“XRİSTOFOR KOLUMB, NƏSİRƏDDİN TUSİ VƏ AMERİKA QİTƏSİNİN HƏQİQİ KƏŞFİ” ƏSƏRİNƏ YAZILAN ÖN SÖZ

Ön söz
 
Adından göründüyü kimi elmi tədqiqatlar, coğrafi kəşf-lər tarixində bu günədək bir çox cəhətləri müəmmalı qalmış, digər tərəfdən isə Azərbaycanın mintaliteti, elm tariximizin hələ lazımınca tədqiq edilməmiş, təbliğ olunma-mış, milli iftixar və vətənpərvərlik tərbiyəsi baxımdan müstəqillik dövrümüzdə böyük aktual əhəmiyyət kəsb etmiş məsələlərə həsr olunmuşdur.
Maraqlısı bu cəhətdir ki, kitabın müəllifi Ramiz Əli oğlu Qasımov (Dəniz) Qarabağ müharibəsi veteranıdır və hazırda “Azərneftyağ” NEZ-də fəhlə işləyir. O, yalnız orta məktəbi bitirmişdir. Ədəbi yaradıcılıq işinə şəxsi mütaliəsi, öz üzərində yorulmadan işləməsi sayəsində nail olmuşdur. Ramiz Dənizin özünəməxsus həyatı və yaradıcılıq yolu vardır. Son iki ildə müəllifin yazdığı – trilogiya – “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” (Bakı, 1999), “Müqəddəs missiya” (Bakı, 2001) və “Cənnətə gedənlər cəhənnəmə düşürlər” (Bakı, 2001) əsərləri çap edilmişdir. Tarixi macəra janrında yazılmış əsərlər Çingiz Abdullayev, Nüsrət Kəsəmənli, Natiq Rəsulzadə və digər görkəmli ədiblərin də maraq və diqqətini cəlb etmişdir. Tarixi-coğrafi macəra janrında yazdığına görə, Azərbaycan Yazıçılar birliyinin katibi Çingiz Abdullayev Ramiz Dənizi novator yazıçı adlandırmışdır.
Amerika qitəsinin kəşfinin üstündən 500 il ötsə belə, hələ də həmin mövzu bir çox mütəxəssislərin maraq dairəsini əhatə edir. Ona görə ki, aktual sayılan həmin məsələ hələ də tam açıqlanmayaraq, müəmmalı şəkildə qalır. Demək olar ki, Ramiz Dəniz ağır sayılan həmin mövzunun öhdəsindən gələrək, Amerikanın kəşfinə dair bir çox məqamları açıqlamağa müəssər olmuşdu. Bu əsərdə, əsrlər boyu müəmma xarakterli sayılan bir çox sualların cavabını tapmaq olar.
Yaşadığımız dövrdə hər bir şagirdi, tələbəni, tarix, coğrafiya və digər ixtisas sahibini daim aşağıdakı suallar düşündürür:
Nə üçün 1492-ci ildə kəşf edilmiş Yeni Dünya sahilləri məşhur dəniz səyyahı Xristofor Kolumbun şərəfinə Amerika adlandırılır?
Nə üçün Xristofor Kolumb Antil adalarını (Vest-Hindiyanı) Şərqi Hindistan adlandırmışdır?
Kolumb kimi savadlı bir şəxs, təcrübəli və bacarıqlı dənizçi Vest-Hindiyanın demək olar ki, çılpaq gəzən, heç bir kənd təsərrüfatı heyvanı bəsləməyən əhalisini, avropalılara yaxşı məlum olan yüksək mətbəxt, mənzil-məişət və geyim mədəniyyətinə malik olan Çinin, Hindistanın əhalisi ilə “dolaşıq” salmışdır?
Kolumb kimi peşəkar naviqator və dəniz səyyahı, birinci səyahət zamanı Kuba adasının yerləşdiyi coğrafi enliyini təyin edərkən, necə olmuşdu ki, nə az, nə çox 180 “səhv” etmişdi? Xəritəsində 220 əvəzinə, 400 göstərmişdi?
Maraqlıdır nə üçün Kolumb Yaponiyaya, Çinə və Hindistana çatmaq üçün 350-400 şm. en dairəsi üzrə qərbə deyil, 200-250 şm. en dairəsi üzrə cənub-qərbə tərəf hərəkət etmişdi?
Nə üçün Kolumbun qəbri beş dəfə Avropa və Amerikada olan müxtəlif şəhərlərə köçürülmüşdür?
Bütün dünyada hamını maraqlandıran bu suallara, məhz bu əsərdə tədqiqatçı-müəllif tərəfindən çox bacarıqla cavablar verilibdir. Xristofor Kolumbun Yeni Dünya sahillərinə təşkil etdiyi səyahətlərinin nəticələrinin araşdırılması nəinki, Amerika və Avropa qitələrində yaşayan elmi mütəxəssisləri, hətta Amerika qitəsindən çox-çox uzaqlarda yerləşən Azərbaycan mütəxəssislərini də həddindən artıq maraqlandırır. Onlardan biri yazıçı Ramiz Dənizdir. O, sübuta yetirmişdir ki, məşhur dəniz səyyahı Xristofor Kolumb heç də təsadüf nəticəsində Amerika qitəsini kəşf etməyibdir. Bundan əlavə müəllif məhz bu əsərində qətiyyətlə bildirir ki, Kolumb Amerika qitəsini, dünyanın məşhur alimlər sırasında duran, görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin Marağa rəsədxanasında tərtib etdiyi xəritəsinin köməyi ilə kəşf edibdir. Ramiz Dəniz bu həqiqəti bir neçə faktlarla sübuta yetiribdir. Bir çox alimlər üçün aktual sayılan bu problemi, müəllif təkbaşına, titanik zəhmət çəkərək, bu əsərində həll etmişdi.
Bütün dünya ictimaiyyəti bilməlidir ki, 1492-ci ildə kəşf edilmiş Amerika qitəsinin kəşfində, İtaliya və İspaniya ilə yanaşı (Kolumb milliyyətcə italyan olsa da, lakin onun başçılığı altında, Yeni Dünya sahillərinə yollanan ekspedisiyanı İspaniya təşkil etmişdi.) Azərbaycan da, Nəsirəddin Tusinin sayəsinə müstəsna rol oynayıbdır. Bu həqiqətə şübhə ilə yanaşanlar R Dənizin yazdığı elmi əsərin diqqətlə nəzərdən keçirsinlər.
Əziz oxuculara bildirmək istəyirəm ki, keçid dövründən əmələ gəlmiş maddi çətinliklərə baxmayaraq, gənc yazıçı qeyd edilən və edilməyən bir çox suallara cavab tapmaq üçün sözün əsl mənasında uzun müddət çoxcəhətli araşdırmalar, axtarışlar aparmışdır.
Müəllif Xristofor Kolumbun səyahətlərinə, o dövrün ticarət-iqtisadi əlaqələrinə, siyasi coğrafiyasına-qeopolitikasına, tarixinə dair saysız-hesabsız mənbələri, nadir biblioqrafik nüsxələri əldə edərək öyrənmiş, təhlil etmişdir. Əsl həqiqətləri aşkarlamaq üçün toplanılmış faktlar, məlumatlar, tutuşdurmalar, müqayisələr və məntiqi mühakimlər yolu ilə ümumiləşdirilmiş və ağılabatan, oxucunu inandıra bilən nəticələr çıxarılmışdır.
Ramiz Dəniz bu əsərində göstərir ki, Azərbaycanın dünya şöhrətli alimi Nəsirəddin Tusinin elmi irsindən bəhrələnən Kolumb Avropadan qərbə tərəf üzməklə Çinə, Yaponiyaya və Hindistana su yolu tapmaq adı altında İspaniyanın o zamankı monarxlarını – İzabella Kastiliyanı və Ferdinand Araqonlunu – məharətlə aldadaraq, ekspedisiyanın təşkil olunması üçün onları razı sala bilmişdir. Məşhur dəniz səyyahına Asiyanın şərqinə deyil, məhz Avropadan qərbdə yerləşən naməlum  böyük torpağa gedəcəyi gün kimi aydın idi. O, öz şəxsi mənafeyi naminə bu sirri ürəyində saxlayırdı. Digər tərəf – ekspedisiyanın xərclərini çəkən və ona himayədarlıq edən İspaniyanın monarxları da Kolumbu qabaqcadan aldatdıqlarını zənn etmişdilər. Nəzərdə tutulan ekspedisiya müvəffəqiyyətlə başa çatacağı halda müqa-vilədə nəzərdə tutulan imtiyazlardan imtina ediləcəyi müəyyənləşdirilmişdi.
Kolumb bu səfərə tam inamla başladı ki, bu da təsadüfi deyildi. Belə ki, XIII əsrdə nəinki Azərbaycanda, hətta dünyada böyük şöhrət qazanmış Nəsirəddin Tusinin elmi əsərlərindən, onun koordinatlar sistemindən, xüsusən də Marağa rəsədxanasında tərtib edilmiş xəritəsindən məşhur dəniz səyyahının səhv məlumatı var idi. Nəsirəddin Tusinin hesabatında göstərilmişdir ki, Köhnə Dünyadan qərbdə, okeanın o tayında həddindən artıq böyük bir torpaq ərazisi yerləşir. Alimin xəritəsində isə bu torpağın konturları, Avropadan hansı məsafədə yerləşməsi, oraya getmək və qayıtmaq üçün istifadə edilə bilinəcək cərəyanların istiqamətləri belə məlum idi. Buna görə də, Kolumb qabaqcadan bilirdi ki, Avropalılara məlum olmayan torpağa onun gəmiləri nə vaxt çatacaqdır. Heç də təsadüfi deyil ki, Yeni Dünya sahillərinə az qalmış gəmilərdəki matroslar qiyam qaldırıb geriyə qayıtmağı tələb edəndə, Kolumb səyahəti davam etdirmək üçün cəmi üç gün möhlət istəyir. Həmin andan 26 saat keçəndən sonra həqiqətən də ispan ekspedisiyası – 1492-ci ildə oktyabrın 12-də - Baham adalarının tərkibində olan Quanahini adasını kəşf edir.
Azərbaycanımızın elm tarixini, vaxtı ilə dünyanın ən böyük elm mərkəzlərindən birini və tayı-bərabəri olmayan Marağa rəsədxanasını yaratmış Nəsirəddin Tusinin elmi irsini öyrənmək, onun ümumbəşəri əhəmiyyətini oxuculara, ictimaiyyətə çatdırmaq üçün misilsiz bədii yaradıcılıq nümunəsi göstərmiş Ramiz Dəniz bənzəri olmayan bir əsər yaratmışdır. Bu əsəri həm də fundamental tarixi-coğrafi tədqiqat əsəri kimi qiymətləndirmək olar. Əsərdə Kolumb və Tusinin şəxsi nümunəsində dünyanın ədalətsizlikləri, haqsızlıqları, haqqın-ədalətin öz yerini heç də həmişə tapmaması, böyük şəxsiyyətlərinin lazımınca qiymətləndirilməməsi şübhəsiz inkarı mümkün olmayan faktlar əsasında təhlil və tənqid olunur. Düzəldilməsi mümkün olan səhvlərin gec də olsa düzəldilməsi arzu edilir.
Titanik zəhmətlə və dərin milli vətənpərvərlik hissləri ilə yazılmış bu əsərdən geniş oxucu kütləsi, şagirdlər, tələbələr, ictimai xadimlər, alimlər, xüsusən elm tarixi, tarix və coğrafiya mütəxəssisləri tərəfindən maraqla oxunub istifadə ediləcəyinə əminəm. Çünki bu əsərdə həmin dövrdən əsas problemləri, Kolumbun və Tusinin dövri fəaliyyətləri, İspaniyadakı və Portuqaliyadakı siyasi vəziyyətin necə olması, Antik dövrdən başlamış, ta ki, XVI əsrin əvvəlinə kimi, xəritəşünaslıq, coğrafiya, astronomiya elmi ilə, coğrafi kəşflərlə məşğul olmuş, dünyanın ən məşhur alimləri və tərəqqipərvər insanların, dəniz səyyahlarının, tədqiqatçılarının, din xadimlərinin və monarxların adları hallanır, Yer kürəsinin bir çox coğrafi məntəqələrinin kəşf edilib aşkarlanmasında mühüm rol oynamış ən maraqlı səyahətləri göstərilir, Kolumbun səyahət ərəfəsində tutduğu məqsəd və məramı və bilə-bilə ki, qarşısındakı torpaq Köhnə Dünyaya məlum olmayan bir ərazidir, nəyə görə kəşf etdiyi torpaqların Asiya qitəsinin bir parçası elan etməsi açıqlanır. XXI əsrin ilk ilində yazılmış bu əsər, bütün dünyada, xüsusən də İspaniyada, İtaliyada və ABŞ-da fəaliyyət göstərən Kolumbçular üçün böyük bir hədiyyədir və əminəm ki, Ramiz Dənizin yaratdığı bu elmi iş dünyada böyük rezonansa səbəb olaraq, nəinki onun özünə, həm də bütün Azərbaycana və onun xalqına böyük şan-şöhrət gətirəcək.
 
                                                             Nizaməddin Allahverdiyev
                                                                       Azərbaycan Pedaqoji Universitetinin        
                                                                       İqtisadi-Coğrafiya və Coğrafiya tədrisi       
                                                                                metodikası kafedrasının professoru
22926
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic