NƏSİRƏDDİN TUSİNİN ELMİ FƏALİYYƏTİNİN BİR HİSSƏSİ

Həmin dövrdə bir çox alimlər elmin bir neçə sahələrini öyrənməyə böyük səy göstərirdilər. Ən əsas da riyaziyyata, astronomiyaya, fəlsəfəyə çoxlu fikir verilirdi. Öz dövrünün bir çox alimləri kimi Tusi də elmin bir çox sahələrini dərindən mənimsəmişdi. Alimin apardığı tədqiqat işləri unikal kəşflərə gətirib çıxardırdı və həmin kəşflər bir çox həmkarlarını mat-məəttəl qoyurdu. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, coğrafiya, tarix, fəlsəfə, tibb, etika, məntiq, musiqişünaslıq, geologiya və digər sahələrinə həsr olunmuşdu. Bunula belə Tusinin yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. O, bu sahələrdə aparılmış iyirmidən çox uğurlu araşdırmanın müəllifidir. Alimin apardığı elmi axtarışlar və tədqiqatlar həcminə görə çox böyük idi və ona qədər yaşayan bütün alimlərin gördüyü işləri mahiyyətinə görə xeyli arxada qoyurdu. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır. Alimin əsərlərinin bir neçə dildə yazılması, qısa müddətdə Tusinin Yaxın Şərqdə məşhurlaşmasına gətirib çıxarmışdır.
Böyük alimin ən məşhur əsərləri arasında “Şəklül-gita” (“Bütöv çoxtərəfli haqda risalə”), “Came ül-hesab” (“Lövhə və tozun köməyi ilə hesab toplusu”), “Dairənin ölçüsü”, “Təhrir Öqlidis” (“Evklid “Başlanğıc”ının təsviri) kimi kitablar xüsusi yer tutur.
Dörd hissədən ibarət olan “Zic Elxani” (“İlxanilər astronomik cədvəlləri”) əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır. Adı sadalanan elmi əsərlərin əksəriyyətini Tusi rəsədxana tikilməyə başlayandan sonra işləyib başa çatdırmışdı. Bu ondan xəbər verir ki, alimin eyni zamanda bir çox işlərlə məşğul olaraq, vaxtını boş keçirməmişdi. Özünün dediyi kimi hər bir insan bu dünyada yaşayırsa, o, vaxtını əbəs yerə keçirməməlidir. Onun düşüncəsi ilə hər kəs ki, bu dünyada yaşayırsa, ömrünü həyatın inkişafına həsr etməlidir.
Tusinin üzə çıxardığı elmi nəticələri geniş vüsət almış, elmin bir çox sahələrini təkmilləşdirərək xeyli inkişaf etmişdir. Onun hər bir əsəri, bilavasitə yanında işləyən alimlərin gözü qarşısında yazılırdı və mütəmadi olaraq Hülaku xana bu haqda məlumat verilirdi. Azərbaycanlı alim həmin dövrdə o qədər məşhurlaşmışdı ki, Hülaku xan vəfat edəndən sonra (1265) Abaqa xan Elxanilər dövlətinin taxt-tacına yiyələnir və tərəddüd etmədən Tusini sarayının baş vəziri təyin edir. Güclü idrak sahibi olan alim müdaxilə edərək, həmişə ağıllı məsləhətləri ilə başqa əyanlardan fərqlənmişdi. Ən ağır vəziyyətlərdə hökmdar ona bel bağlayaraq, alimdən mənəvi dayaq kimi istifadə etmişdi.
Çingiz Qacarın “Azərbaycanın görkəmli şəxsiyyətləri” əsərində “Məhəmməd Nəsirəddin Tusi” fəsilində ardıcıl olaraq iki abzası qeyd etmək istəyirəm: “Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsənin və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilində tərcümədə çap olunan “Evklid “Başlanğıc”ının təsviri” əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı “Bütöv dördtərəfli haqqında risalə” də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elm tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə tərcümə olunmuşdur.
Mühəmməd Nəsirəddin Tusi (1201-1274)
 
Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqəti nəzərə çarpdırır. Bunların arsında “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqqında risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Dövlət maliyyəsi haqqında risalə”, “Xoşbəxt günlərin seçilməsi” (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.
Nəsirəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcısını gözləməkdədir. Bunlara Bakı, Paris, Florentsiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gələk mümkündür.1
Hələ məlum deyil ki, alimin neçə əsəri aşkar edilməmiş şəkildə dünyanın neçə dövlət və şəxsi kitabxanalarında və yaxud da dövlət əlyazmalar fondunda saxlanılır. Çox güman ki, Marağa rəsədxanasında yaradılan elmi əsərlərin bəziləri başqa bir müəlliflərin adı altında Təbriz, Tehran, Pekin və Nankin şəhərlərinin müxtəlif inzibati obyektlərində saxlanılır. Vaxt gələcək onun bütün işləri üzə çıxacaq və bəşəriyyət tarixi onun zəhmətinə lazımınca layiqli qiymətini verəcəkdir.
Göründüyü kimi, Tusinin dünya ictimaiyyəti üçün vacib sayılan elmi əsərləri yaranandan sonra Azərbaycanın (Şimali Azərbaycan nəzərdə tutulur – R. D.) muzey və kitabxanalarında qalmayıb, əksər ölkələrdə özünəməxsus müsbət yer tutmuş və indiyənə qədər bir çox alimlərin fərəhinə səbəb olmuşdur. Sadəcə olaraq, həmin əsərlər geniş oxucu kütləsinə lazımi səviyyədə təqdim olunmayıbdır. Elə alimələr olub ki, onun əsərini oxuyub təhlil edib, lakin həmin əsərin müəllifinin gizli saxlamağı üstün tutubdur. Onlardan bəziləri alimin tərtib etdiyi “Zic Elxani”, “Şəklül qita”  “Təhrir öqlidis” əsərlərini əldə etmiş, həmin materiallardan lazımi qədər istifadə edəndən sonra mənbəni hər zaman öz həmkarlarından gizlətməyə çalışmışdılar.
Tusi hələ cavan yaşlarından Azərbaycanda astronomiya elminə xidmət edərək rəsədxananın tikilişi barəsində fikirləşirmiş. Sadəcə olaraq, həmin ideyanı həyata keçirmək üçün qüvvətli, nüfuzlu və varli bir himayədar tapmaq lazım idi. Yarım əsr yaşadıqdan sonra alim belə bir himayədar tapmağa müvəffəq olmuşdur. Bu adam qüdrətli Hülaku xan idi. Bağdad alınan kimi, Tusinin Hülaku xandan icazə istəyib işə başlaması da bunu sübut edir. Bir ildən də az müddətdə o, tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda, astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətizdirir və rəsədxanada araşdırmalar aparmaq üşün dünyanın bir çox ölkələrindən alimlər dəvət edir. O, özü “Zic Elxani” əsərində bu barədə belə yazır: “Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müəyyidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini”.
Digər qaynaqlardan isə dövrün ən tanınmış alimləri Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-Çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları məlum olur. Adı çəkilən alimlər Marağa rəsədxanasında işləməklə yanaşı Tusinin yanında bir növ elmi praktika keçərək öz biliklərini artırırdılar. Elmi-tədris ocağını xatırladan həmin rəsədxanadan çıxan hər bir mütəxəssis öz vətənlərinə qayıdandan sonra diyarlarında ən bacarıqlı və təcrübəli alim kimi müstəqil şəraitdə fəaliyyət göstərmişdilər.
Burada bir məsələyə toxunmaq vacib olardı. Azərbaycanın görkəmli siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Cəmaləddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilməmişdi. Nəhayət, Cəmaləddin Çin alimi Fao Mun-Çi ilə birlikdə Marağaya gəlib, Tusi ilə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.
Ç. Qacar bu haqda yazır: “Azərbaycanın ən görkəmli dühalarından biri Nəsirəddin Tusi Hülaku xana məsləhətçi təyin edilir. Hələ bundan da qabaq böyük alim kimi Nəsirəddinin şöhrəti Pekinə gəlib çatmış və onu möhtəşəm bir mərkəz kimi, düşünülmüş rəsədxananın tikintisinə kömək etmək üçün paytaxta dəvət etmişdilər. Tusi isə Pekinə getməkdən imtina etmiş və Hülaku xanı rəsadxananın ilk növbədə imperiyanın deyil, İlxanilərin paytaxtında Marağada tikilməsinin vacibliyinə inandırmışdı”.1
Göründüyü kimi Tusi möhtəşəm rəsədxanasının təməlini Marağada salmaqla tarixi bir imzaya əl atmışdı.
 
                                                                                                Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                 Prezident təqaüdçüsü,
 
email: [email protected],
          [email protected]
 
            1 Ç. Qacar. Qədim və orta əslər Azərbaycanın görkəmli şəxsiyyətləri. Bakı, “Nicat”, 1997. səh. 124
            1 Ç. Qacar. Qədim və orta əslər Azərbaycanın görkəmli şəxsiyyətləri. Bakı, “Nicat”, 1997. səh. 129
 
21791
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic