AKADEMİK RAMİZ MƏMMƏDOV GƏNC COĞRAFİYAÇI ALİM VƏ MÜTƏXƏSSİSLƏRLƏ GÖRÜŞ KEÇİRDİ

24 fevral 2017

Fevralın 24-də Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun gənc alim və mütəxəssisləri ilə  görüş keçirib.

Görüşün əsas məqsədi İnstitut rəhbərliyinin gənclərin elmi fəaliyyətinin vəziyyəti və  problemləri ilə yaxından tanış olması və onlara yardımçı olmaqdan ibarət idi.

R.Məmmədov bu görüşə bütün ciddiliyi və tələbkarlığı ilə yanaşdı. Tədbirdə iştirak edən hər bir gənc əməkdaşı bir-bir ayağa qaldıraraq hansı mövzu üzərində işlədikləri, işin hansı mərhələdə olduğu, çöl-tədqiqat işlərində iştirakları, beynəlxalq və ya yerli elmi jurnallarda məqalələrinin çapı, hansı elmi  kitabları oxuduqları və s. ilə maraqlandı, onları  gördükləri işlər barədə qısa hesabat verməyə dəvət etdi.

Direktor nisbətən passiv gəncləri bir ata kimi danlayaraq, onlardan daha yüksək nəticələr gözlədiyini söylədi. Cavan mütəxəssis kimi özünün işə böyük həvəslə başladığı illərdə Xəzər dənizində apardığı  tədqiqatlarından  nümunələr gətirdi. Ramiz müəllim qasırğanın törətdiyi təhlükələrə, soyuğa, aclığa sinə gərərək 28 gün tək-tənha, azuqəsiz dənizin ortasında qalmağa, yaxud növbəti dəfə, gəmidəki nasazlığı aradan qaldırmaq üçün ətrafdakıların etirazına məhəl qoymadan 8 dərəcə soyuq suya baş vuraraq orada bir neçə dəqiqə keçirməsinə baxmayaraq, “O həyatı məmnuniyyətlə yenidən yaşayardım” – deyir, “Çünki mən həmin günlərdə özümü gənc bir tədqiqatçı kimi sübut edə bildim, düzgün yol seçdiyimi təsdiq etdim”.

Rəhbər dedi ki, elmdə nailiyyət əldə etmək üçün onu sevməli, işinin vurğunu olmalısan. O anlatdı ki, vaxtını səmərəsiz keçirən, mütaliədən qaçan, öz dilindən başqa heç bir xarici dil bilməyən, işinin nəticəsi olmayan, passiv gənclər elmə lazım deyil. Ramiz müəllim işinə can yandıran, onun öhdəsindən uğurla gələn, elmi ədəbiyyat və jurnalları daim izləyən, ekspedisiyalara - təcrübi işlərə can atan, məqalələr çap etdirən  fəal, perspektivli  gənclərə böyük diqqət və qayğı  ilə yanaşdığını nümayiş etdirdi,  lazım olan köməyi onlardan əsirgəməyəcəyinə inam yaratdı.  

Gənclər onların elmi fəaliyyətinin daim nəzarət altında olduğunu, eləcə də ehtiyac olan zaman rəhbərliyə müraciət edə biləcəklərini dərk edərək üzərlərinə düşən məsuliyyəti daha da artırmağın və əsas qüvvənin elmə yönəldilməsinin  vacibliyini  dərindən anladılar  ki, bu da gələcəkdə  daha yaxşı və səmərəli işləmələri üçün onlarda böyük zəmin yaratdı.  
 


13075
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic