PAPA FİTVASI VƏ AVROPADA GEDƏN DİNİ MÜHARİBƏLƏR - V YAZI
(əvvəli “Pontifikin sərsəm fikri və milyonlarla qırılan Amerika hinduları” adlı yazıda)
Fransız Petr Valdo (davamçıları valdes adlanırdı) katolik kilsənin nümayəndələrinin dəbdəbəli həyat tərzinə qarşı çıxanda və “İncil”ə əsasən əməlisaleh işlərin həyata keçirilməsini təbliğ edəndə, elə zənn etmişdi ki, pontifik bu işdə ona yardımçı olacaq. Lakin xeyirxah əməlin əvəzinə o, küfrdə təqsirləndirilərək 1184-cü ildə həbs edilmiş və ən ağır işgəncələrə məruz qalmışdı. Onun davamçıları olan valdeslərə hər yerdə divan tutulmuşdu. Yalnız 1211-ci ildə Strasburq şəhərində onlardan 80 nəfəri tonqalda yandırılmışdı.
Etik baxışları ilə seçilən albiqoylar (Fransanın şimalındakı şəhərdə yaşadıqları üçün onlar belə adlanırdılar) “İncil”də yazılanlara əməl edərək, ətrafdakı insanları, xüsusən də dini rəhbərləri mərhəmətli, xeyirxah, mehriban olmağa və ruhanilərə yaraşmayan dəbdəbəli həyatdan, israfçılıqdan, şərdən, böhtandan, insanlar arasında nifaq salmaqdan vaz keçməyi təbliğ edirdilər. Bu ülvi hisslərə görə papa III Aleksandr (1159-1181) 1179-cu ildə onları laməzhəb adlandırmış və kilsədən kənar elan etmişdi. Bu azmış kimi qəddar pontifik III İnnokenti (1198-1216) onlara qarşı müharibəyə başlamaq üçün, 1209-cu ildə xəyanətkarcasına qraf Raymondun vilayətində bir rahibi öldürtdürmüşdü. Bu müharibə 1209-1229-cu illər arasında getmiş və yüz minlərlə günahsız insanın qanı axıdılmışdı.
Həmin müharibə zamanı papa üsul-idarəsinin ən iyrənc hadisəsi baş vermişdi. Qraf Raymond xəyanət nəticəsində əsir alınanda katolik papa dini islahatlara can atan adamlara “İncil”i oxumağı və oradan nəsə öyrənməyi qadağan etmişdi. Təsəvvür edin, müqəddəs kitabın demək olar ki, qarantı sayılan pontifik belə bir biabırçı qərar verməli olmuşdu. Bu ona görə edilirdi ki, “İncil”də yazılan həqiqətlərlə şərəfsiz ruhani rəhbərlərinin ambisioz hərəkətləri ziddiyyət təşkil edirdi və belə bir həqiqətin öyrənilməsi papanın sindikat avtoritetinin aşağı düşməsinə gətirib çıxarırdı.
Albiqoy müharibəsindən sonra 1231-ci ildə papa III İnnokenti rəsmən, xristian dünyasını tamamilə gözdən salan inkvizisiyanı yaratmışdı. Dini baxışlara, azad fikirə, fəaliyyət göstərmək üçün müstəqil siyasətə, papa idarəçiliyində narazı olanlara, ruhanilərin azğınlaşmasına etiraz edənlərə qarşı inkvizisiya yaradılmış və onun işi Dominikan və Fransiskan ordeninə daxil olmuş rahiblərə həvalə edilmişdi. Belə bir qərar müqəddəs ata tərəfindən yox, məhz iblis xislətinə bürünmüş bir yırtıcı verə bilərdi. Məhz belə bir gedişdən sonra papa iqamətgahını müqəddəslər ocağı deyil, insanlığı məhvdə nəzərdə tutan şeytanların yuvası adlandırmaq düzgün olardı.
Papa hərtərəfli olaraq Avropada yaşayan sıravi adamların hüquqlarını tapdalamış və gülünc bir qərar ilə onların başına xərac qoymuşdu. Mənim fikrimcə, sadə dildə bunu dələduzluq adlandırmaq olar.
Papa VI Aleksandr Borjia (1492-1503) tarixə rüşvətxor, yalançı, adam zəhərləyən və cavan qızların namusuna toxunan pozğun ünsür kimi düşübdür. O, Müqəddəs Pyotr taxt-tacına yiyələndikdən sonra 47 yeni kardinal yeri təsis etmiş, rəqib kardinalları zəhərləmiş və ya boynuna şər atmaqla onların vəzifəsini başqa yepiskopa satmış, mülklərini isə müsadirə etmişdi. Qızı Lukresiya ilə yatağını bölüşmüş və Avropa hökmdarları arasında nifaq salmışdı. Avropa belə bir deyim vardı ki, “kim ki, papa ilə nahar yeyir, o, ölü hesab edilir”. Humanist Makiavelli isə deyirdi ki, papa “ömrüboyu hamını aldatmış və bu iş onda uğurlu alınmışdı”. Papa elə bir mənfur imic qazanmışdı ki, dünyasını dəyişəndə Müqəddəs Pyotr məbədinin rahibləri onu, məbəddə dəf etməkdən boyun qaçırmışdılar.
Papa VI Aleksandr Borjia (1431-1503) Haqqı bərpa etmək üçün Martin Lüter papa bullasını tonqala atır
Mövcud olan ölkələrə barmaq arası baxan, xalqların taleyinə biganə qalan VI Aleksandr onun dediyi ilə oturub-duran ispan və portuqal krallıqlarına böyük üstünlük verirdi. Boş yerə deyil ki, Kolumb Amerikanı kəşf edəndə papa 1494-cü ildə Tordesilyasda bağlanan müqaviləyə əsasən, dünyanı İspaniya ilə Portuqaliya arasında bölmüşdü. Həyasızlıq o dərəcəyə çatmışdı ki, dünya siyasətindən başı çıxmayan və gücləri nəzərə almayan papa Yer kürəsinin şərq hissəsini Portuqaliyaya, qərb hissəsini isə İspaniyaya peşkəş etmişdi. Belə bir absurd addımı yalnız özünü dünyanın hakimi hesab edəb pontifik ata bilərdi. Araşdırmalar onu göstərir ki, bu bölgü ərəfəsində VI Aleksandr portuqal kralından iri məbləğdə rüşvət almışdı.
Pontifik X Lev (1513-1521) bağışlanma şəhadətnaməsi – indulgensiyalar buraxdırır (müəyyən bir məbləğə görə adamlar dualar oxumaqdan, ziyarətdən azad edilir və günahları bağışlanılırdı) və həmin şəhadətnamələr saysız-hesabsız şəkildə bütün ölkələrə yayılır.
Buna etiraz olaraq 31 oktyabr 1517-ci ildə Martin Lüter məşhur 95 tezisini ortaya qoyur və bunu camaatın müzakirəsinə verir. O, birmənalı şəkildə bildirir ki, (Müqəddəs Avqustinin təlimatlarına əsasən) günahları pontifik və ya kilsə yox, məhz Allahın özü bağışlayır. Pula görə bağışlanan günahlar dini qanunlara ziddir.
Lüterin başlarını küfr adlandıran X Lev 15 iyun 1520-ci il “Exsurge Domini” bullası (fərman) ilə onu katolik kilsaədən xaric edir. Lüter həmin bullanın surətini camaat qarşısında yandırmış, papanı isə kafir (Antixrist) adlandırır. Papanın fitvasına uyan V Karl Haubsburq Almaniya ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlayır və yüz minlərlə mülki adamlar həmin qurbanı olurlar.
İngilis kralı VIII Henrixin 1532-ci ildə papa VII Klimentlə (1523-1534) arası pozulandan sonra hakimiyətdə olan sonrakı pontifiklər 100 ildən yuxarı protestant İngiltərəni rahat buraxmadı – daxili çəkişmələr, vətəndaş və xarici müharibələr, intriqalar, sui-qəsdlər adi hala çevrilmişdi. Papanın dəstəklədiyi katolik kraliçası, tarixə Qanlı Meri kimi düşmüş Mariya Tüdorun (1553-1558) dövrünü isə İngiltərənin XVI əsrdə qara dövrü adlandırıblar.
Həmin dövrdə zamanın ən tanınmış alim və humanistləri Tomas Müntser, Tsvinqli, Jan Kalvin, Erazm Rotterdamlı (sonradan o, katoliklərin tərəfinə keçmişdi), Migel Servet, Melanxton (1497-1560) və b. papanın avtoritet hakimiyyətinə qarşı çıxmışdılar. Ümumiyyətlə, pontifiklər VI Adrian (1522-1523), X Levin yaxın qohumu VII Kliment (1523-1534), III Pavel (1534-1549), III Yuli (1550-1555), IV Pavel (1555-1559) Almaniyada qanı axıdılan 100 minlərlə insanın baiskarı sayılırlar.
Avropa milyonlarla insan tələfatı ilə baş verən dini müharibələr – əsasən Çexiya və Almaniyadakı Qus (1419-1434), Fransadakı hugenotlara qarşı (1562-1598), bütün Avropanı əhatə etmiş Otuzillik (1618-1648) müharibələr pontifiklərin yürütdükləri anti-dini siyasətin nəticəsi idi. Otuzillik müharibənin geniş vüsət almasında pontifiklər V Pavel (1605-1621), XV Qriqori (1621-1623), VIII Urban (1623-1644) və X İnnokenti əsas rol oynamışdılar. Hətta X İnnokenti tərəflər arasında 1648-ci ildə Vestfalda sülh müqaviləsi bağlananda müharibənin davam etdirilməsini tələb etmişdi.
Otuzillik müharibə (1618-1648) Fransadakı dini müharibə (1562-1598)
Vatikanın çirkli əməlləri Müqəddəs Alyansın (Vatikanın kəşfiyyat xidməti) papa V Piy tərəfindən yarandığı vaxtdan (1566) geniş vüsət almışdı. İmkanlarını genişləndirmək üçün papa X Piy 1909-cu ildə əkskəşfiyyat xidmətini (Sodalitium Pianum) yaratdı.
Erik Frattini “Müqəddəs Alyans. Vatikanın cəlladları və casusları” (“Eksmo” nəşriyyatı, 2007 il) əsərində yazır: “Tanrı naminə kralların öldürülməsi, diplomatların zəhərlənməsi, eyni vaxta mübarizə aparan iki qüvvəyə dəstək verməsi, faciə və soyqırımlara göz yummaq adəti, terror qrupların və Cənubi Amerika diktatorlarının maliyyələşdirməsi, hərbi cinayətkarlara və mafiyanın çirkli pullarının yuyulmasına himayədarlıq etməsi, maliyyə bazarlarında və bankların müflisləşməsində spekulyasiya fəndləri, hərbi münaqişələrin pisləməsi və eyni vaxtda tərəflərə silah satması papa diplomatiyasının norması sayılırdı. Bu cinayətlərdə Müqəddəs Alyas və Sodalitium Pianum papaların əsas silahı sayılırdı”.
V Piydən II İohann Pavelə qədər qırx papanın şahlıq etdiyi dövrdə Müqəddəs Alyansın fəaliyyətinin nəticəsi xristianlıqda parçalanma, inqlablar, diktaturalar, müstəmləkəçilik və qovulmalar, təqiblər və sui-qəsdlər, dünya və vətəndaş müharibələri, qətllər və insan girovu idi.
Pontifiki heç vaxt Allahın buyurduqlarını icra edən müqəddəs adam kimi təqdim etmək olmaz. Çünki onlar müqəddəs amallar uğrunda mübarizə aparmamış, öz kisələrini soyğunçuluq yolu ilə haram pullarla doldurmuşdular. Bunun üçün varlı adamları namərdcəsinə şərləyərək tonqallara göndərmiş, mallarını isə müsadirə etmişdilər. Belə bir şərləmələr, dəfələrlə bütöv bir xalqlara, xüsusilə də Avropa məkanında dinc həyata aludə olan müsəlmanlara qarşı yönəldilmişdir. Onun müqəddəsliyini, hətta bir çox Avropa monarxları qəbul etmirdilər.
Fransız kralı IV Filipp (1285-1314) ilə pontifik VIII Bonifatsi (1294-1303) arasında fikir ayrılığı baş verəndə, papa onu kilsədən xaric etməyə hazırlaşmışdı. Kralın katibi Gilyom Noqare Roma kübarlarının köməyi ilə saraya daxil olub, yaşlı pontifiki elə əyanlarının qarşısında döymüşdü. Kiçik müddətdən sonra isə pontifik dünyasını dəyişmişdi. Hətta Fransa məhkəməsi papanı ölümündən sonra laməzhəblikdə günhlandırmışdı.
Papa VIII Bonifatsi qatil kimi tanındığından, hətta Dante Aliqyeri (1265-1321) özünün “İlahilər komediyası”nda, onu “Cəhənnəm” adlı fəslin 19-cu mahnısında mənfi personaj kimi göstəribdir.
Leo Taksil tarixçilərin yazdığına istinad edərək qeyd edir ki, papa VIII İnnokenti (1484-1492) ölüm yatağında olarkən, şəxsi həkimi xəstəni ayağa qaldırmaq üçün üç azyaşlı oğlan uşağını öldürmüş və onların qanını papanın damarına yeritmişdi. Papa həmin cinayəti bilə-bilə uşaqların qətlə yetirilməsinə öz razılığını vermişdir. Həm də məlumdur ki, o, həmin uşaqların qanını da içmişdir. Bu vəhşiliyə nə ad vermək olar?
(ardı “Amansız diktatorları dəstəkləyən pontifik” adlı yazıda)
19433