YENİ DÜNYANIN KƏŞFİNDƏ ALONSO SANÇES DE UELVANIN SİRRİ HEÇ BİR ROL OYNAMAYIBDIR - II HİSSƏ

   (Əvvəli - “Alonso Sançes de Uelvanın Madeyra adalarında Xristofor Kolumbla görüşü” – adlı məqalədə)
 
Yeni Dünya sahilləri kəşf ediləndə İspan monarxları tərəfindən Xristofor Kolumba verilən vədlər həyata keçirilməliydi. Yola düşməzdən əvvəl, həddindən artıq böyük imtiyazlar istəmiş genuyalı dənizçiyə maneələr törətməyə başladılar. Yəni, nəticə etibari ilə Kolumb həmin imtiyazlara qismən sahib olur. Saraya yaxın olan adamlar, birinci səyahətdən sonra admiral titulu alan genuyalını monarxların gözündən salmaq üçün, ona qarşı intriqalar yaratmışdılar.
Amerikanın kəşfi ilə bağlı konkistadorlar arasında belə şayiə gəzirdi ki, guya oranı Alonso Sançes (Uelva – R.D.) adlı bir nəfər kəşf edibdir. Bu ona görə edilirdi ki, həmin dövrdə Kolumbun varisləri ilə Kastiliya taxt-tacı arasında vərəsəlik davası (1510-1550) gedirdi. Məhz bu səbəbdən kral məmurları okeanın o tayındakı ərazilərin kəşfini Kolumbun yox, tamamilə başqa bir nəfərin adı ilə bağlamağa çalışırdılar.1
Xristofor Kolumba qarşı düşmənçilik mövqeyində duran tarixçilər iddia edirlər ki, ola bilsin, gücbəla ilə fəlakətdən qurtulan həmin şturman qərbdə olduğu üçün, II Juan həmin ərazilərin kəşf edilməsini məhz ona həvalə edəcək. Bundan ehtiyat edən Kolumb, bu məsələdə rəqib olmasın deyə, həmin adamı zərərsizləşdirir. Axı, necə olsa da Atlantikanın qərb hissəsində yerləşən ərazilərin tədqiq edilməsi ilə bağlı məhz genuyalının özü layihə hazırlamışdı.
 
                                                           
                                                             Portuqal kralı II Juan
 
Bu çox qərəzli fikirdir. Ona görə ki, həmin dənizçilər sahilə yan alanda Xristofor Kolumbdan başqa orada çox adam olubdur və sorğu-suallar bir neçə adamın yanında aparılmışdı. Peruan səlnaməçisi Qorsilaso de la Veqa, Fransisko Lopes de Qomara, Jorj Blon Uelvanın adını çəkməklə və onun Kolumbla görüşdüyünü qeyd etməklə, heç də məşhur dəniz səyyahının şərəf və ləyaqətini alçaltmaq istəməmişdilər. Sadəcə olaraq dolayısı yolla vurğulamaq istəmişdilər ki, genuyalı dənizçi gələcəkdə transatlantik səyahətini həyata keçirmək üçün guya Uelvadan lazımi məlumatlar almışdı. Əslinə isə qalanda Xristofor Kolumb kimi dənizçilik sənətinə həm nəzəri, həm də praktik cəhətcə yiyələnən bir naviqator heç vaxt belə bir qeyri-ciddi, dəqiqləşdirilməmiş məlumata inanmazdı. Çünki o, əmin idi ki, özünün nəzərdə tutduğu iri torpaq ərazisi Madeyra adalarından həddindən artıq uzaqda yerləşir və həmin yerin koordinatlarını təxmini olsa da bilməyəndə, ora gedib çıxmaq mümkün deyil. Sadəcə olaraq Alonso Uelva bir qədər aralıda olan hansısa ada ilə üzləşə bilərdi – bu çox güman ki, Yaşıl Burun adalarından biri olardı.
Qəribəliklərlə dolu olan həmin iddia Xristofor Kolumbun taleyinə qaranlıq gətirə bilməz. Ona görə ki, Qorsilaso de la Veqanın kitabında göstərilibdir ki, Alonso Sançes qasırğaya düşəndə 28-29 gün naməlum istiqamətində, elə qasırğanın təsiri ilə üzmüş və çox güman ki, indiki Santo-Dominqo adasının sahilinə çıxmışdı. Belə bir dəqiqlik onda haradan ola bilərdi? Onda belə çıxır ki, qərb istiqamətində qovulan gəmi Qolfstrim cərəyanına düşmüş və çox asanlıqla da həmin cərəyanın caynağından qurtara bilmişdi? Bu nədənsə inandırıcı görünmür. Ona görə ki, belə olsaydı, onda Xristofor Kolumbun birinci səyahətinə qədər portuqalların Atlantikanın qərb hissəsində yerləşən naməlum torpaq ərazisi çoxdan kəşf olunardı. Necə olsa da həmin torpağın aşkarlanması üçün portuqallar okeanın məhz həmin hissəsinə Voqadonun, Tellesin, van Olmenin və başqalarının başçılığı ilə ekspedisiyalar göndərilmiş və heç bir səyahət uğurla nəticələnməmişdi.
 
                                                     
                                                Garsilaso de la Vega (1539-1616)                        
 
Böyük və Kiçik Antil adalarının qarşısında baryer rolunu oynayan Qolfstrim cərəyanı Atlantikanın şərqində gələn hər bir nabələd gəmini caynağına alıb, dolayısı yolla həmin nəqliyyat vasitəsini, aparıb Avropa sahillərinə çıxara bilərdi. Ona görə ki, həmin dövrdə okeana çıxan hər bir gəmi hərəkət edərkən, istər-istəməz kurs üzrə hərəkət edən cərəyana daxil olub və müəyyən bir məsafəni qət etmək üçün məhz okean çayının köməyindən istifadə edirdi. Deməli, Şimal Yarımkürəsində şərqdən qərb istiqamətində fəaliyyət göstərən Şimali-Passat cərəyanından istifadə edən hansısa bir kapitan tabeliyində olan gəmini tanımadığı Karib dənizi akvatoriyasına aparıb çıxara bilməzdi. Çünki Şimali-Passat Atlantikanın həmin enliyində bir qədər şimala doğru qalxır və orada Qolfstrimlə birləşir.
Əgər, verilən məlumatlara inansaydıq, yəni, Uelvanın məlumatı Kolumbun layihəsinə müsbət təsir göstərsəydi, onda genuyalı birinci səyahəti zamanı Avropa sahillərini tərk edən kimi ekvatora yaxın bir yerdə, elə Cənubi-Passat cərəyanı ilə birbaşa Cənubi Amerika sahillərinə gedib Braziliyanı kəşf edərdi. Bu, qərbdə yerləşən materiki kəşf etmək üçün ən asan yol sayılırdı. Həm də vaxtilə Qvineya sahillərində üzmüş Xristofor Kolumb həmin cərəyanın mövcudluğundan hali idi.
Gəmiqayırma, naviqasiya, coğrafi biliklərin inkişaf edilməsi Böyük coğrafi kəşflərdə yüksək nailiyyətlərin əldə edilməsinə gətirib çıxarıbdır. Uzun məsafəli səyahətləri həyata keçirmək üçün təcrübəli və bacarıqlı dənizçilər lazım idi. Zamanına görə həmin kriteriyalar Kolumbda vardı. Çox güman ki, o, (Kolumb – R. D.) sistematik təhsil almış, müəyyən bacarıq keyfiyyətlərinin sayəsində hər şeyə maraq göstərən adam kimi, dövrünün coğrafi elminə yiyələnmiş, xəritəşünaslıq və naviqasiyadan yaxşı başı çıxırdı... o, Portu-Santu adasında portuqal dənizçinin qızı ilə evlənmiş və qayınatasından miras qalan dəniz xəritələri və gündəliklərini əldə edir.1
 
 
                                                        
                                                   Xristofor Kolumb (1451-1506)                       
 
Yəni, bildirmək istəyirəm ki, bir çox namizədlərə nisbətən Xristofor Kolumb transatlantik səyahətinə ciddi-cəhdlə hazırlaşmış və bunu çox böyük uğurla həyata keçirmişdir. Onun Alonso Uelvanın köməyinə heç bir ehtiyacı yox idi. Çünki o, əvvəlcədən yəni, 1484-cü ilə qədər öz layihəsini hazırlamağa başlamış və orada düzəlişlər etmək fikrində də deyildi. Mən, “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərində bu haqda dürüst məlumat vermişəm və axıra qədər də həmin ideyanın üzərində duracağam, hansında ki, Kolumbun məhz Nəsirəddin Tusinin Marağa rəsədxanasında tərtib etdiyi “Zic Elxani” astronomik kataloqu və coğrafi koordinatlar cədvəlindən istifadə etdiyini cəsarətlə qeyd etmişəm.
Braziliyanın həqiqi kəşfini kənara qoyanda, yəni, indiki yanlış saydığım rəsmi xəbərlərə istinad etsəm, onda deyə bilərəm ki, həmin ərazinin ilkin kəşf edilməsi yenə də İspaniyanın payına düşür. Lakin fransız tarixçiləri zənn edirlər ki, 1488-ci ildə onların həmyerlisi Jan Kuzenin gəmisi fırtına zamanı təsadüf nəticəsində Braziliya sahillərinə yan alır. Əlbəttə buna inanmaq çox çətindir, ona görə ki, həmin dövrdə fransızların gəmiləri portuqalların və ispanların qorxusundan nəinki ekvator xəttinə yaxın bir yerə, ümumiyyətlə Afrikanın şimal-qərb sahillərinə yaxınlaşmırdılar. Amma fransız tarixçiləri bildirirlər ki, Jan Kuzenin səyahəti Fransanın Dyep limanının naviqasiya arxivində qeydiyyata salınıbdır.
Pedru Kabraldan əvvəl Braziliyanın kəşf edilməsi ideyasını müdafiə edən alimlər demək olar ki, iki yerə bölünübdür. Əksəriyyəti bildirir ki, Xristofor Kolumb hələ birinci səyahətinə yola düşməmişdən bir neçə il əvvəl portuqalar Braziliya sahillərində peyda olublar, az bir qismi isə qeyd edirlər ki, həmin ərazi 1492-ci ildən sonra Lissabon rəsmilərinə məlum idi. Bunu araşdırmaq üçün mən, ilk növbədə Kolumbun Lissabonda olan fəaliyyətini önə gətirdim.
Hadisələrin gedişatı ondan xəbər verir ki, Xristofor Kolumb birinci səyahətindən evinə dönəndən sonra portuqalları Braziliya sahillərinə getmək üçün silkələmişdi. Yəni, məhz Kolumbdan sonra kral II Juan məxfi ekspedisiyanın yola düşməsinə qərar verməli olmuşdu.
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı
                                                                                                                                                                                                                                                            
                                                                                                         
 
 
 

 1 Путешествие Христофора Колумба. М., 1956. Свет Я. Колумб. 1973.
1 История средних веков. Абрамсон М. Л., Кириллова А. А., Колесницкий Н. Ф. и другие. Под редакцией Колесницкого Н. Ф. – 2-е издание. исп. и доп. – М., «Просвещение». 1986. 393 стр.
21227
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic