“ƏSRLƏRİ QABAQLAMIŞ ALİM – NƏSİRƏDDİN TUSİ” ƏSƏRİNƏ VERİLƏN RƏY – PROFESSOR ƏJDƏR AĞAYEV

Alimlərin maraq dünyası
 
“Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərinin əlyazmasını oxuyarkən ilk növbədə müəllifin maraq dünyasının genişliyi diqqətimi cəlb etdi. Səhifələri çevirdikcə tarixə, coğrafiyaya, həndəsəyə, riyaziyyata, astronomiyaya və digər elmlərə aid məlumatlar verən faktlarla tanış olur, müəllifin çoxistiqamətli axtarışlardan aldığı nəticələrdən sevinirsən. Oxucu təkcə ona görə sevinmir ki, burada bir neçə elmin əlaqəli şərhi problemin məntiqini gücləndirir, oxucuya ətraflı dərk imkanı yaradır; həm də ona görə sevinir ki, dünyada elmin inkişafında şərqlilərin xidmətləri daha əzəlidir, ilkinlərdəndir.
Müəllif Ramiz Dəniz (Qasımov) qeyd edir ki, bir mən dünya elmi, mədəniyyəti, incəsənəti, ədəbiyyatının sürətlə inkişaf etdirilməsində müsbət rol oynamış tarixi şəxsiyyətlərin taleyi və elmi irsi heç də lazımi səviyyədə tədqiq edilməmiş və layiqincə qiymətləndirilməmişdir. Müəllif bu qənaətində çox haqlıdır. Azərbaycan xalqının dünya elminə kəşflər, ixtiralar bəxş etmiş, bir çox elmin əsasını qoymuş, ədəbiyyat və incəsənət sahəsində sənətin zirvəsinə yüksəlmiş xeyli görkəmli simaları vardır. Bunlar haqqında nəinki bədii-publisistik əsərlər, heç əməllibaşlı, fundamental elmi-tədqiqat əsərləri hazırlanmamışdır. Nədənsə, Azərbaycanda elm və mədəniyyət tarixinin elmi-tədqiqi istiqaməti olaraq öyrənilməsinə diqqət yetirilmir. Ona görə də elmi nəticələrin təbliği və yayılması kütləviləşmir.
R. Dənizin əsəri müəyyən əhəmiyyətə malikdir. Lakin fundamental mahiyyətli deyil. Burada xeyli mənbəyə istinad olunaraq tarixi-elmi məsələlər haqqında bir çox alimin mövqeyi, münasibəti açıqlanır. Müəllif müxtəlif əsər və tədqiqatlardan dəyərli elmi fikirləri bir yerə toplamaqla maraqlanan oxucunun işini xeyli asanlaşdırmış, onun əlinə faktlar toplusu vermişdir. Digər tərəfdən müəllif kəşflərin, elmi ideyalarının dinamikasını açır, ilkin elmi ideyanın elmi mənsubluğunu və onun yazılma və inkişaf anatomi-yasını, dəyişmə və yeniləmələrini müqayisələrlə üzə çıxarır. “Antik dövrün astronomları”, “Şeyx Məhəmmədəli Babakuhi Bakuvi”, “Tanınmış alimlərin əsas elmi işləri”, “Marağa rəsədxanansının banisi Nəsirəddin Tusi” və digər başlıqlı hissələr səciyyəvidir.
Əsərdə Nəsirəddin Tusinin astronomiyaya aid əsərləri və xidmətlərindən geniş danışılır və bir çox elmi maraq doğuran faktların təhlili verilir. Xüsusilə X. Kolumbun Amerikanın kəşfi və onun istifadə etdiyi xəritənin kimlər tərəfindən hazırlanması faktı tədqiqata cəlb olunur və müəllif belə bir qənaətə gəlir ki, həmin xəritə Marağada hazırlanmış və onun əsas müəllifi Tusidir. Ramiz Dəniz dəlillərlə xəritənin hazırlanması prossesini, onun sayını və variantlarını, xəritələrin əldən-ələ necə düşməsini, nəhayət Kolumbun ondan istifadəsini və digər cəhətləri əsaslı şəkildə meydana qoyur və özünün elmi qənaətlərini sübuta yetirir.
R. Dəniz qeyd edir ki, Kolumb Tusinin məşhur xəritəsindən əlavə, onun “Zic Elxani” əsəri ilə də tanış olub.
Müəllif N. Tusinin kəşfinin ciddi elmi mahiyyətini şərh edərkən həm də onların ilkinliini vurğulayır. O, qeyd edir ki, İ. Nyutonu və məşhur dünya astronomlarını 400 il qabaqlamış azəritürk alim sübut etmişdir ki, dənizlərdə və okeanlarda baş verən qabarma və çəkilmələr heç də təbiətin kor-koranə şıltaqlığı deyildir. Məhz Ayın çəpəki hərəkətindən və Yerin qütblərdəki batıqlığından irəli gələn vaxtaşırı, yəni il ərzində 24 dəfə özünü biruzə verən hadisədir.
Göründüyü kimi, oxuculara təqdim olunan bu əsərdə maraqlı məqamlar çoxdur. Bunlar, müəllifin çox saylı alimlərdən gətirdiyi dəlillərə söykənməsinə baxmayaraq, hələ zaman-zaman müzakirə mövzusu tədqiqat obyekti ola bilər. Lakin bir həqiqət aydındır ki, tədqiqatçının zəhməti və vətənpərvər-vətəndaş niyyəti təqdirəlayiqdir.                 
                                             
                                                                                         Əjdər Ağayev, professor,
                                                                                          pedaqogika elmləri doktoru
17717
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic