“MÜQƏDDƏS MİSSİYA” ƏSƏRİNƏ YAZILAN ÖN SÖZ – XALQ YAZIÇISI ÇİNGİZ ABDULLAYEV
Ön söz
Azərbaycan ədəbiyyatı yaranmağa başladığı ilk dövrlərdən özünün korifey sənətçiləri ilə həmişə zəngin olmuşdur. Bu sənət adamlarının hər birinin ədəbiyyat tarixində özünəməxsus izi olmuş, öz dəsti-xətti ilə seçilmişdir. Bu yaxınlarda 1300 illik yubileyi qeyd olunan “Kitabi-Dədə Qorqud” dastanından, dünya ədəbiyyat xəzinəsinə ölməz “Xəmsə”sini bəxş edən Nizamidən, həmçinin Füzuli, Vaqif və bu kimi sənətçilərin həmişəyaşar əsərlərindən tutmuş bugünkü müasir soydaşlarımızın da əsərləri, öz ideya-bədii xüsusiyyətləri ilə seçilən incilər olmuşlar. Bununla yanaşı, Azərbaycan ədəbiyyatında çoxlu sayda novator sənərkarların da adını çəkmək olar. Hələ XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi novatorlar satirik yazıları ilə şöhrətlənmiş, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov dram janrını Azərbaycan ədəbiyyatına gətirmiş, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi roman janrında ilk qələm təcrübələrini yaratmışlar. Onların qoyduğu bu ənənə bütün XX əsr boyu davam etmiş, hətta hal-hazırda da XXI əsrin – müasirləşmə, kompüterləşmə əsrinin həm ictimai, həm mədəni, həm məişət, həm də ədəbi həyatımıza daxil olduğu bir vaxtda da öz dəyərini itirməmişlər.
İndi haqqında söhbət açacağımız Ramiz Əli oğlu Qasımov (Dəniz) da XX əsrin sonları XXI əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında öz ilk addımlarını atan nasirlərimizdəndir. Ədəbiyyatımızda təməl daşı Məmməd Səid Ordubadi və Yusif Vəzir Çəmənzəminli tərəindən qoyulmuş tarixi roman janrı sonralar Fərman Kərimzadə, İsa Hüseynov (Muğanna), Əzizə Cəfərzadə, Əlisa Nicat, Mirzə İbrahimov, Məmməd İsmayılov kimi roman ustalarının qələmində daha da inkişaf etmişdir. Ramiz Qasımovun müraciət etdiyi janr tarixi roman janrı olsa da, nisbətən fərqli və nisbətən çətin mövzu ilə bağlıdır. Belə ki, digər müəlliflərdən fərqli olaraq, Ramiz Qasımov həm tarixi roman janrına macəra elementlərini də əlavə etmiş, həm də Azərbaycan tarixinin özəlliklərinə, keçmişinə deyil, bizə daha uzaq, bizdən daha fərqli olan xalqların – aborigenlərin həyatına, məişətinə, tarixinə müraciət etmişdir.
Bu mövzuda roman yazan adamın özünün də ağır çətinliklərdən keçməsi oxucunun onun yazdıqlarına inamı daha da artırır. Unutmaq olmaz ki, Ramiz Qasımov özü Qarabağ döyüşlərində yaxından iştirak etmişdir. Odlu müharibə səhnələri onun gözünün qarşısında adi bir savaş səhnəsi kimi daim yaşayır. Onda onun belə bir mövzuya müraciət etməsinə təbii baxmaq lazımdır. Yəqin ki, bütün bunlar da onun belə səhnə-ləri daha canlı təsvir etməsinə yaxından köməkçi olmuşdur.
Üç cilddən ibarət olan bu romanın “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” adlı birinci cildində oxucular İspan tarixinin qəhrəmanlıq səhifələri ilə yaxından tanış olmuş, Mərkəzi Çili sahillərinə gedən ekspedisya qrupunun üzvlərinin aborigenlərlə müharibə zamanı məğlubiyyətə uğramasından söhbət açılır. Çiliyə yollanan ekspedisya qrupunun üzvlərindən bir neçəsi döyüşlərdə həlak olur, yerdə qalanların bir qismi isə araukan hindularına əsir düşürlər.
“Müqəddəs missiya” adlanan ikinci kitabda müəllifin mübarizlik ruhu sönmməmiş, əksinə daha da alovlanmışdır. O, birinci kitabda əsir düşən ekspedisya iştirakçılarını xilas etmək məqsədi ilə ikinci kitabda təsvir etdiyi 16 nəfər bacarıqlı, təcrübəli peşəkar döyüşçüdən ibarət olan kəşfiyyatçı dəstəsinin apardığı əməliyyatları elə canlı təsvir etmişdir ki, həmin səhnələr oxucunu riqqətə gətirməyə bilmir. Belə ki, növbət ekspedisyanın rəhbərliyinin qərara aldığı kimi, bu kəşfiyyat dəstəsi ilk növbədə, əsir düşmüş silahdaşlarını əsirlikdən qurtarmaq üçün düşmənə qarşı elə sarsıdıcı zərbələr endirirlər ki, düşmən onların qarşısında davam gətirə bilmir və nəticədə bu missiyanın öhdəsdindən müvəffəqiyyətlə gəlinir. Və beləliklə də, Araukaniyada gedən müharibənin, savaşın ikinci mərhələsi başlanır.
“Cənnətə gedənlər cəhənnəmə düşürlər” adlı üçüncü kitabın əsas mövzusu Araukaniyada gedən müharibənin son dövrünü əks etdirir. Perudan gələn ekspedisiya qrupu aborigenlərə qarşı ardıcıl olaraq güclü zərbələr endirir. Ölkənin çox hissəsi ispanlar tərəfindən işğal ediləndən sonra Araukaniyada yenidən sakit, firavan həyat qurmaq, dövlət orqanları yaratmaqdan ötrü Perudan əlavə qüvvələr gətirdilməyə başlayır. Müxtəlif təbəqələrdən olan kolondatorlar Araukaniyanı da cənnət məkanı hesab edirlər. Lakin fikirləşdiklərinin əksi ilə qarşılaşan ispanlar buradakı əhalinin döyüşkənlik, yenilməz ruhunun qarşısında özlərinin yanıldıqlarını başa düşürlər. Onlar anlayırlar ki, cənnətə yox, cəhənnəmə düşüblər. Üçüncü kitabın adı da məhz buradan götürülmüş, bu məramı açıqlayır. Və nəhayət, sonda qraf Ferdinand Morelosun təcrübəsizliyi, səhvi ucbatından yüzlərlə döyüşçünün qanı bahasına əldə edilən qələbə ispanların məğlubiyyətinə gətirib çıxarır və üsyana qalxan araukanlar böyük qurbanlar hesabına öz ölkələrini ispanlardan təmizləyirlər. Və beləliklə də, bu qələbə ilə trilogiyaya son qoyulur.
İspan tarixinin müəyyən bir hissəsini əhatə edən “Konkista”, o cümlədən, indiki Çilinin tarixinin böyük hissəsini təşkil edən Araukan müharibəsinin bir çox detalları, konkistadorlarla aborigenlərin həyatı və mübarizəsi, həmin dövrdəki siyasi və tarixi ab-hava, Qərbi Avropanın hegemon dövlətlərinin tarixi vəziyyəti, XVI əsrin sonuna qədər ispanların təşkil etdikləri ən yaddaqalan, eyni zamanda çoxları tərəfindən eşidilməyən mühüm coğrafi əhəmiyyət kəsb edən coğrafi səyahətlərdən, İspaniya ilə Çili ilə yanaşı Peru və Ekvadorun maraqlı olan tarixi ilə məhz bu trilogiyanın vasitəsilə öyrənmək olur.
Müəllifin yaradıcılıq bacarığı ondan ibarətdir ki, o, Mərkəzi Çiliyə daxil olan bir çox coğrafi məkanları, flora və faunasını, oranın iqlimini, relyefini, aborigenlərin yaşayış tərzini elə göstərir ki, sanki həmin ərazidə uzun müddət yaşayıb fəaliyyət göstəribdir. Ümumiyyətlə, Ramiz Qasımov çoxsaylı oxucu üçün maraqlı görünən və heyranedici sayılan bir çox məlumatların əldə edilməsinə böyük şərait yaradır. Bioqrafik, tarixi, coğrafi, etnoqrafik, arxeoloji, yelkən dənizçiliyi ilə bağlı olan məlumatların bolluğu və həmin dövrün gəmiləri ilə coşmuş okeanla, şıltaq təbiətlə mübarizə aparmaq üsulları müəllifin çoxsahəli bilgiyə malik olmasından xəbər verir.
Bu vaxta qədər yalnız tərcümə ədəbiyyatında rast gəldiyimiz bu mövzuya toxunub, Azərbaycan ədəbiyyatında yeni iz açan Ramiz Qasımova bu yolda daha uğurlu addımlar atıb, daha maraqlı əsərlər yaratmağı arzulayıram və bu yolda ona uğurlar diləyirəm. İnanıram ki, oxucular da bu əsərlərə öz həqiqi qiymətini verəcək və dəyərləndirəcəklər.
Xalq yazıçısı Çingiz Abdullayev
Azərbaycan Yazıçılar Birliyinin katibi
17919