DÜNYADA ƏN QƏDİM GÖY QLOBUSU AZƏRBAYCANDA DÜZƏLDİLİBDİR

Müəllif bəlli olduğundan, artıq dünya ictimaiyyəti, dünyanın ən qədim Göy qlobusunun Azərbaycanda (Marağa rəsədxanasında) düzəldiyini qəbul edibdir. Buna alternativ bir ixtira yoxdur. Bəzi tarixi mənbələrin göstərdiyinə əsasən Marağa rəsədxanasında həm ulduz, həm də Yer kürəsinin qlobusları var imiş. Əlbəttə, görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) rəhbərlik etdiyi elmi kollektiv ulduz qlobusu düzəltdiyi halda, şübhəsiz ki, həmin dövrdə Yer kürəsinin qlobusunu da ixtira edərək, Marağada saxlayırdılar. Yerin kürə şəklində olması Tusiyə bəlli idi və çox güman ki, o, tərəddüd etmədən Yer kürəsini əks etdirən qlobus düzəltmiş, həmin qlobusun vasitəsilə planeti iki yarımkürəyə bölmüşdü. Çünki onda Yerin uzunluq səthinin ölçüləri də vardır. Sadəcə olaraq həmin maketlər gəlib bizim dövrümüzə qədər çatmayıblar. Lakin elə yazılarla üzləşmək olur ki, orada birbaşa Yer qlobusu ixtiraçısının adı ilə üzləşirsən. 
Mühəmməd Nəsirəddin Tusi (1201-1274)

Tarixi mənbələrdə göstərilir ki, alman coğrafiyaşünası, kosmoqrafı və dəniz səyyahı, Nürenberqli Martin Behaym (1459-1507) Afrika sahillərinə nəzərdə tutulan ekspedisiyalardan Avropaya qayıdandan sonra 1492-ci ildə ilk dəfə dünyada, Yer qlobusunun maketini düzəldibdir. Halbuki professor N. Əbdülqasımova bildirir ki, Yer qlobusunu ilk dəfə azərbaycanlı alim ixtira edib. O, yazır: “Elm tarixində müxtəlif cihazların avropalılara məlum olması tarixi Marağa rəsədxanasında çalışan alimlərin əlyazmalarından aydın görünür. Məsələn: coğrafi və ulduz qlobuslarının yaranma tarixi buna parlaq misaldır. 1266-cı ildə coğrafi qlobusun ilk yaradıcısı Marağa rəsədxanasının əməkdaşı azərbaycanlı alim Kəriməddin Əbubəkr ibn Mahmud Səlmasidir”.1 O, kağızdan aldığı xəmirdən cihazlarla bərabər, Yer kürəsinin içiboş qlobusunu düzəldib, üstündə iqlim qurşaqlarını da vermişdir.
Əlbəttə bu sensassion xəbər sayılsa da, bu faktın doğruluğuna şübhə etməmək olar. Ona görə ki, belə bir qlobusların ixtirası Marağa rəsədxanasında çalışan mütəxəssislər üçün mürəkkəb iş sayılmırdı. Zəmanəsinə görə həndəsə, riyaziyyat, coğrafiya və astronomiya üzrə peşəkar alimlərin və triqonometriyanın banisi Tusinin həmin alimlərə rəhbərlik etməsi ondan xəbər verir ki, Göy, Yer və iqlim qlobuslarının Marağada düzəldilməsi, onlar üçün adi iş sayılırdı.
Tusinin yaratdığı elmi mərkəzinə kənardan, o cümlədən Şirvan astronomiya mərkəzindən Şəmsəddin Şirvani (1210-1280) də gəlmişdir. O, elmi tədqiqatları ilə bərabər, astronomik cihazlar (üstürlab) da yaratmışdır.1
Mənə elə gəlir, peşəkar alimlərin sayəsinə Marağada onlarla belə qlobuslar düzəldilə bilərdi.
Məhəmməd Ordi ixtira etdiyi qlobusu qızıldan və gümüşdən bəzədiyinə görə, həmin maket qiymətli bir sənət əsəri kimi tarixin yaddaşında qorunub saxlanılmışdı. Belə bir üsul ilə alim özünün uzaqgörənliyini nümayiş elətdirmişdi. Elə ulduz qlobusu da Drezden şəhərinin “Rəsm Qalereya” muzeyinin Fizika-riyaziyyat salonunda salamat vəziyyətdə saxlanılmasaydı, onda bir çox mütəxəssislər, ümumiyyətlə, Marağa rəsədxanasında heç bir qlobusun düzəlmədiyini bəyan edərdilər. Deməli, dünyada ilkin dəqiq koordinatlı bölgülü olan qlobusların Azərbaycanda düzəldilməsi labüd idi.
Marağa rəsədxanasında dəqiq müşahidələr aparıldığı və xüsusilə vaxtı ölçmə işlərində böyük dəqiqlik rəqqaslı saatlara malik olub-olmamaları haqqında indiyənə kimi heç bir məlumat yoxdur. Lakin o, məlumdur ki, Tusinin üçüncü müəllimi Yunis Misri Azərbaycanda rəqqaslı saatın ixtiraçısıdır və çox güman ki, onun tələbələrindən bir neçəsi Marağa rəsədxanasında çalışmışdılar.
Məhəmməd Ordinin ixtira etdiyi Göy qlobusu. Drezden şəhərinin “Rəsm Qalereya” muzeyi.


                                                              Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                              Prezident təqaüdçüsü,
                                                              “Qızıl qələm” mükafatı laureatı
 
email: [email protected],
          [email protected]
 
       1 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor N. Ə. Əbdülqasımovanın məruzəsi, səh. 22
     1 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor E. Q. Mehrəliyevin məruzəsi, səh. 500-501

 
25270
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic