“HƏQİQƏT” ƏSƏRİNƏ YAZILAN ÖN SÖZ - ƏDƏBİYYATŞÜNAS ƏSƏD CAHANGİR

Tarixi və bədii həqiqətin sintezi 
 
Son iyirmi beş ildə Qarabağ hadisələriylə bağlı onlarla kitab işıq üzü görsə də,  bu mövzu öz aktuallığını itrmir və hətta yarım əsr keçsə belə, bu mövzunun indiki nəslin yaddaşından silinəcəyinə inanmaq çətindir. Ramiz Dəniz  müasir dövrdə bir neçə janrda yazan, o cümlədən, tarixin müəyyən dövrünü araşdıran, erkən və orta əsrlər coğrafi kəşflər tarixi ilə məşğul olan yazıçı-tədqiqatçı kimi tanınır.
İlkin bədii-tarixi əsərləri - “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü”, “Müqəddəs missiya” “Cənnətə gedənlər cənnətə düşürlər”; romanlarından ibarət trilogiya müəllifin ilk yaradıcılıq məhsulları olsa da, bir çox qələm adamlarının marağına səbə olmuşdu. Çünki tarixi-macəra janrında yazılmış bu əsərlər Azərbaycan ədəbiyyatı üçün o qədər də səciyyəvi deyil və öz yeniliyi ilə diqqəti çəkirdi.
Trilogiya ispan imperiyasının XVI əsrin sonunda Ekvador, Peru və Çilidə apardığı işğalçılıq müharibələrindən bəhs edir. Konkistadorların yerli aborigenlərə qarşı döyüşləri zamanı baş verən rəngarəhng olaylar cəza ekspedisiyasinda iştirak edən qoca səyyahın dilindən nəql olunur: X.  Kolumb, F. Magellan, M. Leqaspinin səyahətləri, Magellanın ekspedisiyadan aralı düşən “Trinidad” gəmisinin taleyi, ispan konkistadoru Pedro Valdiviyanın Çiliyə yürüşləri, Vasko de Balboanın ekspedisiyası və Panama ilə Sakit okeanın kəşfi, Roma papası, İspaniya və Portuqaliyanın Yeni Dünyanı öz aralarında bölüşdürməsi, Araukaniya ölkəsinin flora və faunası, Buenos-Ayresin əsasının qoyulması, Cəbəllüttariq qalası və onun tarixi, “Məğlubedilməz armada”nın 1588-ci ildə La-Manşda və 1571-ci ildə Lepantoda dəniz döyüşləri, Kanar və Madeyra adaları ilə bağlı maraqlı, zəngin tarixi məlumatlar...
Müəllifin qələmə aldığı “Fitva”, “Qismət”, “Aqibət” romanlarında müasir cəmiyyətimizdə baş verən və oxucunu düşünməyə vadar edən bir çox neqativ və pozitiv olaylar  təsvir olunub. Həyatda özü üçün münasib mövqe tutmaq istəyən hər kəs çətinliklərlə üzləşir, ən ağır sınaqlardan çıxmağa çalışır, lakin bəzən sosial mübarizədən qalib kimi ayrıla bilmir. Ramiz Dəniz bu əsərlərdə mədəniyyəti, əxlaqı, etikanı ön plana çəkir və təzadlarla dolu cəmiyyətdə hər hansı bir vətəndaşın formalaşması üçün mənəviyyatın maddi amillərdən üstün olmasını söyləyir. 
Əsərlərinin məhsuldarlığı ilə bir çox yaradıcı insanlardan geri qalmayan R. Dəniz görkəmli Azərbaycan nasiri, ədəbiyyatşünası və pedaqoqu professor Mir Cəlalın həyat və yaradıcılığını əks etdirən “Qəlblərdə yaşayan Mir Cəlal” adlı publisist və XIII əsrdə yaşayıb-yaratmış dünya şöhrətli görkəmli Azərbaycan alimi, filosofu, riyaziyyatçısı, həndəsəşünası, astronomu Mühəmməd Nəsirəddin Tusinin həyat və elmi-yaradıcılığından bəhs edən “Əsləri qabaqlamış alim” adlı fundamental elmi-tədqiqat əsərini ərsəyə gətiribdir. Bundan əlavə o, erkən və orta əsrlər coğrafi kəşflər tarixi silsiləsindən Amerika qitəsinin və ayrılıqda Braziliyanın kəşfi ilə bağlı elmi-tədqiqat əsərlərini – “Xristofor Kolumb, Nəsirəddin tusi və Amerika qitəsinin həqiqi kəşfi” “Braziliyanın müəmmalı kəşfi” – yazıb elmi ictimaiyyətin istifadəsinə veribdir.
Xüsusilə də qeyd etmək istəyirəm ki, adları çəkilən son üç əsər igilis və rus dillərinə tərcümə olunaraq, Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının vasitəsilə 20-dən çox ölkədə yayımlanıbdır.
Müəllifin sonuncu əsəri – “Həqiqət” romanı isə Azərbaycan xalqının ağrılı yeri olan Qarabağ problemindən söz açır. R. Dəniz göstərir ki, vaxtilə ermənilərə öz ağuşunu açan, onunla son çörəyini bölən, ona ölkənin ən səfalı yerlərdə məskunlaşmağa imkan verən Azərbaycan xalqı, elə həmin mənfur ermənilər tərəfindən amansızcasına təcavüzə məruz qalmış və insanlığa zidd olan ən ağlasımaz vəhşilikləri, dəhşətləri öz taleyində yaşamışdır.
Torpaqlarmızın 20 faizindən çoxunu işğal edən, on minlərlə dinc sakini qətlə yetirən, minlyondan çox adamı öz dədə-baba torpaqlarından didərgin salan ermənilər, bu azmış kimi özlərini dünya ictimaiyyəti qarşısında məzlum, əzabkeş xalq kimi nümayiş etdirir, əliqanlı erməni diasporasının səyləri hesabına Qarabağ məsələsində azərbaycanlıların özlərini günahkar çıxarırlar.
“Həqiqət”in müəllifin əsas məqsədi tarixi həqiqəti   ortaya qoymaqdır. Qarabağ olaylarını göstərmək üçün o, öz üzrəinə həm yazıçı, həm də tədqiqatçı vəzifəsini götürür. Romanda Qarabağ hadisələrinin bir hissəsi olan Qaradağlı kəndi sakinlərinin blokada şəraitindəki həyatı, çətinliklərə sinə gərməsi, bütün müasir silahlarla silahlanan daşnaklara müqavimət göstərməsi, nəhayət, kəndin işğalı əks olunur. Romanın preambulasında 1991-ci il noyabırın 20-də Azərbaycanın siyasi, dövlət, ictimai xadimləri və beynəl-xalq müşahidə missiyası nümayəndələrinin olduğu helikopterin ermənilər tərəfindən vurulması göstərilir və cinayətin necə baş verdiyi açıqlanır.
Roman, bir kənddə uzun müddət yaşamış iki qonşu - azərbaycanlı və erməni ailəsindən bəhs edir. Elə ki, havadarlarına arxalanan erməni millətçiləri və ekstremistləri Azərbaycan ərazisində quldurluq əməllərinə başlayır, qonşular arasına düşmənçilik toxumu səpilir və ermənilər öz məkrli planlarını həyata keçirməyə başlayırlar - azərbaycanlılara məxsus malı-mülkü ələ keçirir, əsir düşənlərə qarşı qeyri-insani işgəncələr tətbiq edir, onların əksəriyyətini fiziki cəhətdən məhv edirlər.
Müəllif Qaradağlı kəndində baş verən faciəli olaylarda məşhur terroristlər Monte Melkonyan, Manvel Yegizaryan və Aram Toqromyanla yanaşı, Ermənistanın eks-prezidenti Robert Köçəryanın xüsusi rolunu nəzərdən qaçırmır. Bundan sonrakı hadisələr daha maraqlıdır: Qaradağlı qətliamından birtəhər salamat çıxmış Əliyevlər ailəsi qohumları və yurd-yuvasını itirəndən sonra çadır şəhərciyində məskunla-şır; qonşuları Muradyanlar ailəsi isə onların ev-eşiyini mənimsəyərək, Sankt-Peterburq şəhərinə gedir, orada özlərini ev-eşikləri əlindən alınan qaçqın kimi təqdim edirlər.
Muradyanların ailə başçısı Eduard Qarabağdakı əhaliyə qarşı qətliamlar törətsə də, o, iddia edir ki, bir baçısı guya Bakıda girov (Klara əri azərbaycanlı olduğu üçün Bakıda yaşayırdı) saxlanılır, digər bacısının əri  Sumqayıt hadisə-ləri zamanı guya azərbaycanlılar tərəfindən öldürülüb və özü zorlanıb (əslində, onu tanınmış qatil Eduard Qriqoryan zorlamış və ərini də həmin quldur qətlə yetirmişdi), qardaşı Artur isə guya Qarabağda (dinc əhaliyə divan tutan Artur azərbaycanlı əsgərlər tərəfindən zərərsizləşdirilmişdi) qətlə yetirilib. O, Qarabağı tərk etməmişdən əvvəl bir kənddə yaşadığı öz milliyyətinin nümayəndələrini aldadaraq, onların, quldurluqlaqla əldə etdikləri məzar daşları satmaq adı ilə mənimsəyərək, doğma ocağından didərgin düşür.
Ermənilərə yazığı gələn rus ziyalısı dövlət tərəfindən ev verilənə qədər özünün iki sot torpaq və həmin torpaqda tikdirdiyi mənzilini onlara verir. Öz cinayətlərini ört-basdır edən Eduard Sankt-Peterbuqda azərbaycanlıları yerli əhalinin gözündən salmaq üçün ən iyrənc şər-böhtan kompaniyası aparır və uzun illər xeyli sayda adamları aldatmağa nail olur. Lakin on səkkiz ildən sonra həmin rus ziyalısı xüsusi dəvətlə İrəvana, Xankəndinə, Eduardın anadan oldu-ğu Qaradağlıya və xarabazarlığa çevrilmiş digər azərbaycanlı şəhər və kəndlərinə gedib, orada əsl həqiqəti öz gözü ilə görür və ermənilərin necə yırtıcı bir millət olduğunu dərk edir. O, Bakıya qonaq gələndə isə azərbaycanlıların nə dərəcədə ürəyiaçıq, qonaqpərvər, tolerant bir millət olmasının şahidinə çevrilir və doğma şəhərinə qayıdan kimi qarayaxmalarla, iftiralarla məşğul olan erməni ailəsini qovaraq, dərs verdiyi universitetdə təhsil alan, həqiqi mənada qaçqın olan azərbaycanlı tələbəsinə həmin evdə məskunlaşmaq icazəsi verir.
Romandakı obrazlar beynəlmiləl xarakter daşıyır – azərbaycanlı qaçqın ailəsi, həyasız erməni ailəsi, rus ziyalısı, gürcü pedaqoqu, yəhudi biznesmeni, Bakıda əmin-amanlıq şəraitində öz ailəsi ilə birgə yaşayan erməni qadını, Stavropolda məskunlaşan Bakı və Sumqayıt erməniləri.  Hadisələrin miqyası da kifayət qədər genişdir: ermənilər tərəfindən həyata keçirilən genosid və vandalizm, çağdaş sivilizasiyaya uyğun olmayan vəhşiliklər, soyğunçuluq, qətl, mənimsəmə və özününküləşdirmə siyasəti, dünyanın bir çox yerlərində Azərbaycana qarşı aparılan iyrənc təbliğat... Amma müəllif sadəcə son iyirmi-iyirmi beş illə kifayətlənməyib, tarixə də üz tutur,  bir neçə əsr bundan əvvəl Qafqazın cənubunda baş verən olaylardan da danışır və bununla da, hadisələrin kökünə gedir. Əsərin kuliminasiya nöqtəsi özlərini məzlum, əzabkeş, əzilmiş, qaçqın kimi təqdim edən erməni ailəsinin planlarının alt-üst olması, onların ifşa olunması epizodlarında öz əksini tapır. Ermənilər bütün dost-tanışların qarşısında fiaskoya uğrayırlar.
Aktual bir mövzuya həsr olunmuş “Həqiqət” romanı Qarabağda baş verən hadisələrin müəyyən bir dövrünü tarixi obyektivliklə əks etdirməsi baxımından gənc nəslin dünyagörüşünə müəyyən istiqamət verə bilər.
 
          Tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir  
17803
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic