MARAĞADA MÖHTƏŞƏM RƏSƏDXANANIN İNŞASI

XIII əsrin ikinci yarısında hər hansı bir dövlət başçısı Azərbaycanda rəsədxana tikdirmək fikrində deyildi. Lakin görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) şəxsi təşəbbüsü ilə, həmin dövrdə dünyada, zəmanəsinə uyğun olaraq ən böyük rəsədxanalardan biri tikilmişdi. Hələ Bağdadda olarkən alim elm ocağının tikdirilməsi razılığını hökmdardan almışdır. Tusi Hülaku xanı əmin etmışdi ki, belə bir – elmi mərkəzin – yaradılması bir çox elmlərə xeyir verə bilər.
Rəsədxananın tikintisi həddindən çox məsrəf tələb edirdi. Əvvəlcə bu işi həyata keçirmək məqsədəuyğun sayılmırdı. Həmin tikintinin xeyirli olduğunu Tusi elmi əsaslarla hökmdara izah etmişdi. 
Alim Hülaku xana bunu çox sadə üsulla izah etmişdi. Göy guruldaması, şimşək çaxması, ildırım qopması, küləyin əsməsi, tufanın qopması, leysan yağışının yağması, sellərin daşması, quraqlığın yaranması, göy cisimlərinin hərəkəti və onların Yer ilə toqquşmasının mümkünlüyü hər bir hökmdar üçün maraqlı idi. Müharibə başlayanda döyüş zamanı və hərbi yürüş zamanı bütün bu amilləri biləndə, qələbənin sürətlə əldə olunmasına böyük zəmin yaranar.
Bağdad işğal ediləndə Hülaku xanın əlinə böyük qənimət keçmişdi. Fürsətdən istifadə edən Tusi rəsədxananın tikilməsində iştirak edən və həmin elm ocağının fəaliyyətində müsbət rol oynayan alimlərə həmişəlik maaş kəsilməsinə nail olmuşdu. Bu məvacib böyük alimin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Ümumiyyətlə, Tusi nəinki özü və ya rəsədxanada çalışan işçilər üçün, hətta Azərbaycanda yaşayan bütün sənətkarların maddi rifahınin yaxşılaşmasına böyük səy göstərmişdi.

 
Hülakü xan və Doqquz xatun. Cami ət-tavarix əlyazması.  (XIV əsr)

Tusi hələ Bağdadda olarkən bütün qiymətli kitabların Marağaya göndərilməsini tapşırmışdı. O, görkəmli və tanınmış alimlərin axtarılıb tapılması ilə ciddi məşğul olmuşdu.
Marağa rəsədxanasının tikintisinə 1259-cu ildə şəhərin qərbindəki təpənin döşündə başlanır. Rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların quraşdırılmasında şəxsən Tusinin özü iştirak etmişdi. Bu tikintiyə bir neçə bacarıqlı arxitektor Marağaya dəvət olunur. Bu işdə alim, Dəməşqdən çağırtdırdığı Müəyyidəddin Ordiyə möhkəm bel bağlayırdı. Tusi görkəmli astronom və konstruktor M. Ordi ilə birlikdə rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni cihazları alimlərin özləri işləyib hazırlayırlar. Bundan əlavə Marağa rəsədxanasında bir sıra astronomik məsəllərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədi ilə istifadə olunan Yer və Göy qlobusları da hazırlanmışdı.
Rəsədxananın tikinti layihələri Tusinin rəhbərliyi və iştirakı ilə memar Fəxrəddin Əhməd ibn Osman əl-Əmin əl-Maraği tərəfindən hazırlanmışdı. Tikinti gedən zaman şəxsən Hülakü xanın özü 1262-1263-cü illərdə Marağaya gəlmişdi.
Orada 16 əsas və köməkçi bina tikilmişdi. Binaların birinci əsas qismində astronomik müşahidələr aparmaq üçün lazım olan cihazlar quraşdırılmışdır. İkinci köməkçi binalarda mədrəsə, kitabxana, emalatxana, alimlər üçün iş otaqları yerləşirdi. Rəsədxananın hasara alınmış sahəsində məscid tikilmişdi.
Onlardan yeddisi dairəvi formada idi. Tikililərin ortasında isə rəsədxananın əsas qülləsi ucalırdı. Dairəvi şəkildə olan qüllənin daxildən eni 22 metrə bərabər idi. Elə astronomların və riyaziyyatçıların da əsas iş otaqları həmin qüllədə yerləşirdi. Tusi, Ordi, Fao Mun-Çi, Qütbətdin Şirazi bütün günlərini, qüllədən göydəki ulduzların və başqa Göy cisimlərin müşahidə etməklə, orada keçirirdilər. 
1965-1966-cı illərdə İran alimləri dağıdılmış rəsədxananın yerində qazıntı işləri aparmışdılar. Onlar bu haqda böyük hesabat hazırlayaraq, rəsədxana kompleksinin və onun ətrafında olan bütün coğrafi obyektlərin sxemini tərtib etmişdilər.
Qazıntılar zamanı eyni zamanda beş sferik bina aşkar edilmişdir.
Bu tikili həmin dövr üçün ən möhtəşəm elm ocaqlarından biri sayılırdı. XIII əsrin ortasına kimi Şərqin heç bir bölgəsində o irilikdə rəsədxana tikilməmişdi. Xaricdən gələn nümayəndələr xüsusən də, Çindən və Orta Asiyadan gələn monqol nümayəndələri, rəsədxananın möhtəşəm tikintisinə baxanda heyrətlənir və öz vətənlərinə, Tusi və onun həmkarları barəsində yaranan xoş təəssüratlarla yollanırdılar.
Təpənin üstündə uzunluğu 350 metr, eni 150 metr olan bir sahədə, rəsədxananın cihazları yerləşdirilmişdir. Əsas binalarda Göy cisimlərini müşahidə etmək üçün lazım olan cihazlar quraşdırılmışdı. Köməkçi binalarda mədrəsə, kitabxana, cihazqayırma, metaltökmə və başqa emalatxanalar, alimlər üçün iş otaqları yerləşirdi. Rəsədxananın sahəsində məscid də tikilmişdi. Tusinin layihəsinə əsasən, Marağa rəsədxanası nəinki Azərbaycanda yaşayan elm adamları üçün, hətta dünyanın hər bir bölgəsində yaşayan aqil insanların yaşayıb-yaratmasına böyük zəmin yaratmalı idi. O, əvvəlcədən Hülaku xana bildirmişdi ki, rəsədxana hazır olub istismara veriləndən sonra Marağanın qapıları, Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir əcnəbi adamın üzünə açılmalıdır.
Akademik M.S. Bulatovın (1907-2004) Marağa rəsədxanasının hazırladığı maket
 
Arada gedən müharibələrə və iğtişaşlara baxmayaraq astronomiya, riyaziyyat, həndəsə, coğrafiya elmləri dünyanın hər bir ölkəsində inkişaf etdirilib yüksək zirvəyə qaldırılmalıydı. Alimin fikrincə, iri bir səltənəti idarə edən hər bir hökmdara müharibələrdən çox, aqil insanların yetişdirilməsi və həmin alimlərin vasitəsilə elmin hər hansı bir sahəsinin inkişaf etdirilməsi lazım idi.
Tarixi qaynaqlara əsaslanaraq artıq məlum olub ki, Marağa rəsədxanasından əvvəl Azərbaycanda daha başqa bir rəsədxana olmuşdur. Tarixi sənədlərə istinadən professor E. Mehrəliyev yazır: “O, (yəni, Kafiəddin Ömər Osman oğlu Şirvani – R. D.) Şamaxının yuxarı hissələrində observatoriya da yaratdı. Oraya Əbdülkərim Şirvanini və Fələki Şirvanini, onların tanışlığı ilə başqa bir yerlərin də astronomlarından cəlb etdi. O, elmdə geosentrik sistemin tərəfdarı idi.
460 16/ coğrafi uzunluqda və 370 23/ enlikdə yerləşən Marağa şəhəri Ürmiya gölünün şərq sahilindən düz xətlə təqribən 35 km uzaqdı və okean səthindən 1613 metr yüksəklikdə idi. Şəhərin istehkamları və şəhər divarları Harun ər-Rəşidin vaxtında tikilmişdi. Yaqut əl-Həməvi yazırdı ki, “Marağa Azərbaycanın ən böyük və məşhur şəhəridi. Burada çoxlu qədim abidələr, mədrəsə, tikintilər vardır... Bu yerlərdə yaşayan azərbaycanlılar xoşxasiyyət, qırmızı yanaq, simaları ağ, xoş münasibətlidirlər”.
Marağa şəhəri ilə bağlı Həmdullah Qəzvini yazmışdı: “Bu böyük şəhərdir, əvvəllər Azərbaycanın paytaxtı olub, şimaldan Səhəd dağı ilə başlayır... Şəhərin türk əhalisi ağsifətlidir. Şəhərdə toxunan tumac və xalçalar məşhur idi. Burada mərmər də istehsal olunurdu”.
Həyatının demək olar ki, bütün hissəsini elmə qurban verən Tusi çalışırdı ki, vaxtı ilə necə Afina, Roma, İsgəndəriyyə dünyanın mədəniyyət, incəsənət və elmi-tədris mərkəzləri sayılırdı, özünün yaşadığı və ondan sonrakı dövrdə Marağa da həmin funksiyanı yerinə yetirsin. Bunun üçün böyük imkanlar vardı: birincisi, İlxanilər dövləti qüdrətli ölkəyə çevrilmək üzrə idi: ikincisi, isə onun taxt-tacında əyləşən hökmdarlar zəmanəsinin əzəmətli hakimləri sayılırdılar. Belə bir ölkəni işğal etməyə heç bir hökmdar cürət etməzdi.
Tikinti ilə bağlı çox az sayda sənədlər gəlib bizim günə çatıbdır. Lakin Tusi bu məsələyə müəyyən mənada “Zic Elxani” əsərinin müqəddəməsində toxunur. İlk növbədə alim Marağadakı elm və tədqiqat ocağını həmin dövrə qədər dünyada məşhur olmuş və fəaliyyət göstərmiş başqa rəsədxanalarla müqayisə edərək, onların arasındakı fərqləri sadalamışdı. O, yazmışdı: “Rəsədxana 30 ildən az müddətə, yəni yeddi ulduz dövrü ərzində tikilə bilməz. 30 ildən artıq vaxt lazımdır ki, bu iş təkmilləşdirilsin. Rəsədxananın əsasını qoyan padşahımız buyurdu ki, 12 ilə qurtarsın. Biz ona dedik ki, ruzigar vəfa versə başa çatdırarıq...
Bizdən əvvəl tikilmiş rəsədlərdən ən mötəbəri Əbərxəs rəsədxanası olmuşdur və onun tikilməsindən bizim dövrümüzədək 1400 ildən artıq dövr keçmişdir. Əbərxəs rəsədxanasından sonra Ptolemey rəsədxanası, o dövrdən sonra Bağdadda Xəlifə Məmunun dövründə müsəlman rəsədxanası tikilmişdir. Həmin rəsədxananın tikilməsi ilə Marağa rəsədxanasının tikilməsinin başlanması arasında 430 il fasilə var.
Sonra o dövrə qədər Şam ətrafında Bəttani rəsədxanası, Misirdə Hakimi rəsədxanası, Bağdadda İbn Ənəm rəsədxanası tikilməyə başalmış, lakin heç biri başa çatdırılmamışdı. Bizim rəsədxanaya müvafiq olanı Hakimi və İbn Ənəm rəsədxanalarıdır. Hər iki rəsədxananı bizim rəsədxananın tarixindən 250 illik bir dövr ayırır. Bütün keçmiş rəsədxanaların hamısına nəzər saldıq, məlum olan şeyləri tikib düzəltdik. Ömür vəfa etsə dünya padşahının dövlətinin köməyi ilə bundan sonra da bizə nə məlum olsa, qurub yaradacayıq...”
Rəsədxana 12 ilə tikilərək 1271-ci ildə istifadəyə verildi.
Marağa rəsədxanasının binalarının daxili divarlarına çəkilmiş təsviri sənət nümunələri olduqca diqqəti cəlb edir. Bu divarlarda planetlərin şəkilləri, Ayın və onun 12 bürcünün mövqeyinin maketləri, Yer kürəsinin şəkil və təsvirləri, gecə və gündüzün uzunluğu, adaların müxtəlif mövqeləri və coğrafi ərazisi, dənizlərin ölçüləri təsvir edilmişdi. Bir sıra əsərlərdə astronomlar iş fəaliyyəti zamanı, cihazların fonunda təsvir edilmişdir.1
Tusi rəsədxanada aparılan elmi işlərin mahiyyətinə görə orta əsr akademiyası yaratmağa müvəffəq olmuşdur. Monqolların adı Avropa ölkələrində vahimə yaratmasaydı, çox güman ki, xristian dövlətlərində yaşayan, elmə böyük həvəs göstərən tələbələr və humanistlər təhsil almaq üçün elə Azərbaycana gələ bilərdilər.
 
                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                        Prezident təqaüdçüsü,
                                                                        “Qızıl qələm” mükafatı laureatı
 
          [email protected]
 
         1 B. Rzayev. Bəşəri düha: Mühəmməd ibn Mühəmməd ibn Həsən – Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 69-70
24754
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic