NƏSİRƏDDİN TUSİNİN SİYASƏTİ

                            (“Nəsirəddin Tusinin vətənpərvər hissləri” məqaləsinin davamı)            
 
Artıq erkən və orta əsrlərdə Azərbaycan özünün bütün Yaxın Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyətləri Mühəmməd Babakuhi Bakuvi, Şihabəddin Əbuhəfs Sührəvərdi, Qətran Təbrizi, Əli Xatib Təbrizi, Əfzələddin Xaqani Şirvani, Ömər ibn Osman Kafiəddin Şirvani, Əcəmi Naxçıvani, Mahmud Zəncani, Şeyx Nizami Gəncəvi, Məshəti Gəncəvi ilə tanınmışdı. Onların haqqında, elmə və mədəniyyətə böyük üstünlük verən Hülaku xan da müsbət fikirlər eşitmişdi. Adları çəkilən görkəmli şəxsiyyətlərdən fərqli olaraq, Tusi hərtərəfli inkişaf etmiş adam idi və öz biliyi ilə nəinki dostlarını, hətta düşmənlərini də valeh etmişdi. Hülaku xan ən ağır vəziyyətlərdə belə, başqa milliyətdən olan alimə bel bağlamışdı. Tusi həqiqətən də ən çətin məqamlarda və çıxılmaz vəziyyətlərdə çox ağıllı məsləhətlər verirdi. Onun elə bir məsləhəti olubdur ki, bir neçə yüz il qonşu regionlara meydan oxuyan böyük bir imperiyanı yer üzündən sildirərək tarixin səhifələrində dinamik bir dönüş yaratmışdı.
Bağdad Xilafəti süqut olandan sonra onun yerində heç bir dövlət yaranmadı, sadəcə olaraq həmin ərazi İlxanilər dövlətinin tərkibinə daxil olur. Bağdadın elm və mədəniyyət xəzinəsi başqa regionlardan olan alimlərin üzünə açılır. Bu tarixi prosesdə Tusi əvəzsiz rol oynamışdır.
Dövləti sülh şəraitində idarə etmək üçün hökmdar zəkasına etibar etdiyi Tusiyə, dövlət quruluşu və maliyyə sistemi barəsində kitab yazmağa həvalə edir. Həmin kitabda elə məqamlar var ki, indiki zamanda o öz aktuallığını hələ də itirməyibdir.
Xacə Nəsirəddin Mühəmməd Tusi cavanların işsizliyinin məsələsinə toxunaraq yazmışdır: “Əkinçilik, ticarət, məhkəmə və s. işlərlə məşğul olmayan sağlam və çevik cavanları işsiz qoymurdular. Orduya ləyaqətli olanlara silahdan istifadə etməyi öyrədib orduya cəlb edirlər. Yazıb-oxumağa həvəsi olanlara yazmaq öyrədirdilər. Ümumiyyətlə, kim hansı işə layiq idisə, onu həmin işlə təmin edirdilər və işsiz qalmağa qoymurdular”.
Mühəmməd Nəsirəddin Tusi (1201-1274)
 
... Tusi büdcədə işləyən dövlət qulluqçuları və məmurların da qayğısına qalaraq padşaha, belə adamlara təmin ediləcək miqdarda pul və məvacib verməsini tövsiyə etmişdir. O, yazır: “Belə olduqda dövlət məmuru padşah malını mənimsəməz, üzgörənlik etməz”.3
Bundan əlavə onu da qeyd etmək istəyirəm ki, artıq Hülaku xan İran, Azərbaycan, Gürcüstan, İraq, Qızıl-İrmək çayına qədər Kiçik Asiya, Türkmənistan və Əfqanıstan daxil olmaqla, böyük bir regionu əhatə edən “Elxanilər” dövlətini yaratmışdı. Regionda qüdrətli və varlı dövlət sayılan Bağdad xəlifəsi birdəfəlik darmadağın edilmişdi. Səlcuq türklərinin başı isə Bizans imperiyasının torpaqlarının mənimsəməsinə qarışmışdı.
Öz iqamətgahını Azərbaycanda quran Hülaku xan işğalçılıq siyasətindən əl çəkərək, ömrünün qalan hissəsini yaratdığı dövlətinin idarəçiliyinə həsr etmişdi.
Bağdad üzərinə hücum vaxtı, məhz türk döyüşçüləri birinci olaraq şəhərə daxil olmuşdular. Onların ardınca monqol döyüşçüləri Yaxın Şərqin ən böyük şəhərinin bütün küçələrini nəzarət altına alıb ən möhtəşəm binalarda qarət və talanlar yaratdılar. Neçə əsr böyüyən və inkişaf edən Bağdad bir anlığa xarabazarlığa çevrilir. Həmin yürüşdə Hülaku xanı müşayiət edən Tusi bir çox qırğınların, alimlərin, qocaların, qadınların və uşaqların qətlinin qarşısını almışdı. Alim minlərlə günahsız adamları məhvdən qurtarmış və bu hadisə bir fakt olaraq tarixə düşübdür.
Düzdür, monqolların işğalı zamanı şəhərdə böyük dağıntılar və qırğınlar baş vermişdi. Lakin qısa bir müddətdən sonra Hülaku xan Tusi, Cüveyni kimi müdrik adamların məsləhəti ilə şəhərdəki xaosu aradan qaldırmış və oradakı vəziyyəti tam nəzarət altına almağa müvəffəq olmuşdur.
Əfqan alimi Sərv Quya Etimadi yazırdı: “O, (Nəsirəddin Tusi – R. D.) Bağdad dağılandan və xilafət süqut edəndən sonra bacardığı qədər adamların, elmə və ədəbi əsərlərin nicatı uğrunda çalışmışdır... ...Əgər Xacənin misilsiz səyi olmasaydı, Bağdadda baş vermiş bu dəhşətli tufan və qan dolu dəlakətdən heç bir elmi-ədəbi nümunəni, misilsiz əsərləri xilas etmək olmazdı. Olan-qalanı da bu tufan məhv edəcəkdi”.
Bəzi tarixçilər Bağdadın işğal olmasını Tusinin qisasçılıq prinsipindən yarandığını göstərmək istəyirlər. Guya onun “Əlamut” qalasında keçirdiyi 20 illik dustaq həyatında Bağdad Xəlifəsinin böyük günahı vardı. Belə rəvayət edirlər ki, Tusi Kuhistanda qonaq olarkən Bağdad xəlifəsinə bir qəsidə ithaf edib ona göndərir. Bu isə xəlifənin baş vəziri ibn Əlqəminin tərəfdarlarının əlinə düşür. Qəsidə ilə tanış olan vəzir alimin təhlükəli rəqib hesab edərək, onun həbs edilməsi əmrini göndərir.
Yuxarıda göstərilən rəvayət Bağdad xəlifəsi Müstəsimin şəxsiyyətinə xələl gətirməməkdən ötrü islam tarixçiləri tərəfindən düzəldilmişdir. Lakin bütün bunlara baxmayaraq nə Nəsirəddin Möhtəşəm, nə də ki, ibn Əlqəmi Tusinin qəzəbinə düçar olmuşdular. Halbuki hamı çox yaxşı bilirdi ki, azərbaycanlı alim öz kamil zəkası ilə Hülaku xanın yanında böyük hüsn-rəğbət qazanmış bir şəxs idi.
Faktiki olaraq döyüşlər gedən zaman vəzir əl-Əlqəmi və nəsrani patriarxı xəlifə Müstəsimə xəyanət etmiş və təslim olmaq üçün onu razı salmışdılar. Bundan əlavə məhz xəyanət nəticəsində monqollar gizlin saxlanılan ləl-cəvahiratla, daş-qaşla, qızıl ilə dolu olan xəzinənin yerini öyrənmiş və on gündən sonra xəlifəni Abbasi nəslinə mənsub olan bütün kişi xeylaqları ilə birlikdə edam edirlər.
Birdəfəlik sübut olunub ki, Tusi humanist və rəhmdil bir şəxsiyyət olubdur. O, heç vaxt qisasçılıq prinsiplərinə söykənməmişdir. Bunun üçün əyani sübut aşağıda göstərilən tarixi hadisədir:
Monqollar Bağdadı işğal edəndə təqibdən gizlənənlərdən biri Tusinin yaxşı tanıdığı xəlifənin vəziri ibn Hacib idi. Hələ cavan yaşlarında alim “Əhli beyt” haqqında yazdığı əsəri xəlifəyə təqdim etmək üçün Bağdada gəlir. Kitabı nəzərdən keçirən vəzir öz narazılığını bildirir və xəlifənin yanında Dəclə çayına atır.
Tusinin dost-tanışları ibn Hacibi kitabın aqibəti kimi, Dəclə çayına atmağı məsləhət görürlər. Lakin alim öz humanistliyini nümayiş elətdirərək, vəzirə yaxşılıqdan başqa bir şey etmir.4
Tusinin xasiyyəti təbiətən, istər dustaq həyatı keçirən zaman, istərsə də Hülaku xanın sarayında yüksək vəzifəyə qalxan zaman, dəyişməz olub. Artıq tarixdən məlumdur ki, Bağdad işğal olunandan sonra o, yüzlərlə insanın həyatını ölümün pəncəsindən qurtarıb, onalrın içərisində zəmanəsinin tanınmış adamları da az olmamışdır. Siyasi baxışlarına görə repressiyanın təqiblərinə məruz qalan adamlar çox hallarda haqq-ədalət tərəfdarı sayılan Tusidən kömək istəyirlərmiş. O, isə öz növbəsində bir başa Hülaku xana müraciət edərmiş.
 
                                                                                     Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                      Prezident təqaüdçüsü,
                                                                                    “Qızıl qələm” mükafatı laureatı

 
email: [email protected],
          [email protected]

           3 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor M. N. Seyidovun məruzəsi, səh. 210
         4 A. Məmmədov. Hökm və hikmət. Bakı, “Qafqaz-LTD”, 2002. səh.158
 
20682
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic