NƏSİRƏDDİN TUSİNİN “ƏXLAQİ-NASİRİ” ƏSƏRİ

XIII əsr görkəmli Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusi (1201-1274) “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur.
Bir çox həmkarları onu həm filosof, həm də alim kimi tanıyırdılar. Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M. Qəzali, Bəhmənyar, əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir.
Azərbaycanlı alim yuxarıdakı abzasda adları çəkilən alimlərin fəlsəfə və əxlaqa aid kitablarından, “Kəlilə və Dimnə”, “Ərdəşir Babəkan”, “Ənuşirəvanın vəsiyyətləri” kimi xalq müdrikliyi ilə dolu olan dastan və folklor ədəbiyyatından, “Siyasətnamə”, “Mərzbannamə” kimi tərbiyə, siyasət və dövlət məsələlərinə həsr edilmiş kitablardan da yeri gəldikcə “Əxlaqi-Nasiri”yə daxil etmişdir. Beləliklə, Tusi “Əxlaqi-Nasiri”də demək olar ki, özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi fikirlərə yekun vurmuş, bunların yığcam icmalını verməklə öz orijinal fikirlərini də buraya əlavə emişdir. Ona görə də heç də təəccüblü deyildi ki, son yeddi yüz ildə fars dilində “Əxlaqi-Nasiri” kimi ikinci orijinal əsər yaranmamışdır. “Əxlaqi-Nasiri” səpkili kitablar isə təqlidi mahiyyət daşımış və oxucular arasında şöhrət tapa bilməmişdir. Tusinin “Əxlaqi-Nasiri” əsəri haqqında xüsusi tədqiqat aparmış Cəlaləddin Hümayi həmin təqlidi kitabların bəzilərinin adını çəkməklə onların “Əxlaqi-Nasiri”yə nisbətən çox aşağı səviyyədə olduqlarını qeyd edir. Bunların içərisində “Əxlaqi-Cəlali”, “Əxlaqi-Möhsini”, “Əxlaqi-Mənsuri” “Əxlaqi-Cəmali”ni xüsusi olaraq qeyd edir və deyir ki, son yeddi yüz əlli beş ildə yaradılmış bu tipli kitablar heç “Əxlaqi-Nasiri”nin yüzdə bir səviyyəsinə yüksələ bilməmişdir.1
Tusi özündən əvvəlki peripatetiklər kimi maddi varlığın məhvini, onların yoxa çıxması deyil, yalnız formalarını və əlamətlərini dəyişməsi nəticəsində birinin digəri ilə əvəz olunması, köhnə varlığın mövcudluğuna son qoyulması mənasında başa düşmüşdür.
Mühəmməd Nəsirəddin Tusi (1201-1274)

“Son zamanlar Azərbaycan dilində də oxuculara çatdırılan bu zəngin fəlsəfi əsərin sayəsində (“Əxlaqi-Nasiri” – R. D.) daha geniş kütlə Tusi dühasının incəlikləri, onun ideya irsi, son dərəcə orijinal təfəkkür tərzi ilə birbaşa tanış olmaq imkanı əldə etmişdir. Həmin ideyaların əhatə dairəsi, məntiqi əsası, struktur təhlili əsərin yalnız əxlaq çərçivəsi ilə məhdudlaşdırılmayıb, humanist mütəfəkkirin bütöv bir insan konsepsiyası kimi səciyyələndirə bilər”.
Belə bir fəlsəfi düşüncəyə malik olan adamın başqa elmləri asanlıqla qavramasına şübhə etməmək olar. Ancaq təəssüflər olsun ki, onun elmi irsi tədqiqatçılar tərəfindən kifayət qədər öyrənilməyib. Nəticədə isə alimin bəzi işləri açıqlanmamış kimi qalır.
Tusi dahi riyaziyyatçı kimi də bütün dünyada məşhur olmuşdur. Onun fəlsəfi, ictimai-siyasi və hüquqi görüşləri çox maraqlıdır. 1265-ci ildə Hülaku xanın ölümündən sonra hakimiyyətə keçən Abaqa xan (1265-1282) Tusini özünə vəzir təyin edir. 9 il, ömrünün axırına qədər İlxanilər dövlətində yüksək vəzifə tutan alim-vəzir ona verilmiş geniş imkanlardan istifadə edərək “dövlət” və “cəmiyyət” haqqında bir sıra nəzəri fikirlər irəli sürmüş və Azərbaycanın siyasi fikir tarixində ilk dövlət nəzəriyyəsi olduğunu göstərmişdir.1
Alimin irsi bütün Yaxın və Orta Şərqin ensiklopedik bilik xəzinəsi olmaqla bərabər Şərqin tərkib hissəsi kimi Azərbaycan xalqının düşüncə tərzinin formalaşması və inkişafında da özünəməxsus yer tutur. Onun elmi-bədii irsinə mədəniyyət tariximizin Renessans (İntibah) dövrünə məxsus mənəvi sərvətlərimizin tərkib hissəsi kimi baxmağa və qanuni varislik hüququmuzu bildirməyə haqqımız var.2
Alimə şöhrət gətirən “Əxlaqi-Nasiri” əsərin yaranması diqqəti cəlb etməyə bilməz. Bunu şərh etmək vacib məsələlərdən biri sayılır.
Monqol qoşunlarının əsas hissələri 1224-cü ildə Xorasanı tərk edən zaman Kuhistan vilayətinin hökmdarı Nəsirəddin Əbülfəth Əbi Şihabəddin Mənsur idi. O, kənardan Kuhistana sığınacaq tapmaq üçün gələn alimləri, islam tərəfdarlarını, o cümlədən, Xorasan müsəlmanlarını qəbul edir, onlara sığınacaq verir, ismaililər təriqəti tərəfdarlarının hücumlarından müdafiə edirdi.
Qazi Səhac “Təbəqate Nasiri” əsərində Əbül Fəth haqqında yazırdı: “621-ci ildə monqol qoşunları Xorasandan çıxandan sonra Esəfzadan Qazvinə getdim, oradan da Məzyəx (Sərəxs) qalasına gedərək, o yerlərin hökmdarı olan Möhtəşəm Şihabla görüşdüm. O, savadlı, həkim və filosof idi, qəribləri öyrədirdi. Müsəlmanlara, alimlərə və qəriblərə daim töhfələr və hədiyyələr verərək əzizləyirdi...
Xacə Tusi onun sifarişi ilə “İşarət-e şeyx” kitabını şərh etmiş və onu 644-cü ildə yazıb qurtarmışdı”.
Tusinin ensiklopedik biliyə malik olması, bütün ətrafdakılara məlum idi. Gənc alimin Kuhistana gəlməsi 1224-cü ilə təsadüf edir. Nəsirəddin Əbülfəth Tusinin alimliyini, istedadını, uzaqgörənliyini çox yüksək qiymətləndirirdi, bir sıra dövlət məsələlərinin həlli zamanı onunla məsləhətləşirdi. Hökmdarın yanında tez-tez elmi müzakirələr keçirilir, fəlsəfi axtraışlar aparılır, İslamın ismaililər təriqətinin hücumlarına qarşı yolları axtarılırdı.
Belə məclislərin birində hökmdar Tusiyə X əsrin məşhur alimi Əbu Əli Əhməd ibn Məhəmməd ibn Muşkuye ibn Miskaveyhin “Əttəharə” (başqa bir adla “Təhzibül əxlaq” (Əxlaq təmizliyi)) fəlsəfi əsərini ərəb dilindən fars dilinə tərcümə etməyi təklif edir.
Azərbaycan alimi bu böyük alimin ümümdünya tarixinə həsr olunmuş 6 cildlik “Kitab tacarib əl-ümam” (“Xalqların imtahan kitabı”) əsəri ilə və həmçinin “Əttəharə” ilə yaxından tanış idi.
Tusi əsərin orijinal tərcüməsindən boyun qaçırır və bildirir ki, o, özü əxlaqla bağlı bir çox boşluqları doldurmaqla həmin mövzuda, Miskaveyhindən daha dəyərli əsər yaza bilər. Alimin Şihabəddinlə yaxından dost olması ismaililəri bərk qıcıqlandırır və ona qarşı açıq şəkildə intriqalar qurmağa başlayırlar.
Tusi 1235-ci ilə qədər öz vədini yerinə yetirərək, bütün Şərqdə çox böyük şöhrət tapacaq “Əxlaqi-Nasiri” əsərini hazırlayır və hökmdara təqdim edir. Əsərin nüsxələri qısa müddət ərzində Qafqaz, İran, Orta Asiya, Hindistan və başqa ölkələrdə yayılır və onun bir nüsxəsi ilə Menqu xanla, Hülakü xan da (alim dustaq həyatı sürərkən) tanış olur və nəticədə Tusiyə böyük hörmət və inam bəsləyirlər.
Ədalət naminə demək lazımdır ki, Tusiyə dünya şöhrəti qazandıran onun riyaziyyat və nücum elmlərinə aid yazdığı “Zic Elxani”kimi əsəri və Marağa rəsədxanasıdırsa, onu Şərq xalqlarına sevdirən “Əxlaqi-Nasiri” əsəri olmuşdur. Məzmununun ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi səciyyəsi baxımından bu əsər xüsusi əhəmiyyətə malikdir. Onun 700 ildən artıq bir müddət ərzində Orta və Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi böyük şöhrət tapması da bununla izah olunur. Bu kitab çoxlu miqdarda üzü çıxarılaraq xalq içərisində yayılmışdır. “Əxlaqi-Nasiri” özündən əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi və pedaqoji fikirlərin bir növ yekunudur.
Alim həmin əsərində özünün mahir bir müəllim, gözəl bir tərbiyəçi olduğunu nümayiş etdirmişdir. İnsanda olan fitri qabiliyyət və istedadlar, mühitin və şəraitin insana təsirindən geniş bəhs edən müəllif, bu işdə təlim və tərbiyənin son dərəcə böyük rolunu həyati misralarla nümayiş etdirmişdi.1
“Əxlaqi-Nasiri”  əsəri “Müqəddimə və kitabın yazılmasının səbəbi”, “İlk qeydlər və elmlərin bölgüsü”, 3 məqalə və 30 fəsildən ibarətdir.
Yalnız yüksək savada, tərbiyəyə, qabiliyyətə, danışıq tərzinə malik olan bir şəxsin qələmindən etika və estetikada ölməz əsər sayılan “Əxlaqi-Nasiri” kimi fəlsəfi və tərbiyəvi əsər çıxa bilərdi. Belə bir vətəndaşla nəinki alimin soydaşları və ya həmvətənləri, hətta bütün dünyanın sakinləri fəxr etmək imkanına malikdirlər.
Əsər hazır olandan bir qədər sonra (artıq həmin dövr üçün Şihabəddin hakimiyyətdən uzaqlaşdırılmışdı) alim həbs edilir və həşşaşilərin “Əlamut” (“Qartal yuvası”) qalasına göndərilir. Müəllifin həbs olunmasına dair bir neçə səbəb göstərirdilərsə, onlardan ən düzgünü bu cür ola bilərdi: “Əxlaqi-Nasiri” əsərində nəzərə çarpan mütərəqqi fikirlər müsəlman ruhanilərini qəzəbləndirmiş və bu da onun həbs olunmasının həqiqi səbəbi ola bilərdi.
 
                                                                                          Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                           Prezident təqaüdçüsü,
                                                                                           “Qızıl qələm” mükafatı laureatı
 
email: [email protected],
          [email protected]
 
 

        1 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor  İ. M. Zeynalovun məruzəsi, səh. 270-271
           2 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor M. F. Bayramovun məruzəsi, səh. 264
        1 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor  H. M. Əhmədovun məruzəsi, səh. 3
 
          1 Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Rəhim Sultanovun ön sözü. Bakı, “Lider Nəşriyyat”, 2005. səh. 14
51133
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic