DEMETR FALERLİ, XACƏ NİZAMÜLMÜLK, NƏSİRƏDDİN TUSİ VƏ ONLARDA OLAN OXŞAR CƏHƏTLƏR

Ensiklopedik biliyə malik olan Nəsirəddin Tusinin elm qarşısında misilsiz xidmətləri dünyanın bir çox tanınmış alimləri tərəfindən qəbul olunubdur. Alim var elmi kəşfləri, elmi nailiyyətləri və dövrü fəaliyyəti kölgədə qalır, alim də ki, var öz irsi ilə əsrlər boyu alimləri düşündürməyə vadar edir.
Tarixi şəxsiyyətlərin tərcümeyi-halı, dövri fəaliyyəti ilə maraqlanarkən, mən Tusinin taleyini iki şəxsiyyətin fəaliyyətinə oxşadıram. Onlardan biri Antik dövrdə Afinada yaşamış filosof Demetr Falerliyə, o birisi isə erkən orta əsrdə yaşamış “Siyasətnamə” əsərinin müəllifi bacarıqlı siyasi xadim Əbu Əli Həsən ibn Xacə Nizamülmülkə.
Demetr Afinadan qovulan kimi triyeraya minib, birbaşa İsgəndəriyyəyə yollanır. O, bilmirdi Misirin hökmdarı I Ptolemey Sotera onu necə qəbul edəcək...1
Makedoniyalı İsgəndərin Misirdə sələfi olan I Ptolemey həm qılıncı, həm də ki, qələmi ilə məşhur olan bir hökmdar idi və o, bilavasitə “İsgəndərin Tarixi” adlı tarixi əsərin müəllifi sayılırdı. Demetr ona şəhərdə möhtəşəm bir mədəniyyət və incəsənət mərkəzinin yaradılmasını və onu “ilahilər Məbədi” – Musseyon adlandırmağı təklif edir. Musseyon hazır olandan sonra oraya, alimlərin dəvət edilməsi, hər bölgədən əlyazmaların gətirilməsi və həmin əlyazmaların surətlərinin çoxaldılması təntənəli surətdi açılır və əlbəttə ki, Demetr Falerli həmin Akademiyaya başçı təyin edilir.2
Nizamülmülk Hicri-Qəməri 408-ci (miladi 1017-1018) ildə Tus vilayətinin Noğan nahiyəsində anadan olmuş, H. Q. 485 (1092)-ci ildə Bağdad yolundakı Səhnə qəsəbəsində Həsən Səbbahın fədailərindən birinin bıçaq zərbəsi ilə öldürülmüşdür.
Xacə Nizamülmülk Həsən ibn Əli, səlcuq sultanlarından Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri olmuş, Səlcuqilər dövlətinin genişlənib möhkəmlənməsində, abadlıq işlərinin görülməsində, ölkənin iqtisadi qüdrətinin artırılmasında, ordunun qüvvətlənməsində, elm və mədəniyyətin yüksəlməsində çox böyük işlər görmüşdür. Bu dövrlərdə, mübaliğə etmədən demək olar ki, dövləti sultanlar deyil, Nizamülmülk idarə edirdi.
Nizamülmülk daxili dövlət işlərilə yaxından məşğul olmaqla bərabər, xarici siyasətə istiqamət verir, din şəriət qayda-qanunlarına dəxalət edir, məzhəb və təriqətləri öyrənmək, dövlət və din xadimləri hazırlamaq məqsədilə xüsusi mədrəsələrin açılmasına təşəbbüs göstərir və böyük maddi yardım edirdi. Bu mədrəsələr sonradan “Nizamiyyə” mədrəsələri altında şöhrət tapmışdı. Bunların ən məşhuru bir çox dövlət və din xadimləri, münəccimlər, filosoflar, hüquqşünaslar və şailər hazırlamış Bağdad nizamiyyəsi sayılırdı...Sədi Şirazi kimi bir şairin məhz Bağdad Nizamiyyəsi divarları arasında yetişdiyini qeyd etmək kifayətdir.
Nizamülmülk Səlcuq dövlətinin vəziri olduğu vaxt Azərbaycan da həmin dövlətin tərkibinə daxil edilmişdi. Buna görə də “Siyasətmanə” XI əsr Azərbaycan tarixini öyrənmək üçün də əhəmiyyətlidir. Eləcə də bu əsərdən bir ədəbi abidə kimi də sonrakı əsrlərdə istifadə olunmuşdur. O cümlədən Məhəmməd Qəzzali “Nəsihətülmülk” əsərində “Siyasətnamə”yə nəzər salmışdır...
“Siyasətnamə” ilk dəfə fransız şərqşünası Ş. Şefer tərəfindən 1892-ci ildə nəşr edilmişdir. Bundan bir il sonra Ş. Şefer onun fransızca tərcüməsini və nəhayət, 1897-ci ildə Nizamülmülkün tərcümeyi-halını nəşr etdirmişdir...3
Tusi Demetr kimi möhtəşəm kitabxana, Elmlər Akademiyasının identik forması olan Marağa rəsədxanasını yaratmış və oraya ən tanınmış alimlərini cəlb etmişdi. Bundan əlavə o, Nizamülmülk kimi vəzir, məsləhətçi işləmiş, dövlət işlərində əhəmiyyətli rol oynamış, mədrəsələr açdırmış və alimlərə böyük dəstək vermişdi. Göründüyü kimi Azərbaycan alimi ilə yuxarıda adları çəkilən şəxsiyyətlərin xasiyyətlərində oxşar cəhətlər çox idi.
 
                                                                                             Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                              Prezident təqaüdçüsü,
                                                                                             “Qızıl qələm” mükafatı laureatı
 
email: [email protected],
          [email protected]
 
         1 Р. Хаггард. Клеопатра. Баку, «Гянджлик», 1990. стр. 13
         2 Н. А. Ионина, автор-составитель. Сто великих чудес света. Москва, «Вече», 2000. стр. 145
         3 Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk. Siyasətnamə. N. Məmmədzadənin əlavəsi. Bakı, “Elm”, 1989. səh. 27
19139
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic