NƏSİRƏDDİN TUSİ VƏ AZƏRBAYCANDA ASTRONOMİYANIN İNKİŞAFI - II HİSSƏMaraqlı odur ki, Nəsirəddin Tusi astronomiyaya dair “Zic Elxani”-dən hələ xeyli qabaq elmi baxımından çox dəyərli bir əsər yazmışdır. 1235-ci ildə tamamladığı həmin əsəri alim, Kuhistan ismaililərin rəhbəri Nəsirəddin Möhtəşəmin oğlu Muinəddin Əbu aş-Şəmsin şərəfinə “Muiniyyə” (Risale “Muiniyyə fi elm əlhayya”) adlandırmışdır. Professor N. Ə. Əbdülqasımova qeyd edir ki, bu əsərdə N. Tusi planetlərin yerləşməsini qabaqcadan hesablamaq məqsədilə Ptolemey tərəfindən işlənmiş kinematik modelə xeyli dəyişikliklər etmişdir. Bu dəyişikliklər sonralar müsəlman alimləri və Kopernik tərəfindən davam etdirilmişdir... Bir qədər sonra monqolların istilası ərəfəsində Tusi həmin əsərə əlavə olaraq fars dilində “Hall” əsərini yazmışdır. Hər iki əsərin Qahirə və Tehran variantları indiyə kimi saxlanmaqdadır. Bu əsər “Zic Elxani” əsərinin yaranmasında stimulyator rolunu oynamış və alimlər tərəfindən geniş təhlil edilirdi.1
Mühəmməd Nəsirəddin Tusi (1201-1274)
“Muiniyyə” bütünlüklə astronomiyaya aid olduğundan tərkibində olan hər dörd bölməni (hissələr) fəsilləri ilə birlikdə sadalamaq oxucular üçün maraqlı olar. I bölmə iki fəsildən ibarətdir: Birinci fəsil astronomiyaya girişdən, yəni astronomiyanın şərhi üçün lazım olan əsas həndəsi anlayışlardan, ikinci fəsil isə fizikanın bəzi məsələlərindən (xüsusilə mexaniki hərəkətin iki növündən düzxətli və dairəvi hərəkətdən) bəhs olunur. II bölmə on dörd fəsildən ibarətdir: Bunlar Göy cisimlərinin quruluşundan bəhs edir. 1. Yerin və Göyün kürəvi olması haqqında; parlaq göy cisimlərinin görünməsi və yox olması haqqında; doğub-batan (qütbdən uzaqlaşdıqca) göy cisimlərinin görünməsinin və yox olmasının müddəti haqqında; Göy cisimlərinin yerləşməsi, hərəkəti haqqında; 2. Ulduzların məxsusi hərəkəti, Göy sfrasının əsas dairələri və nöqtələri haqqında; 3. 8-ci sferada yerləşən hərəkətsiz ulduzların vəziyyətinin izahı haqqında; 4. Göy cisimlərinin həmçinin Günəşin hərəkəti haqqında; 5. Ayın hərəkəti haqqında; 6. Günəşdən daha uzaqda yerləşən (Yer və Venera) planetlərin hərəkəti haqqında; 7. Göy cisimlərinin və Merkurinin hərəkəti haqqında; 8. Göy cisimlərini və ekliptik enliyi məlum 6 planet, (5 planet – Merkuri, Venera, Mars, Yupiter və Saturun – R. D.), Günəş, Ay, aşağı və yuxarı planetlər) haqqında; 9. Göy cisimlərinin yerləşdiyi sektorlar haqqında; 10. Planetlərin düz və tərs hərəkəti haqqında; planetlərin görünməsi və yox olması haqqında; onların görünən dayanacaqları haqqında; göy cisimlərinin hərəkətinin yavaşılması, sürətlənməsi və stabilləşməsi haqqında; 11. Aşağı planetlərin parallaksı haqqında; 12. Ayın fazalarının görünmə şərtləri haqqında; 13. Ayın və Günəşin tutulması və tutulmaların növləri haqqında; 14. Göy cisimlərinin görünməsi, yox olması haqqında. III bölmə on iki fəsildən ibarətdir: Bunlar riyazi coğrafiyaya həsr olunub. 1. Yerin kürəviliyi və onun Kainatda mərkəzliyi haqqında; Yer ekvatoru haqqında; Yerin şimal və cənub yarımkürələri haqqında; coğrafi uzunluq və enlik koordinatları haqqında; Yeddi iqlim haqqında; 2. Yer ekvatorunda yerləşən sahələr və onların xüsusiyyətləri haqqında; 3. Enliyin ekliptikanın meyl bucağından kiçik olan sahələrin xüsusiyyətləri haqqında; 4. Enliyi ekpiltikanın meyl bucağından böyük olan sahələrin xüsusiyyətləri haqqında; 5. Enliyi ekliptikanın meylinin xüsusiyyətləri haqqında; 6. Zodiak bürclərinin görünməsi haqqında; 7. Vaxt tənliyi və azimutun təyini haqqında; 8. Göy cisimlərinin müxtəlif en dairələrindən keçməsi, görünməsi və batması haqqında; 9. Gecə və Gündüzün uzunluğunun təyini haqqında; alatoranlıq və sübh çağı haqqında; 10. İlin, ayın uzunluğunun təyini haqqında; 11. Kölgələr haqqında; 12. Sahələrin azimutunun və günorta xəttinin təyini haqqında. IV bölmə altı fəsildən ibarətdir: Bunlar göy cisimlərinin ölçüləri və məsafələrinə aid məsələlərə həsr olunmuşdur; 1. Yerin ölçülərinin təyini haqqında; 2. Yerə nisbətən Ayın ölçülərinin təyini haqqında; 3. Ayın Yerdən ən böyük və ən kiçik məsafələri haqqında; 4. Günəşin ölçüləri və məsafələrinin təyini haqqında; 5. Merkurinin, Veneranın, Marsın, Yupiterin və Saturnun ölçülərinin və aralarındakı məsafələrin təyini haqqında; 6. Hərəkətsiz Göy cisimlərinin məsafələrinin təyini haqqında. Tusinin “Muiniyyə” əsərində Məkkə şəhərinin coğrafi uzunluğu 74010/ (sonralar “Zic Elxani” əsərində 73010/) coğrafi enliyi 21040/ verilmişdir.1 O, həmçinin Yerin canlı yaşayan sahəsini “ekvatordan şimal qütbünə qədər olan bütün sahənin yarısı” hesab edir. XIII əsrdən danışanda elə düşünülməməlidir ki, astronomiya ilə yalnız Azərbaycanın cənub vilayətlərində ciddi məşğul olurdular. Xatırlatmaq istəyirəm ki, Şəmsəddin Şirvani Şamaxı astronomlarının yetirməsi olmuşdu və bilavasitə onun elmi təcrübəsindən Marağa rəsədxanansının mütəxəsissləri istifadə etmişdilər. ..Rəşidəddin Vatvatla (Xarəzm tarixçisi –R.D.), Xarəzmşah Təküşlə Xaqaninin (Əfzələddin Xaqani Şirvani – R. D.) sıx elmi və siyasi əlaqələri, XIII əsrin əvvəllərində dahi şair Zülfüqar Şirvanini hələ 20 yaşında ikən Xarəzmşah Əlaəddin Məhəmmədin dəvət etməsi və s. Xarəzm astronomiyası ilə də Şirvanın əlaqələrinin olmasına dəlalət edir.1 Əfzələddin Xaqani Şirvani (1126-1199)
Buradan görünür ki, Azərbaycandan Orta Asiyaya gedən tanınmış mütəfəkkirlərin, şairlərin, alimlərin əksəriyyəti astronomiya elminə yiyələnmək üçün böyük səy göstərmişdilər. Bəzi Şərq ölkələrində olduğu kimi astronomiya Azərbaycanın şimalında da inkişaf etməyə başlayır. Tanınmış alim Kafiəddin Ömər bu elmin incəliklərinə yiyələndiyindən oğullarını, hətta qardaşı oğlu Əfzələddin Xaqanini də həmin elmi öyrənməyə həvəsləndirir. Söz yox ki, Xaqani nüfuzlu və tanınmış nəslin nümayəndəsi olduğundan, yaxşı təhsil aldığından astronomiyaya böyük həvəs göstərmişdir. Bir çox elmlərin alimi sayılan Kafiəddin Ömərin astronomiyanı dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqaniyə öyrətməsi bir fakt olaraq tarixin səhifələrinə düşübdür. Bu haqda şair özü “Əmisini tərif” şerində yazır: “Məni üç elmdən etdi xəbərdar, Ağıl, fəhli, hiss oldu onlardan izhar. O, mənə şərh etdi hər bir məfhumu, Sonra da öyrətdi elmi-nücumu...”1 Təəssüflər olsun ki, Xaqani həmin elmin dərinliklərini araşdırmaq üçün öz bacarığından və fenomenal beynindən istifadə etməmişdi. Çox güman ki, ondan dünya miqyaslı astronomiya alimi yetişərdi. Marağa rəsədxanasında hazırlanmış cədvəllər əsasında Ay və Günəşin tutulmasını qabaqcadan xəbər vermək olurdu. Həmin cədvəllərin əksəriyyəti orada çalışan elm xadimlərinə və tələbələrə paylanmışdı. Asiyanın və Avropanın başqa regionlarına nisbətən Ayın və Günəşin nə vaxt tutulmasında, yalnız Azərbaycanın hüdudlarında yaşayan müəyyən təbəqənin insanları hali idilər və həmin elm barəsində öz tanışları ilə maraqlı diskussiyalar aparırdılar. Mən onu da qeyd etmək istəyirəm ki, həmin dövrdə astronomiya ilə astrologiya elmləri məhz Azərbaycanda həddindən artıq yüksək dərəcədə inkişaf etmişdi. Akademik M.S. Bulatovın (1907-2004) Marağa rəsədxanasının hazırladığı maket
Tusi vəfat edəndən sonra (1274) onun üçüncü oğlu Sədrəddin Əli Tusi Marağa rəsədxanasına rəhbərlik edir. Həmin dövrdə Müəyyidəddin Ordinin oğlu Məhəmməd də həmin elm ocağında işləyərək fəaliyyət göstərmişdir. O, da atasının yolu ilə gedərək, astronomik cihazları hazırlanması sahəsində tanınmış mütəxəssislərdən biri olmuşdur. Onun düzəltdiyi qlobusda, ulduzların yerləşmə vəziyyətinə əsasən onun hazırlanma ilini müəyyənləşdirmək mümkün olmuşdur – 1279-cu il. Avropanın bir çox alimləri unikal sayılan həmin qlobusun tədqiqi ilə məşğul olmuşlar. Bürüncdən düzəldilmiş və qızıl-gümüş suyu ilə naxışlanmış bu qlobusun həm də XIII əsr Azərbaycan dekorativ sənətinin incilərindən biri sayılır. Məlumdur ki, rəsədxananın tikintisində və zəruri avadanlıqla təchiz olunmasında Müəyyidəddin Ordi başlıca rollardan birini oynamışdır. Bəzi alimlərin fikrincə, (professor Ə. Salamzadə və başqaları) Tusi nəinki rəsədxananın banisi və orada aparılan astronomik tədqiqatın rəhbəri olmuş, həmçinin müəlliflərdən biridir. Ordi haqqında bioqrafik məlumatlar demək olar ki, yox dərəcəsindədir. Tarixdə sənəd kimi yalnız onun ərəb dilində yazdığı “Marağa rəsədxanasının astronomik alətlər haqqında risaləsi”nin iki əlyazma nüsxəsi qalmışdır. Bunlardan biri Parisin, digəri isə Tehranın milli kitabxanalarında saxlanılır. Əsərdə Tusinin rəhbərliyi altında Ordinin hazırladığı on mürəkkəb astronomik cihazın təsviri də var. Müəyyidəddin Ordinin traktatında verilən məlumatların təhlili bir çox tədqiqatçıları belə bir fikrə gətirmişdir ki, Marağadakı alətlər təkmilliyi ilə o dövrün bütün rəsədxanalarındakı alətlərdən seçilirmiş. Bu da məlumdur ki, alimin ixtirası olan bəzi alətlər sonradan dünyanın bir çox rəsədxanalarında istifadə olunub. Yuxarıda qeyd edildiyi kimi Marağa rəsədxanasında on böyük astronomik cihaz olmuşdur; bunlardan beşi yenidən icad olunmuş, beşi isə köhnə cihazlardan ibarət imiş.
Bu cihazlar Marağa rəsədxanası istismara verilənə qədər başqa rəsədxanalar tərəfindən istifadə olunmuşdur.
5. Müasir universal alətin ibtidaisi olan Fırlanan kvadrant.
Bu cihazlar isə bilavasitə Marağa rəsədxanasında icad olunmuşdu. Orada istifadə olunan cihazlardan ən böyüsü diametri 6,5 metr olan divar kvadrantı idi. Marağaya qədər ən böyük divar kvadrantı (diametri 7,5 metr) Ürgənc şəhərində qurulmuşdu. Marağada işlədilən ikinci böyük cihaz, divar kvadrantı kimi ən qədim astronomik cihazlardan biri sayılan “Armilyar sferası”dır. Bu cihaz o qədər qədimdir ki, onun hətta İsgəndəriyyə astronomları da istifadə etmişdilər. Marağa rəsədxanasındakı “Armilyar sferası” beş göy dairəsindən – 1) ekliptika, 2) bərabərlik kolyuru, 3) enliklər dairəsi, 4) göy meridianı, 5) tropiklərdən ibarət idi. Bu dairələrdən ekliptika, göy meridianı və tropiklər qövs ölçülərinə bölünmüşdür. Armilyar sferası vasitəsilə planetlərin və ulduzların ekliptik koordinatları və üfüqi koordinatları təyin olunurdu. Bunun nəticəsində Marağa alimləri “Fırlanan kvadrant” adlı xüsusi bir cihaz icad edirlər. Bu cihaz oxları bir-birinə perpendikulyar surətdə bərkidilmiş və biri üfüq müstəvisində, o biri isə həmin müstəviyə perpendikulyar istiqamətdə fırlanan iki bölgülü dairədən ibarətdir. Ulduzlara istiqamət almaq üçün vertikal dairə dioptorlarla təchiz olunur. Tusinin elmi irsini öyrənən tədqiqatçılar arasında peşəkar astronomlar da az deyil. Alim 750-760 il bundan əvvəl fəaliyyət göstərsə də, onun əldə etdiyi elmi nailiyyətlər hələ də müasir astronomların diqqət mərkəzindədir. Astronomiya sahəsinin professoru Rəhim Hüseynovun onun haqqında deyir: “Tusinin astronomiya sahəsində aldığı elmi nəticələr çox geniş və əhatəlidir. O, hər şeydən əvvəl müasir astronomiya üçün həlledici əhəmiyyət kəsb edən sferik triqonometriyanın banisidir. Sferik triqonometriyanın tədbiq dairəsini genişliyinə görə heç nə ilə müqayisə etmək mümkün deyil”. Tusinin və Marağa rəsədxanası əməkdaşlarının, ümumiyyətlə, astronomiya sahəsində ən böyük işləri “Elxan cədvəlləri” əsəridir. Dörd kitabdan ibarət olan bu əsərdə: o zamanlar dünyada mövcud olan təqvimlər, bir tarixdən – (təqvimdən – R.D.) digərinə keçmək üsulları, Günəşin və Planetlərin hərəkətləri, Marağa rəsədxanasında hər gün üçün həqiqi günorta vaxtı, Günəş diski mərkəzinin ekliptika üzərində vəziyyəti, planetlərin orta sutkalıq hərəkətinin qiymətləri, vaxtın təyin üsulu, planetlərin ekliptikaya nəzərən vəziyyətləri, illik presessiyanın qiyməti verilmişdir”.1 Yazıçı-tədqiqatçı Ramiz Dəniz Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı 1“Bilgi” dərgisinin “fizika, riyaziyyat, yer elmləri” seriyası. Nəsirəddin Tusinin astronomiya elmində xidmətləri. AMEA-nın müxbir üzvü Rəhim Hüseynov. Bakı, 2002. səh. 4 №2
1 Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”. 1987. səh. 87 1 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor N. Əbdülqasımovanın məruzəsi, səh. 376-377 1 Q. Kəndli-Herisçi. Xaqani Şirvani (həyatı, dövrü, yaradıcılığı). Bakı, 1988. səh. 21
1 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor N. Əbdülqasımovanın məruzəsi, səh. 375
23583
|
|