BAKIƏTRAFI QƏSƏBƏLƏRİN TARİXİ ABİDƏLƏRİNƏ SƏYAHƏT TƏŞKİL OLUNMUŞDUR
Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədovun təşəbbüsü ilə Azərbaycanı daha dərindən tanımaq və tanıtmaq məqsədilə ölkəmizin müxtəlif guşələrinə səfərlər davam etdirilir. Növbəti səfər 2017-ci il mayın 27-də “Abşeronun tarixinə və bu gününə səyahət” devizi ilə Bakıətrafı qəsəbələrə təşkil olunmuşdur. Səyahətdə Coğrafiya İnstitutunun əməkdaşları ilə yanaşı müxtəlif peşə sahibləri, tələbələr, məktəblilər - coğrafiyasevərlər iştirak etmişlər.
Səfər zamanı bələdçilik Coğrafiya İnstitutun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədəlov və Memarlıq və İncəsənət İnstitunun “Memarlıq abidələrinin qorunması və bərpası problemləri” şöbəsinin müdiri, m.ü.f.d. Rahibə Əliyeva tərəfindən aparılmışdır. Ekskursiyalar Abşeronun qədim kəndləri olan Bülbülədən başlayaraq, daha sonra Əmircanı əhatə etmişdir. İştirakçılar qəsəbələrin məskunlaşma tarixi, əhalisi, iqtisadiyyatı və bu günu haqqında dolğun məlumatlar almış, Bülbülənin tarixi abidələri olan İmamzadəni, məscidləri, köhnə hamamı ziyarət etmişlər. Bu tarixi abidələr haqqında, xüsusilə onların tikilmə tarixi və memarlığı haqqında geniş izahatlar vermişdir.
Abşeronda ən qədim tikili olan İmamzadə haqqında bu abidənin bir hissəsini öz vəsaiti hesabına bərpa etmiş Hacı Mübariz məlumat verərək bildirmişdir ki, burada beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq (677-735–ci illərdə yaşamışdır), onun xanımı, həmçinin, nökəri dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, dəfn olunduqları yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Bu abidənin və onun yaxınlığında olan, XVII əsrin əvvəllərində Şah Abbasın fərmanı ilə Şeyx Nəcməddin tərəfindən tikilən cümə məscidinin 1934-1936-cı illərdə sökülməsi və hazırda İmamzadənin bərpasından danışılmışdır. Daha sonra kənddə 1855-ci ildə Abasqulu ağa Bakıxanov tərəfindən tikilən məscid, 1915-ci ildə tikilən Qəriblər məscidi və 1902-ci ildə Məşədi Vəlican tərəfindən tikilmiş hamam haqqında məlumat verilmişdir. Əmircan kəndində Bakının ən böyük məscidinin 1908-ci ildə Murtuza Muxtarovun tikdirməsi və memarlığı haqqında məscidin axundu Hacı Nəriman iştirakçılara məlumatlar çatdırmışdır.
Daha sonra iştirakçılar XIV əsrin əvvəlləri tikilən Nizaməddin məscidini ziyarət etmişlər. Bu abidə Bakının ən qədim məscidi olub, VIII-IX əsrlərdə tikilmiş, XIV əsrdə isə Əmir Hacı Nizaməddin tərəfindən köhnə hissəsi təmir edilmiş və yeni hissə tikilmişdir. Elə o dövrdən qədim Xilə kəndi bu əmirin şərəfinə Əmirhaçan adlanmağa başlamış və hazırda Əmircan adlanır.
Suraxanıdakı XVIII yüzilliyə aid “Atəşgah” Dövlət Tarix-Memarlıq Qoruğu abidəsinə səyahət çox maraqla qarşılanmışdır. Məbəd kompleksinin ərazisində atəşpərəstlik məbədində qazıntılar, bu qiymətli tarixi-memarlıq abidəsinin keçmişi haqqında iştirakçılara maraqlı bilgilər verilmişdir. Aparılan qazıntılar zamanı müəyyən olunmuşdur ki, abidə atəşpərəstliyin daha qədim (2-3 min il) məbədinin üzərində ucaldılmış və hazırki od məbədi yerli usta və sənətkarlar tərəfındən inşa olunmuşdur. Abidə Şirvan-Abşeron memarlıq ənənələrini özündə əks etdirməklə, bu məktəbin bariz nümunələrindən sayılır və sadə memarlıq kompozisiyası ilə Abşeronun ağ əhəng daşıyla inşa olunmuşdur.
Səyahətin maraqlı hissələrindən biri Abşeronun özünəməxsus fərqli xüsusiyyətlərə malik Qala kəndində baş tutmuşdur. Qala kəndi əsrlərin tikinti-memarlıq incəsənətini özündə əks etdirən, yüksək səviyyəli tikinti texnikasına malik, unikal memarlıq abidələrinin vəhdətini yaratmış, tarixin daşlarda həkk olunmuş izidir. Qala kəndinin usta və memarlarının müxtəlif dövrlərdə yaratdığı müdafiə, dini, mülki, xatirə və məişət tikililəri bu gün kəndin məğrurluq simvoluna çevrilmişlər. Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunun ərazisi 200 ha-dan çoxdur. Burada yaradılmış Qoruq idarəsi tərəfindən 243 tarixi-memarlıq abidəsi-1 qala, 5 məscid, 3 hamam, 3 ovdan, 2 türbə, 200-dən artıq yaşayış və təsərrüfat tikililəri, sərdabələr kompleksi mühafizə olunmaqdadır.
Nahardan sonra iştirakçılar Zirə Eko-parkında olmuşlar. Abşeronda istixana şəraitində yaradılan tpopik meşə guşəsi və xalça muzeyi, istirahət üçün yaradılan gözəl park, piknik və uşaq əyləncə mərkəzi, quş parkı hər kəsə böyük zövq vermişdir.
Səyahətin sonuncu hissəsi Mərdəkan qəsəbəsində baş tutmuşdur. İlk dayanacaq möhtəşəm dördkünc qalada olmuşdur. XII əsrdə şəhərsalma elementi kimi, müdafiə divarları əhatəsində Mərdəkanın dördkünc qalası, onun yaxınlığında isə 1204-cü ildə Şirvanşahlar tərəfindən daha bir qala – dairəvi qala ucaldılmışdır. Əlverişli relyefdə və coğrafi mövqedə yerləşdiyindən və tarixi daha qədim olduğundan kəndin əsas ictimai mərkəzi məhz dördkünc qala ətrafında formalaşmağa başlamışdır. 1482-ci ildə Şirvanşah Fərrux Yassarın dövründə yenilənmiş və Tuba-Şahi məscidi Şirvan-Abşeron memarlıq məktəbinin gözəl nümunələrindən biri kimi, ictimai mərkəzin formalaşmasında ümdə yer tutmuşdur. Qalanın yaxınlığında XVII əsrdə tikilmiş və hazırda təmir olunmuş Cümə məscidi öz füsunkarlığı ilə fərqlənir. Pir Həsən türbəsi, Axund Əbu Turab ağa və böyük xeyriyəçi milyoner Hacı Zeynalabdin ağanın qəbrlərinin ziyarəti tur iştirakçılarının səyahətlərini xoş təəssüratla başa vurmasına səbəb olmuşdur.

17967