PONTİFİKİN SƏRSƏM FİKRİ VƏ MİLYONLARLA QIRILAN AMERİKA HİNDULARI - IV YAZI
(əvvəli “Katolik papa, ispan inkvizisiyası və ərəblərlə yəhudilərə qarşı soyqırım” adlı yazıda)
Roma pontifiklərinin xeyir-duası ilə dördüncü qitəyə yollanan xaçpərəstlər bərəkətli, münbit torpaqda məskunlaşan, xüsusən də möhtəşəm mədəniyyət abidələri və özünəməxsus sivilizasiya yaratmış iki mindən çox dilə mənsub olan aborigenləri fiziki cəhətcə məhv etməklə, bəşəriyyət tarixində ən uzunmüddətli, miqyaslı bir soyqırım təşkil etmiş və bu ləkə əbədi olaraq, qatillərin tarixinə yazıldı.
Avropalılar Amerika qitəsinə tökülşəndə hinduları bir heyvan kimi amansızcasına məhv etməyə başlamışdılar. Onları sadəcə olaraq, “İncil”də hallanmadıqlarına görə, milli mənsubiyyətlərinə görə öldürürdülər. “Ekspress qəzeti”nin eksperti professor Andrey Qonçarov bununla bağlı bir neçə elmi əsər yazmış və birmənalı şəkildə bildirmişdi ki, Amerikada aborigenlərə qarşı əsl soyqırım baş vermişdi və bu fakt kimi bir çox alimlər tərəfindən təsdiqlənibdir.
Andres Bernaldesin “Katolik kralları don Ferdinand və donya İzabellanın tarixi”, Pyetro Martirenin “Yeni Dünya barəsində”, Las Kasasın “Hindistanın tarixləri”, Ovyedo-i-Valdesin “Hindistanların ümumi və həqiqi tarixləri”, Lopes de Qomaranın “Hindistanların ümumi tarixləri” əsərləri oxuduqda həmin dövrün ab-havasını təsəvvür etmək asanlaşır və Yeni Dünyada baş verən qeyri-insani cinayətlərdən hali olursan. Bu əsərlər, hələ orta əsrlərdə aqil insanlar arasında birmənalı qarşılanmır və katolik kilsənin humanizm prinsiplərinə şübhə ilə yanaşırlar.
İspan humanisti, tarixçi-alimi, publisisti, ictimai və dini xadim Bartolome de Las Kasas (1474-1566) 1502-ci ildə Espanyola adasına qədəm qoyanda orada gördüyü vəhşiliklərdən dəhşətə gəlmiş və hərtərəfli olaraq aborigenlərin müdafiəsinə qalxır. Bunu bir növ haqsızlığa, qətliamlara, qeyri-insani rəftarlara, işgəncələrə və etnik təmizləməyə qarşı ucalan etiraz səsi kimi başa düşmək olar. Onun 1552-ci ildə nəşr etdirdiyi “Hindistanların dağılmasının qısaca reallığı” (ispan dilində “Brevísima relación de la destrucción de las İndias”) əsərində konkistadorların Amerikada, xüsusilə də Karib dənizidə yerləşən adalarda, indiki Meksika və Qvatemalada törətdikləri vəhşiliklər bütün çılpaqlığı ilə göstərilibdir. Önəmlisi odur ki, əksər işgəncələri, qətliamları, yırtıcı münasibətlərin şahidi özü olmuş, yalnız müəyyən bir hissə digər şahidlərin sözləri ilə ifadə olunmuşdu. Məhz Las Kasasın İspan monarxlarına, xüsusilə də şahzadə Filippə ünvanladığı müraciətlər əsasında müstəmləkələrdə yaşayan hinduların müdafiəsi ilə bağlı 1542-ci ildə yeni qanunlar tətbiq edilmişdi. Papa özü üçün əziyyət olsa da, verdiyi bullasında yerli əhalini adam hesab etməyi bildirmişdi.
Las Kasasın həyəcan təbilindən sonra Amerikada aborigenlərə qarşı sözün əsl mənasında total bir soyqırım baş vermişdi. Bir çox Qərb alimləri törədilən cinayətin miqyasını azaltmaq üçün qitədə yaşamış hinduların sayını cəmisi 16 mln. göstərməyə çalışırlar. Lakin həqiqətdə başqa rəqəmlər tarixin səhifələrində əmələ gəlir. Əksər tarixçilərin verdiyi məlumata əsasən, Kolumb Amerikaya qədəm qoyanda, orada 75 mln. hindu yaşayırmış – 35 mln. Şimali, 40 mln. isə Cənubi Amerikada. Yalnız indiki ABŞ-ın ərazisində 15 mln. hindu yaşayırmış və 1620-ci ildən 1900-cu ilə qədər aborigenlərin sayı 237 min nəfərə kimi düşmüşdü.
İspanların gəlişinə qədər Mərkəzi Amerikadakı hindu şəhərləri bu vəziyyətdə idi
Başqa statistikaya nəzər yetirmək lazımdır: Amerikada baş verən soyqırımın miqyasını kiçiltmək üçün irqçi alimlərin verdikləri məlumatları üstün tutmağa çalışırlar. Belə alimlərdən biri Smitson institutunun əməkdaşı Ceyms Muni XIX əsrin sonlarında və XX əsrin əvvəlində apardığı qərəzli tədqiqatlar əsasında qeyd etmişdi ki, Şimali Amerika ərazisində 1,1 mln-a yaxın adam yaşayıbdır.
1492-ci ilə qədər yalnız Böyük göllər ərazisində 4 mln-a yaxın, Missisippi çayı hövzəsində 5,25 mln. adam yaşamışdı. Dobinsin araşdırmalarına görə Meksikadan şimalda təxminən 18,5 mln. aborigen vardı, ümumilikdə isə Amerika qitəsinin 112 mln. sakin olmuşdu. Stanardın araşdırmalarına görə Amerika qitəsində 100 mln-dan 145 mln-a qədər hindu yaşamışdı və iki əsr sonra onların sayı faciəvi şəkildə 90 faiz azalmışdı. Bu soyqırımın miqyası analoqu olmayandır və Qərb dünyasını həmin bəşəri qırğına görə birbaşa məsuliyyət daşıyır.
Tədqiqatçı Devid Stanard hesab edir ki, Amerikanın (Havay adaları daxil olmaqla) köklü əhalisi “Avroamerikan soyqırım müharibəsinin” qurbanı olubdur. O, əksər hinduların müstəmləkəçilərin gətirdikləri epidemiyalardan yaranan viranedici infeksiyalar naticəsində məhv olduqlarını təsdiqləyir. Alimin hesablamalarına görə təxminən 100 mln. adam həlak olmuş və o, bunu “Amerikan xalakostası” adlandırmışdı. Stanardın mövqeyini Kirkpatrik, Seyl, Ben Kirnan, Lenor Stiffarm, Fil Leyn və başqaları bölüşdürmüşdülər. Bu mövzu Çörçil tərəfindən mətbuatda geniş işıqlandırılmışdı.
114 mln. aborigendən 95 milyonunun qırılmasını yazan Stanard etiraf etmişdi ki, “Hitler - “Amerikanın qəsbkarları” qarşısında küçük kimi görünür”. (Oxford Press, 1992)
Kolumbun qardaşı Bartolomeunun 1496-cı ildə verdiyi məlumata görə Haiti adasının yarısında təxminən 1,1 mln. adam yaşayırdı. Ümumilikdə həmin dövrdə əhalinin sayını 2,5 mln-dan çox hesab etmək olar. Las Kasas 1508-ci ildə adaya gələndə, orada ispanlarla birlikdə 60 min əhalinin olduğunu qeyd edir. 14 il müddətinə demək olar ki, 2,5 mln. öldürülmüşdü. 1570-ci ildə isə Haitidə yerli hinduların yaşadıqları cəmi iki balaca kənd qalmışdı ki, sonrakı illərdə onlar da yoxa çıxır.
Misli görünməmiş qətliamlar bütün Amerika qitəsində başlamışdı
Mayyalı Çilam Balam öz kitabında yazır: “Ağ cənablar bizim torpağa gələndə, onlar özləri ilə qorxu gətirdilər... Onlar digər millətlərin rənglərini eybəcər hala salıb məhv etdilər... Gündüzlər talançı, gecələr cinayətkar, onlar dünyanın qatilləridir.”
Avropalıların törətdikləri kütləvi qırğın yeni kəşf edilmiş qitənin bütün ərazilərində baş vermişdi. Statistik rəqəmlər göstərir ki, Yeni Dünyanın ən sıx olan ərazisi indiki Mərkəzi Meksika idi, orada 25 mln. əhali vardı. Ernan Kortes öz qaniçənləri ilə birlikdə 1519-cu ildə Meksikada peyda olmuş və 75 il ərzində həmin ölkədə 24 mln. adam amansızcasına məhv edilmişdi. 1594-cü ildə Mərkəzi Meksikada cəmi 1,3 mln. hindu soyqırımdan yaxa qurtara bilmişdi.
İspanlar Qərbi Nikaraquaya gələndən 60 il sonra oranın 1 mln-dan bir qədər çox olan əhalisi 99 faiz azalaraq, 10 min nəfərə enmişdi. 50 il ərzində Qərbi və Mərkəzi Hondurasda 95 faiz aborigen öldürülmüş, 100 il ərzində Meksika körfəzi yaxınlığındakı Kordobada 97 faiz, 1520-1626 illər arası qonşu Calapa vilayətində də 97 faiz hindu qətlə yetirilmişdi – 180 min-dən 5 minə qədər azalmışdı. Bu qətliam nəinki Meksikada və ya Mərkəzi Amerikada, o cümlədən həmin ərazilərə yaxın regionlarda da baş vermişdi.
İlk ispan konkistadorları Peruya qədəm qoymamışdan əvvəl orada 14 mln-dək aborigen yaşayırdı. XVI əsrin sonuna qədər Peruda 1 mln-a yaxın hindu qalmış və bir neçə ildən sonra həmin kütlənin yarısı da qılıncdan keçirilmişdi. 8,5 mln-dan 13,5 mln-a qədər olan And dağlarının əhalisinin 94 faizi kütləvi şəkildə qırılmışdı.
İspanların işğalına qədər Tenoçtitlanda (Mexiko) həyat tərzi
İsveçrəli həkim və filosof Paratsels 1520-ci ildə “ayrıca və bərabər olmayan təbəqə” ideyasını irəli sürmüş və bildirmişdi ki, afrikalılar, hindular və digər xristian olmayan xalqlar Adəm və Həvvadan yox, tamamilə başqa aşağı təbəqəli sələflərdən əmələ gəlmişdilər. Tanınmış filosofun ideyası Avropada geniş yayılmış və bütün bunlar Meksika və Cənubi Amerikanın fəthi ərəfəsində baş vermişdi. Lakin Paratselsin ideyası çap olunmamışdan əvvəl, soyqırıma bəraət qazandıran buna oxşar yazılar 1512-ci ildə İspaniyada (sonradan Kubanın yepiskopu olmuş Bernardo de Mesa) və 1519-cu ildə Şotlandiyada (İohann Meycer) meydana gəlmiş və müəlliflər qeyd edirdilər ki, Yeni Dünyanın köklü əhalisi ayrıca irqdəndir və Tanrı onları avropalı xristianların qulu olmağa vadar edibdir.
Uord Çörçil aborigenlərin qeyri-insani üsullarla öldürülməsini tədqiq edərkən özünə belə bir sual verir: “Hətta Kolumb dövrünün olsa belə, prestij və varlanmağa meylli olan bir qrup insan məxluqu, başqa adamlara qarşı uzun müddət misli görünməmiş vəhşilik, qeyri-insani hərəkətlər nümayiş etdirsin?” Belə bir sualı daha əvvəl Stannard da qoymuşdu, hansı ki, erkən Orta əsrlərdən İntibah dövrünə qədər Amerikadakı soyqırımın ideoloji köklərini izləməyə müvəffəq olmuşdu. “Müsəlmanların, afrikalıların, hinduların, yəhudilərin, qaraçıların və başqa dini, irqi və etnik qrupların soyqırımına hərisli olan ağlını itirmiş bu adamlar kimdir? Kütləvi qırğınları elə bu gün də davam etdirənlər kimlərdir?” Hansı təbəqəyə mənsub olan adamlar bu dəhşətli cinayətləri törədə bilərdi?
Amerika hindularının soyqırıma məruz qalması orta əsr Avropa qravüralarında
Portuqalların Braziliyadakı birinci qubernatoru Tome de Souza belə bir iyrənc fikir söyləmişdir: “yerli əhalinin buradakı insan ehtiyatı həddindən çoxdur, hətta biz onları sallaqxanalarda doğrasaq da azalmazlar”. Lakin tarix göstərdi ki, avropalılar üçün heç bir müqəddəs amal yoxdur. Braziliyada ilkin müstəmləkə yaradılandan iyirmi il sonra 1549-cu ilə qədər epidemiyalar və plantasiyalardakı qul əməyi hinduları o dərəcədə məhv edir ki, orada azacıq olsa belə, aborigenların sağ qalmasına şübhə ilə yanaşmışdılar.
Statistik rəqəmlər göstərir ki, XVI əsrin sonuna qədər Meksika, Mərkəzi və Cənubi Amerikaya 200 min ispan köçmüşdü. Həmin müddətə qədər həmin ərazilərdə 60-dan 80 mln-a qədər aborigen məhv edilmişdi.
Nə vaxtsa çiçəklənən, inkişaf edən və əhalisi sıx olan ərazilər avropalıların gəlişindən sonra xarabazarlığa çevirilmişdi. Özlərini sivil dünyanın nümayəndələri kimi təbliğ edən avropalılar, əslində özlərini vəhşi və yırtıcı kimi göstərərək, həqiqi mənada min illiklər ərzində böyük sivilizasiya yaratmış hinduları ucdantutma, ən ağılasığmaz üsullarla soyqırıma məruz qoydular.
Avropalılar Amerikada məskunlaşandan sonra davamlı işçi qüvvəsi yaratmaq üçün Afrikadan qullar gətirərdilər. Yalnız indiki ABŞ-ın ərazisinə 1661-1774-cü illər arası 1 mln-dan çox zənci gətirilmişdi. Acınacaqlı fakt ondan ibarətdir ki, 9 mln-dan çox qul okean keçidi zamanı gəmilərdə ölmüşdü.
Missioner Cirolamo Bentsioni avropalılar tərəfindən rəzil həyata məhkum edilmiş hinduların fikrini belə izah edir: “...hindular, lovğalansaq belə bizim xristian və Tanrının övladları olduğumuza inanmırlar. İnanmırlar ki, biz insan belindən gələrək qadın tərəfindən doğulmuş və bu torpaqda anadan olmuşuq. Onlar vurğulayırlar ki, belə amansız heyvanlar yalnız dənizlərdəki tör-töküntülərindən yarana bilər”.
Maraqlıdır ki, əksər qətliamların arxasında Müqəddəs Pyotr taxt-tacında əyləşmiş pontifiklərin xeyir-duası durur. Belə bir yırtıcı siyasət kimə xidmət edir? İnsanlara həyat bəxş edən Ulu Tanrıya, yoxsa insanların dinc həyatını cəhənnəmə döndərən iblisə? Hadisələrin gedişatı ondan xəbər verir ki, pontifiklər Allahın yox, məhz iblisin qulluğunda dururlar.
(ardı “Papa fitvası və Avropada gedən dini müharibələr” adlı yazıda)
21416