ELM QARŞISINDA NƏSİRƏDDİN TUSİNİN XİDMƏTLƏRİ (“Elmi işlərinə görə diqqət mərkəzində olan alim” məqaləsinin sonu)
Qeyd etmək istəyirəm ki, Tusinin ictimaiyyətə bəlli olmayan bir çox əsərləri Tehran, Təbriz, İstanbul, Bağdad, Dəməşq və Yaxın Şərqin qədim kitabxanalarında toxunulmamış vəziyyətdə qalıbdır və bu sahədə mütəxəssislər tərəfindən ciddi iş görülməlidir. İş ondadır ki, o, riyaziyyat elminə aid bir çox bölmələrindəki kəşflərin ilkin müəllifidir. Sadəcə olaraq Tusinin adından ölkənin hüdudlarından xeyli kənarda yaşayan başqa-başqa alimlər istifadə edirlər. Artıq yuxarıda göstərilən bir neçə abzaslardan bəlli olur ki, Tusinin elmi işlərinin əksəriyyəti Avropa tədqiqatçıları tərəfindən lazımi şəkildə öyrənilməmiş və nəticədə alimin aktual sayılan bir neçə elmi işləri bəzi plaqiat alimlər tərəfindən özününküləşdirilibdir. Tusi XIII əsr elmlərinin bütün sahələrini – astronomiyanı, riyaziyyatı, fizikanı, triqonometriyanı, həndəsəni, tarixi, fəlsəfəni, hüquqşünaslığı, məntiqi, ədəbiyyatşünaslığı, musiqişünaslığı, psixologiyanı, tibb elmini, geologiyanı və ən nəhayət ilahiyyat elmini özündə cəmləşdirən nadir ensiklopediyaçı alimdir. O, bu elmlərin yalnız bilicisi deyil, onların yaradıcısı və tədqiqatçısı olmuş, bu sahələrə dair fundamental elmi əsərlər yaratmışdır. Bu əsərlərin hər biri elm tariximizin parlaq səhifələrindəndir... ... cəmi 101 əsəri artıq 750 ildir ki, dünyanın ən böyük alimləri tərəfindən öyrənilir, təhlil və tədqiq olunur; Avropada, Şərqdə geniş miqyasda nəşr olunur. Nəsirəddin Tusi Fərabi, ibn Sina, Bəhmənyar, əl-Kindi və həmçinin qədim yunan alimləri Platonun, Aristotelin elmi irslərinin davamçısı və təbliğatçısı olmuşdur. Qüdrətli zəka, təkzibedilməz məntiq, ilahi vergi, fövqəladə istedad sahibi olan Tusi “Elm bəşəriyyəti xilas edər” düşüncələri ilə yaşayıb yaratmışdır. Elmlərlə məşğul olduğu bütün şüurlu həyat yolunda o, elmdə həqiqət, dürüstlük, saxtakarlıqdan uzaqlaşmaq istiqamətini üstün tutmuş, elmi yaradıcılığın təbiətini açmağa cəhd göstərmişdir. Zamanın ruhunu duymaq, siyasi, əxlaqi və etik, mədəni, dini cərəyanların nəbzini dəqiqliklə tutmaq alimi geniş elmi axtarışlara gətirib çıxarmışdır.3 Tusinin elmin bir çox sahələrində göstərdiyi fəaliyyət zəmanəsinin və ondan sonrakı dövrdə yaşamış aqil insanları heyran etmişdir. Marağada möhtəşəm elmi mərkəz yaradılandan sonra XIII əsrdə Suriya tarixçisi Əbül Fərəc Bar-Ebrey (Ebreus) rəsədxanada çalışmışdır. O, Marağada gördükləri barədə “Ümumi tarix” əsərində yazır: “Əlverişli şərait yarandığından mən Suriya, ərəb və fars dillərində yazılmış kitablarla zəngin olan Marağa kitabxanasında işləmək imkanı qazandım. Kitabxananın içərisindəki toplu həcminə görə Misirdəki İsgəndəriyyə kitabxanasından geri qalır, amma oradakı elmi əsərlərin çoxluğu dünyanın hər bir kitabxanasını geridə qoya bilər”. Bu ondan xəbər verir ki, Marağadakı kitabxana elm və mədəniyyət sahəsində necə əhəmiyyətli rol oynamışdır. Bar-Ebrey bir tarixçi kimi həqiqətən də həmin ocaqda özünə lazım olan, tarix elmi üçün hədsiz dərəcədə əhəmiyyətli sayılan tarixi və sənədli materiallar ilə tanış olmuşdur. Suriya tarixçisi Tusi barəsində “Ümumi tarix” əsərində yazır: “Həmin ildə (1264-cü il nəzərdə tutulur) türk filosofu, tanınmış alim, elmin bütün sahələrində gözəl bilici, riyaziyyat xəzinəsi olan Nəsir-əd-din Tusini mənə təqdim etdilər. O, müşahidələr aparmaq üçün (astronomik) alətlər kəşf etmiş, (Ptolemeyin pərgarları ilə müqayisədə) hədsiz dərəcə böyük olan və misdən hazırlanan sirkullar düzəltmişdi. O, planetlərin hərəkətlərini müşahidə edib qeydə almaqdan ötrü İsgəndəriyəyə getmişdi. Azərbaycan şəhəri olan Marağada müxtəlif ölkələrin müdirkləri onun başına toplaşmışdılar. O səbəbdən ki, Bağdadın və Assuriyanın sayılan ailələrinin və məscidlərinin əksəriyyəti onun nəzarəti altında idi (onun nüfuzunu qəbul edirdi). Başına yığışmış alim və tələbələrin maaş və təqaüdünü onlar üçün özü alırdı. Həmin zaman Bağdaddakı işlərini yoluna qoyarkən, burada Allahın rəhmətinə qovuşdu. Camaat öyrənmişdi ki, onu zəhərləyiblər. Onun çoxsaylı əsərləri var – “Məntiq”dən tərcümələri, ilahiyyat və təbiət elmləri üzrə araşdırmaları... O, həmçinin farsca “Etika”da (“Əxlaqi-Nasiri” – R. D.) yaradıb. Burada o, Platon və Aristotelin tətbiqi fəlsəfəyə dair fikirlərini toplayıb. O, qədim filosofların da əsərləri ilə tanış olub, ancaq öz yaradıcılığında onlara düşmən münasibət bəsləməyib”. Bu cür dünya şöhrətli alim, Qərbdə yaşayan alim, filosof, mütəfəkkir və ziyalıların diqqətindən kənarda qala bilməzdi. Çünki Tusinin şanı-şöhrəti, səsi-sorağı orta əsrlərdə dillər əzbəri olmuş və onun dövrü fəaliyyəti, elmi irsi Çindən tutmuş Avropaya qədər müzakirə obyektinə çevrilmişdir. Hələ orta əsrlərdə Avropanın və Yaxın Şərqin iri kitabxanalarında onun haqqında lazımi qədər məlumatlar vardı. Tusinin rəhbərliyi ilə Marağa rəsədxanasında Yerin fırlanma oxunun illik presessiyasının qiyməti 51// 4 tapılmışdır (müasir qiyməti 51// 2). “Zic Elxani” əsərində çoxlu riyazi, astronomik və coğrafi cədvəllər verilir. Ən mühümləri sinus və tangensin 60-lıq say sistemində üç rəqəmli triqonometriya cədvəlləri və XIII əsrdə tanınan 256 şəhərin coğrafi koordinatlar cədvəlidir. Tusinin optikaya aid zəngin nəzəri fikirləri bugünkü elm üçün də olduqca dəyərlidir. O, öz “Təcridül-kəlam” adlı əsərində işığın zərrəciklərdən ibarət olması haqqında yazmışdı: “Bəzi alimlər anladırlar ki, işıq da bir qaynaqdan ayrılan zərrəcikdən ibarətdir. o qaynaqdan ayrılıb başqa cismlərə çatır və onları işıqlandırır”. Bu haqda İ. Nyuton deyir: “İşıq kiçik zərrəciklərdən ibarətdir ki, bir qaynaqdan ayrılır və başqa cismə toxunduqda onu da işıqlandırır”. Buradan çox asanlıqla anlamaq mümkündür ki, Nyutonun dedikləri ondan 400 il öncə yaşamış Tusinin fikrinin eynisidir. Daha dəqiq desək tərcüməsidir. Fərq ondan ibarətdir ki, Tusi “bəzi alimlər” sözünü işlətməklə, özündən qabaq yaşamış alimlərə istinad etmişdir. O, həmin alimlərin əsərlərindən səmərəli istifadə etmiş, onları yeni ideyalarla zənginləşdirərək optikaya dair dəyərli əsərlər yazmış, işığın zərrəcik və dalğa nəzəriyyəsinə aid tutarlı mülahizələr irəli sürmüşdür. Böyük alim bu məzmunda fikirlərini “Təcridül-kəlam” adlı əsərində verməklə yanaşı, “İşığın qayıtması və sınması” adlı müstəqil kitab da yazmışdır.4 İsaak Nyuton (1643-1727)
Bundan əlavə alim “Təcridül-kəlam” kitabında səsin yayılması və dalğa xassəsi haqqında fikirlər söyləmişdir, amma haqsız olaraq fizika kitablarında səsin dalğa xassəsinin əsaslandırılması Huygensə aid edilir.
Tusi araşdırıcılarından biri olmuş jurnalist-tədqiqatçı Oqtay Eldəgəz alim haqqında yazır: “Nəsirəddin Tusi fizika sahəsində böyük alim sayılan ingilis İsaak Nyutondan 400 il əvvəl Ayın fəsillərini (faza) tapmış, Yerlə peykimizin arasındakı məsafəni ilk dəfə olaraq 7 arşin az fərqlə ölçmüş (386,781 minar, yəni, km.), peykimizin Yerə nisbəyən beş dərəcə bucaq altında çəpəki dövr etdiyini, Yerin tam kürə şəklində deyil, qütblərdə batırı oval olduğunu aşkarlamış, Ayda cazibə qüvvəsinin Yerə nisbətən altı dəfə zəifliyini meydana çıxarmışdır. Bu hesablamaların dəqiqliyi çağdaş astronomları da heyrətə gətirmişdir. İ. Nyutonu və məşhur dünya astronomlarını 400 il qabaqlamış azəritürk alim sübut etmişdir ki, dənizlərdə və okeanlarda baş verən qabarmalar və çəkilmələr heç də təbiətin kor-koranə şıltaqlığı olmayıb, məhz Ayın çəpəki hərəkətindən və Yerin qütblərdəki batıqlığından irəli gələn vaxtaşırı yəni, il ərzində 24 dəfə özünü büruzə verir”.5 XIII əsrə qədər Şərq dünyasında coğrafi koordinatlardan ibarət bir neçə astronomik kataloq yaradılmışdır. Lakin müasir qiymətlərlə ölçüdə dəqiqliyinə görə yalnız Marağada yaradılan “Zic Elxani” əsəri başqalarından xeyli fərqlənirdi. Məhz həmin kataloqda Köhnə Dünyanın şərqində yerləşən Pekin və qərbindəki Kordova şəhərlərinin coğrafi koordinatları demək olar ki, dəqiq verilmiş və bunun sayəsində, Köhnə Dünyanın Şərq və Qərb arasındakı məsafənin uzunluğu Marağadakı alimlərin əksəriyyəti üçün məlum idi. Yer kürəsinin ekvator xəttinin uzunluğu demək olar ki, müasir qiymətin ölçüsü ilə uyğun gəlirdi. Belə olduqda Atlantik okeanının eni Köhnə Dünyanın enindən böyük olurdu. Nəticədən belə çıxırdı ki, Atlantik okeanının ortasında iri bir torpaq ərazisi yerləşir. Sadəcə olaraq həmin torpağın qərb və şərq sahillərinin koordinatlarını təyin etmək lazım idi. “Zic Elxani” kataloqundakı hesablamalardan məlum olur ki, başda Tusi olmaqla, Marağa rəsədxanasının elmi kollektivi həmin işin öhdəsindən müvəffəqiyyətlə gəlmişdilər. Ən əsas o idi ki, azərbaycanlı alim bir çox dünya şöhrətli alimlərə nisbətən insanların yaşadığı Yerin başlanğıc meridianını müstəqil şəkildə vermiş və bildirmişdi ki, həmin uzunluq xətti Xaldat və ya Səadət adlandırılan adalarından başlayır. Yazıçı-tədqiqatçı Ramiz Dəniz Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı 3 A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” İslam araşdırmaları mərkəzi, 1996. səh. 99-100.
4 B. Rzayev Bəşəri düha: Mühəmməd ibn Mühəmməd ibn Həsən – Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 138-139
5 О. Eldəgəz. 168 saat (qəzet). 31 avqust 2000-ci il. 28216
|
|