BÖYÜK QAFQAZIN CƏNUB-ŞƏRQ HİSSƏSİNƏ SƏYAHƏT

Səyahətdə məqsədimiz nəzərdən keçiriləcək ərazinin relyefini, landşaft xüsusiyyətlərinin şaquli və üfüqi istiqamətdə dəyişikliyə məruz qalma səbəblərini öyrənmək, Azərbaycan coğrafiyasında əksini tapmış Dübrar “ekzotik” qayalarını müşahidə etməklə, ərazinin mikrotoponimlərini və s. qeydə almaq idi.
Bu məqsədlə biz Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvləri Bəndəliyev Vüqar, Cəbrayılov Emil və İmamverdiyev Nicat 22 iyul 2017-ci il tarixindən səyahətə başladıq. İlk olaraq Qızmeydan kəndindən keçməklə Qozlu çay dərəsinin sağ sahilindəki Qoturnohur  kükürdlü su bulağından Duzan yaylağına qədər qalxdıq. Burada dağ çöllərində arid iqlimin hakim olması dağ yamaclarındakı arid kolluqlardan məlum olurdu. Zirinc, ardıc, yemişan, murdarça, cır alma, iydə yarpaq armud və s. ağac və kolluqlar buna misal ola bilər.
Duzan yaylağı dağ üzərində düzən relyefə malik olub, əsasən, Qızmeydan, bir hissəsi isə Xilmilli kəndinə məxsus ərazidir. Burada 7-8 hektarlıq sahədə köhnə qəbristanlıq mövcuddur. Mənbələrdə adı çəkilən Köhnə Düzən yaşayış məntəqəsi bu yaylaqda olmuşdur (1). Qəbristanlıq sahəsindən qəbirüstü daşların izini görürdük. Buradan Çigilçay hövzəsinə məxsus Qırx təpə sahəsi də yaxşı müşahidə edilirdi. Qırx təpə qırx sönmüş vulkan qrifonudur. Bu təpələr əraziyə xüsusi gözəllik verirdi.
Duzan sahəsindən şimala - Eşşək meydanı sahəsinə doğru hərəkət etdik. Burada daha maraqlı mənzərələr müşahidə edirdik. Bu ərazinin relyef xüsusiyyətindən burada vaxtilə kars prosesinin baş ver verməsi və gölün yaranması məlum olurdu. Zaman keçdikcə çılpaq yamacların aşınması nəticəsində göl dolaraq düzənliyə çevrilmişdi. Sahə üç tərəfdən bağlı, şərq tərəfdən isə Çigil çay hövzəsinə axarlı idi.
Bu toponimin eşşək- “ulaq”, “meydan” açıqlıq sahə adlanması nəyə görədir? Bunun mənası hələlik məlum olmasa da, onu qeyd edə biərik ki, Buryat-Monqol dillərində “Oşiq”- külək tərəfdən çox aşınmış dağ süxuru mənasındadır (2).
Ərazinin şimal-şərq hissəsi açıqlıqdır. Ehtimal oluna bilər ki, bu meydanı əhatə edən dağ yamaclarını şimal küləkləri aşındırıb çılpaqlaşdırdığına görə ərazi belə adlandırılmışdır.
Eşşək meydanı sahəsindən Çigilçay boyu yuxarıya doğru hərəkət etdik. Daha sonra Dəli qaya, Taxta Mərəzə, Taxtayaylaq, Taxta Kolanı, Taxta Xıdırlı, Taxta Baloğlan yaylaqlarından keçdik. Taxta Paşalı yaylağında gecələdik. Burada Akad. B.Budaqovun Xəyali Köhnə Taxta yaylaq kəndi adlandırdığı xarabalığı (1) müşahidə etdik. Şirvan şəhəri ehtimal olunan xarabalığı gəzdik, qala divarları, qalacıqları müşahidə etdik.
Sübh tezdən yaşayış yeri xarabalığından birbaşa Dübrar dağına doğru irəilədik. Burada ən uca zirvə olan Kolanı (Dübrar) zirvəsinə qalxdıq. Cihaz vasitəsilə zirvənin mütləq hündürlüyünün 2206 m olmasını müəyyən etdik. Ətrafda müşahidə apardıq. Dübrar (qoşa zirvə) dağ sistemindəki  “Dübrar” qayalarına baxdıq. Bu dağ sisitemindən qoparaq Çigil çay hövzəsinə doğru düşmüş qayalar “ekzotik” qayaların yatım laylarını pozmadan öz əsasından ayrılmışdı. Daha sonra Yəhərcə istiqamətində hərəkət edərək Çigil çayın yuxarı axımından Kəkilnohur, Qızılnohur yaylaqlarından keçdik. Sarıdaş çayı hövzəsi ilə Zəngənə yaylağındakı qədim yaşayış yeri xarabalığında olduq. Sonda Pirbəhli kəndindən keçərək Qızmeydan kəndinə qayıtdıq və səyahətimizi başa çatdırmış olduq.
 
Ədəbiyyat:
  1. Budaqov B. Azərbaycanın  Böyük Qafqaz hissəsinin müasir və qədim buzlaşmaları B.1965.
  2. Budaqov B. Qeybullayev Q. Ermənistanda Azərbaycan toponimlərinin izahlı lüğəti. B.1998.
 
Bəndəliyev Vüqar Nurəddin oğlu
 
      

18166
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic