MARAĞA XƏRİTƏSİNİN BİR NÜSXƏSİNİN ÇİNƏ GEDİB ÇIXMASI VƏ ORADAN YOXA ÇIXMASI
Nəsirəddin Tusi “Elxanilər” dövlətində saray əyanları və Marağa rəsədxanasında alimlər tərəfindən o qədər tanınmışdı ki, ölkəyə gələn bir çox nüfuzlu əcnəbi adamlar onunla tanış olmağa çalışmışdılar. Doğma vtənlərinə qayıdanda isə özləri ilə çətinliklə də olsa, alimin əsərlərinin surətini çıxarıb, müəyyən adamlara çatdırırdılar. Məhz bu səbəbdən “Zic Elxani” əsərinin bir nüsxəsi Avropa hüdudlarına gedib çıxmışdır. Belə fərziyyə yürütmək olar ki, həmin əsərin müəyyən hissəsi ilə həm Toskanelli, həm də dolayısı yolla Kolumb da tanış idi. Birincisi, Coğrafi koordinatlar cədvəlində sıfırıncı meridianın haradan başlanması (indiki Qrinviç meridianından 340 qərb istiqamətində - indiki Braziliyanın San-Roka burnunun yaxınlığı) göstərilir, ikincisi isə Kolumb birinci transatlantik səyahətinə yola düşməmişdən əvvəl torpağın neçə min km. aralıda yerləşməsini və ora neçə günə gedəcəyini yaxşı bilirdi.
Marağada astronomiya və riyaziyyatla yanaşı coğrafiya elmi də ciddi şəkildə araşdırılmışdı. Buna bariz nümunə Köhnə Dünyada məlum olan 256 tanınmış şəhərin koordinatlarının göstərilməsidir. Belə olan halda orada Yer kürəsinin xəritəsinin tərtib edilməsi labüd idi. Artıq dəqiq məlumdur ki, dünyada mövcud olan ən qədim Göy qlobusu Marağa alimlərinin əlindən çıxıbdır. Demək istəyirəm ki, sferanın qlobusunu düzəldən alimlər üçün yer səthinin xəritəsini tərtib etmək o qədər də çətinlik törətməzdi. Həm də yuxarıda qeyd edildiyi kimi rəsədxanada çalışan alimlərin əlyazmalarında göstərilir ki, rəsədxananın əməkdaşı Kəriməddin Əbubəkr ibn Mahmud Səlmasi 1266-cı ildə ilk coğrafi qlobus düzəldibdir. Lakin təəssüflər olsun ki, həmin qlobus gəlib bizim günlərə çatmayıbdır.
Mənim fikrimcə, Marağada tərtib olunan Yer kürəsinin xəritəsi bir neçə nüsxədə çoxaldılmış və onların bəziləri, hətta Avropanın bir neçə ölkələrinə də aparılmışdı. Bu ondan xəbər verir ki, xəritə tək yox, cəm halında idi və belə bir üsul ilə Tusi Marağa rəsədxanasında görülən dünya əhəmiyyətli kəşflərin itib-bamasını istəmirdi. O, çalışırdı ki, Azərbaycanda görülən bütün elmi-tədqiqat işləri tezliklə dünya ictimaiyyətinə çatdırılsın.
Mühəmməd Nəsirəddin Tusi (1201-1274)
Mən çətinlik çəkmədən reallıq baxımdan yaxşı əsaslandırmış dörd variantda göstərə bilərəm ki, həmin material Avropaya necə aparılıbdır. Əlbəttə, bu yayımın iştirakçıları bilavasitə Marağa rəsədxanasının işçiləri idi.
1. Qriqori Əbül Fərəc Bar-Ebrey (Ebreus) Suriyadan idi və Marağa rəsədxanasında, hətta Tusi vəfat edəndən sonra da qalıb işləmişdir. Lakin o, Yaxın Şərqin tanınmış bir tarixçisi kimi daim Marağada qalıb işləyə bilməzdi. Alim həmin xəritənin bir nüsxəsini götürüb Dəməşqə qayıtmış və orada rəsədxanada görülən işlərin əsl təbliğatçısına çevirilmişdi.
Çox güman ki, onda olan xəritə xristian missionerləri tərəfindən Konstantinopola aparılmışdı. Çünki Bizans imperiyasının paytaxtında olan hərbçilər üçün hər bir xəritə hava-su kimi lazım olduğundan, həmin materialın bizanslılar tərəfindən mənimsənilməsi labüd idi. Hətta mənə elə gəlir, Bar-Ebreyin Marağadan götürdüyü xəritədə koordinat torları olması mümkün idi. Ona görə ki, yəhudi alimi Marağanı Tusinin vəfatından sonra tərk etmiş və həmin məxfi sənədi özü ilə aparmağa müfəffəq olmuşdu. Belə dəqiq xəritələrin sayı isə məhdud şəkildə ola bilərdi.
Tusi, Qütbəddin Şirazi, Müəyyidəddin Ordi və Fao Mun-Çi Marağada vacib funksiyaları yerinə yetirdikləri üçün həmin xəritənin koordinatlarla birlikdə əsl nüsxələri məhz onlarda ola bilərdi. Deməli, həmin xəritənin əsl surətinin bir neçə dənə olması fərziyyəsi inandırıcı görünür.
Şirazinin manuskriptindəki mimiatür
2. Marağa rəsədxanasının görkəmli alimi Qütbəddin Şirazi 1282-ci ilə qədər, Marağa rəsədxanasında işləmiş və ondan sonra monqolların səfiri kimi Misirə yollanmışdır. O, xəritəşünaslıqla dərindən maraqlandığı üçün şübhəsiz ki, həmin xəritənin bir nüsxəsini özü ilə Misirə aparmışdı. Alim həmin ölkədə fəaliyyət göstərərkən ilk dəfə Aralıq dənizinin və ona yaxın olan torpaqların xəritəsini tərtib etmişdir. Sonrakı dövrdə Misir Osmanlı Türkiyəsi tərəfindən işal edilir və çox güman ki, həmin xəritəni strateji əhəmiyyətli bir sənədli material kimi türklər mənimsəyirlər.
3. Məhiəddin Məğribi İspaniya ərəblərindən idi və Marağa rəsədxanasına təsadüf nəticəsində düşmüşdü. Yəni, o, Dəməşqdə olarkən, həmin şəhər Hülaku xanın qoşunu ətrəfindən işğal edilir. Məhiəddin Məğribinin alim olduğunu bilən Tusi göstəriş verir ki, onu Marağaya gətirsinlər. O, rəsədxana işçiləri arasında çox qapalı bir insan idi. Demək olar ki, heç kim ilə daimi ünsiyyət yaratmaq istəmir, yalnız diqqətini astronomik müşahidələrə yönəltmişdi. Fikrimcə, Məğribi, Misirdə, İraqda, İranda və Azərbaycanda tikilən rəsədxanaların tədqiqi ilə məşğul olmaq üçün, Yaxın Şərqə kəşfiyyat xarakterli səfər etmişdi. Bunun nəticəsində o, Marağa rəsədxanasında tərtib olunan xəritəni, başqa qiymətli materiallarla ələ keçirib, İspaniyaya qayıdır. Çox güman ki, həmin xəritə Müəyyidəddin Ordiyə verilən nüsxə olub. Ola bilsin həmin nüsxə italyan tacirləri tərəfindən alınıb Apennin yarımadasına aparılmışdı.
4. Çin alimi Fao Mun-Çi Marağada praktik təcrübə toplayıb vətəninə dönərkən, həmin xəritənin bir nüsxəsini Çinə aparmışdı. Belə fərziyyə var ki, Marko Polo Nankində olarkən həmin sənədin sürətini çıxarmış və özü ilə Apennin yarımadasına aparmışdı. Səyyahın ölümündən sonra onun bütün materialları yerli və digər kitabxanalara təhvil verilmiş və Paolo Toskanelli Marağa sənədləri ilə tanış olmağa imkan tapmışdı. Lakin Kolumbun qardaşı Bartolomeo qədim və müasir xəritələrin tədqiqi və alış-verişi ilə məşğul olduğundan xəritənin sürətini çıxarıb Kolumba təqdim edə bilərdi. Çünki sonuncu araşdırmalar onu göstərir ki, xəritəşünaslıqlar məşğul olan Yaxın Şərq alimlərinin və o cümlədən Azərbaycanlı alimlərin xəritələri Apennin yarımadasına və digər Avropa məkanlarındakı cürbəcür inzibati binalarda yerləşdirilibdir.
Yazıçı-tədqiqatçı Ramiz Dəniz
Prezident təqaüdçüsü,
“Qızıl qələm” mükafatı laureatı
19071