ŞƏRQ DÜNYASININ ASTRONOMLARI - I HİSSƏ

Astronomiya elmini təkmilləşdirməkdən ötrü hökmən rəsədxanalar tikilməlidir. Abbasilərin nümayəndəsi xəlifə Məmunun əmri ilə Bağdadda mükəmməl bir rəsədxana tikilmişdi.
    Bu haqda professor S. Klatsko-Rındziun belə bir qeyd vermişdi: “Əlcəbr və Əlmüqabələ hesablanması üzrə qısa kurs”... kitabı, Bağdad xəlifi Abdulla əl-Məmun ibn-Harun ər-Rəşid (786-833) tərəfindən 830-cu ildə yaratdığı müdriklər Evi adlanan (Baith Al-Hakim), dünyanın ən qədim universitetində yazılmışdır... Harun Ər-Rəşid Bağdad universitetində, hind və türk professorları, həm də Bizansdan qaçaq düşmüş yunan professorları üçün kafedra yaratdığından, onların ərəb şagirdləri tez bir zamanda fəlsəfə, elm, tibb sahəsində nəzərə çarpacaq dərəcədə müvəffəqiyyətlər əldə edir və nəticədə ən vacib kitabları və klassik yunan müəlliflərinin nailiyyətlərini ərəb dilinə tərcümə etməklə, onları insanlıq üçün qorunub saxlamışdılar.
O dövrdə Xorezmli Mühəmməd, Fərqanəli Mühəmməd Kəsir əl Fərqani, Əhməd bən Abdulla Əlmərvəzi məşhur astronomlar sayılırdılar. Onların nailiyyətləri fəaliyyət göstərdikləri məkandan xeyli kanarda yayılırdı.
Əl-Xorezmi astronomiya və riyaziyyat elmlərinin inkişaf etdirilməsində misilsiz rol oynamışdır. O, cəbr üzrə ilk kitab yazmış və bununla da cəbr elminin əsasını qoymuşdur. Əl-Xorezminin elmi irsi Avropa alimləri tərəfindən öyrənilir və o, Avropada “Alxorezemos”, “Alqarizmus”, “Alkarezmus”, “Alxvarizmus”, “Alqoritm”, “Alqoritmus” kimi məşhur olmuşdur.
“Astronomiya cədvəlləri”, “Əlcəbr və əlmüqabələ hesablanması üzrə qısa kurs”, “Torpaqların təsviri kitabı”, “Hindlilərin üsulu ilə toplama və çıxma” əsərlərinin müəllifi Əbu Abdulla Mühəmməd ibn Musa Əl-Xorezmi Əl-Məcusi (780-850) 827-ci ildə Bağdad yaxınlığında aparılan dərəcə ölçməsinin hesablama işlərinə rəhbərlik etmişdi. Həmin elmi iş nəticəsində Yer kürəsinin bir dərəcəlik meridian qövsünün uzunluğu üçün alınan qiymət müasir ölçüdə 111815 metrə bərabərdir. Müasir ölçülərə görə indiki qiymət 110938 metrdir (fərq 877 metr). Bu, dərəcə ölçüsünün Yer kürəsinin böyüklüyünün təyin olunmasında əhəmiyyəti çox böyük idi. Ona qədər ilk dəfə, dərəcə ölçməni bizim eramızdan 250 il əvvəl Misirdə yunan alimi Eratosfen aparmışdı. Evdoksun isə apardığı ölçü alimlər tərəfindən ciddi qəbul olunmurdu. Xorezmi 35 yaşına çatana qədər, artıq Bağdad elmlər akademiyası funksiyasını yerinə yetirən “Beytül hükəmasının” (alimlər evi) rəhbərliyi vəzifəsinə qədər yüksəlir.

Mühəmməd əl-Xorezmi (783-850)
 
Xorezminin “Torpaqların təsviri kitabı” adlı əsər coğrafiya elmi tarixində qiymətli əsərlərdən ən mühümü sayılır. Bu kitabda bir çox ölkələr, dənizlər, çaylar, dağlar haqqında zəngin məlumat vardı. Xorezmi Volqaboyunda və Bizansda səyahətə çıxmışdı.
Bəzi Qərb tarixçiləri və ya alimləri ədalət naminə, primitiv üsullardan istifadə etmədən, Əl-Xorezmini ərəb alimi kimi göstərməklə, yanlış məlumata əl atırlar. Professor S. Klatsko-Rındziun onun Türk dünyasının böyük alimlərdən biri olduğunu ədalətlə bəyan edir. O, yazır: “Müasir riyaziyyatda “alqoritm” anlayışından istifadə olunanda, onda ər-Rəşidin, Xivədən anadan olmuş baş kiabxanaçı və riyaziyyatçısı Əbu-Abdullah Mühəmməd ibn-Musa əl-Xorezmi əl Məcusinin (780-850) ərəb adının latınca transliterasiyasından götürüldüyünü başa düşmək olar. Türkdilli şəhər və region sayılan Xivə 1873-cü ilə kimi, rus çarizminin Orta Asiyaya başladığı yürüşlərə qədər müstəqil qalmışdı.1
Avropa aliminin ədalət prizmasından necə çıxış etməsi göz qabağındadır.
Əhməd ben Abdulla Əlmərvəzi astronomiya tarixində Həbəşül Hasib adı ilə məşhurdur. O, hind astronomiyasının əsas nailiyyətlərini “Sindihind” yolu ilə tərtib edilmiş “Zic” adlı kitabında qeyd etmişdir.
Sabit ben Qürrə (821-901)

IX əsrin ən böyük riyaziyyatçı və astronomlarından biri sayılan Sabit ben Qürrə (821-901) Bağdada köçəndən sonra bacarıqlı bir alim kimi məşhurlaşır. O, ərəb dilindən başqa suriya və yunan dillərini sərbəst bildiyindən, elmi tərcümə işləri ilə də məşğul olmuşdur. Sabit tərəfindən Evklidin “Əsaslar” Ptolemeyin “Almagest” əsəri ərəb dilinə tərcümə edilərək, Şərq dünyasına yayılmasında müstəsna rol oynamışdır. Ona görə ki, bu tərcümələr vaxtilə ən səlis və dəqiq tərcümələrdən hesab olunurdu. O, 150-dən çox orijinal və tərcümə əsərlər yazmışdır.
Əbül Əbbas Təbrizi də IX əsrdə yaşayıb yaratmış və məşhur astronom və riyaziyyatçı kimi tanınmışdır.
Suriyada yaşamış tanınmış ərəb alimi Bəttani (təx. IX əsrin 2-ci yarısı - 929), Rəkka şəhərində öz xərcinə bir rəsədxana təsis etmiş və orada 878-ci ildən 918-ci ilə qədər astronomik müşahidələr aparmışdı. Alim pressesiya, ekliptikanın mailliyi kimi çox mühüm astronomik kəmiyyətlərin qiymətini təyin etmiş və onları öz müasirlərinin aldıqlarına nisbətən daha dəqiq qiymət almışdır. Bəttaninin astronomiyaya aid olan kitabını alman alimi İohann Müller (Reqiomontan) XV əsrdə latın dilinə tərcümə etmişdir. Həmin kitabın latınca adı “Mohametis Albetini de Scienta stellarum Liber” (Mühəmməd Əlbəttaninin ulduzlar elmi kitabı).
Bəttani (Əbu Əbdulla Mühəmməd ben Cabir ben Sinaya əl Hərrani Əli Sabi) zəngin ərəb zadəgan ailəsindən anadan olmuş və onu “ərəb Ptolemeyi” adlandırırdılar. Hələ Ptolemey tərəfindən 36 qiymətində təyin edilmiş illik pressesiyanın nisbətən daha düzgün qiymətini məhz o, təyin edə bilmişdi. Plato Tivalskinin, Maslama Əhməd ben Maqritin və Reqiomontanın tərcümələri əsasında Bəttani tərəfindən tərtib edilmiş “Zic Sabi” geniş sürətdə orta əsrlərdə Avropa astronomlarına məlum olmuşdu.
Orta əsrlərin ən nüfuzlu alimlərindən biri Əbu Nəsr Mühəmməd ibn Mühəmməd əl Fərabi (870-950) olmuşdur. Özbəkistanın Fərab şəhərində anadan olmuş alim çoxlu səyahət etmişdi. Əl Fərabi fəlsəfəyə, tibbə, riyaziyyata, astronomiyaya və musiqiyə dair çoxlu əsərlər yazmışdır. Məşhur ərəb alimi İbn Hallikan onun haqqında yazır: “...Türk olan əl Fərabi tanınmış filosofdur, məntiqə, musiqiyə və başqa elmlər haqqında əsərlər yazmışdır. O, müsəlmanların ən dahi filosofudur və elmlər sahəsində onun səviyyəsində olanı yoxdur”.
Astronomiyada onu məşhurlaşdıran əl Fərabinin Ptolemeyin “Almagest” əsərinə yazdığı şərhdir. Əl Fərabi dünyada kifayət qədər tanınmış alimdir, lakin onu müsəlmanların ən dahi filosofu adlandırmaq, qeyri-ciddi fikir sayılır.
           
                       Mühəmməd ibn Mühəmməd əl Fərabi (870-950)                Buzcanlı Əbül Vəfa (939-999)

Məşhur alim Buzcanlı Əbül Vəfa (939-998) astronomiyanın həm nəzəri, həm də təcrübi məsələləri ilə məşğul olmuşdur. Onun qələmindən hesab, cəbr, həndəsə, astronomiyaya aid bir çox dəyərli əsərlər çıxmışdır. Əbül Vəfa Ayın nəzəriyyəsi ilə mükəmməl surətdə məşğul olmuş və o, Ayın hərəkətində “variatsiya” adlı bərabərsizliyi aşkara çıxarmışdır.
Mühəmməd ibn Mühəmməd ibn Yəhya ibn İsmail ibn Əl-Abbas Əl-Buzcani 960-cı ildə Bağdada gəlmiş və oradakı rəsədxanada elmi tədqiqat işləri ilə məşğul olmuşdur. Onun bir çox qiymətli əsərləri yoxa çıxmışdır.
Əbül Vəfanın riyaziyyatın və astronomiyanın inkişaf tarixində əhəmiyyəti çox böyükdür.                                 
 
(ardı “Şərqdə astronomiya və coğrafiyanın təkmilləşməsi” adlı məqalədə)                                                                                           
Yazçı-tədqiqatçı Ramiz Dəniz,
 Ədəbiyyat üzrə Prezident təqaüdçüsü,
 “Qızıl qələm” mükafatı laureatı
 
email: [email protected],
          [email protected]
 
 1 Журнал Ассоциации искусственного интеллекта. Новости искусственного интеллекта. С. Клатско-Рындзиун. Москва, 1993. стр. 136


 
28539
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic