XIII ƏSRDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ MULTİKULTURALİZMİN MÖVCUDLUĞU

XIII əsrdə zəmanəsinin görkəmli filosofu, astronomu və riyaziyyatçısı, tarixçi, coğrafiyaşünas, maliyyəçi və hüquqşünas sayılan Azərbaycan alimi Tusi təxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusini  (1201-1274) nəinki Azərbaycanda, ümumilikdə bütün dünyada multikulturalizmin banisi adlandırsaq yanılmarıq.
Tusi elə uşaqlıq illərindən bir çox elmlərə tam yiyələnmək üçün bütün bilik enerjisindən istifadə etmişdi. Bu elə bir dövr idi ki, elm, ədəbiyyat, incəsənət, mədəniyyət yüksək səviyyədə inkişaf etməkdə idi. Antik və erkən orta əsr dövrünün tanınmış alimlərin əsərləri ilə tanış olmaqdan ötrü, o, bir çox dilləri öyrənərək, eyni zamanda elmin bir neçə sahəsinə dərindən yiyələnir. N. Tusi hərtərəfli inkişaf etmiş adam idi və öz biliyi ilə nəinki dostlarını, hətta düşmənlərini də heyarn etmişdi.
O, “Əxlaqi-Nasiri” ilə Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olmuşdur.
Mühəmməd Nəsirəddin Tusi (1201-1274)
Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışlarının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayəndələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M. Qəzali, Bəhmənyar, Əl-Fərabi, Biruni, İbn Sinanın mühüm və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi göstərmişdir.
Alimin irsi bütün Yaxın və Orta Şərqin ensiklopedik bilik xəzinəsi olmaqla bərabər Şərqin tərkib hissəsi kimi Azərbaycan xalqının düşüncə tərzinin formalaşması və inkişafında da özünəməxsus yer tutur. Onun elmi-bədii irsinə mədəniyyət tariximizin Renessans (İntibah) dövrünə məxsus mənəvi sərvətlərimizin tərkib hissəsi kimi baxmağa və qanuni varislik hüququmuzu bildirməyə haqqımız var.2
Tusi təkcə əxlaqi nəsihətlər verməmiş, eləcə də ölkə idarəçiliyi, hakimiyyətin saxlanılmasının əsaslarına dair əməli və lazımlı təkliflərini irəli sürmüşdü. İdarəçilikdə qlobal siyasəti, ərazi siyasəti, ünsiyyət siyasəti məsələlərini analiz edərkən Aristotelin, Platonun, Fərabinin və ibn Sinanın fikirlərini bütün incəliklərlə təhlil etmişdi. H. B. və S. M. Bayramovlar qeyd edirlər ki, ... Platonun “Siyasət” kitabının təhlili Tusinin ictimai-humanitar düşüncə sahəsində ensiklopedik nəzəri dünyagörüşünə malik sima olduğunu sübut edir. Ölkə siyasəti, Müdafiə siyasəti, Kəramət siyasəti, Cəmaət siyasəti başlıqlarında (“Əxlaqi-Nasiri” əsərindəki fəsillərin başlıqları – R. D.) dair orijinal fikirlər irəli sürür.
Tarixdən məlumdur ki, Avropa ölkələrindən Çinə və Monqolustana gedən elçilər, Asiyanın bir neçə ölkəsindən keçən “ipək yolu”ndan istifadə edirdilər. Həmin “ipək yolu”nun da bir hissəsi Azərbaycandan keçirdi. Söz yox ki, elçilər Azərbaycanda olarkən bu ölkənin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, adət-ənənələri, elmi, siyasi, tarixi şəxsiyyətləri ilə həm nəzəri, həm də əyani şəkildə tanış olur, özləri üçün müəyyən bir arayış toplayırdılar. Adətən “ipək yolu” harada uzunmüddətli stabillik varsa, elə oradan da keçirdi.
Bağdad ələ keçiriləndən sonra (1258) Hülaku xan öz möhtəşəm dövlətini 1260-cı ildə Azərbaycanda salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları “Elxan”lar idi.
Qeyd etməliəm ki, Bağdadın işğalı zamanı Hülaku xanı müşayiət edən Tusi, şəhərdəki alimlərin, qadınların və uşaqların xilas olunmasında əvəzsiz rol oynamışdı. O, Bağdadın işğalından sonra Hülakunun siyasətini dəyişməyə və yeni kütləvi qırğınların qarşısını almağa nail olmuşdu.
Tusi bütün regionda sülh carçısı kimi tanınırdı. O, xana bildirirdi ki, digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət mümkün deyil.
Alimin sayəsində Azərbaycan ərazisində bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyət mövcud idi.
Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Marağada çalışan alimlərin milliyəti din etibarilə müxtəlif idi. Müsəlmanlarla yanaşı xristianlar, nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş və onlara orada böyük hörmətlə yanaşılırdı. Bu tədqiqatdan məlum olur ki, orada azərbaycanlılarla yanaşı farslar, ərəblər, yəhudilər, özbəklər, çinlilər, türklər, monqollar və başqaları da çalışmışlar. Marağa rəsədxanası tam mənası ilə beynəlmiləl tərkibli mədəniyyət ocağı, yaşayış məntəqəsi olmuş və orada alimlər arasında əsl bərabərlik yaranmışdı. Bu isə rəsədxananın ən mütərəqqi cəhətlərindən biri idi.
Hülaku xanın qoşunlarının, ətrafda yerləşən ölkələrin şəhərlərinə edilən işğalçılıq yürüşlərdən bir çox mədəniyyət, incəsənət abidələri, elm mərkəzləri bərbad vəziyyətə düşürdü. Tusi belə bir ağır və təhlükəli vəziyyətdə sinəsini irəli verərək, həmin abidələrin və sənət əsərlərinin məhv olunmasının qarşısını almış və dünya mədəniyyəti üçün qiymətli sayılan sərvətləri Azərbaycana gətizdirərək, onların təhlükəsizliyini təmin etmişdir.
Elmi işlərin aparılması üçün Azərbaycanda əlverişli mühit yaradıldığından Xorezmdən Cəmaləddin əz-Zeydi Buxari, Çindən Fao Mun-Çi, Hindistandan Kəmaləddin Əflatun Hindi, Əlaəddin Süleyman əl Multani, İspaniyadan Məhiəddin Məğribi, Monqolustandan İsa Monqol, Kuhistandan Taqiəddin Əli Həşşaşi, Anadoludan İzəddin Toğrul ibn Səncər, Damqandan İmadəddin əd-Damqani, Bağdaddan Marağaya Nəcməddin Əhməd ibn Əli ibn Əbil Fərəc, Amidəddin Münəccim Bağdadi, Nəcməddin ibn Huab Bağdadi, Kəmaləddin Sufi Bağdadi Əbu Əziz, Qavaməddin Bağdadi, Dəməşqdən Müəyyidəddin Ordi, Hüsaməddin əş-Şami, Hələbdən Əbül Fərəc Bar-Ebreus, Mosuldan Fəxrəddin Marağayi, Tiflisdən Fəxrəddin İxlati, Qəzvindən Nəcməddin Dəbirani, Şirazdan Qütbəddin Şirazi, Şamaxıdan Şəmsəddin Şirvani, Möhyəddin Əş-Şirvani, Naxçıvandan Hinduşah ibn Səncər Naxçıvani, Damğandan Mahmud Nəcməddin Üstürlabi, Təbrizdən Hüsaməddin Təbrizi, Ürmiyədən Səfiəddin Əbülmömin Ürməvi gəlmişdi. Göründüyü kimi Çindən və Hindistandan başlamış İspaniyaya qədər olan nəhəng ərazidən elmi yaradıcılıqla və paralel olaraq rahat şəkildə yaşamaq üçün xeyli sayda alimlər Azərbaycana təşrif buyurmuşdular.
Xüsusilə qeyd etməliyəm ki, Bar-Ebreus vaxtilə Melatiyada yepiskop, sonradan isə Hələbdə baş kilsə xadimi olmuşdu. Belə bir qatı xristianın Marağada mühüm vəzifəyə təyin olunması azərbaycanlıların tolerantlığından xəbər verirdi.
Uzun müddət kitabxananın qoruyucusu və açarcısı olmuş İbn əl-Füvati “Təzkirə mai qəsədə əl-rəsədxana” adlı əsərində minlərlə уerli və əcnəbi alimlərin, mütəxəssislərin adını əks etdirib. Həmin fundamental əsərin müxtəsər variantı dövrümüzə qədər gəlib çıxmışdır. Əsərdə indiyə qədər naməlum olan neçə böyük azərbaycanlı alimin adı çəkilir...
Tusi rəsədxananın tikilməsində iştirak edən və həmin elm ocağının fəaliyyətində müsbət rol oynayan alimlərə həmişəlik maaş kəsilməsinə də nail olur. Bu məvacib böyük alimin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi. Ümumiyyətlə, Tusi nəinki özü və ya rəsədxanada çalışan işçilər üçün, hətta milliyyətindən və dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün sənətkarların maddi rifahınin yaxşılaşmasına böyük səy göstərmişdi.
Marağadakı və ona yaxın olan yaşayış məntəqələrində yaradılan multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa səy göstərilmiş, hətta burda irqçiliklə bağlı ədalətsizliyə son qoyulmasına da cəhd edilmişdi. Burada hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirməkdə bir qədər sərbəst idi.
Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Tusinin yürütdüyü siyasət ondan ibarət idi ki, heç kim, xüsusən də saray əyanları və digər səlahiyyət sahibləri adamları dini və irqinə görə qınamasın və hamıya hörmətlə yanaşılsın. Bu ideya nəinki Azərbaycan ərazisində, ümumiyyətlə “Elxanilər” dövlətinə daxil olan bütün ərazidə kök salmalı idi. Belə bir model Yaxın Şərqə təşkil edən səlib yürüşlərinin təşəbbüskar ölkələri Fransa, İngiltərə, Almaniya və İtaliyadakı bölgələrin krallıqlarının təəccübünə səbəb olmuş və onların “Elxanilər” dövlətinə münasibəti tamamilə dəyişmişdi. İlk olaraq venetsian və genuyalı tacirlər, sənətkarlar, elmə meylli adamlar Marağa, Təbriz, Ürmiyə, Həmədan, Ərdəbil və digər şəhələrə gələrək burada əsl emansipasiyanın (bərabərliyin) şahidi olmuş və sərbəst şəkildə uzunmüddətli fəaliyyətə başlamışdılar. Şərqdəki nəhəng xristian dövləti sayılan Bizans imperiyasının paytaxtı Konstantinopolda adı şəkilən dövlətdəki kimi əlverişli şərait yaradılmamışdı. Məhz bu səbəbdən xristian tacirləri və dənizçiliklə məşğul olan digər adamlar kompakt şəkildə Təbrizdə müəyyən küçələrində məskunlaşmış və yaxşı qazanc əldə edə bilmişdilər.
Beləliklə, XIII əsrin ikinci yarısında Azərbaycan ərazisindəki multikultural cəmiyyətin yaranması tarixi faktlarla göstərilmişdir. Multikultural cəmiyyətin formalaşması və inkişafı – tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşmişdir. Belə bir cəmiyyətin formalaşmasında və inkişafında demokratiya mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır. Tusi Hülakü xanın dəstəyindən istifadə edərək, ölkədə demokratiya qaydalarının geniş yayılması üçün yorulmaz fəaliyyət göstərmişdir. Ölkədəki tolerantlığın, əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait yaratmışdır.
Marağada və yaxınlıqda olan digər şəhərlərdə cəmiyyətin inkişafı üçün münbit şərait yaradılması, etnik münaqişələrin qarşısının alınması, müxtəlif xalqlar arasında etimadın möhkəmləndirilməsi, bərabərliyin bərqərar olması mültikulturalizmdən xəbər verirdi.
Bir sözlə, ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb. 

 
Yazıçı-tədqiqatçı Ramiz Dəniz
Prezident təqaüdçüsü,
“Qızıl qələm” mükafatı laureatı
 
email: [email protected],
          [email protected]
 
           2 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor M. F. Bayramovun məruzəsi, səh. 264
22828
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic