PİRALLAHI-GÜRGAN-ZİRƏ SƏFƏRİ
Səfərimiz Koroğlu Metro Stansiyasından başladı. Saat 09:35-də 150 nömrəli avtobusla Pirallahı adasına doğru hərəkətə başladıq. Yol yoldaşım tarixçi Elnur Nəciyev idi. Binə, Qala, Dübəndi qəsəbələrini keçərək adaya yaxınlaşmaqda idik. Ada, səhər günəşinin şüaları altında tənbəl halda uzanaraq yatırdı. Diqqətimizi çəkən ilk abidə ada ilə üzbəüz yerləşmiş Abşeron mayakı oldu. Bu mayaka bir qədər sonra qayıdacağıq.
Adaya, onu quru ilə birləşdirən və yenicə istifadəyə verilmiş körpüdən keçərək daxil olduq. Yolçuluğumuz 1 saatdan artıq çəkdi. Təxminən saat 10:50-də avtobusun sonuncu dayanacağında idik. Adanın bu hissəsində yaşayış məntəqələri bitir və şimala – dənizin içinə doğru neft çıxarılan ərazilər uzanırdı. Burada Pirallahı adası haqqında məlumat verərək kiçik bir haşıyə çıxım. Xəzər dənizinin ən böyük adalardan biri olub, Abşeron yarımadasının şərqində yerləşir. Sahəsi 17,56 km2 olmaqla, uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədər təşkil edir. Ada neft yataqlarına görə məşhurdur. Mənbələrə görə, burada neft hasilatının tarixi 1870-ci ildən başlayır. 1897-ci ildə Nobel qardaşları burada qazma qurğuları quraşdırır və neftçıxarma sahələri tədricən genişlənir. 1929-cu ildə ilk mədən yaradılır, 1935-ci ildə isə ilk dəfə olaraq, adanın şimal sahillərində dənizdən neft hasil edilməyə başlanılır. 1925-ci ildə adaya inqilabçı, sovet dövlət xadimi Artyomun – F.A.Sergeyevin (1883-1921) adı verilir. Ada 1936-cı ildə Azərbaycan SSRİ Bakı şəhər Sovetliyinin Əzizbəyov rayonu tərkibində şəhər tipli qəsəbə statusu alır. 1943-cü ildə adanı yarımada ilə birləşdirən “Damba” adlanan körpü-bəndin tikilməsi gediş-gəlişi asanlaşdırmaqla, məskunlaşmanın da artmasına səbəb olur. 1992-ci ildə Milli Məclisin qərarı ilə adanın qədim adı - Pirallahı özünə qaytarılır. Nəhayət, 2012-ci ldə Pirallahı qəsəbəsi Gürgan, Cilov və Neft Daşları qəsəbələri ilə birgə Bakı şəhəri Pirallahı rayonu tərkibinə daxil edilir.
Beləliklə, həmin bu qəsəbədə səyahətmizə başlamış olduq. Plana uyğun olaraq, əvvəlcə qəsəbənin qəbirstanlığına doğru ara məhəllələrlə irəlilədik. Yolumuzun üstündə sovet vaxtı tikilmiş və uçub dağılmış bir neçə bina ilə qarşılaşdıq. Belə binaların birinin qarşısında “Fövqəladə hallar zamanı toplantı yeri” yazılmış lövhə təəccübümüzə səbəb oldu. Daha sonra qarşımıza çıxan, təxminən yarım əsrlik tarixi olan hamam binası, ovdan isə olduqca bərbad vəziyyətdə idi.
Qəbirstanlığa gəldiyimiz zaman qəbirlərin əksəriyyətinin ruslara aid olması diqqətmizi çəkdi. Məzarlığın şimal hissəsi bütövlükdə xristian qəbirlərindən ibarət idi. Provaslavlara məxsus qəbirlərin bir çoxunun üzərində daş örtük yox idi. Sadəcə qəbirlərin üstünə xaç şəkilli dəmir dirək basdırılmış və ətrafları dəmir barmaqlıqlarla əhatə olunmuşdu. Bütün bunlar adada vaxtilə rusların xeyli sayda olmasının göstəricisi idi. Böyük ehtimalla ruslar adaya ötən əsrin ortalarında neft mədənlərində işləmək üçün gəlmiş və burada da yaşamışdılar. Məzarlığın cənub hissəsində isə islam qaydaları ilə dəfn edilmiş insanların qəbirləri üstünlük təşkil edirdi. Görünür, əhalinin dini inanclarına əsasən, qəbirlər qarışdırılmamış, xristianlar şimalda, müsəlmanlar isə cənubda dəfn olunmuşdular.
Nəhayət, qəbirstanlıqdan uzaqlaşdıq, kiçik mazutlu gölməçələrin yaxınlığından keçərək əsas magistral yola çıxdıq. Buradan isə yaxınlıqda yerləşmiş “Gənclər parkı”na gəldik. Uzunluğu təxminən 300 m olan parkın mərkəzində hovuz və bayraq asılması üçün nəzərdə tutulmuş hündür dirək var idi. Kənarlarda yaşı o qədər də çox olmayan şam ağacları əkilmiş, bəzi yerlərdə skamyalar qoyulmuşdu. Parkın ərazisini gəzərək Pirallahı məscidinə doğru hərəkət etdik. Məscidin əsas binasında yalnız hörgü işi görülmüş və tikintisi yarımçıq saxlanılmışdı. Həyətindəki digər bir tikilidə isə ibadət etmək üçün şərait var idi. Adada sonuncu ziyarət etdiyimiz yer “Vətən uğrunda” abidə-kompleksi oldu. Abidədə 36 şəhidin şəkli, ad və soyadları mərmər lövhə üzərində həkk olunmuşdu.
Saat 12:45 radələrində Pirallahı qəsəbəsinə olan ziyarətimizi sona çatmış hesab edərək adanı tərk etmək qərarını verdik.
Qeyd edim ki, qəsəbə haqqında ümumi təəssüratımız belə oldu ki, burada hazırda turizm baxımından elə bir obyekt olmasa da, aparılan tikinti, abadlıq işlərini bəyəndik. Mərkəzi küçə yenidən asfaltlanmış, adanı quru ilə birləşdirən damba isə uzunluğu 710 m olan körpü ilə əvəz olunmuşdu. Körpünün altından su yolu, nəhayət ki, açılmışdı. Bu həm gəmilərin buradan keçməsinə, həm də ekoloji baxımdan vacib olan dəniz suyunun dövr etməsinə şərait yaradırdı.
Avtobusa minərək adadan çıxdıq. Körpünü keçdikdən sonra Gürgan qəsəbəsi ərazisində avtobusdan düşdük. Burada magistral yolun kənarında kiçik göl, ətrafında isə yenicə əkilmiş şam ağacları var idi. Ümumiyətlə, magistral boyunca hər yerdə abadlıq işləri gedirdi. Abşeron mayakı dayandığımız ərazidən təxminən 1 km məsafədə, şimal-qərb istiqamətində, təpənin üzərində ucalırdı. Elə bu istiqamətdə də yolumuzu davam etdirmək fikrində idik. Əvvəlcə cənub-şərq istiqamətində təxminən 700 m irəliləyərək Gürgan qəsəbə qəbirstanlığına gəlib çıxıdıq. Qəbirstanlığın şərq hissəsində uşaq qəbirlərinin çoxluğu diqqətimizi çəkdi. Daha sonra buradan mayak istiqamətində yolumuzu davam etdirdik. Təpənin üzərinə çıxaraq qayalıqlarla hərəkət edirdik. Bəzi yerlərdə küləyin yonub düzəltdiyi müxtəlif maraqlı qaya formalarını müşahidə edirdik. Nəhayət, saat 14:00-da mayakın olduğu əraziyə gəlib çıxdıq. Bəli, ölkəmizin ən böyük mayakı qarşımızda əzəmətlə ucalırdı. Qapıları kilidli olduğundan, içərisinə daxil ola bilməsək də, ətrafında dövr edərək xeyli müşahidə apardıq. 25 metrlik hündürlüyə malik bu qüllə 1860-cı ldən istifadədir. Mayakın burada tikilməsində məqsəd gəmilərin yarımada və ada arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasına şərait yaratmaq olmuşdur. Bu mayakın işıqlandırılması zamanı vaxtilə kerosin lampasından istifadə edilmiş, 1956-cı ildə isə buraya elektrik enerjisi verilmişdir.
Elə bu qüllənin yaxınlığında naharımızı edərək, Zirə qəsəbəsi istiqamətində yola düşdük. Zirə yoluna qədər 3 km-lik məsafəni piyada qət etdik. Qəsəbənin girişində yeni yaradılmış ekoparkda insanlar qrup şəklində öz mənalı istirahətlərini keçirirdilər. 15:25-də artıq bu parkın yaxınlığındakı dayanacaqda Zirəyə gedən avtobusu gözləməkdə idik. Bu gözləmə 40 dəqiqə vaxtımızı aldı. Zirə ərazisində 1 qəbirstanlıq, 2 məscid və 1 hamamı ziyarət etdik. Zirə Cümə məscidi öz gözəlliyinə və yeniliyinə görə xüsusilə seçilirdi. Qarşısında yerləşmiş lövhədə məscidin 2016-cı ildə Aydın Qurbanov fondu tərəfindən inşa edildiyi yazılmılmışdı. Bu fond haqqında məlumat əldə edə bilməsək də görülmüş bu xeyirli iş, diqqətəlayiq hal kimi yaddaşımızda qaldı. Bundan başqa, məscidin yaxınlığında yerləşən XIX əsrə aid hamamda da bərpa işləri aparılmış, fasadı yenilənmişdi.
Beləliklə, 18:20-də planımıza uyğun olaraq, bu sonuncu qəsəbəni də tərk edərək səyahətimizi bitmiş elan etdik. 187 nömrəli avtobusla Koroğlu metro stansiyasına doğru geriyə qayıtdıq.
Emil Cəbrayılov
09 aprel 2017
28755