ROMA PAPALARININ BULLALARI VƏ YA DÜNYANIN BÖLÜŞDÜRÜLMƏSİ - II HİSSƏ

(əvvəli: “Braziliya kəşfinin sirri”  adlı məqalədə)
 
18 iyun 1452-ci ildə “Dum diversas” adlı bulla verilir və bu dünyanın bölüşdürülməsi ilə bağlı ilk tarixi sənəd sayılır. Roma papası V Nikolay 8-i yanvar 1455-ci ildəki bullada (“İnter caetera”) Afrika sahilləri ilə ticarətin inhisarının portuqallara məxsus olduğunu göstərilir.
1479 ilin sentyabrında Alkasovasdakı bağlanan müqaviləyə əsasən, Atlantik okeanı iki hissəyə bölünür. Müqaviləni təsdiqləmək üçün papa IV Sikst 21 iyun 1481-ci ildə hər iki tərəfi danışıqlara dəvət edib, “Aeterna Regis” bullası ilə onları tanış edir. Kastiliyadakı ərazilərə olan iddiadan əl çəkən kral V Alfons Portuqaliya üçün həddindən artıq əlverişli imtiyazlar əldə edir: Kanar adaları Kastiliyanın tabeliyində qalır, Azör və Madeyra adaları isə Portuqaliyanın ayrılmaz ərazisi kimi sənədləşdirilir. İspan gəmiləri hər hansı bir ekspedisiyanı təşkil edəndə icazəsiz Şimal yarımkürəsinin 28-ci paralellindən aşağı enməməliydi. Nəzəri olaraq Florida yarımadasının yarısı, Böyük və Kiçik Antil adaları, Meksika, Panama, Cənubi Amerika bütünlüklə Portuqaliyanın tabeliyinə keçir. 

Papa IV Sikst (1471-1484)
Tarixçilər, guya Braziliya 1480-1490-cı illərdəki, hətta Jan Kuzen, Alonso Uelva, Martin Behaym və başqalarının adı hallanmaqla, kəşflə bağlı öz fərziyyələrini irəli sürürlər. Ən inandırıcı tarix 1494-cü il sayılır. O da nəyə görə?
Kolumb birinci səyahətdən 15 mart 1493-cü ildə qayıdır. Bu o deməkdir ki, ispanlar gözləmədikləri halda Atlantik okeanının qərb hissəsində yerləşən torpaq ərazilərinə sahib çıxa bilərlər. Alkasovas müqaviləsinə zidd olaraq ispanlar 28-ci paraleldən aşağı düşmüş və bunu gizlin saxlamağa çalışırdılar.
Məlum olduğu kimi ispan monarxlarının təkidi ilə, yəni, Yeni Dünyanın kəşfinin üstündən heç iki ay keçməmiş, papa VI Aleksandrın mayın 4-ü 1493-cü ildə verdiyi “İnter caetera” bullası portuqalları şok vəziyyətinə salır. Sənəddə göstərilir ki, “qərbdə Hindistan istiqamətində, həddindən artıq uzaqda dəniz-okeanda, heç vaxt gəmilərin üzmədiyi bir yerdə yerləşən adalar və iri torpaq ərazisi” ispan krallarına verilir. Portuqalları qıcıqlandırmaq istəməyən pontifik bullada izah edir ki, necə portuqallar “Afrikada, Qvineyada və Qızıl Sahildə” (Afrikanın Qvineya körfəzinin sahili) verilən səlahiyyətlərə, eləcə də ispanlar okeanın o biri tayında yerləşən ərazilərə eyni səlahiyyətlərə malik olurlar.
Sənədə əsasən, Azör adalarından 100 liq qərbdə yerləşən bütün ərazilər Kolumbun səyahəti nəticəsində yuridik olaraq ispanların tabeliyinə keçir. Belə bir bölgü ilə razılaşmaq portuqalların atlantikadakı fəaliyyətini minimuma endirirdi. Lakin ortaya bir sual çıxır, əgər nəzərdə tutulan demarkasion xətdən qərb tərəfdə və 280 ş.en dairəsindən aşağıda böyük torpaq ərazisi yoxdursa, onda sonsuz görünən okeanın suları kimə lazımdır? Portuqallarda olan məlumata görə Atlantikanın qərbində heç bir torpaq ərazisi yoxdur. Praktik cəhətcə həmin sularda torpaq axtaran Voqadonun (1462), Tellesin və Van Olmenin (1487) başçılığı ilə portuqal ekspedisiyaları müsbət nəticə əldə edə bilməmişdilər.
İlkin mərhələdə kral II Juan kəskin şəkildə narazılığını bildirmək istəmirdi, lakin bir neçə aydan sonra 1481-ci ildəki müqaviləni əsas gətirərək, həmin torpaqlara olan de-fakto hüquqlarını müdafiə etməyə başladı. Məhz bundan sonra Roma papası verdiyi qərara təkrarən baxmağa məcbur olur və bir ili arxada qoyan kimi elə mayın 4-də o, tərəfləri masa arxasına dəvət edərək, portuqallara güzəştə gedir. Həmin tarixdən bir ay sonra iyunun 7-də, müəyyən güzəştlərlə, VI Aleksandr Tordesilyasada bir il əvvəlki müqaviləyə əsaslı dəyişikliklər etməklə, həmin sənədi “ratifikasiya” edir. Tordesilyasdakı müqaviləni ispanlardan çox portuqalların qələbəsi adlandırmaq olar. Ona görə ki, 1493-cü ildə ispanların təklifi ilə demarkasion xətt Azör adalarından 100 liq qərbdə, portuqalların isə təkidilə Yer kürəsinin iki krallıq arasında bölüşdürülməsini bildirən demarkasion xətt Azör adalarından 370 liq qərbdə müəyyən edilir.
Bir sözlə, Roma papasının bullasına əsasən “İspaniya Braziliyadan başqa bütün Amerika qitəsinin, Portuqaliya isə Afrikanın və Hindistanın sahibi sayılırdı.”1
                     
                 Papa VI Aleksandr Borcia (1431-1503)            Papa VI Aleksandrın Tordesilyas bullası (1494)


Tordesilyas müqaviləsinə əsasən, ispan-portuqal xüsusi komissiya 1495-ci ilin sonuna qədər demarkasion xəttin haradan keçdiyini dəqiqləşdirməliydi. Lakin ispan və portuqal kosmoqraflarının arasında yaranan narazılığa görə həmin məsələ yerinə yetirilmir (gözlənildiyi kimi artıq 1512-ci ildə Cənubi Amerikadakı bəzi torpaqlara görə iki krallıq arasında münaqişə yaranır).2
Portuqalların nümayəndəsi Tordesilyasa gedən yolda olarkən, Kolumb 25-i sentyabr 1493-cü ildə özünün ikinci səyahətinə yola düşür. Ona qədər isə, hələ iyul ayında VI Aleksandr Borcia 3 may tarixi ilə imzaladığı bullanın üçüncü redaktəsini, “Eximiae devotionis” adı altında buraxdırır. Bu sənəd hər iki tərəf üçün kompramiss variant təklif edirdi.
Qeyd etmək lazımdır ki, Roma papsının iştirakı olmadan tərəflər yaranan problemin həllinə nail olmasına az qalmış, 1493-cü ilin dekabr ayında VI Aleksandr “Dudum siquidem” adı altında, keçmiş tarixlə - guya 25-i sentyabrda dördüncü bullanı buraxır. Məhz həmin sənəddən sonra portuqallar Roma papasına etirazlarını bildirirlər. İş ondadır ki, müəyyən edilmiş demarkasion xətdən qərb tərəfə, Hindistanın şərq hissəsinə kimi bütün ərazilər İspaniyanın tabeliyinə keçirdi. Halbuki Alkasovasa müqaviləsinə əsasən, Hindistan Portuqaliyanın şəxsi ərazisi sayılır və bu sənədə ispanlar öz razılıqlarını bildirmişdilər. Bunu əsas tutan portuqallar bildirirlər ki, indiki müqavilə onların maraqlarına tamamilə ziddir. Onların Hindistanla dəniz əlaqəsi qurmağa demək olar ki, heç nə qalmamışdı. Ona görə ki, Kolumbun səyahətinə qədər Bartolomeu Diaş (1488) Afrikanın ucqar cənub nöqtəsini kəşf etmiş və Hind okeanına çıxış yolunu tapmışdır.
 
 (davamı: “Portuqalların Braziliya sahillərinə alternativ marşrutu”  adlı məqalədə)
 
Yazıçı-tədqiqatçı Ramiz Dəniz
 
 email: [email protected],
          [email protected]
 
      1 История средних веков. Абрамсон М. Л., Кириллова А. А., Колесницкий Н. Ф. и другие. Под редакцией Колесницкого Н. Ф. – 2-е изд. исп. и доп. – М., «Просвещение», 1986. стр.393.
   2 Португальская колониальная империя, СИЭ, т. 11, с. 451-452.
26846
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic