“YENİ DÜNYA SAHİLLƏRİNƏ YOLLANAN KONKİSTADORLAR” ƏSİNƏ YAZILAN ÖN SÖZ – PROFESSOR NİZAMƏDDİN ALLAHVERDİYEV
Ön söz
Ramiz Dənizin (Qasımov) “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” və “Yeni Dünya sahillərinə yollanan konkistadorlar” tarixi-macəra janrında yazılmış əsəri Mərkəzi Çili sahillərində yaşamış araukan hindularının ispan konkistadorlarına qarşı apardıqları azadlıq mübarizəsindən bəhs edir. Hadisələr XVI əsrin sonunda həm İspaniyada (Kataloniya), həm də Çilidə (Osorno vulkanı ərazisi) cərəyan edir.
Tarixi-coğrafi faktlarla zəngin olan bu əsər öz müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan hər bir xalqın həyatında böyük rol oynaya bilər. Vətənpərvərlik, dözümlülük, son damla qana qədər düşmənə qarşı mübarizə aparmaq, torpağa məhəbbət - bu sayaq motivlər əsərdə çox geniş yer tutur. Əsər hər bir vətəndaşda şücaət, torpaqlarının müdafiəsində misilsiz məharət göstərmək, döyüş əzmini yüksəltmək kimi yüksək hisslər açıqlayır. Zəngin, bir-birindən maraqlı sərgüzəştlər oxucunu sanki uzaq səfərə aparır, həyəcanlı dərin düşüncələrə qərq edir. Roman maraqla oxunur, bu da müəllifin hadisələrin gedişatını məharətlə oxucuya təqdim etməsindən irəli gəlir.
Tarixə nəzər salsaq görərik ki, bütün dünyada sərkər-dəlik bacarığı ilə tanınan İspaniyanın məşhur konkistadorları Ernan Kortes və Fransisko Pisarro Yeni Dünya sahillərində peyda olmuş ən nəhəng və qüdrətli imperiyaları məhv edərək, orada İspaniyanın hegemonluğunu nümayiş etdirdilər. Bu imperiyalar elə kök salmışdılar ki, adamda onların qısa müddət ərzində məhv edilməsinə dair böyük şübhələr yaranırdı. Lakin Ernan Kortes 1519-1521-ci illərdə Anauak (Meksika) ərazisində yerləşən qüdrətli Astek imperiyasını, Fransisko Pisarro isə 1532-1536-cı illərdə Tauantinsuyu (Peru) dövləti sayılan möhtəşəm İnk imperiyasını ələ keçirərək, həmin əraziləri İspan taxt-tacına birləşdirirlər. İspaniya 30-35 il il ərzində Amerika qitəsində 350 şimal en dairəsindən 550 cənub en dairəsində kimi nəhəng bir ərazini işğal etmiş, lakin Mərkəzi Çili ərazisində yerləşən kiçik sahəli Araukaniya dövlətini XIX əsrin sonuna qədər ələ keçirə bilmir.
Əsərdə göstərilir ki, hər hansı bir xalq öz müstəqilliyi uğrunda mübarizə aparmaq üçün ayağa qalxanda, yadelli düşmənə qarşı kəskin mübarizə aparmalı, düşmənə qarşı sərt və amansız olmalı, mübarizə vaxtı azadlığı və müstəqilliyi müqəddəs bir amal kimi hər şeydən üstün tutmalıdırlar. Vətənpərvərlik, torpağa bağlılıq, vətən istəyi, şəxsi azadlığı hər şeydən üstün tutmaq, ölkələrinin müstəqilliyi-nin müqəddəs simvol kimi qorumaq və bütün bu prinsipləri göz bəbəyi kimi qorumaqdan ötrü, ölümdən zərrə qədər də çəkinməməlidirlər. İspanların əsarəti altına düşmüş Amerika qitəsində yaşayan başqa hindu tafalarının aqibəti göz qabağında idi. Əsarət altına düşənlər kölə vəziyyətinə düşmüş və birdəfəlik azadlıqdan, dövlət müstəqilliyindən məhrum olunmuşdular. Araukanlar isə başqa tayfalar kimi qul olmaq və yadelli işğalçılardan asılı olmaq istəmir, ölümün üzünə dik baxaraq, həmin amalın müdafiəsi üçün silaha sarıılb, əsrlər boyu uzanan amansız və dəhşətli mübarizəyə qalxırlar.
1547-ci ildən başlayaraq araukanlar 100 ildən çox ispan konkistadorlarına qarşı müharibə aparmış və azadlıq mübarizəsində müvəffəqiyyətlər əldə edərək 1665-ci ildə müstəmləkəçilərlə sülh müqaviləsi əldə etmişdilər. Lakin ispanlar XVIII əsrdə yenə də onları fəth etmək üçün döyüş əməliyyatlarına başladılar. Öz məğlubedilməzlikləri ilə bütün hindu tayfalarından fərqlənən araukanlar elə müqavimət göstərdilər ki, İspaniya məcburiyyət qarşısında qalıb, Araukaniyanın müstəqilliyini formal cəhətdən tanıdı. XIX əsrin 80-ci illərində onlar, ölkələrini öz ərazilərinə birləşdirmiş Çili Respublikasına da qarşı üsyanlar qaldırmışdılar. Bir sözlə, araukanlar yadellilərin hökmranlığına heç bir zaman boyun əyməmiş yeganə Amerika tayfasıdır. Hətta ölkənin paytaxtı Arauko şəhəri özü bir zamanlar ispanlar tərəfindən istila edilmişdisə də, şəhərin əhalisi işğalçılara itaət etməmiş onlarla amansızcasına mübarizə aparmışdılar.
Cənubi Çilinin kəşfində və mənimsəməsində böyük rol oynamış, tanınmış ispan konkistadoru Pedro Valdiviya bir neçə il araukanlara qarşı müharibə aparmış, 1553-cü ilin dekabrında onlara əsir düşmüş və edam edilmişdi. Azadlığı hər şeydən üstün tutan araukanlar ispanlarla heç bir kompromissə getmirdilər.
Bütün bu tarixi hadisələrdən məharətlə istifadə edən, Ramiz Dəniz ispanların həmin torpaqda nəyə görə qələbə əldə edə bilməmələrini və məğlubiyyətlərinin səbəblərini bu romanda açıb göstərmək istəmişdir. Kitabdakı hadisələr 1590-1591-ci illərdə cərəyan edir. Elə bilməsinlər ki, II Filipp bütün gücünü və fikrini Araukaniyaya qarşı yönəltmişdir. Müəllif qeyd edir ki, kral düzgün olmayan siyasəti ilə bir çox qaynar nöqtələrində öz gücünü nümayiş etdirirdi. O, öz siyasəti ilə nadir hallarda müsbət nəticə əldə edə bilirdi. Lakin illər ötdükcə, get-gedə İspaniyanın gücü zəifləməyə başlayırdı. Araukanları birdəfəlik məğlub edə bilməməyin bir çox səbəbləri vardı. İspaniya 1566-cı ildən başlayaraq otuz ildən çox Niderlanda inqilabçılara qarşı amansız müharibə aparmış, Fransada gedən vətəndaş müharibəsindən (1562-1598) protestantların qələbəsindən ehtiyat edən II Filipp, Fransada katolik düşərgəyə başçılıq edən Gizlər ilə yaxınlaşaraq, 1590-cı ildə Fransaya qoşun göndərir və onlar Bretanda, langedokda və başqa vilayətlərdə hugenotlara qarşı döyüşürlər. Bir ildən sonra isə Parisə daimi qarnizon yeridilir. 1588-ci ildə ispan kralı İngiltərəni dizləri üstə çökdürmək üçün, La-Manşda məhv edir və bununla da İspaniyanın dəniz donanmasına xeyli xələl gətirir.
Əsər həddindən artıq geniş mövzuda yazılmış və oxucuda böyük maraq hissi doğurur. Fikir versək görərik ki, Kataloniyada yaradılan ekspedisiya heyət etibarı ilə çox güclü təşkil olunmuşdur, həmin ekspedisiyanın özəyini Avropanın müharibə meydanlarında ad-san qazanmış cəngavərlər, mühafizəçilər, atıcılar və keçmiş konkistadorlar təşkil edirdi. Adamda belə bir təsəvvür yaranır ki, belə bir ekspedisiya sözsüz ki, İspaniya kralı II Filippə heç vaxt itaət etməyən məğlubedilməz və qorxmaz araukanları bu dəfə zor gücünə cəzalandıracaq. Lakin hamıya bəlli olduğu kimi araukanlar üç yüz ilə qədər ispan qoşunlarına qarşı dəyanətlə müqavimət göstərmişdilər. Əgər, kapitan Xuan Odovaldonun başçılıq etdiyi ekspedisiya heyət etibarı ilə həddindən artıq güclüdürsə, onda Mərkəzi Çili sahillərinə çıxarılan əsgərlər araukanların dəmir kimi möhkəm olan müqavimətini qırıb, elə 1591-ci ildə onların itaətsizliyinə birdəfəlik son qoytmalı idi.
Tarixin çarxını nə saxlamaq, nə də döndərmək olar. Müəllif belə bir düyündən ustalıqla çıxış yolu ntapir. O, elə edir ki, Kataloniyada təşkil olunan ekspedisiya Mərkəzi Çili sahillərinə iki gəmidə yola düşməli olur. Sakit okeanda baş verən amansız və dəhşətli fırtına zamanı gəmilərdən biri – “Destino” – ünvana birinci çatır. Faktiki olaraq Araukaniyaya göndərilən qüvvə iki hissəyə bölünmüş olur. O biri gəminin - “Vanquardiya”nın - heyət ilə birlikdə okeanda fəlakətə uğradığını zənn edən bu biri dəstə, fərdi üsulda Araukaniyada yerli əhaliyə qarşı müharibə elan edərək, döyüş əməliyyatlarına başlayır. Düşmənin gücünü nəzərə almayan və onları ciddi rəqib saymayan bu dəstə qısa müddət ərzində biabırçılıqla məğlubiyyətə uğrayır. Ekspedisiyanın təcrübəli və bacarıqlı rəisi kapitan Xuan Odovaldodan ayrı düşmüş bu dəstənin özündən razı olan bəzi zabitlərin özbaşınalığı və səhlənkarlığı ucbatından bir çox konkistador, hətta araukanlar tərəfindən əsir alınır. Lakin öz gücü və şücaəti ilə bütün Avropada məşhur olan ispan əsgəri məğlub olana qədər düşmənin xeyli canlı qüvvəsini məhv edir.
Gözlənildiyi kimi ekspedisiyadan aralı düşmüş o biri dəstə bir müddətdən sonra Anqud körfəzinə yol alır, lakin gec olur. Bütün üstünlüklər düşmənin əlində idi. Bu müharibədə araukanlar qismən olsa da, qələbə əldə etmişdilər. Yarı bölünən bu dəstə ilə müharibəni davam etdirmək sadəcə olaraq bu müharibədə ispanlar tərəfindən verilən kobud səhvin təkrarlanmasına gətirib çıxaracaqdır. Məhz buna görə də kapitan Xuan Odovaldo artıq risqə getməmək üçün Araukaniyada gedən müharibədə tam qalibiyyət əldə etməkdən ötrü, yeni ekspedisiya təşkil etmək üçün Peru vitse-krallığının paytaxtı Limaya çəkilməyə məcbur olur. Əlbəttə, bu kitabı maraqla izləyən oxucular müharibənin necə başa çatmasını bilmək istəyəcəklər. Belə olan halda səbirsizliklə əsərin sonrakı gedişatını izləmək lazımdır. Bu haqda isə kitabın ikinci cildində dürrüst məlumatlar əldə etmək olacaq.
Ramiz Dəniz öz əsərində xalqın qəhrəmanlıq mübari-zəsini daha geniş planda əks etdirməyə cəhd edən sənətkar sayılır. Araukanların düşmənə qarşı mübarizəsi yenilməzlik, məğlubedilməzlik və cəsurluq simvoluna çevrilmişdir. Araukanların bəziləri Çilidə yaranmış ictimai quruluşun, siyasi vəziyyətin, mövcud qayda-qanunun fərdi mübarizə nəticəsində dəyişdirilə biləcəyinə o qədər də inanmırdılar, amma bununla bərabər üsyankarlıqdan əl çəkmir, tam qalib gəlməsələr də, bu məqsəd uğrunda vuruşur, həlak olur, azadlığı heç olmazsa ölümdə görürdülər.
Ramiz Əli oğlu Qasımov (Dəniz)1965-ci ilin iyulun 26-da Bakı şəhərində fəhlə ailəsində anadan olubdur. 1983-cü ildə Nizami rayonunun 62 №-li orta məktəbini bitirmiş və sonrakı iki ildə Stavropol diyarında hərbi xidmət yolu keçmişdir. 1988-ci ildən “Azərneftyağ” İB-də işə daxil olmuş və bu günə kimi orada işləyir. 1993-cü ildə vətəni erməni cəlladlarından qorumaq üçün könüllü Qarabağa yollanaraq, Şimali Ağdam, Goranboy, Ağdərə və Tərtər bölgələrində fədakarcasına döyüşmüşdür.
1981-ci ildən “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” adlı sərgüzəşti-tarixi romanı yazmağa başlamış və onu 16 il müddətinə başa çatdırmışdır. Trilogiya silsiləsindən olan bu kitab 1-ci cilddir. Yaşının cavan olmasına baxmayaraq o, geniş məzmunlu, böyük marağa səbəb olan, mürəkkəb süjetli, nadir tarixi faktlarla və coğrafi kəşflərlə zəngin olan, iri həcmli bir tarixi əsər yaratmışdır. Bu kitaba dair Azərbaycan Yazıçılar biliyinin katibi dünya şöhrətli yazıçı Çingiz Abdullayevin verdiyi rəydə göstərilir ki, müasir dövrdə belə bir yaradıcı-tədqiqat işi gördüyünə gorə Ramiz Dəniz tərifə layiqdir. Əsərdə qoyulan ideya zəmanəmizlə səslənir, hər hansı bir xalqın müstəqilliyi uğrunda apardığı mübarizəni tərənnüm edir.
Kitabın adından bəllidir ki, bu əsər döyüş səhnələri və sərgüzəştlərlə müşaiyət olunur. Lakin müəllif əsərə bir coğrafiyaşünas və guya Fernan Magellanın dünya səyahətində iştirak etmiş bir qoca səyyahı da daxil etməklə, oxucunu İspaniyadan tutmuş taki Mərkəzi Çili sahillərinə qədər səyahət boyu darıxmağa qoymur. Onların hər ikisi oxucunu coğrafi kəşflərlə və tarixi hadisələrlə təchiz etməklə kitaba həddindən artıq böyük maraq və həvəs yaradırlar.
Əsərdə Fernan Magellanın ekspedisiyası və həmin ekspedisiyadan aralı düşən “Trinidad” gəmisinin taleyi, ispan konkistadoru Pedro Valdiviyanın Çiliyə olan yürüşləri, Vasko de Balboanın ekspedisiyası və Panama ilə Sakit okeanın kəşfi, haqqında, Roma papası iki dövlət (İspaniya və Portuqaliya) arasında dünyanı necə bölüşdürür, Araukaniya ölkəsinin flora və faunası, Buenos-Ayresin əsasının qoyulması, Cəbəllüttariq qalası və onun tarixi, “Məğlubedilməz armada”nın 1588-ci ildə La-Manşda və 1571-ci ildə Lepanto dəniz döyüşləri, Kanar və Madeyra adaları haqqında maraqlı məlumatlar humanitar fakultələrdə təhsil alan tələbələrin marağına səbəb olacaq. Xüsusən də Xristofor Kolumbun kəşfləri haqqında əsl həqiqət və fərziyyələr nəinki adi oxucuları, hətta coğrafiya elmi ilə dərindən maraqlanan bütün adamları özünə cəlb edəcək. Ameranın kəşfinə dair bəzi təkziblər və nüanslar məhz bu kitabda verilir. Ramiz Dəniz bütün dünyaya bəyan etmək istəyir ki, Xristofor Kolumb Azərbaycandan olan dahi riyaziyyatçı və astronom Nəsrəddin Tusinin hesablamaları sayəsində Amerika qitəsini kəşf edib.
“Konkistadorların Mərkəzi Çili sahillərində ölümü” romanı bütövlükdə vətənpərvərlik ideyası ilə aşılanmışdır. Ramiz Dənizin bütün qəhrəmanları - istər sərkərdə, istər konkistadorlar, istər alim və səyyahlar, istərsə də araukanlar olsun hamısı qəlbi vətən eşqi, vətən məhəbbəti ilə döyünür. Əsərin qəhrəmanı Migel Kartahena səyyahlar nəslindən olsa belə, coğrafi kəşfləri genişləndirmək üçün müəyyən səyahətlərdən imtina edərək, İspaniyanın şan və şöhrətini qorumaq üçün ispan qanunlarını kobud surətdə tapdalayan yerli hinduları cəzalandırmaqdan ötrü Yeni Dünya (Amerika qitəsi) sahillərinə ağır müharibəyə yollanır. Müharibə göstərir ki, həm ispanlar, həm də araukanlar öz vətənlərini alovlu məhəbbətlə sevir, onun uğrunda hər an həlak olmağa hazırdılar.
Ramiz Dəniz hər şeyi fikirləşmişdi, ən xırda şeylərə qədər hamısını ölçüb-biçmişdi, rəqəmlər və hesabatı düzgün vermişdi. Burada dəniz səyahəti də, coğrafiya da, tarix də, təbiət də var. Macəra süjetinə bol-bol elmi məlumat daxil edilmişdir. Doğrudur, müəllif tarixi faktlardan bir əsas kimi istifadə edir, bunu öz xəyalında gözəl naxışlarla bəzəmişdi.
Mənim yadıma düşmür ki, Azərbaycanda hər-hansı bir yazıçı bu üslubda bədii əsər yaratsın. Mürəkkəb süjetli olan bu üslub nədənsə keçən əsrdə yaşamış dahi fransız yazıçıları Jül Vernin və Aleksandr Dümanın (ata) yazı üslublarını xatırladır. Kim bilir, bəlkə də o, öz tarixi və coğrafi-macəra əsərləri ilə onların davamçısı sayılacaq. Əgər, bu belə olsa, onda Ramiz Dəniz (Qasımov) ədəbiyyat sahəsində nəinki Azərbaycanda, hətta bütün dünyada məşhur yazıçılar sırasına daxil ediləcək.
Professor Nizaməddin Allahverdiyev
17576