“BRAZİLİYANIN MÜƏMMALI KƏŞFİ” ƏSƏRİNƏ YAZILMIŞ ÖN SÖZ - AKADEMİK RAMİZ MƏMMƏDOV
Ön söz
Orta əsrlər coğrafi kəşflər tarixi sahəsində çalışan alimlər indiyənə qədər Amerika qitəsinin kəşfi ilə bağlı bir sıra mühüm işlər görür və öz aktuallığını itirməyən həmin məsələyə aydınlıq gətirmək üçün yeni-yeni elmi-tədqiqat əsərlərini yaradırlar. Bu sahənin alimləri arasında daim fikir ayrılığı yaranır və ərsəyə gətirilən hər bir əsər coğrafiya elmi sahəsində xüsusi önəm daşıyır. Maraqlıdır ki, yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz tədqiqatları ilə yeni kəşflərə əl ataraq, alimləri düşündürən suallara cavab verməli olubdur:
Ədəbiyyat üzrə Prezident təqaüdçüsü olmuş, “Qızıl qələm” mükafatı laureatı, Ramiz Dəniz (Qasımov) eyni zamanda həm bədii ədəbiyyatın bir neçə janrında, həm də elmi əsərlər yazır.
“Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” adlı əsərdə Xristofor Kolumbun birinci səyahəti (1492-1493) zamanı baş verən bir çox qaranlıq məqamlar, o cümlədən ekspedisiya vaxtı istifadə etdiyi naməlum xəritənin aqibətindən çox maraqlı faktları üzə çıxarır. Əsas məlumatlara əks olaraq, Ramiz Dəniz bildirir ki, Xristofor Kolumb elə birinci transatlantik səyahətində hara getdiyini əvvəlcədən bilmiş və bu faktı dünya ictimaiyyətindən gizlətməyə müvəffəq olmuşdu. Bunun özü yenilik olduğundan güclü iddia sayılır. Əsərdə portuqalların Amerikanın axtarışı üçün Atlantikanın qərb hissəsinə göndərdikləri üç ekspedisiyanın nəyə görə uğursuzluqla üzləşməsinin əsl səbəbləri açıqlanr. Müəllif İspan monarxlarının uzaqgörənliyini, Portuqal kralının inamsızlığını göstərməklə sübut edir ki, həmin ərazilərin ispan taxt-tacına keçməsində Lissabonda fəaliyyət göstərmiş “Riyaziyyatçılar Xuntası”nın mühüm rolu olubdur.
“Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” adlı əsərində Azərbaycanın görkəmli alimi Nəsirəddin Tusinin elmi fəaliyyətini tədqiq edən Ramiz Dəniz bu sahədə xeyli iş görmüş və alimin dünya elminə töhfə vermiş bir çox əsərlərinin dünyavi mahiyyətini açıqlayır.
Müəllif bütün səy və bacarığından istifadə edib nəinki Azərbaycanın, hətta Şərq dünyasının şöhrətli alimi sayılan Nəsirəddin Tusinin elmi xidmətlərini, elmi nailiyyətlərini araşdırmış və nəticədə bəlli olub ki, həqiqətən də alimin bir neçə əsəri başqa müəlliflər tərəfindən özününküləşdirilibdir.
Məlumdur ki, Nəsirəddin Tusi astronomiya, riyaziyyat, həndəsə, etika, ilə bağlı şah əsərlər yaradaraq, həmin elmlərin inkişaf etdirilməsində mühüm rol oynamış və bu sahələr üzrə tanınmış alimləri bir neçə yüz il qabaqlamışdır. Müəllif əsərdə Antik dövrün ən məşhur – yunan, Qədim Roma, Bizans, Misir və erkən orta əsrlərdə tanınmış müsəlman alimlərinin coğrafiya, astronomiya, riyaziyyat sahəsi ilə bağlı birlikdə gördükləri elmi işləri yada salmış və Tusinin təkbaşına adı çəkilən elmlərdə böyük uğur qazanmasını qeyd edərək, onun dahiliyini önə çəkməyə çalışıbdır.
Amerikanın kəşf edilməsində alimin yazdığı “Zic Elxani” astronomik cədvəlindən istifadə olunması diqqəti cəlb edir. Ondan həm tanınmış astronom Paolo Toskanelli, həm də Xristofor Kolumb bəhrələnmişdilər. Bir çox alimlər astronomik kataloqlar yaradarkən, Nəsirəddin Tusinin həmin əsərindən istifadə etmiş, rus alimi Lobaçevski və digər həndəsəşünaslar “Təhrir Öqlidis”dən bəhrələnmiş, “Şəklül gita”-nın bir nüsxəsini isə alman alimi Regimontan öz adı ilə çıxarıbdır. İsaak Nyutonun müəllimlərindən biri olan Con Vallis “Təhrir Öqlidis”in əsasında Oksford universitetində mühazirələr oxumaqla, Tusinin İngiltərədə tanınmasında mühüm rol oynamışdır. Elə Nikolay Kopernik də “Göy sferasının fırlanması” adlı əsərini işləyərkən, bizim alimin “Astronomiya xatirələri” əsərindəki “birinin diametri o birinin diametrinin yarısına bərabər iki dairə bir müstəvi üzərindədir” teoremindən istifadə etmişdir.
Diqqəti cəlb edən məqam odur ki, dünyanın bir çox elm ocaqlarında tədqiq olunan, türk admiralı Piri Rəisin guya 1513-cü ildə tərtib etdiyi xəritənin əsl sahibinin kim olduğunun araşdırılmasıdır. ABŞ alimi Çarlz Hepqud 7 illik tədqiqatdan sonra xəritəni tərtib edənlərin sferik triqono-metriyadan hali olmasını bildirmişdi. Sferik triqonometriyanın mükəmməl bilicisi isə N. Tusidir.
Müəllifin gəldiyi qənaətə görə qədim manuskriptlərdən hazırlanan həmin xəritə N.əsirəddin Tusinin rəhbərliyi altında Marağa rəsədxanasında tərtib edilibdir. Bundan əlavə o, bildiribdir ki, həmin xəritənin köməyi ilə Xristofor Kolumb Yeni Dünya sahillərinə üzmüş və sonradan həmin material səyyahın qeydləri ilə birlikdə Piri Rəisin əlinə keçibdir. Bir sözlə, Amerika qitəsinin kəşfi Kolumbun səyahətinə 200 il qalmış, nəzəri cəhətcə Azərbaycanda kəşf edilmiş və dünya alimlərinin bu məsələyə xüsusi diqqət yetirməsi müəllifin məqsədidir.
“Braziliyanın müəmmalı kəşfi” əsəri coğrafi kəşflər alimlərini tərəddüd qarşısında saxlayan bir mövzunu əhatə edir və müəllif sübuta yetirməyə çalışır ki, hamının iddia etdiyi kimi Braziliya 1500-cü il aprelin 22-də Pedru Kabral tərəfindən təsadüf nəticəsində deyil, 1494-cü ildə Duarti Pireyra tərəfindən portuqal kralı ilə əldə olunan gizlin razılaşmaya əsasən kəşf edilmişdi, lakin müəyyən səbəblərə görə həmin səyahətin nəticəsi məxfi saxlanmışdır. Məhz bu əsərdə göstərilir ki, ispanlar ilk olaraq Cənubi Amerika qitəsinə, o cümlədən Braziliya sahillərinə yan alsalar da, portuqallar Roma papasının vasitəsilə ispanları aldatmağa müvəffəq olmuş və 1494-cü ildəki Tordesilyas müqaviləsinə əsasən indiki Braziliyanın sahibinə çevirilmişdilər. 1493-cü ildə portuqallar Azör adalarından 100 liq qərb tərəfdə yerləşən torpaqlara sahib olmağa dair razılıqlarını bildirsə-lər də, bir ildən sonra, Duarti Paşekunun Amerika sahillərinə yollanan məxfi ekspedisiyanın əldə etdiyi nəticəyə əsasən, İspaniya ilə Portuqaliya arasında sərhədi bildirən demarkasion xətti birdən-birə daha 270 liq qərbə çəkməklə, nəhəng ərazini mənimsəyirlər.
Zəngin tarixi faktlarla, o cümlədən indiyənə kimi heç bir elmi mənbədə göstərilməyən bəzi faktlarla bol olan material şübhəsiz ki, dünya alimlərinin marağına səbəb olacaq və bu kəşfə xüsusi önəm veriləcək. Çox güman ki, Portuqaliya, İspaniya, Amerika qitəsinə daxil olan ölkələrdə əsərin müzakirəsi baş tutacaq və Braziliyanın kəşfinə yeni prizmadan baxılacaq, obyektiv qərar nəticəsində isə dünya ensiklopediyasında düzəlişlər olacaq.
Mahiyyətinə görə həmin əsərlər nəinki Azərbaycandakı, həmçinin xarici ölkələrdə yaşayan, şərq və qərb alimlərinin, o cümlədən, Nəsirəddin Tusinin elmi-bədii irsi ilə maraqlanan, Xristofor Kolumb, Pedru Kabralın səyahətlərinin sirlərinə biganə qalmayan, Amerikanın kəşfinə dair illüziyalardan uzaq olmağa çalışan intellektual potensiala malik olan oxucuların diqqətinə səbəb ola bilər. Sensassion məlumatlarla zəngin olan əsərlər, mütləq şəkildə Amerika və Avropa alimlərini maraqlandıracaq və coğrafi kəşflər sahəsində araşdırmalar aparmaq üçün yeni kurs götürəcəklər. Yəni, bu sahəyə yeni prizmadan nəzər salınacaq və Ramiz Dənizin kitabları həmin sahədə çalışan alimlərə bələdçilik edəcək. Ona görə ki, həm Amerika qitəsinin, həm də ayrılıqda Braziliyanın kəşfi coğrafi kəşflər tarixi istiqamətində ən çox tədqiq olunan sahədir və bu mövzunun daha dərindən tədqiq olunması üçün adı çəkilən əsərlər əlverişli mənbə sayılacaq.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hər üç əsər Azərbaycandan dünya coğrafiya elminə olan böyük hədiyyədir və möhtəşəm, adlı-sanlı coğrafi universitetlər və birliklər etiraf edəcəklər ki, coğrafi kəşflər tarixi qədim tarixi kökə və zəngin mədəniyyətə malik olan Azərbaycanda da araşdırılır və bu sahədə çalışan alimlərə öz köməyini əsirgəmir.
Məlumat üçün bildirməliyəm ki, Azərbaycanda coğrafiyanın bu sahəsi ilə məşğul olan hansısa bir tədqiqatçı olmayıbdır və hazırda da yoxdur. Ramiz Dəniz həmin sahənin pioneridir və əminəm ki, bundan sonra onun əsərləri beynəlxalq coğrafi institutlarda, tədqiqat mərkəzlərində Y. Svet, C. Beyker, C. Beykless, M. Andre, Ç. Verlinden, İ. Magidoviç, V. Magidoviç, V. Qulyayev, S. Morison, S. Sveyqin və başqa tədqiqatçıların əsərləri ilə birlikdə tədqiq ediləcək.
Ramiz Məmmədov AMEA-nın həqiqi üzvü,
Akademik AMEA-nın Həsən Əliyev adına
Coğrafiya İnstitutunun direktoru
21619