XİROSİMA İLƏ NAQASAKİNİN FACİƏSİ VƏ ONUN TƏMƏLİ - I HİSSƏ1945-ci il İkinci dünya müharibəsinin başa çatması ilə əlamətdar il sayılır. Lakin həmin ildə iki təqvim var ki, onu bəşəriyyətə qarşı törədilən cinayət günləri kimi təqdim etmək olar – 6 avqust Xirosimaya və 9 avqust Naqasakiyə atılan atom bombaları. Bəzən insanı belə bir suallar düşündürür: Dinc əhalinin sıxlıq təşkil etdiyi bu şəhərlərə nüvə bombalarını atmaq mütləq idi, ya yox? Həmin ölümsaçan mərmilərdən ABŞ yox, digər başqa dövlət istifadə etsəydi, həmin ölkənin aqibəti necə olacaqdı? Ümumiyyətlə, müharibənin başa çatmasına bir neçə gün qalmış yüz minlərlə insanın günahsız ölümünə səbəb olan həmin bombalardan istifadə etmək nə dərəcədə düzgün idi?
Bu məqalənin vasitəsilə həmin ağrılı-acılı suallara cavab tapmağa çalışacağıq. Birinci sual meydana gələndə bir çox mütəxəssislər bildirirlər ki, ABŞ Pyorl-Xarbora görə Yapon imperiyasından qisas almışdı. Elə mən də bu çür düşünürəm. Yaponiyanın hərbi dəniz donanması Havay adalarına istiqamət götürməmişdən əvvəl ölkələr arasında olan siyasi duruma nəzər yetirmək lazımdır. ABŞ-ıın Sakit okeanın cənub və qərb sahillərindəki ağalığına son qoymaq istəyən Yaponiyanın Birləşmiş dəniz donanmasının komandanı admiral İsoroku Yamamoto, müharibəyə başlamaq üçün 1941-ci ilin noyabrın sonunda imperator Xiroxitodan razılıq alır. Hədəfə ABŞ-ın Sakit okeanındakı Havay adalarında yerləşən ən böyük hərbi dəniz donanmasının (orada 94 gəmi və 390 təyyarə cəmləşmişdi) Pyorl-Harbor bazası düşür. Əməliyyata başçılıq edən Yapon Hərbi Dəniz Donanmasının Sakit okeandakı vitse-admiralı Tüiti Naqumo, 6 təyyarə daşıyan gəmilərdəki aviasiyanın iştirakı ilə 7 noyabr 1941-ci ildə Oaxa adasında yerləşən Pyorl-Harbora iki aviasiya həmləsi ilə sarsıdıcı zərbə endirmiş və ABŞ-ın Sakit okeandakı Hərbi Dəniz və Hərbi Aviasiya donanmasına ciddi zərər vermişdi. 4 xətt gəmisi batırılmış (onlardan ikisi müharibənin sonunda təmir edilir), 4-ü isə zədələnmişdi. Daha üç kreyser, üç esminets və mina düzən gəmisi batırılmış və ya zədələnmişdi. Fərqli mənbələrə istinadən 188-dən 272-yə qədər təyyarə partladılmış, 2403 adam öldürülmüş, 1178 nəfəri isə yaralanmışdı. Prezidenti Franklin Ruzvelt 7 dekabrı“tarixə daxil olan günü rüsvayçılığın simvolu”adlandırır. Bu məğlubiyyətə görə ABŞ-ın Asiya donanmasının komandanı admiral Tomas Hart prezidentə yaponlardan sarsıdıcı qisas alacağını söz verir. “Oklahoma” hərbi gəminin batırılması Yaponlar 353 təyyarə ilə hücuma keçmiş və onlardan 29-u geri qayıtmamış, 5 kiçik qabaritli sualtı qayıq isə batırılmışdı. 64 nəfər əməliyyatdan geri qayıtmamışdı. Yapon imperiyasını belə bir cəsarətli addım atmağa nə vadar etmişdi? Axı, Amerika ilə hər hansı bir qüdrətli dövlət müharibəyə başlamaq üçün risq etməzdi? Həmin dövrün hadisələri ondan xəbər verir ki, hər iki dövlətin arasında müharibənin başlanması labüd idi. İş ondadır ki, ABŞ gəmi aviasiyası və Hərbi Dəniz donanması sayəsində Sakit okeanda özünü hegemon dövlət kimi aparır və Yaponiyanın həmin hövzədə hərbi manevr etməyinə böyük əngəl törədirdi. Yəni, superdövlət qıcıqlandırıcı hərəkəti ilə Yaponiyanı müharibəyə təhrik edirdi. Həmin hadisələri təhlil edəndə görürsən ki, ABŞ yaponları hücum edəcəklərini yaxşı anlayır və hərtərəfli olaraq, buna hazırlıq görmək üçün Filippin və İndoneziya arxipelaqları, Hind-Çin yarımadası və Çinin cənub-şərq sahillərində iri hərbi gəmilərini yerləşdirmişdi. Yapon “Zero”larının sarsıdıcı bombardımanı Pyorl-Harborda amerikan linkorunun batırılması
Adları çəkilən ərazidə yaponların hücum edəcəklərini zənn edən amerikanlar, Pyorl-Harbora da real görünməsə belə, hücum edəcəklərini istisna etmirdilər. Lakin buna baxmayaraq, yaponlar məhz adı çəkilən hərbi bazaya hücum etmiş və orada bir dənə də olsun təyyarə daşıyan gəmilərə rast gəlmədilər. Bunu hiss etmək çətin deyildi. Ona görə ki, həmin gəmilər Cənubi-Şərqi Asiyaya yaxın olan akvatoriyadakı strateji məntəqələri qoruyurdular. Adamda belə şübhə yaranır ki, amerikanlar yaponlara hücum etmək üçün müəyyən mənada şərait yaradırdılar. Buna bariz nümunə yapon “Zero”ları (təyyarələri) Pyorl-Harbora çatmaq üçün, amerikan radarları RLS SCR-270 onları şimal-şərqdə müəyyən etmiş, lakin onları öz təyyarələri ilə səhv etmişdilər. Bu nə dərəcədə inandırıcıdır? Sahildə olan hava hücumundan müdafiə sisteminin məsul hərbçiləri, naməlum görünən həmin təyyarələrin kimə məxsus olduğunu aydınlaşdırmaq üçün, ekipaj üzvlərinin heç olmasa biri ilə radioəlaqə yaratmamasının səbəbi nə idi? Səhlənkarlıq? Əlbəttə yox? Bu sualın cavabını Havay adalarındakı hərbi qruplaşmalarının komandanı admiral Hazbend Kimmel yaxşı bilirdi. Belə çıxır ki, amerikanlar yaponların hücumunu gözləsə də, heç bir əməli tədbir görməmişdilər. Vitse-admiral Tüiti Naqumo zərbə effektivliyi baxımdan, amerikanları daha da sarsıtmaq üçün başqa bir məntəqəyə hücum edə bilməzdi? Yəni o, ABŞ-ın qərb sahillərindən yerləşən iri hərbi-sənaye şəhərlərini bombardıman edə bilərdi, ya yox? Məsələn, Los-Ancelos, San-Fransisko, San-Diyeqo, Sietl və digər şəhərlərə. İnandırıcı görünməsə də, manevr baxımdan bu mümkün idi. Faktiki olaraq amerikanlar, nə qədər onların kəşfiyyat təyyarələri Sakit okeanın bəzi akvatoriyalarında axtarışlar aparsalar da, Tüiti Naqumonun armadasını aşkarlaya bilməmiş və yaponlar böyük bir ustalıqla yürüş edərək, görünməz halda Havay adalarına şimal-şərqdən yaxınlaşa bilmişdilər. Halbuki ABŞ-ın sualtı qayıqları həmin donanmanın dislokasiya olduğu İturub adasının (Kuril adaları) Hitokappu körfəzindən (indiki Kasatka) bir qədər aralıda kəşfiyyatla məşğul olmuş və o irilikdə donanmanı nəzərdən qaçırmışdılar. Qeyd etmək lazımdır ki, həmin reyddə 441 təyyarəsi olan 6 aviadaşıyıcı gəmilərin(“Akagi”, “Kaqa”, “Xiryu”, “Soryu”, “Sökaku” və “Dzüykaku”) eskortunda 2 xətt gəmisi, 2 ağır və 1 yüngül kreyser, 9 esminets və tərkibində 5 karlik sualtı qayığı olan 6 iri sualtı qayıq iştirak etmişdi. Karlik sualtı qayıqları nəzərə alınmasa, ümumilikdə 26 gəmi döyüşə yollanmışdı. Bu irilikdə donanmanı gözəgörünməz etmək Tüiti Naqumonun peşəkar hərbçi olmasından xəbər verirdi. Onlardan ikisi dörd esminetsin müşayiəti ilə yollarını Amerikanın qərb sahillərinə kimi davam etsə idi, şübhəsiz ki, yuxarıda adı çəkilən şəhərlərdə böyük dağıntılar əmələ gətirərdilər. Çünki yapon kəşfiyyatına məlum idi ki, amerikan aviadaşıyıcıları və digər iri gəmilər San-Diyeqonu tərk edib, Havay adalarına köçürülmüşdü. Lakin admiral belə bir risqə getməyərək ABŞ ilə Sakit okean hövzəsində müharibə etməyi qərara almışdı ki, zəif tərəf həmin regiondan uzaqlaşsın. Yaponiyanın faciəsi onda idi ki, o eyni vaxtda güclü hərbi dəniz donanmaya malik olan dünyanın iki böyük ölkəsi ilə - İngiltərə və ABŞ - eyni vaxtda müharibəyə başlamışdı. Həmin donanmaları isə zərərsizləşdirmək mümkün olmadı. Ağır aviadaşıyıcı «Xiryu” İllər ərzində ABŞ Sakit okeandakı hegemonluğunu özünə qaytarmaqla yanaşı, Yaponiyanın ərazisini bombardıman etməyə başladı. Bu artıq Yaponiyanın minlərlə arxipelaqlarda yaratdığı hərbi bazalar yox, dinc sakinlərin məskunlaşdığı iri şəhər, kənd və qəsəbələr idi. (Əvvəli - “Amerikanlar nüvə bombaları ilə təkcə Yaponiyaya yox, ümumilikdə bəşəriyyətə zərbə vurublar” adlı məqalədə) Hörmətlə yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz email: [email protected], [email protected] 21439
|
|