KATOLİK PAPA, İSPAN İNKVİZİSİYASI VƏ ƏRƏBLƏRLƏ YƏHUDİLƏRƏ QARŞI SOYQIRIM - III YAZI

                                               (əvvəli “Pontifiklərin cinayəti sayılan səlb yürüşləri” adlı yazıda)
  
Bu ondan xəbər verir ki, xristianlıq prinsiplərindən uzaq olan katolik papaları başqalarının qazandıqlarını reket yolu ilə ələ keçirmiş, üstəlik isə həmin adamları ən sərt üsullarla öldürmüşdülər. Buna bariz nümunə 1492-ci ildə İspaniyada Rekonkista başa çatan kimi ərəblərə və yəhudilərə qarşı törədilən soyqırım idi ki, həmin cinayətdən sonra ölkədə əsrlərboyu yaşamış iki böyük xalqın varidatı ispan inkvizisiyası ilə pontifik arasında bölüşdürülmüşdü. Bu azmış kimi ispan konkistadorları, sonradan isə portuqal, ingilis və fransızlar Amerika qitəsinə yollanaraq, orada minillərlə yaşamış on milyonlarla aborigenlərə qarşı soyqırım tətbiq etmiş və görməmişcəsinə onların maddi sərvətlərini, xüsusən də qiymətli metalları və daş-qaşları Avropaya daşımışdılar.
İspan kralları İzabella Kastiliyalı ilə Ferdinand Araqonlu martın 31-i 1492-ci ildə, tarixə Alqambra edikti kimi düşən xüsusi fərman imzalamışdılar. Həmin fərmana əsasən iyulun 31-nə kimi xristianlığı qəbul etməyən yəhudilər monarxların ərazilərini tərk etməli idilər. 1500 ildən çox İspaniya ərazisində yaşayan bütöv bir xalq doğma yurdlarından didərgin salınmışdı. Elə həmin ildə də belə bir müsibət 800 ilə yaxın İspaniyada yaşayan ərəblərin başına gəldi. Qranada süqut edəndə (2 yanvar 1492-ci il) katolik krallarına həmin kompaniyada yəhudi maliyyəçiləri İsaak Abravanel və Abraham Senyor (1412-1493) böyük yardım göstərmişdilər.
Portuqaliyada sığınacaq tapmış yəhudilər, 1497-ci ildə kral I Manuelin fərmanına əsasən, xristianlığı qəbul etmədikdə, ərəblərlə birlikdə oradan da qovulmuşdular.
 Maraqlı detalı xatırlamaq lazımdır. Qranada təslim olanda kral Ferdinand dilin və mədəniyyətin saxlanması ilə bağlı ərəblərlə müqavilə imzalayır. Lakin 1499-cu ildə ərəblər bütün İspaniyada təqib olumağa başlamış və onları zorla xristianlaşdırılmağa başladılar. Kralın baş inkvizitoru göstəriş verir ki, xristianlığı qəbul etməyənlərin hamısını, o cümlədən qadın və uşaqları qılıncdan keçirsinlər. Xristianlığı qəbul edənləri moriskilər adlandırdılar. Ən dəhşətlisi o idi ki, moriskilərin özünü də rahat buraxmadılar; dominikan Bled İspaniyada qalan bütün ərəbləri qılıncdan keçirmək üçün soyqırıma başlamışdı. İnsanlığı itirmiş həmin xristian deyirdi ki, “Allah o dünyada özü götür-qoy edəcək – kim cəhənnəmə və ya Cənnətə düşəcək”.
İfrat xristian sayılan cəllad Bled bildirmişdi ki,  ölkəni tərk edən moriskilərin 80 faizini elə yoldaca öldürmüşdü. Yalnız bir ekspedisiyada Afrikaya keçmək istəyən 140 min ərəblərin 100 mini elə dənizdəqətlə yetirilmişdi. Sedilotun və başqa müəlliflərin araşdırmalarında göstərilir ki, Ferdinaddan başlayaraq ta ki, ərəblərin tam qovulmasına qədər (1610-cu ilə qədər) 3 mln müsəlman öldürülmüşdü. Məhz həmin qətliamdan sonra Avropada ən güçlü dövlət sayılan İspaniya elə tənəzzülə uğradı ki, hələ də həmin inkişafı bərpa etməyə nail olmayıbdır.
  
Ərəblərin İspaniyadan deportasiya edilməsi                    Yəhudilərin İspaniyadan deportasiya edilməsi
Yəhudilər isə bilməlidilər ki, İspaniyada onları tam məhvdən məhz türklər qurtarmışdılar.
Qranada əmirinin süqutundan sonra yəhudilərə qarşı əsl soyqırımın başlandığını eşidən Sultan II Bəyazidin əmri ilə avqust ayında, admiral Kamal Rəisi böyük donanma ilə, qaçqınların doluşduğu Kadis limanına yollanmışdı. Dəniz quldurlarından qorxan yəhudilər gəmilərə minməyə çəkinirlər. Ona görə ki, Mərakeş sahillərinə yollanan yəhudilərlə dolu olan gəmilərin tam əksəriyyəti dəniz quldurlarının əlinə keçərək, amansızcasına qətlə yetirilmişdilər. Kamal Rəis limana daxil olan kimi hamıya bəyan etmişdi ki, Sultan II Bəyazid bütün yəhudiləri öz himayəsinə götürür və türk donanması mütəmadi olaraq 150 minə yaxın ispan yəhudisini Türkiyəyə köçürmüşdü.
Buradan belə nəticə çıxarmaq olar ki, Pireney yarımadasında yəhudilərin əsl dayağı ərəblərin timsalında müsəlmanlar idi, xristianlar soyqırıma başlayanda isə yenə də onların köməyinə müsəlmanlar gəlmişdi, amma bu dəfə türklərin qismində.
Əlavə olaraq bildirmək istəyirəm ki, XV əsrin sonuna qədər yəhudilər, Avropada bir neçə dəfə kütləvi qırğına və deportasiyaya məruz qalmışdılar: Hələ 1-ci səlib yürüşü zamanı (1096-1099) Almaniyadan keçən xaçpərəstlər oradakı yəhudiləri ucdantutma qırmışdılar. Elə bir aqibətlə yəhudilər 1290-cı ildə İngiltərədə, 1306-cı ildə isə Fransada üzləşmişdilər.
İzabella Kastiliyalının və Ferdinand Araqonlunun xahişi ilə papa IV Sikst (1471-1484) 1478-ci ildə İspaniyada inkvizisiya yaradılmasına razılıq vermiş və iki ildən sonra fəaliyyətə başlamışdı. Dominikan ordeninin üzvü, öz vəhşiliyi və yırtıcılığı ilə Afrikadakı kaftarlardan (giyena) fərqlənməyən Tomas de Tokvemada 1487-ci ildə baş inkvizitor təyin olunmuşdu.

İnkvizisiyanın törətdiyi ekzekusiyalar
 
İspaniyada yaradılan 17 katolik tribunalın hər birisi ildə 10 adamı tonqala göndərmiş, ümumiyyətlə isə 32 min adam inkvizisiya tərəfindən edam edilmişdi. 1498-ci ilə qədər şəxsən Torkvemadanın göstərişi ilə 2 mindən çox adam tonqalda yandırılmışdı. Lakin bu siyahıya edam edilmiş Amerika hinduları daxil deyil.
Tarixçilər qeyd edirlər ki, ümumiyyətlə inkvizisiya tərəfindən 339 min adam ən amansız şəkildə işgəncələrə məruz qalmış və onların əksəriyyəti yarımmeyit vəziyyətdə azadlığa buraxılandan sonra qısa müddət ərzində dünyalarını dəyişmişdilər.
Dini baxışlardan etnik mənsubiyyətinə keçid, yeni dövr üçün soyqırımların baş verməsinə təkan verdi və bu səbəbdən Amerikadakı aborigenlərinin kütləvi qırğınına heç bir Avropa dövləti müdaxilə edə bilmədi. Bu ayrıseçkilik, hətta başqa dinlərə mənsub olan millətləri də qan içərisində boğdu. Buna bariz nümunə X əsrin sonundan XV əsrin ortalarına kimi xristian dünyasının türklərə və ümumilikdə müsəlmanlara qarşı total müharibələri, XV əsrin sonlarında ərəblərin, sonra isə yəhudilərin İspaniyada ispanlar, XV-XX əsrdə Amerika hindularının ispan, portuqal, ingilis, fransız, amerikanlar (XVIII əsrin 70-ci illərində müstəqillik qazanandan sonra) XVII-XIX əsrlərdə indoneziyalıların hollandlar, Qərbi Hindistan, Mozambik, Anqola, Qvineya sahil zolağında əhalinin portuqallar, XVIII-XIX əsrlərdə hindistanlıların və benqaliyalıların ingilislər, Hind-Çin yarımadasındakı yerli əhalinin fransızlar, XIX əsrdə konqoluların belçikalılar, XX əsrdə azərbaycan və türklərin ermənilər, yəhudilərin və rusların almanlar, yaponların, vyetnamlıların amerikanlar və s. tərəfindən qırılmasıdır ki, bu məsələdə Katolik kilsəsi təhrikçi rolunu oynamışdır.
  
                  Tonqala məruz qalanlar                                    Tonqalda əsasən şərlənən qadınlar yadırılırdı

1 aprel 1992-ci ildə ispan kralı Xuan Karlos sinaqoqa gəlmiş və 500 il əvvəl baş verən haqsızlığa görə bütün yəhudilərdən üzr istəmişdi. Halbuki rəsmi rəqəmlərə görə 500 minə (bəzi mənbələrə əsasən 1 milyon) yaxın yəhudinin bir qismi amansızcasına məhv edilmiş və digər hissəsi isə ölkədən qovulmuşdu. Lakin ərəblərin taleyi yada salınmadı.
 

                                         (ardı “Pontifikin sərsəm fikri və milyonlarla qırılan Amerika hinduları” adlı yazıda)

 
email: [email protected],
          [email protected]


 
19372
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic