HİNDİSTANA GEDİB ÇIXAN PEDRO KABRALIN AQİBƏTİMayın 2-də Braziliya sahillərini tərk edən ekspedisiya 11 gəmi ilə demək olar ki, çətinlik çəkmədən gəlib Afrikanın cənubuna çatır və Ümid burnundan bir qədər aralıda, Hind okeanının sərhəd sularında güclü fırtınanın caynağına düşür. Burada dörd gəmi bütün heyətlə birlikdə fəlakətə uğrayaraq, suya qərq olur. Portuqal kralı I Manuelin ümid bəslədiyi Bartolomeu Diaş okean sularında yoxa çıxır. Maraqlıdır ki, həmin təlatümdə Bartolomeunun qardaşı Dioqu Diaş öz gəmisi ilə ekspedisiyadan aralı düşərək, xoşbəxtlikdən gedib Madaqaskar adasına çıxır və bununla da Afrika materikinin ən böyük adasının kəşfinin təməlini qoyur. Lakin Pedru Kabral elə zənn edir ki, o, da fırtına zamanı başqaları kimi həlak olubdur və heç bir axtarış həyata keçirmədən yolunu davam etdirir. Ekspedisiya 6 gəmi ilə portuqalların Afrikanın cənub-şərqində yerləşən platsdarm rolunu oynayan Malindi limanına gəlir, oradan isə Kalikut (indiki Kojikod) şəhərinə yollanır.
Nəzərdə tutulan plana əsasən, itkilərlə Hindistana çatan Pedru Kabral, Kalikut şəhərində faktoriya yarada bilir. Lakin müsəlman tacirlərinin təsiri və nüfuzu portuqalların sərbəst fəaliyyətinə maneəçilik törədir və onlarla müsəlmanlar arasında silahlı toqquşma baş verir. Həmin toqquşmada 50 nəfərə yaxın portuqal, o cümlədən, istedadlı yazıçı Peru Vaş Kaminya öldürülür. Cavabında Kabralın əmri ilə şəhər toplardan bombardımana məruz qalır və müsəlmanların limanda olan bütün gəmiləri yandırılır. Sonra isə onlar Koçində alternativ ticarət əlaqəsi yaradırlar.1 Pedro Alvareş Kabral (1467-1520) 1501-ci ilin əvvəlində geriyə qayıdan portuqallar yolda, Mozambik yaxınlığında daha bir gəmi itirir və xilasetmə əməliyyatından sonra, onlar 4 gəmidə Yaşıl Burun adalarına üz tuturlar. Təsadüf nəticəsində Madaqaskar adasını tərk edən Dioqu Diaş eskpedisiya iştirakçıları ilə həmin adalarda görüşür və onlarla birlikdə vətənə yola düşür. Xüsusilə qeyd etmək istəyirəm ki, həmin ekspedisiyaya daxil olan gəmilərdən biri, Hindistan səfərindən qayıdandan sonra Afrikanın cənub-şərq sahillərində heyətdən kənar düşür və müstəqil şəkildə hamıdan birinci Lissabona çatır. Belə olan halda əlbəttə ki, onları kral sarayına dəvət edib səyahət barəsində bütün vacib məlumatları, o cümlədən, faciəli hadisələri əyanlara ərz edirlər. Nəyə görə mən bu məqama toxundum? İş ondadır ki, Pedru Kabral vətənə qayıtmamışdan əvvəl, artıq kralın istədiyi ümidini doğrultmadığından onun gözündən düşmüşdü. Çünki Kabralın ekspedisiyası həm gəmilərin, həm də insan resurslarının çoxluğuna görə, Vasko da Qamanın ekspedisiyasına nisbətən çox böyük idi, amma nəticə qənaətbəxş sayılmırdı. Təkcə, təsəlliverici hal o idi ki, Duarti Paşeku Pireyra həmin səyahətdən salamat qurtulmuş və Braziliyanın “kəşfi” rəsmiləşdirilmişdi. Təxminən il yarımlıq səyahətdən sonra ekspedisiya 6 gəmi itkisi ilə Pireney yarımadasının sahillərində görünür. Sentyabrın 6-sı 1501-ci ildə ekspedisiya, içərisi həddindən çox qiymətli mallarla dolu olan 5 gəmi ilə səyahətdən qayıdır. Gətirilən qiymətli malların dəyərinə əhəmiyyət verməyən kral I Manuel ekspedisiyanın nəticəsindən narazı idi. Ona görə ki, qoyulan məqsədə nail olunmamışdı. Bütün bunlara baxmayaraq ekspedisiyaya qoyulan xərc iki dəfədən çox gəlir gətirmişdi. Kral I Manuel (1469-1521) XVI əsrdə Avropada tərtib olunan xəritələrdə Kabral tərəfindən aşkarlanan torpaq gah “Terra Brasilis”, gah da “Santa Kruz do Brasil” adlandırılırdı. Xalq arasında isə ora başqa cür də adlandırılırdı – “Tutuquşular ölkəsi” və ya “Braziliya torpağı”. Pedru Kabral saraydan kənarlaşdırılır və 1502-ci ildə təşkil olunan növbəti ekspedisiyanın komandoru yenidən Vasko da Qama təyin olunur, Kabrala ikinci kapitan vəzifəsi verilsə də o, həmin səyahətdə iştirak etməkdən boyun qaçırır. Tamamilə gözdən düşən keçmiş komandor 1509-cu ildə Beyra-Bayşa vilayətinə gedir və ömrünün sonuna kimi orada qalır. Lakin gec də olsa I Manuel 1515-ci ildə, “Vera Kruz” torpaqlarını “kəşf” etdiyi üçün Kabrala illik məvacib ayırır. Hamıdan təcrid olunan və sakit həyat tərzi sürən keçmiş komandor 1526-cı ildə vəfat edir və bir səyahətə dörd qitənin sahillərində - Avropa, Cənubi Amerika, Afrika və Asiyada olmuş onu “İgreja da Graca” adlı qotik kilsənin ümumi qəbristanlığında dəfn edirlər. Onun yaşadığı bağdan nadir ağac növü tapılır. Həmin ağaclar qırmızı-bənövşəyi boya əldə etmək üçün xammal kimi Avropaya gətirilməyə başlayır və onun adı (pau-brasil) ilə bütün ərazi Braziliya adlandırılır. XIX əsrdə tapılan sadə qəbir daşından müəyyən etmək olur ki, XVI əsrdə “Böyük kəşfin” sahibin şəxsiyyətinə o qədər də önəm vermirdilər. Əksinə həyat yoldaşını İzabell Kaştrunun qəbr daşının üstündəki yazıda, onun Portuqal kralı III Juanın qızlarının birinin kameristka olması bildirilir. Pedru Kabralın səyahətinin marşrutu (1500-1501) 1848-ci ildə braziliyalı tarixçi Fridrix Adolfo Varnhagen uzun müddət baxımsız qalan Pedru Kabralın qəbrini identifikasiya edir. 1968-ci ildə Braziliya və Portuqaliya tamtəraqla Kabralın anadan olmasının 500 ilini qeyd edir. Braziliya kimi qiymətli xəzinəni Portuqal taxt-tacına bəxş etdiyinə görə Kabralın xatirəsini əbədiləşdirmək üçün həm Lissabonda, həm də Rio-de-Janeyroda ona heykəl qoyublar. Maraqlıdır Braziliyanı əsl aşkarlayan adamın adı bəlli olandan sonra ona da həmin ölkələrdə heykəl ucaldacaqlar, ya yox? Mənim əminəm ki, yaxın gələcəkdə həqiqət bütün bəşəriyyət qarşısında acıqlanacaq. XVI əsr başlayana qədər bir neçə dünya miqyaslı kəşflər vardısa, onların hər birisi ayrı-ayrılıqda dünya ictimaiyyətində müəmma doğurur. Öz varisləri üçün böyük bir qitəni əldə etmək istəyən Xristofor Kolumb Seviliyanın Kafedral məbədində uyuyur, “İgreja da Graca” qəbristanlığında dəfn olunan sirr gizlətməkdə kral I Manuelə sadiqliyini nümayiş etdirən Pedro Alvareş Kabral, böyük ambisiyalarla yaşamış və hiyləgər fəndləri ilə dünya ictimaiyyətini aldatmış Ameriqo Vespuççi və böyük kəşfi daxilində dövlət maraqları naminə qurban edən Duari Paşeku Pireyra Lissabonda şəhər qəbristanlığında adi vətəndaşlar kimi dəfn edilmiş və heç bir şübhə doğurmadan əsl həqiqəti gizlətməyə çalışıblar. Bununla onlar, daha doğrusu portuqal monarxları nəyə nail olmaq istəyiblər? Arada silahlı münaqişə baş verməsin deyə, ispanları uşaq kimi aldatmaq? Onlar demək olar ki, buna nail ola bilmişdilər. Faktiki olaraq Vatikanda Müqəddəs Pyotrun taxt-tacında əyləşmiş müqəddəs ataların vasitəsilə portuqallar ispanları aldatmağa müvəffəq olmuşdular. Özü də bunu elə həyata keçirmişdilər ki, heç kimi ruhu da incimir. Əlbəttə, ən yaxşı üsul hər şeyi səhlənkarlığın boynuna yıxmaqdır. Necə ki, bunu 1500-cü ildə Pedru Kabral edir və istər-istəməz Braziliya kimi nəhəng ərazini Portuqal taxt-tacının mülkünə qatır. Kolumbun birinci səyahətindən sonra eyforiya içərisində olan sadəlövh ispanlar, hələ XV əsrin sonlarında uydurulan belə bir cəfəngiyyata inanmağa məcbur olmuşdular. Onlar Karib dənizi akvatoriyasında yerləşən əraziləri Braziliyadan üstün tutdular. Yazıçı-tədqiqatçı Ramiz Dəniz Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı 1 История средних веков. Абрамсон М. Л., Кириллова А. А., Колесницкий Н. Ф. и другие. Под редакцией Колесницкого Н. Ф. – 2-е изд. исп. и доп. – М., «Просвещение», 1986. стр. 394.
23398
|
|