MARAĞA ALİMLƏRİ ÇİNDƏ RƏSƏDXANA İNŞA EDİBLƏR

 
Hələ Marağa rəsədxanasının tikintisi davam etdirilən zaman, orada xeyli təcrübə topladıqdan sonra Cəmaləddin az-Zeydi Buxari, Çin alimi Fao Mun-Çi ilə birlikdə 1265-ci ildə Azərbaycanın hüdudlarını tərk edib Çinə yollanırlar. Onlar iki ildən sonra Çinə çatırlar. Azərbaycanda aparılan elmi tədqiqatlarla öz həmkarları ilə bölüşən Fao Mun-Çi, az bir zamanda nəinki yaşadığı əyalətin Nankin şəhərində, hətta imperator sarayında da böyük hörmətlə tanınır.
Elmin bütün sahələrinə diqqət yetirən Çin imperatoru Xubilay xan (1256-1295) cavan alimin gördüyü işlərlə tanış olur və ona fəaliyyətini davam etdirmək üçün yaxşı şərait yaradır.
Çin dilində yazılmış “Yuan sülaləsinin tarixi” adlı əsərindəki mənbədən və Azərbaycan tarixçisi Rəşidəddinin göstərdiklərindən aydın olmuşdur ki, hələ Xubilay xandan əvvəl Menqu xan Hülaku xana tapşırıq vermişdi ki, həşşaşilərin qalaları alınanda və Nəsirəddin azad olduqdan sonra rəsədxana tikmək üçün onu Çinə göndərsin. Hülaku xan da müəyyən bir vaxtdan sonra Kuhistan ismaililərinin qalasını ələ keçirir, lakin Azərbaycanın gənc alimi, müəyyən səbəbləri bəhanə gətirərək, Çinə getməkdən boyun qaçırmışdı. Bu səbəbdən Pekində rəsədxananın tikintisinə başlamaq üçün Fao Mun-Çi Nəsirəddin Tusinin yanına Marağa şəhərinə göndərilmişdi.
Ç. Qacar bu haqda yazır: “Azərbaycanın ən görkəmli dühalarından biri Nəsirəddin Tusi Hülaku xana məsləhətçi təyin edilir. Hələ bundan da qabaq böyük alim kimi Nəsirəddinin şöhrəti Pekinə gəlib çatmış və onu möhtəşəm bir mərkəz kimi, düşünülmüş rəsədxananın tikintisinə kömək etmək üçün paytaxta dəvət etmişdilər. Tusi isə Pekinə getməkdən imtina etmiş və Hülaku xanı rəsadxananın ilk növbədə imperiyanın deyil, İlxanilərin paytaxtında Marağada tikilməsinin vacibliyinə inandırmışdı”.1
Həmin dövr üçün astronomiyada şah əsər sayılan “Zic Elxani” əsərinin səsi-sorağı Çinə qədər grdib çıxmışdı.
Əlbəttə, sonradan Çinin taxt-tacına yiyələnən Xubilay xan (1215-1294) imperiyanın paytaxtı Xanbalıq şəhərində möhtəşəm bir rəsədxana tikdirmək fikrinə düşmüş və bu işdə praktik cəhətcə təcrübə toplamaq üçün, Fao Mun-Çini Marağaya, Tusinin yanına göndərmişdi.

Xubilay xan (1215-1294)
 
Fao Mun-Çinin adı Rəşidəddin Fəzlullah Həmədaninin (1247-1318) yazdığı “Cami ət-Təvarix” əsərində çəkilir. O, Marağada hərtərəfli olaraq Nəsirəddin Tusinin etimadını qazanmışdı.
Çinlilərin Azərbaycana mütəmadi gəliş gedişi başlanması, münasibətlərin qurulması üçün əlverişli zəmin yaradılmasından xəbər verir. Rəşidəddin öz əsərində, 1285-ci ildə növbəti nümayəndə heyətinin Təbrizə gəlişini və həmin missiyanın başçısının adını çəkir – Bolad (Pulad) Çuen-tsyan. O, Azərbaycanda (şimal və cənubda) qalıb işləməyi qərara almış və Şirvanda dünyasını dəyişmişdi.
... Səyyahların gündəlikləri, tarixlə bağlı əsərlərdə və arxeoloji qazıntılar göstərir ki, növbəti əsrlərdə Azərbaycanla Çin arasında çoxsaylı əlaqələr olubdur [1].
Nəzəri cəhətdən hazırlıqlı olan peşəkar astronom Cəmaləddin Çin təqvimini tərtib etmək işi ilə məşğul olur və onun təklifinə əsasən Çində “Van Yan Li”“On min ilin hesablandığı təqvim” adı ilə məşhur olan təqvim qəbul olunur. Daha doğrusu o, hesablamaları Yuan dövründən aparılan və eyni zamanda həmin dövrün cədvəlindən istifadə olunan təqvimdə böyük düzəlişlər aparmış və onu dəqiq şəkildə, bütün incəliklər nəzərə alınmaqla yuxarıdakı ad ilə imperator Xubilaya təqdim etmişdi.
Ümumiyyətlə, Cəmaləddin bir astronom kimi Çində böyük nüfuza malik idi. Deyilənə görə Munqe xan Çində rəsədxana salımasını qərarlaşdırarkən, alimləri ətrafına toplayaraq onlardan məsləhət almışdı. Həmin yığıncaqda Cəmaləddin də (ilkin Çin məxəzlərində Cha-Ma-Lu-Ting kimi göstərilirdi) iştirak etmişdi. Astronomik cihazları ilə bağlı Xubilay xanın da müsəlman alimindən məsləhətlər alması bir fakt kimi qeydə alınıbdır.
Həmin əsərdən Çində istifadə olunması sübuta yetirilibdir[2].
İş ondadır ki, Çində xüsusən də saraya yaxın olan dairədə kifayət qədər astronomlar vardı, lakin onların heç birisi dəqiq təqvim hazırlayıb ortaya qoya bilməmişdilər. Bu isə böyük baş ağrısına çevirilmişdir.
Cəmaləddin Xanbalıka (Pekin) gələn kimi imperatora Günəş saatı, Yer və Göy qlobusları hədiyyə gətirmişdi. Marağa alimlərinin səsi-sorağı bütün imperiyaya yayılmışdı və hər bir hökmdar elə məşhur alimlərin sarayında qalıb xidmət etməsini arzulayırdı. Həmin dövrdə mövcud olan astronomiya elminə peşəkarcasına yiyələnmiş Cəmaləddin aparılacaq rəsədxana tikintisinin təlimatları ilə (bu sahədə mütəxəssislər, xüsusən də mühəndislər hazırlayırdı) eyni zamanda, Çindən qərbdə yerləşən ölkələrin astronomik cihazlarını tərtibatı ilə məşğul olmuş və onları “Yuan-şi” adlı traktatında qeydə almışdı. Həmin traktatın “Tyan-Ven” - “Astronomiya” adlı bölümündə o, qeydə alınan cihazların xüsusiyyətindən və işlətmə üslubuna geniş yer veribdir.
Onu da qeyd etmək lazımdır ki, Marağadan gələn alimlər Çində triqonometriyanın inkişaf etdirilməsində mühüm rol oynamışdılar. Şəxsən Cəmaləddinin özü bir neçə riyaziyyatçını yetişdirmiş və həmin alimlər gələcəkdə inşa edilən rəsədxanada aparıcı mütəxəssislər kimi fəaliyyət göstərmişdilər.
Marağadan gələn alimlərin xidmətlərini nəzərə alan imperator, hörmət əlaməti olaraq 1271-ci ildə müsəlman astronomlarının İnstitutunu təsis edir. Xanbalıkın şərq divarları yaxınlığında Azərbaycan astronomları tərəfindən rəsədxana tikilir.
Aidiyyatı olan bir hadisəni xatırlatmaq yerinə düşərdi. 1227-ci ildə Sun nəslinin hakimiyyət dövrü başa çatandan sonra, onarın yerinə Tszin nəsli (Xubilay xanın nəsli) gəlir və özü ilə doğma Byanlan şəhərindən (Xenan vilayətinə aid olan indiki Kayfen şəhəri) actronomik cihaz və alətlərini gətirir və Pekin şəhərində ilk dəfə rəsədxananın salınmasınna səy göstərilir. Tam şəkildə başa çatmayan rəsədxananı, Baş Tszin Astronomik Rəsədxana adlandırırlar.  
Elmə və mədəniyyətə diqqətlə nəzər yetirən Xubilay xan nəhəng “Yuan” imperiyasının hökmdarı idi və ümid edirdi ki, azərbaycanlıların köməyi ilə çin ustaları Marağa rəsədxanansına oxşar tikinti kompleksini Pekin şəhərində inşa edə biləcəklər.
Böyük hazırlıq işlərindən sonra XIII əsrin 80-ci illərində Xanbalıq şəhərində, Çinin həmin dövrdə tanınmış astronom və riyaziyyatçısı Qo Şu-Çinqin (1231-1316) başçılığı altında və Fao Mun-Çinin iştirakı ilə rəsədxana inşa edilir. Qo Şu-Çinq Çində 1281-ci ildə tərtib etdiyi “Şouşi li” (Vaxt verən təqvim) təqvimi ilə geniş tanınmışdı. Məhz bu səbəbdən Xubilay xan Marağa alimlərindən əvvəl Qo Şu-Çinqə Pekində rəsədxana tikilməsini tapşırmışdı. Lakin o, həmin işi başa çatdıra bilməmişdi.
Növbəti rəsədxana tikiləndən sonra orada istifadə olunan bütün alət və cihazlar, demək olar ki, Marağadakı mütəxəssislər tərəfindən ixtira olunmuşdur. Bu cihazlardan Armilyar dairəsi, Fırlanan kvadrantı, Göy qlobusunu və s. göstərmək olar və onların bəziləri indiyədək Pekində saxlanılır. Möhtəşəm Pekin rəsədxanasının tikintisində Qo Şu-Çinqin ən yaxın həmkarları astronomlar Van Syunyu və Nepaldan olan Arniko yaxından iştirak etmişdilər. Həmin alimlər imperator tərəfindən də tanınırdı.
 
                                         
                   Pekin rəsədxanasının armillyar sferası                    Qo Şu-Çinqin büstü Pekində              
      

Bu fakt tarixi mənbələrdə öz əksini tapmışdır. Çinin tarixi mənbələrində qeyd olunub ki, Cəmaləddin az-Zeydi Buxari Çinə gələrkən, özü ilə Marağa rəsədxanasının cihazlarının kiçik modellərini və onların çertyojlarını gətirmişdi.
Ümumiyyətlə, Tusinin başçılığı altında ixtira edilmiş astronomik cihazlar, öz dövrünə görə ən azı 200 illik bir dövr ərzində, rəsədxanalarda işlədilən astronomik cihazların ən dəqiqi sayılırdı. Həmin cihazlar dövrümüzə qədər Çində (Pekin rəsədxanasında) salamat qalmışdır.
Marağa rəsədxanasında “Zic Elxani” astronomik kataloqu yardılanda, Çinin 27 yaşayış məntəqəsinin coğrafi koordinatları da orada verilmişdir. Çində triqonometriyanın və astronomiyanın inkişafında Marağadan gələn astronomların da böyük rolu olmuşdur.
Fao Mun-Çinin ölümündən sonra onun bütün ləvazimatları və sənədləri ölkənin böyük kitabxanalarında eksponat kimi nümayişə çıxarılır. Bir neçə ildən sonra həmin materiallar tədricən qoyulduğu yerdən yoxa çıxmağa başlamışdı.


                            
                                                                                     Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                      Prezident təqaüdçüsü,
                                                                                     “Qızıl qələm” mükafatı laureatı

 
email: [email protected],
          [email protected]
 

[1] Сара Ашурбейли. Экономические и культурные связи Азербайджана с Индией  в средние века. – Баку: «Елм», 1990. – С. 19-26.
[2] George Sarton. Introduction to the History of Science. Robert E. Krieger Publishing Company, 1975. – Vol. 2. – pp. 1005-6.
 

            1 Ç. Qacar. Qədim və orta əslər Azərbaycanın görkəmli şəxsiyyətləri. Bakı, “Nicat”, 1997. səh. 129
19803
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic