüdçüsü,
“Qızıl qələm” mükafatı laureatı

 

 email: [email protected],
          [email protected]

                                                         
 

 


1 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географических открытий. I том. Москва, «Просвещение», 1982. стр. 126

1 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географических открытий. I том. Москва, «Просвещение», 1982. стр. 131

1 Д. Хауз. Гринвичское время и открытие долготы. Москва, «Мир», 1983. стр. 17-18

1 Н. Веселовский, Ю. А. Белый. Николай Коперник. Москва, «Наука», 1974. стр. 198

26342
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic