ATLANTİKANI FƏTH ETMƏK ÜÇÜN KOLUMB ƏSL NAMİZƏD SAYILIRDI - III HİSSƏ (Əvvəli – “Ferdinand Van Olmen və Kolumbun transatlantik layihəsi” – adlı məqalədə)
Zəmanəsinin təcrübəli və bacarıqlı dənizçilərindən biri olan Xristofor Kolumb belə bir gedişatı gözləyirdi. Ona görə də o, yanlış rəqəmlərdən ibarət olan layihəsini təqdim etmişdi, həm də onun hamıdan gizlətdiyi (gələcəkdə “Kolumbun itmiş xəritəsi” kimi hallanacaq) bir xəritə var idi ki, həmin materialı ən yaxın adamlarına göstərməyi belə lazım bilmirdi. Elə Ferdinand van Olmenin də səyahət boyu uğur qazanmamasının səbəbi bu idi. Nəzərdə tutulan səyahətə ciddi hazırlaşan fələməngli dəniz səyyahı ekspedisiyanın Portuqaliya sahillərinə altı aydan sonra qayıdacağını planlaşdırırdı. Lakin nəticədə o, müvəffəqiyyət qazana bilmir. Ferdinand van Olmenlə Estreytonun uğursuzluqla üzləşməsi, onların ilin münasib olmayan vaxtında yola düşmələri və Xristofor Kolumbdan fərqli olaraq, okeanda hərəkət edən passatlardan lazımi şəkildə istifadə etməmələri ilə izah etmək olar. Genuyalı dənizçinin müasiri olan, Yeni Dünya sahillərinin konkistadorlar tərəfindən işğal olunmasını ilk dəfə qələmə alan səlnaməçilərindən biri Bartolomeu de Las Kasas hekayələrinin birində Ernan de Olmosun (çox güman ki, o, Ferdinand van Olmeni nəzərdə tutur) səyahətindən xəbər verir. O, yazır ki: “həmin səyahət onu bir dəfə İrlandiyanın qərb sahillərinə, Kolumbun gələcəkdə qoyduğu marşrutdan xeyli şimala gətirib çıxarır”. Xristofor Kolumb (1451-1506) Təəssüflər olsun ki, Ferdinand van Olmenə həmin səyahətdən qayıtmaq müəssər olmamışdı. Çarlz Verlinden qeyd edir ki: “bütün bunlara baxmayaraq Amerikanı, Kastiliyanın xidmətində olan genuyalıdan qabaq, Portuqaliyanın xidmətində olan fələməngli kəşf edə bilərdi. Qərbin tarixi tamamilə başqa cür olardı. Əgər, Olmen öz məqsədinə nail ola bilsəydi, onda nəinki Braziliyada, hətta 17 latınamerikan respublikalarında danışıq dili portuqallara məxsus olacaqdı. Bəzən tarixin taleyi bir adamın taleyindən asılı olur!”1 İş ondadır ki, II Juan Kolumbun təklifini qəbul etsəydi, onda hazırda Atlantik okeanının qərb hissəsində yerləşən keçmiş müstəmləkələrin əksəriyyətində portuqal dilində danışacaqdılar. Hər iki ekspedisiyanın gedişatını analiz edəndən sonra qətiyyətlə deyə bilərəm ki, fələməngli dənizçiyə nisbətən Xristofor Kolumb öz səyahətinə daha ciddi hazırlaşmış və zəhməti hesabına qarşısına qoyduğu məqsədə tam nail ola bilmişdi. Onun təşkil etdiyi ekspedisiya Atlantik okeanında uğur qazanandan sonra “Riyaziyyatçılar Xuntası”nın bütün üzvləri, uzun müddət həmin səhvi özlərinə bağışlaya bilməmişdilər. Nəzəri cəhətcə mükəmməl hazırlaşan və dənizçilik işlə-rinə praktik iş qabiliyyətinə malik olan Xristofor Kolumb ispan monarxları Ferdinand Araqonlu və İzabella Kastiliyalının razılığı əsasında, 3 avqust 1492-ci ildə tərkibində 90 nəfərlik heyəti olan üç gəmidə - “Santa-Mariya”, “Pinta” və “Ninya” – Palos limanını tərk edib, həmin ilin oktyabrın 12-də, cümə günü Baham adaları sisteminə daxil olan, indiki Uotlinq adasını kəşf edərək, oranı “San-Salvador adlandırır”. Xristofor Kolumbun ekspedisiyası birinci səyahətə yola düşür
İspanlardan fərqli olaraq portuqallar, Kolumbun ümumiyyətlə, gedib Şərqi Asiyaya çıxmasına şübhə edirdilər. Bəzi alimlər admiralın getdiyi marşrutu təhlil edəndə inana bilmirdilər ki, Yer kürəsinin dairə çevrəsinin uzunluğu bu qədər qısadır. Lakin İspaniyanın özündə də təklikdə fəaliyyət göstərən skeptiklər vardı. Mən belə qənaətə gəlmişəm ki, Xristofor Kolumb çətin ki, florentsiyalı kosmoqrafın dedikləri ilə razılaşsın. Məşhur dəniz səyyahı bu barədə, ilk növbədə Yer kürəsi çevrəsinin uzunluğunun ölçüsü ilə razılaşa bilmirdi. Deməli, Asiya qitəsi bilavasitə, Paolo Toskanellinin fikirləşdiyi kimi Atlantik okeanında, Kanar adalarından 10000-12000 km. kənarda qərb istiqamətində yerləşmir. Lakin Kolumb fərdi şəkildə hesablamalar aparmışdı ki, Atlantik okeanının qərb hissəsində yerləşən quru ərazi Avropadan təxminən 4500-5000 km. aralıdadır. Belə çıxır ki, həmin torpaq Köhnə Dünyaya bəlli olmayan, tamamilə başqa bir torpaqdır. Dəniz səyyahı belə bir qənaətə təsadüf nəticəsində gəlməmişdir. Bu haqda mən, “Əsrləri qabaqlamış alim Nəsirəddin Tusi” əsərində geniş şəkildə göstərmişəm. Həmin illərdə Barselonada yaşamış, kral sarayına yaxın olan italyan humanisti Pyetro Martire (Əzablı Pyotr), öz yerliləri ilə yazışmalar aparırdı. 1493-cü il noyabrın 1-də yazdığı məktubda belə ifadələr var: “Kolon (Kolumb – R. D.) adlı birisi özünün bildirdiyi kimi, Hindistan sahillərinə qədər, qərb antipodlarının yanına gedib çıxıbdır. O, kosmoqrafların fikirləşdikləri kimi... şərq okeanının o tayında Hindistana yaxın bir yerdə yerləşən çoxsaylı adalar kəşf edibdir. Mən bu haqda iddia aparmaq istəmirəm, halbuki Yer kürəsinin ölçüsü, məndə başqa qənaət yaradıbdır”. Xristofor Kolumb Yeni Dünya sahillərinə ilk dəfə qədəm qoyur
Deməli, Xristofor Kolumb səyahətə yola düşməmişdən əvvəl və Paolo Toskanellinin Yer kürəsinin ölçüsü barəsində verdiyi hesabatlarının əksi olaraq, Pyetro Martire kimi başqa fikirdə idi. Söz yox ki, çoxsaylı elmi ədəbiyyatları nəzərdən keçirən Kolumb da Pyetro Martire kimi fikirləşə bilərdi. Yazıçı-tədqiqatçı Ramiz Dəniz Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı 1 Чарльз Верлинден, Покорители Америки: Христофор Колумб. “Феникс”, Ростов-на-Дону. 1997г., стр.24.
20416
|
|