VİSENTE YANYES PİNSON, DİYEQO LEPE VƏ YA RƏSMİ OLARAQ BRAZİLİYANI İLK DƏFƏ KİM KƏŞF EDİBDİR? - I HİSSƏAtlantik okeanındakı ekspansiyalara xüsusi önəm verən portuqal kralı I Manuel yaxşı bilirdi ki, əvvəlki ekspedisiyaların başında böyük naviqasiya təcrübəsi və dənizçilik bacarığı olan şturman və kapitanlar dururdu. Həmin dənizçilər yola düşəndə kral əmin idi ki, onlar verilən tapşırığın öhdəsindən müvəffəqiyyətlə gələcəklər. Lakin bu dəfə böyük ekspedisiyanın başında tamamilə fərqli bir adam dururdu.
Belə olan halda Braziliyanın “kəşfini” o, naşı adama tapşıra bilməzdi. Pedru Kabralın ekspedisiyasını yola salmaqla kral bir güllə ilə iki dovşan vurmaq niyyətində idi: birincisi, Hind okeanına olan çıxışı bilən şəxsin donanmanı Hindistana aparması, ikincisi isə yol üstü Cənubi Amerikanın müəyyən bir sahil zolağını yaxşı tanıyan bir dənizçinin köməyi ilə Braziliyanın kəşfini rəsmiləşdirmək üçün həmin sahillərə yan almaq. Belə bir tələskənlik nəyə lazım idi? İş ondadır ki, 1500-cü ilin əvvəlindən ispan dəniz səyyahları Karib dənizi akvatoriyasından çıxaraq, cənubda yerləşən böyük materikin ərazisinin tədqiqi ilə məşğul idilər. N. S. Konstantinova yazır ki, “...Pinsonun həmin il yanvarın 20-də, Lepenin isə fevralın 16-da Braziliya sahillərinə yan alması xəbəri gəlib Portuqaliyaya çatdığından, həmin ekspedisiyaya əlavə tapşırıq da verilmişdi”.1 İstərdim ki, tam da olmasa, biz Braziliya sahillərinə nəzərdə tutulan ekspedisiyaların marşrutunu müəyyənləşdirək. Paralelər və meridianlar diqqət mərkəzindədir. Ona görə ki, arxada Tordesilyas müqaviləsi qalmış və sərhədlər müəyyənləşdirilməliydi. Visente Yanyes Pinson (1460-1523): Xristofor Kolumbun birinci səyahəti zamanı böyük etimad qazanan Visente Yanyes Pinson ispan krallığından patent alan kimi Yeni Dünya sahillərinə yola düşür və yanvarın 20-si 1500-cü ildə Cənubi Amerikanın Müqəddəs Avqustin burnundan bir qədər cənubda olan, 80 c. en dairəsində yerləşən əraziyə yan alır. Ondan sonra o, dərhal kursu şimal-qərbə tərəf döndərərək, indiki Qviananın ərazisinə kimi yol qət edir. Məhz həmin səyahət zamanı Pinson Amazonka çayının mənsəbini (sahildən 200 km. aralı olan dənizçilər okeanda, hətta 10-12 metr dərinliyə kimi, içməyə gərəkli olan şirin suyun olduğunu müəyyən edir və onu “Şirinsulu dəniz” adlandırırlar) kəşf edir. Visente Yanyes Pinson (1460-1523) Diyeqo de Lepe (1460-1515): Diyeqo Lepe adlı başqa bir ispan səyyahı fevralın 16-sı 1500-cü ildə 100 c.en dairəsində naməlum torpağa yaxınlaşır və qeyd edir ki, burada torpaq cənub-qərbə tərəf uzanır. Onda belə çıxır ki, rəsmi olaraq Braziliya sahillərinə ilk dəfə Pedru Kabral yox, elə Visente Pinsonla, Diyeqo de Lepe yan alır və bu kəşf onların adı ilə bağlanmalıdır. Portuqal kralının İspanıyanın limanlarında, hətta kral sarayında da özünün cəsusları vardı və ispanlar hər hansı bir coğrafi kəşfi həyata keçirəndə, həmin cəsusların vasitəsilə o, məlumat alırdı. Eləcə də Visente Pinsonun səyahəti başa çatan kimi, çevik şəkildə bu haqda portuqal kralı I Manuelə xəbər verirlər. Bu yerdə kral tələsməyi vacib bilir. Papa VI Aleksandrın Tordesilyasdakı bullası nəinki portuqalların, o cümlədən, ispanların da baş ağrısına çevrilmişdir. İş ondadır ki, ispanlar Karib dənizində mövcud olan Böyük və Kiçik Antil adalarının demarkasion xətdən harada yerləşməsindən hali idilər. Lakin Kabralın ekspedisiyasına qədər onları, həmin xəttin Karib dənizinin cənubunda yerləşən tam tədqiq olunmayan torpaqların hansı hissəsindən keçdiyi düşündürürdü. İndi sərbəst şəkildə 28-ci paralleldən aşağıda tədqiqat işləri aparmağa imkan yaranırdı. Vasko da Qama Hindistana şərq dəniz yolunu kəşf edib vətənə qayıdandan sonra ispan monarxları Kolumbun Vest-Hind adalarına olan inhisarını ləğv edərək, imkanlı şəxslərə həmin ərazilərə ekspedisiya göndərməsi üçün patent verir. Diyeqo de Lepe (1460-1515) Pedro Alonso Ninyo (1468-1505): İlkin icazə alanlardan biri Xristofor Kolumbun Yeni Dünya sahillərinə təşkil etdiyi səyahətlərinin üçündə iştirak etmiş şturman Pedro Alonso (Peralonso) Ninyo idi və o, tərəddüd etmədən 1499-cu ilin iyun ayının əvvəlində, bir gəmidə Karib dənizinə yollanır. Tordesilyas müqaviləsinə hörmətlə yanaşan Ninyo Cənubi Amerikanın şimal sahillərini demarkasion xətdən qərb tərəfdə yerləşən hissəsinə ekspedisiya təşkil edir. Hər şeydən əvvəl o, müəyyən etmək istəyirdi ki, yeni kəşf olunan böyük torpağın ərazisi demarkasion xətdən neçə km. qərbə doğru uzanır və həmin sahil zolağı harada başa çatır? Pedro Alonso Ninyo (1468-1505) Alonso de Oxeda (1468-1515): Ninyodan əvvəl həmin sahilləri tədqiq etmək üçün Xristofor Kolumbun Yeni Dünya sahillərinə olan ikinci səyahətinin iştirakçısı Alonso Oxeda icazə alır və üç gəmidə birbaşa Karib dənizinin cənubunda yerləşən materikə tərəf üz tutur. İki gəmini ona florentsiyalı bankirlər verdikləri üçün, guya Ameriqo Vespuççi də həmin ekspedisiyada iştirak edir. Bundan əlavə heyətə Kolumbun ikinci ekspedisiyasında iştirak etmiş Xuan de La Kosa və başqa tanınmış adamlar da dəvət olunur. Səyahətə mükəmməl hazırlaşan de Oxeda yola düşməmişdən əvvəl Kolumbun ispan monarxlarına 1498-ci ildə göndərdiyi Pariya körfəzinin və Mirvari sahilinin xəritəsi ilə tanış olur. Bu ondan xəbər verir ki, o, Yeni Dünya sahillərinə xüsusi missiya ilə yollanmışdı. Buna bariz nümunə ekspedisiya 18-i may 1499-cu ildə Kadis limanını tərk edəndən bir neçə gün sonra o, yolda bir karavellanı saxlayıb, gəmi heyətinin əksər hissəsini özü ilə səyahətə getməsini razı salır. Alonso de Oxeda (1468-1515) Ameriqo Vespuççi (1454-1512): İyunun sonunda dörd gəmi 60 və ya 50 c.en dairəsində haradasa, 510 q. uzunluğunda yerləşən Oyapok buxtasında sahilə yaxınlaşır və orada iki yerə bölünürlər. Oxeda iki gəmidə qərb-şimali-qərb istiqaməti ilə yolunu davam etdirir, yerdə qalan gəmilərdə isə Ameriqo Vespuççi cənub-qərb istiqamətilə hərəkət edərək, iyulun 2-də Visente Pinsondan qabaq, Atlantik okeanına tökülən iki böyük çayın – qərbdən Amazonka və cənubdan Para – mənsəbini görür. Onlar sahildən 45 km. aralı öz çəlləklərini okenda şirin su ilə doldururlar. Vespuççi 20 yoldaşı ilə birlikdə qayıqlarda 100 km. içəri daxil olur və oranın sıx meşəlikdən ibarət olduğunu görüb iki gündən sonra gəmi-lərə qayıdır. İyulun 24-də onlar şərq, cənubi-şərq istiqa-mətində yollarını davam etdirirlər, lakin əks tərəfdən gələn cərəyanın ucbatından 250 km-dən çox məsafə qət edə bil-mirlər. Beləliklə, ispanlar Cənubi-Passat cərəyanının qolu olan, saatda 3 km. daşan Qviana cərəyanını aşkarlayırlar. Bəzi alimlər qeyd edirlər ki, o, ya 10 30/ c.en dairəsi və 450 q.uzunluğunda yerləşən Turiasu buxtasına, ya da ki, 20 c.en dairəsi və 440 q.uzunluğunda yerləşən San-Markus buxtasına kimi 1200 km. məsafə qət edir və oradan şimal-qərb istiqamətilə geri qayıdır. Trinidad adasında bir qədər istirahət edəndən sonra Ameriqo Vespuççi Kodera burnu yaxınlığın-da Oxeda ilə birləşir və hər ikisi 1500-cü ilin iyun ayında İspaniyada peyda olurlar. Dekabrın 1-i 1499-cu ildə Xristofor Kolumbun Yeni Dünya sahillərinə təşkil etdiyi birinci səyahətin iştirakçısı Visente Yanyes Pinson öz nəslinin nümayəndələrinin puluna aldığı dörd gəmidə Palos limanını tərk edib, birbaşa Braziliya sahillərinə yollanır. Yaşıl Burun adalarından o, kursu cənub-qərb istiqamətinə götürüb, ispanlar arasında birinci olaraq ekvator xəttini keçir və iki həftəlik okean keçidindən sonra 26-sı yanvar 1500-cü ildə gözlənilmədən Braziliyanın San-Roka burnu (50 30/ c.en dairəsi) ilə rastlaşır. Tordesilyas müqaviləsinə zidd olaraq Pinson notariusla birlikdə sahilə çıxıb, orada taxtadan düzəldilmiş bir neçə xaçı torpağa sancır. O, bütün heyət qarşısında həmin ərazini ispan taxt-tacının mülkiyyəti elan edir. Bu kəşfdən sonra Visente Pinson şimal-qərb istiqamətində yolunu davam etdirir və bir neçə gündən sonra sahili gözdən itirir. Dənizçilər okeandan su götürəndə görürlər ki, su şirindir və dərhal istiqaməti sahilə tərəf üz tuturlar. Yalnız 200 km. yol qət edəndən sonra Pinson sahil ilə üzləşir və Vespuççidən sonra Para çayının mənsəbini kəşf edən ikinci adam olur. Ekvator yaxınlığında yenə də Vespuççidən sonra o, dünyənın ən böyük çayının mənsəbini aşkarlayır və onu (okean sularının materikə yaxın olan hissədə şirin suya çevirdiyindən) Mar-Dulse (“Şirinsulu dəniz”) adlandırır. Pinson oradan şimal-qərb istiqamətində üzərək Oxedadan sonra indiki Qviana sahillərinə çatır. Bu əraziyə qədər o, arakəsmələrlə 3000 km. şimal sahil zolağını tədqiq edir, o cümlədən, yeni materikin 1200 km. sahilini kəşf edir. Təcrübəli dənizçi həmin an anlayır ki, bu qədər sahil zolağı yalnız qitəyə məxsus ola bilər. Lakin həmin ərazini Asiya ilə səhv salır. Beləliklə, Pinson yolda iki gəmi itirməklə, yerdə qalan iki gəmidə 29-u sentyabr 1500-cü ildə Palosa gəlir. Ameriqo Vespuççi (1454-1512) Bartolome Roldan: Pinsonun Yeni Dünya sahillərinə yola düşməsindən təxminən iki həftə sonra, 1499-cu ilin dekabrın ortasında Diyeqo de Lepe iki gəmidə Palos limanını tərk edir və təcrübəli naviqator Bartolome Roldanla birlikdə cənub-qərb istiqamətində hərəkət edərək, fevralın 12-də 50 30/ c.en dairəsində Braziliya sahillərinə yan alırlar. Oradan cənub istiqamətində yolunu davam etdirməklə, Cənubi Amerikanın ən ucqar şərq nöqtəsi Sant-Auqustin (Kabu-Branku burnu, 70 c.en dairəsi) burnuna çatırlar. Onlar daha 200 km. cənuba doğru hərəkət edəndən sonra görürlər ki, buradan sahil cənub-qərbə uzanır. Məhz bundan sonra ispanlar geriyə qayıdıb, demək olar ki, Visente Pinsonun marşrutunu təkrarlayırlar. Yolda onlar Amazonka çayına daxil olub 400 km-ə yaxın yuxarı qalxırlar və Bartolome Roldan bütün bunları yeni tərtib etdiyi xəritəyə daxil edir. Alonso Veles de Mendosa (? - 1511): 1500-cü ilin iyulun sonunda onlar İspaniyaya qayıdırlar, lakin çox çəkməmiş Roldanı Cənubi Amerika sahillərinə nəzərdə tutulan növbəti ekspedisiyaya dəvət edirlər. Həmin ekspedisiyanın rəhbəri cəngavər ordeninin komandoru, müflisləşmiş zadəgan Alonso Veles de Mendosa təyin edilir. O, avqustun sonunda iki gəmidə - “San-Kristobal” və “Müqəddəs ruh” (ikinci gəmini Luis və Anton Gerra qardaşları təşkil etmişdilər) – Seviliyanı tərk edir və noyabr ayında Braziliyanın Kabu-Branku burnundan 30-35 km. şimalda sahilə yan alır. Bu məsələdə Bartolome Roldan özünü əsl dənizçi və peşəkar şturman kimi göstərir. Onlar vaxt itirmədən cənub istiqamatində yollarını davam etdirir və bir qədər gedəndən sonra görürlər ki, sahil zolağı cənub-qərbə tərəf uzanır. Dekabrın 25-də Roldan “Marallar” çayının mənsəbinə çatır, çox güman ki, bu San-Fransisku çayıdır, istirahət etmək üçün bir neçə gün orada qalırlar. Gəmilər cənub-qərb istiqamətində yollarını davam etdirir və materikin şimal-şərq çıxacağında yerləşən yeganə böyük körfəzə (Todeus-us-Santus, sadəcə Baiya), 1501-ci ilin yanvarın əvvəlində isə Jekitinonya (160 c.en dairəsi) çayının çatır. Məhz bundan sonra Alonso de Mendosa geri qayıtmağı qərara alır. İspanlar bu ərazidə qiymətli daşlar tapa bilmədilər, lakin 1000 km-ə yaxın sahil zolağını tədqiq edib, onu tərtib edilən xəritəyə qeydiyyata salırlar. Hər iki gəmi 1501-ci ilin ya may ayının sonunda, ya da iyun ayının əvvəlində Seviliyaya qayıdır. Məlumat üçün bildirməliyəm ki, Alonso de Mendosanın ekspedisiyasının nəticələri gizlin saxlanılmalı idi, ona görə ki, ispanlar portuqallara məxsus olan ərazidə tədqiqat işləri aparırdılar. Onlar hələ də Tordesilyas müqaviləsinin bəzi bəndlərinin üstündən xətt çəkmək ümidini itirmirdilər. Yalnız beş əsrdən sonra bəlli olur ki, Bartolome Roldanın iştirakı ilə belə bir ekspedisiya Pedru Kabraldan əvvəl Braziliya sahillərinə yan almış və həmin ərazinin konturlarını çəkməyə müvəffəq olmuşdu. Alonso de Mendosanın səyahəti Xronologiyaları ardıcıllıqla göstərməkdə məqsədim odur ki, ispanların Braziliya sahillərinə göndərdikləri ekspedisiyalar planlı şəkildə təşkil olunur və əsas tapşırıq yalnız həmin sahil zolağının haraya uzanıb getdiyini müəyyənləşdirməkdən ibarət idi. Ona görə də həmin ekspedisiyaların əksəriyyəti məxfi şəkildə saxlanılaraq, marşrutları kodlaşdırılırdı. (Ardı – “İspanlar birinci olaraq Braziliyanı kəşf ediblər” – adlı məqalədə) Yazıçı-tədqiqatçı Ramiz Dəniz Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı 1 Константинова Н. С. Путешествие в прошлое. Навигационная ошибка или секретная миссия?// Латинская Америка, № 5, Москва, 2000, С.8.)
24464
|
|