ERKƏN ORTA ƏSRLƏRDƏKİ AZƏRBAYCAN RENESSANSI
Bəzi alimlər qeyd edir ki, Marağadakı və digər İslam ölkələrindəki alimlər qədim yunan alimlərinin əsərlərindən istifadə edərək, köçürücü funksiyasını yerinə yetirmişdilər.
Əlbəttə, belə bir fikir ilə qətiyyən razılaşmaq olmaz. Qədimdə yaranan elmi əsərlərin surətləri çoxaldılan zaman onların inkişaf etdirilməsində Şərq alimləri elmdə əsl inqilab etmişdilər. Avropadan qabaq Renessans mədəniyyətinin şərqdə yaranmasını iddia etsək, biz bu məsələdə heç də yanılmarıq.
Renessans mədəniyyətini yalnız onun vətəni sayılan İtaliya (XIV-XVI əsrlərdə) və ya Avropaya (XV-XVI, hətta XVII əsrlərdə) aid edən baxış Şərqi bu prosesdən kənarda qoymağa çalışaraq, onun Qərb mədəniyyətindən gerililiyi, bununla da “Avropa mərkəzçiliyini” təsdiq etməyə cəhd göstərir.
Şərq Renessansı məsələsi Qərb alimləri arasında əsasən bu baxımdan mübahisə törədir ki, İslam Şərqində yaranan mədəniyyət Renessans mədəniyyətini səciyyələndirən əsas əlamətlərin heç də hamısına cavab vermir.
Lakin əvvəla, bu baxışı Qərbin heç də bütün şərqşünasları müdafiə etmir. Məşhur İsveçrə şərqşünası Adam Mets IX-X əsrlər İslam mədəniyyətinin tədqiqinə həsr etdiyi əsərini“Müsəlman Renessansı” adlandırmaqla, İslam aləmində “İntibah” adlandırılan bu mədəniyyətin Qərbdən xeyli əvvəl meydana gəldiyinə işarə edir...
İtaliya və bütövlükdə Avropa Ressansının ən səciyyəvi əlamətlərdən biri kimi həmin İtaliyanın özündə də qədim Yunanıstanda quldarlıq dövründə formalaşmış antik mədəniyyətə müraciət mühüm yer tutur. Bu baxımdan Şərq Qərbi xeyli qabaqlamış, artıq VIII-XII əsrlərdə Çində, habelə Hindistan və İranda, XII-XIII əsrlərdə Azərbaycanda güclü humanist fəlsəfə və ədəbiyyat yaranmış dünyəvi elm, o cümlədən astronomiya, riyaziyyat, minerologiya və başqa təbiət elmləri sahəsində görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) gətirdiyi mühüm yeniliklər özünü göstərir...
Mühəmməd Nəsirəddin Tusi (1201-1274)
Azərbaycan Renessansında antik mədəniyyətə birbaşa müraciət İtaliya və bütövlükdə Avropa Renessansından heç də zəif deyil. Burada Nizami Gəncəvinin dahiyanə “İsgəndərnamə”poemasını və Nəsirəddin Tusinin bütün Şərqdə ona şöhrət qazandıran “Əxlaqi-Nasiri” kitabını və xüsusən onun son 30-cu fəslini tutarlı nümunə hesab etmək olar. Nizami öz şah əsərinin dərin humanist qayəsini açmaq üçün antik mədəniyyətin ellinist mərhələsinin bünövrəsini qoyan Makedoniyalı İsgəndərin və onu əhatə edən tarixi şəxsiyyətlərin, ilk növbədə müəllimi Ərəstunun (Aristotel – R. D.) obrazından istifadə etdiyi kimi, N. Tusi də qeyd etdiyimiz əsərini qədim yunan filosofu Əflatunu (Platon – R. D.) öz şagirdi Aristotelə vəsiyyəti ilə görkəmli antik filosofun 40-dan artıq ibrətamiz kəlam-öyüdü ilə tamamlayır. Bu faktın özü sübut edir ki, N. Tusi antik mədəniyyətin zəngin fikir xəzinəsinin onun dövründə də idrakı-tərbiyəvi əhəmiyyətini nəinki saxladığını, habelə insanın təkmilləşməsi və inkişafında örnək rolunu bununla təsdiq edir.1
Elm tarixçiləri arasında belə bir fikir yürüdülürdü ki, IX-XIV əsrin şərq astronomları “arxivarius” rolunu oynayırdılar, yəni, onların işləri əsasən, qədim astronomların elmi işlərini dünya elminə çatdırmaqdan ibarət idi.
“İslam astronomiyasının inkişafında Marağa rəsədxanasının rolu: “Renessansa qədər elmi inqilab” əsərinin müəllifi Kolumbiya universitetinin (ABŞ) alimi C. Saliba qeyd etmişdi ki, XX əsrin 50-ci illərinə qədər şərq astronomlarına olan belə bir münasibət, əsasən məqsədəuyğun sayılırdı. Ona görə ki, həmin dövrə qədər praktiki olaraq, XIII əsrdə Marağa şəhərində (İranın Şərqi Azərbaycan hissəsi) yaradılan “Marağa məktəbinin” nümayəndələrinə məxsus olan elmi əsərləri məlum deyildi. Alim haqlı olaraq qeyd edir ki, yarıməsrə yaxın “Marağa məktəbinin” fəaliyyətinə dair aparılan tədqiqat işlərindən belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə ərəb dövründəki astronomiyanın inkişafında “arxivarius” stereotipindən əl çəkmək lazımdır.
Bundan əlavə 1957-ci ildə amerikan alimi V. Roberts göstərmişdi ki, şərq astronomlarının təqdim etdikləri Kainatın modeli Kopernikin təqdim etdiyi modelinə böyük təkan vermişdi.
“Marağa inqilabına” dair həsr olunan çoxsaylı məqalələrin müəllifləri bildirirlər ki, Kopernik tərəfindən elmi inqilabı həyata keçirilməsində bəşəriyyət marağalıların fəaliyyətinə borcludur. Kopernikin, Marağa rəsədxanasının elmi irsinin öyrənilməsində heç bir şübhə yoxdur. Qətiyyətlə bildirmək lazımdır ki, Polşa alimi Marağa rəsədxanasının “ən yaxşı, istedadlı nümayəndəsi sayılır”.
Marağa rəsədxanasının tərtib etdiyi astronomik cədvəllərin Avropada tərtib edilmiş cədvəllərlə müqayisəli tənqidini verən İran alimi Ustad Məhəmməd Rza Hakimi “Danış-e moslemik” (“Müsəlmanların elmi”) kitabında Con Bernalın bu barədə yazdığı aşağıdakı mülahizələrini nümunə gətirir: ... Orta əsrlərdə elmin inkişafı əvvəlcə ləng getsə də, böyük işgüzarlığın və yaradıcı qüvvələrin meydana gəlməsinə səbəb oldu və bu əslində yeni elmlərin yaranmasına gətirib çıxartdı... Ulduzları müşahidə etmək, yeni dəqiq müşahidələrin, hesablamanın və uzaqgörənliyin lazım olduğunu yeganə elmə, digər elm sahələrindən əvvəl, İslamın nüfuzu başlayıb davam etdi.
Elxanilər zamanında tətbiq edilmiş cədvəllər ta Renessans dövrünə qədər ulduzşünaslıq sahəsində ən yaxşı cədvəllər hesab olunurdu...
...Xarici alimlərdən bir çoxunun İslam elmini əhəmiyyəti, bizim bildiyimizin, ədəbiyyatımızın və mədəniyyətimizin əzəməti haqqında xeyli söz söyləmələrinə baxmayaraq, hələ də çox adamlar tapmaq olur ki, özlərini elm, elmlər tarixi, fikir, mədəniyyət, fəlsəfə, tərbiyə, əxlaq, sənət və s. haqqındakı əsərlərdə və məqalələrdə İslamın adını çəkmir, hətta müsəlman alimlərinin böyük və yaradıcı xidmətlərinə işarə də etmirlər. Belə demək mümkün olduğunu güman etmirəm ki, bu şəxslər İslamdan və islam irsinnən tamamilə bixəbər olsunlar. Daha çox güman var ki, onlar İslam haqqında bir növ “susmaq yolunu” əsas götürürlər, beləcə düşmənçilik əməllərini yerinə yetirirlər... Necə ola bilər ki, bir müəllif nücum elmi, onun inkişafı və yeni asimanşünaslıq haqqında kitab yazsın, ancaq İslam alimlərinin və asimanşünaslarının adını çəkməsin?”1
Bildirmək lazımdır ki, Tusi rəsədxananın daxilində eyni zamanda tərcümə mərkəzi də yaratmışdı. Corc Sarten “Elm tarixi” əsərində yazır: “Əlbəttə, Azərbaycan Marağa tərcümə mərkəzi Nəsirəddin Tusinin rəhbərliyi altında fəaliyyət göstərirdi. Klassik yunan və ərəb alimlərinin tərcümələri hazırlanırdı... Xristianlar öz məlumatlarını fərasətlə bu kitablardan alırdılar. Bu zaman müsəlmanlar çox inkişaf etmişdilər və xristianlar həmin nailiyyəti əldə etmək istəyirdilər”.
Bu problemə toxunan İran alimi doktor Səfa yazır: “Abbasilər dövrünün əvvəlində hicri VI əsrin sonunadək riyaziyyat sahəsində və riyaziyyat elmi bölmələrində məşhur alimlərin meydana çıxmasına baxmayaraq onların əsərlərində çətin anlaşılan, şübhəli məsələlər çox idi. Bu kitablarda bir məsələlər dəqiqləşdirilməli, şərh olunmalı və izah edilməli idi. Bu böyük işi görə biləcək və onu axıra çatdıra biləcək bir alim var idisə, o da... Xacə Nəsirəddin Tusi idi... o, riyaziyyat sahəsində bir çox tərcümələri diqqətlə, incəliklə öyrənib düzəldir, təshih edirdi və nəticədə sistemli, düzgün nöqsansız əsər yaradırdı”.
Tusinin bu mühüm fəaliyyəti haqqında yazan alimlərin əksəriyyəti göstərirlər ki, o, bu tərcümələrdə yunan sözlərinin yerinə kor-koranə ərəb sözlərini qoymurdu, yunan müəlliflərinin işlətdikləri qəliz riyazi mətləbləri açmağa cəhd edirdi; mahir bir ustad kimi əsərlərin məqsəd və məvhumlarını açmaq üçün düzgün ibarələr işlədirdi; yunan alimlərinin əsərlərinin tərcümələrini riyaziyyat elmini tədris etmək üçün sistemli şəkilə salırdı.1
Fakt odur ki, sonrakı illərdə Tusinin yaratdığı elm ocağında aparılan elmi araşdırmaların nəticələri Yaxın Şərqə və Avropaya yayılmışdı. Tərəqqipərvər alimlər əldə olunan elmi işlərdən səmərəli bəhrələnmişdilər.
Hörmətlə yazıçı-tədqiqatçı Ramiz Dəniz.
Azərbaycan Yazıçılar Birliyinin və Coğrafiya Cəmiyyətinin üzvü.
1 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor Y. A. Qaraməmmədlinin məruzəsi, səh. 267-268
1 A.Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” İslam araşdırmaları mərkəzi, 1996. səh. 217-218.
20163
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|