AMERİKANLAR NÜVƏ BOMBALARI İLƏ TƏKCƏ YAPONİYAYA YOX, ÜMUMİLİKDƏ BƏŞƏRİYYƏTƏ ZƏRBƏ VURUBLAR - II HİSSƏ
(Əvvəli - “Xirosima ilə Naqasakinin faciəsi və onun təməli” adlı məqalədə)
Pyorl-Harbora görə dinc əhalinin çoxluq təşkil etdiyi iki böyük şəhərə nüvə bombaları atmaq düzgündürmü? Əlbəttə yox! Bu insanlıq qarşısında törədilən ağır bir cinayətdir. Lakin qisasçılıq baxmdan amerikanlar özlərinə bəraət qazandırmaq istəyirlər. Bu məsələdə təzadların olması göz qabağındadır. Ona görə ki, Pyorl-Harbor hərbçilərin dislokasiya olunduqları böyük hərbi bazadır, Xirosima ilə Naqasaki isə mülki əhalinin məskunlaşdığı iri yaşayış məntəqələridir. Yaponların hücumu zamanı adanın müəyyən infrastrukturuna ziyan dəyməmişdi – elektrik stansiyası, gəmi dayanacağı və tərsanəsi, yanacaq və torpeda ambarları, o cümlədən Baş idarənin binası salamat qalmışdı. Bundan əlavə zərərsizləşdirilən xətt gəmiləri Birinci dünya müharibəsindən qalmışdı və su hövzəsində hökm sürən aviasiyanın hegemonluğundan öz təsir güclərini itirmişdilər. Yuxarıda qeyd etdiyim kimi okeanda taktiki üstünlüyü ilə seçilən aviadaşıyıcı gəmilərin biri də olmamışdı.
Amerikanların yapon donanmasına hücumu “Aqaki” aviadaşıyıcısının batırılması
İş ondadır ki, yaponlar Pyorl-Harbordan sonra amerikanların Sakit okeandakı ikinci böyük hərbi bazanı –Miduey atollu – darmadağın etmək üçün, 1942-ci ilin iyunun 4-5-də 4 aviadaşıyıcı (“Akaqi”, “Kaqa”, “Soryu”, “Xoryu”) və iki kreyserin (“Moqami” və “Mikuma”) köməyi ilə hücum təşkil etmişdilər. Məqsəd Sakit okeandakı strateji üstünlüyü ələ almaq idi. Qabaqlayıcı tədbirə əl atmış Amerika ordusu “Moqami”dən başqa bütün gəmiləri batırırlar. Lakin həmin qələbə asan başa gəlməmişdi: Midueydəki infrastrukrun dağılması ilə yanaşı, amerikalar döyüşlərdə 150-dən çox təyyarə və “Yorktaun” aviadaşıyıcı ilə “Hammann” esminetsini itirmişdilər.
“Soryu” aviadaşıyıcısının batırılması
Nüvə bombasından istifadə edilməsinə ehtiyac vardı, ya yox? Hələ aprel-iyun aylarındakı (1945) Okinava adalarının ələ keçirilməsində ABŞ total bombardımana əl atmış və adı çəkilən adalarda demək olar ki, salamat yer qoymamışdı. Məhz bunun nəticəsində 93-dən 110 minə qədər yapon əsgəri və 100 mindən çox mülki əhali öldürülmüşdü. Halbuki amerikanlar birbaşa toqquşmalarda 12 min əsgər itirmişdilər (39 min isə yaralanmışdı).
Okinava adalarına hücum zamanı vitse-admiral Onişi Takidziro amerikanlıların əsl baş ağrısına çevrilmişdi. Samuray adətləri ilə böyümüş həmin hərbçi Yaponiyada ilk kamikadze dəstəsini yaratmış və sonrakı mərhələdə bu kütləvi xarakter almışdı. 1945-ci ildə o, bəyan etmişdi ki, “xüsusi hücumlar nəticəsində biz 20 milyon qurban verməklə, şəksiz qələbə əldə edəcəyik”. Lakin imperator Xiroxito 15 avqustda radio vasitəsilə millətinə kapitulyasiyanı elan edəndə, ertəsi günü Onişi Takidziro məğlubiyyət biabırçılığına dözməyib, xarakiri etməklə özünü öldürmüşdü.
Beləliklə, 25 oktyabr 1944-cü ildə İmperiya qərargahı Tokioda, Hərbi Dəniz Qüvvələrinin tərkibində, kamikadze adlı xüsusi qoşun hissəsi yaradır və qəribə olsa da, ora daxil olmaq istəyənlərin sayı həddindən çox olur. Məhz onların sayəsində müharibənin sonuna qədər, yaponlar düşmənin yanacaq, silah-sursat, hərbi kazarmalar, tank və artilleriya qurğuları nəzərə alınmadan, 81 gəmisini batırmış, 195 gəmini isə zədələmişdilər (amerikanların məlumatına görə 34 gəmi batırılmış, 288-i zədələnmişdi). Həmin müddət ərzində yaponlar 2525 dəniz və 1388 ordu kamikadze-təyyarəçiləri həlak olmuşdu.
Amerikanlar Okinava adalarına hücum edirlər
Fanatik kamikadzelərin sayəsində baş verəcək itkilərin çox olacağını nəzərə alan ABŞ komandanlığı “Dounfol” əməliyyatından (Küsü və Xonsyu adalarına ümumilikdə 4,5 mln amerikan hücum edəcəkdi) imtina edir və atom bombalarına üstünlük verir.
1945-ci ilin may ayı üçün qüdrətli yapon imperiyası həddindən artıq zəifləmiş və bütün cəbhələrdə uğursuzluğa düçar olmuşdu. Lakin buna baxmayaraq, hədəfin seçilməsi üzrə Komitə, 10-11 mayda Los-Alamosda ikinci dəfə toplaşmış və nüvə bombasını Kioto, Xirosima, İokohama, Kokuru və Niiqata şəhərlərinə atmağı təklif etmişdilər. Diqqət yetirsək görərik ki, bu siyahıda bir dənə də mülki adamların yaşamadığı məntəqə yoxdur. Halbuki amerikanlar yenicə icad olunmuş nüvə bombasını iyulun 16-da Nyu-Meksiko ştatının poliqonunda sınaqdan keçirmiş və həmin bombanın hansı dağıdıcı gücə malik olduğunu mütəxəssislər öz gözləri ilə görmüşdülər. Sonrakı mərhələdə Kioto şəhəri ABŞ-ın hərbi naziri Henri Stimsonun sayəsində qara siyahıdan çıxarılır. Məlumdur ki, o, ailə həyatı quranda həyat yoldaşı ilə birlikdə həmin şəhərdə bal ayını keçirmişdi.
Böyük bir cinayətə hazırlaşan ABŞ-ın prezidenti Harri Trumen, 24 iyulda Potsdam konfransında bomba barəsində dolayısı yolla Stalinə xəbər vermişdi. Bir gün sonra o, avqustun 3-dən başlayaraq adı çəkilən şəhərlərin bombalanmasını əmrini təsdiqləyir. Maraqlı məqam ondan ibarətdir ki, iyulun 26-da ABŞ, Böyük Britaniya və Çin hökumətləri Potsdam deklarasiyasına imza ataraq, Yaponiyanın qeyd-şərtsiz kapitulyasiya qəbul etməsini irəli sürürlər. Lakin həmin sənəddə atom bombasından bir kəlmə də olsun xəbər verilmir. Bu bir növ Harri Trumenin hiyləgər və məkrli siyasətinin bir hissəsi idi və məhz onun bu çirkin siyasəti nəticəsində yüz minlərlə dinc yapon sakini amansızcasına məhv edilmişdi.
Həm Baş nazir Kantaro Sudzuki, həm də imperator Xiroxito primitiv görünən kapitulyasiyanı qəbul etmirlər. Çünki onlar qəsbkarların yapon xalqının üzərindəki hökmranlığını heç cürə qəbul etmək istəmirdilər. Halbuki amerikanlar Nyu-Meksikonun poliqonunda keçirilən sınağın kinolentini yapon hakimiyyətinə təqdim etsəydilər, onda çox güman ki, hakimiyyət öz xalqının taleyinə biganə qalmayıb müharibəni dayandıracaqdılar.
Lakin böyük qətliama səy göstərən Harri Trumen əsas faktı imperator Xiroxitodan gizlətməli oldu və qərargahlar rəislərinin Birləşmiş komitəsinin rəisi Corc Marşalla öz xeyir-duasını vermişdi. O, da öz növbəsində iyulun 28-də nüvə silahının hərbdə tətbiq edilməsi əmrini imzalayır. Ona görə ki,“İndianapolis” kreyseri iki gün əvvəl “Little Boy” (“Uşaq”) adlı bombanı, 509-cu amerikan qarışıq aviasiya qrupunun yerləşdiyi Tinian adasına gətirmişdi.
Nüvə zərbəsinin böyük şəhərlərə endirilməsi hələ ABŞ-da Manhetten layihəsinin rəhbəri general-mayor Lesli Qrovs tərəfindən imzalanmışdır. Layihəyə əsasən, “münasib hava imkan verəndə avqustun 3-dən sonra zərbə endirilməliydi”.
ABŞ-ın strateji aviasiyasının komandanı general Karl Spaats iyulun 29-da Marşallın əmrini Tinian adasına gətirir. İyulun 28 və avqustun 2-də“Fat Man” (“Gombul”) atom bombasının kompanentləri adaya gətirilir.
Statistikaya əsasən, müharibə gedən zaman Xirosimanın əhalisi 380 min nəfərə çatırdı və əhalisinə görə şəhər Yaponiyada 7-ci yerdə idi. Lakin bomba atılan ərəfədə orada 245 min sakin qalmışdı.
Prezident Trumenin əmrinə görə bomba şəhərə ayın 3-də atılmalı idi. Havanın buludlu keçməsi Xirosimanın sakinlərinin ömrünü daha üç gün uzatdı. Avqustun 6-da növbə Naqasaki ilə Kokurenin olduğu halda, oranın buludlu olmasına görə, B-29 bombadıman təyyarəsinin(“Enola Gay”) komandiri polkovnik Pol Tibbets kursu Xirosimaya tutur. Onu həmin şəhərə üçüncü kəşfiyyat təyyarəsinin pilotu mayor İzerli istiqamətləndirmişdi (o, havanın şəhərdə münasib olduğunu Pol Tibbetsə xəbər vermişdi). Kəşfiyyat təyyarəsinin verdiyi məlumata əsasən, şəhərin üzərindəki səma təmiz idi.
Xirosima qətliamında iştirak etmiş ekipaj üzvləri
Atılan bomba saniyələrlə ölçülən müddətdə 90-dan 100 min nəfərə kimi insanın cəsədini tanınmaz hala saldı. İlin sonunda bu rəqəm 166 minə çatmışdı. Episentrdə və ona yaxın olan ərazidə nəinki insan, hətta həşaratlar da salamat qalmadı. Statistikaya görə Pyorl-Xarbora hücum ediləndə 54 mülki adam həlak olmuşdu. Fərq astronomikdir.
İkinci nüvə bombası avqustun 9-da pilot mayor Çarlz Suini “Bockscar” adlı B-29 bombardıman təyyarəsindən Naqasaki şəhərinə atıldı. Həmin bomba 80 minə yaxın insanın həyatına bir anda son qoymuşdu.Bu, yapon xalqına qarşı törədilən əsl genosid sayılırdı. Çünki sonrakı illərdə radiasiyadan ölənlərin sayi hər iki şəhər üzrə ümumilikdə 400 min nəfər təşkil etmişdi.
Ümumiyyətlə, ABŞ höküməti mütəmadi olaraq Yaponiyanı atom bombaları ilə bombalamağı planlaşdırmışdı. Növbəti nüvə bombası avqust ayının ortasında, digərləri isə sentyabr və oktyabrda hər aya üç bomba hazırlanmalı idi. Lakin ABŞ Müdafiə Nazirliyi Yapon adalarına hərbi müdaxiləsi nəzərdə tutulan “Daunfol” əməliyyatı başlayana qədər müvəqqəti olaraq, nüvə silahından istifadəni dayandırmalı oldu.
Bəşəriyyətin varlığına birbaşa təhlükə olan həmin bombaların fəsadları Yapon hökümətində şok effekti yaratdı və məhz buna görə də xalqını aşkar qırğından xilas etmək üçün Yaponiyanın Baş nazir Kantaro Sudzuki və xarici işlər naziri Toqo Sigenori avqustun 15-də müharibəni dayandırmağa məcbur olurlar. Formal olaraq qeyd-şərtsiz kapitulyasiya aktı isə sentyabrın 2-də imzalanır.
Yuxarı planda Naqasaki atom bombasından sonra. Aşağıda indiki Naqasaki
Burada bir qeyd vermək məcburiyyətindəyəm. Müharibə başlanandan bəri Yapon ordusu SSRİ-yə qarşı hərbi əməliyyatlar keçirmədiyindən, Yapon hökuməti ABŞ və İngiltərə ilə müharibəni dayandırmaq üçün, Xirosimaya atılan bombadan sonra Stalinin vasitəçiliyinə ümid etmişdi. Lakin belə bir vəziyyətdə Kantaro Sudzuki kabineti ikinci ağır zərbəni alır. İkinci atom bombasına görə matəm içərisində olan Yaponiya elə avqustun 9-da sovet qoşunlarının hücumuna (SSRİ Yaponiyanın Mancuriyadakı ən böyük quru ordusuna qarşı ildırım sürətilə hücuma keçmişdi) məruz qalır. Hazırda cəbhədə vəziyyət daha da acınacaqlı hal alır – Yaponiya hərbi cəhətcə dünyanın ən qüdrətli orduları ilə üz-üzə qalmış və hamı bacardıq qədər Gündoğan ölkəni sarsıtmağa çalışırdı. Sanki ətrafdakı ölkələr yarımcan olan Yaponiyanı didib-parçalamaq üçün yarışa girmişdilər. Məlumdur ki, Yaponiya belə bir vəziyyətdə düşmənlərə çox tab gətirə bilməyəcək və növbəti nüvə bombasının partlayışından ehtiyat etməli olmuşdu.
Dahau, Osventsim, Treblik, Beljenits, Maydanek, Mauthauzen və digər konslageri amerikanlar bir qədər fərqli şəkildə Xirosima və Naqasaki şəhərində açıq səmada yaratdılar, amma bir qədər fərqli formada. Əgər, həmin ölüm düşərgələrində əsasən yəhudilər və slavyan mənşəli adamlar öldürülürdüsə, burada heç kimə fərq qoyulmamışdı. Sadəcə olaraq körpə uşaq, yeniyetmə, əlillər və ahıl insanlar burada böyük əksəriyyət təşkil etmişdilər Maraqlıdır, Nürnberq şəhərində başlamış məhkəmədə müttəhimlər kürsüsündə əyləşmiş SS zabitlərinin və hərbi nazirlərin, Xirosima və Naqasakinin dinc sakinlərini qanına qəltan edən prezident Qarri Trumen, Corc Marşall, Pol Tibbets, Lesli Qrovs, Çarlz Suini və digərlərinin fərqi nədədir? Axı, hər iki halda insanlığa qarşı cinayət törədilmişdi.
Dəhşətlisi odur ki, Pol Tibbets idarə etdiyi ölüm təyyarəsini anası Enola Gey Haqqartın şərəfinə“Enola Gay” adlandırmış və bununla da o, qürur hissi keçirmişdi. Zənnimcə Enola Gey yırtıcı xislətli oğlu ilə fəxr edə bilməzdi.
Bu faciə ondan xəbər verirdi ki, nə qədər belə bir ölümsaçan bomba Qarri Trumen kimi insanlıq qarşısında olan məsuliyyəti dərk etməyən və Pol Tibbets kimi vicdan əzabı çəkməyən təkəbbür sahiblərində olacaq, bir o qədər bəşəriyyət ölüm təhlükəsi ilə üzləşəcək.
Partlayış episentrinə yaxın olanların hamısı ani məqamda külə dönərək həlak olmuşdular. Aralı uçan quşlar elə göydə alışıb yanmışdılar. Kağız kimi quru materiallar 2 km. aralıda alovlanmışdı. Şüalanma əyində olan paltardakı tünd şəkilləri yandıraraq bədənə yapışdırmış, insan siluetinin isə kölgəsini divara həkk etdirmişdi. Partlayış dalğası və şüalanmadan sonra yaranmış boğucu bürkü bayırdakılara aman verməmişdi. Episentrdən 800 metr aralıda olanların 90 faizi bir neçə dəqiqə ərzində ölmüşdülər.
19 km. aralıda olan evlərin şüşələri partlayış dalğası nəticəsində sınmışdı. Şəhərdə yaranan çoxsaylı alovların hamısı bir-biriləri ilə birləşərək, nəhəng alov burulğanı əmələ gətirmiş və iti sürətlə episentrə doğru hərəkət etmişdi. 11 km2-lik ərazini əhatə edən burulğan ilk dəqiqələrdə evindən çıxan bilməyən sakinlərin hamısını amansızcasına öldürmüşdü.
Təsəvvür edin, belə bir fəlakətdən sonra ABŞ prezidenti növbəti faciənin qarşısını almaq əvəvzinə normal insana sığmayan məsuliyyətsiz bir bəyanatla çıxış etmişdi:“Hazırda biz, yaponların hər bir şəhərlərdəki istehsal gücünü, daha tez və tam şəkildə darmadağın etməyə hazırıq. Biz onların tərsanələrini, fabriklərini və kommunikasiyalarını məhv edəcəyik. Qoy heç bir anlaşılmamazlıq olmasın – biz Yaponiyanın müharibə aparmaq bacarığını tam olaraq məhv edəcəyik”... Köməksiz körpə, uşaq, hamilə qadın və ahıl insanları nüvə silahı ilə məhv etməkdən həzz alan dövlət başçısına nə ad vermək olar?
Atom bombasından sonra Xirosimanın qlıqları
Yer kürəsinin ən dəhşətli faciəsi sayılan Xirosima ilə Naqasaki şəhərlərinin əhali qarışıq atom bombaları ilə yerlə-yeksan edilməsinin üstündən 71 il keçir. Bütün dünya bu qətliamdan nəticə çıxarmalı və yetişən gənc nəsli bu istiqamətdə maarifləndirməlidir ki, bir daha belə bir bəşəri cinayətə əl atmasınlar. Şəxsən mən, orta məktəb illərindən bəri həmin faciədən dəhşətə gəlir və Yapon xalqının hansı müsibətlərdən keçməsini təsəvvürümə belə gətirə bilmirəm.
Mənim fikrimcə, hərbi cəhətcə qüdrətli olan dövlətin idarəçilik sisteminə yiyələnmək və böyük siyasətə qoşulmaq istəyən hər bir kəs məqsədinə nail olmamışdan əvvəl ilk öncə, YUNESKO-nun ümumdünya irs sırasına daxil olan Xirosimadakı “Gembaku gümbəzi”ni (“Atom gümbəzi”) ziyarət etsələr, bəlkə də nüvə və bakterioloji silahlarla heç bir ölkəni təhdid etməz və ümumiyyətlə, həmin silahların məhv edilməsi istiqamətində mühüm addımlar atmalıdırlar. Dəmir-betondan inşa edilən bu bina prtlayış episentrindən 160 metr aralıda olmuş və onun qalıqları həmin dəhşətli anların kiçicik bir hissəsini özündə əks etdirir. Məhz onda başa düşmək olar ki, yapon xalqı hansı müsibətlərdən keçibdir. Axı, amerikanlar dərk etməliydilər ki, amasızcasına qətlə yetirdikləri uşaqların arasında gələcəkdə nəinki Yaponiya, hətta bütün dünya üçün yetişdiriləcək neçə-neçə elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, o cümlədən Nobel və Oskar mükafatı laureatları ola bilərdi. Onlar həmin nüvə silahları ilə nəinki Yaponiyaya, hətta bəşəriyyətə sağalmaz yara vurduqlarını dərk etməlidirlər.
P.S. Yapon xalqı qədim tarixi kökə, zəngin mədəniyyətə və bənzərsiz adət-ənənələrə malikdir və xarakterində olan dözümlülük, mətanət, dəyanət, rəşadət, dönməz iradə, əyilməz əqidə hər kəsə bəllidir. Məhz bu səbəbdən onlar bəşər tarixində misli görünməmiş ölüm kabusuna qarşı mətanətlə sinə gərərək, fəlakətlə üzləşib sağ çıxan Xirosima və Naqasaki sakinlərinə təsəlli vermiş və qəbristanlığa döndərilmiş şəhərlərinin bərpası ilə məşğul olan yaponlar, məhv olmadıqlarını və bəla qarşısında aciz qalmadıqlarını bütün dünyaya sübut etdilər.
Gec-tez ədalət zəfər çalır. Vaxt gələcək bu, qətliamı törədənlərin hamısı qiyabi olsa belə, ədalət məhkəməsi ilə mühakimə olunacaqlar. Çünki heç bir cinayət cəzasız qalmır.
Hörmətlə yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz
20173