ÇİNGİZ ABDULLAYEVİN YARADICILIĞI VƏ FƏALİYYƏTİ
Azərbaycan dünya ədəbiyyatına bir sıra sənət ustaları veribdir. Bu sənətkarlardan hər birinin özünəməxsus ədəbi məktəbi, orijinal yaradıcılıq yolu olmuşdur. Eyni sözləri, siyasi dedektiv janrında gözəl romanlar bəxş edən xalq yazıçısı Çingiz Abdullayev haqqında da deməliyik. O, öz yazı üslubu ilə müasir həmkarlarından fərqlənərək, adı çəkilən janrla Azərbaycan ədəbiyyatına yeni ruh, yeni rövnəq gətirdi.
Çingiz Abdullayevin müasirləri arasında qazandığı böyük nüfuz ədəbi mühitlə məhdudlaşmamış, ölkımizin ictimai-siyasi həyatında göstərdiyi fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakı geniş əks-səda doğurubdur. Böyük idealların təsdiqində fəallıq göstərmək, müasir ictimai-siyasi proseslərin hadisə və meyllərin dərin təhlilini vrmək, xalqın, xüsusən də, dəstək verdiyi cavan yaradıcı insanların rifahı naminə mücadilə etmək onun ictimai fəaliyyətinin mərkəzində dayanıbdır. Mirzə Fətəli Axundzadə demişdir ki, “Mənim xalqımın fitri istedadı Avropa xalqlarının fitri istedadından qat-qat artıqdır”. Buna bariz nümunə Çingiz Abdullayevin parlaq yaradıcılığıdır. O, öz yaradıcılığı ilə sübut edir ki, bizim əsərlər milliyyətindən asılı olmayaraq, Avropada və digər qitələrdə yaşayan intellektual səviyyəli oxucuların diqqət mərkəzində ola bilər.
Ədəbiyyatda belə yazılmamış qanun var – hər bir yazıçı yaratdığı əsərlərin kəmiyyətindən və istedad dərəcəsindən asılı olmayaraq çox vaxt bir əsəri ilə tarixə düşür, yalnız bir əsəri onun sənətkar adının tam dəyərli ekvivalentinə çevrilir. XX əsrin sonlarına qədər Çingiz Abdullayevin adı çəkiləndə də yada ilk növbədə məşhur “Mavi mələklər” əsəri düşür.
İş ondadır ki, “Mavi mələklər” Rus dilində dörd dəfə 1988 (30 000 tiraj), 1989 (100 000), 1992 (20 000) və 1994-cü (50 000) illərdə üst-üstə 200 000 tirajla, Azərbaycan dilinə tərcümə olunan əsər isə 1993 (9000) – 2011 (2000)–ci illərdə üst-üstə 11000 tirajla nəşr olunur. Buraxılış tarixinə və tirajların sayına nəzər salanda, onda görərik ki, Çingiz Abdullayev blokada şəraitində olan Azərbaycan ədəbiyyatı sahəsində inqilabi sıçrayış etdi. Azərbaycanlı nasirin ərsəyə gətirdiyi əsər sayı 100 minlərlə olan geniş oxucu kütləsinə təqdim olunur. O yerdə ki, (Rusiyada) bizi, mənfur ermənilərin iyrənc təbliğatına görə xristianların düşməni, mülki vətəndaşların qatili, mədəniyyətdən kənar barbarlar adlandırırdılar, bütün bu informasiya böhtanına sinə gərən bizim yazıçı, əsərlərini rus dilində nəşr etdirərək, postsovet məkanında azərbaycanlı ziyalısının hansı savada, nəyə qadir olduğunu sübut etdi. Onun bu fədakar uğuru bir çox bədbin insanları, o cümlədən, bəzi qələm sahiblərini qıcıqlandırdı.
Mən, ilk dəfə Azərbaycanın ədəbiyyat məbədi sayılan Azərbaycan Yazıçılar Birliyinə qədəm qoyanda, orada birinci olaraq xalq yazıçısı Çingiz Abdullayevlə ünsiyyət qurmağa və tanış olmağa imkan tapmışam. Həmin ərəfədə mən ilk təfəkkür məhsulum, trilogiyanın birinci cildi “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” adlı əsərimi gətirmişdim. Əsər novator işi olduğundan, ona mütləq tanınmış nasirdən rəy almaq lazım idi. Çingiz Abdullayev tərəddüd etmədən əlyazmanı götürüb, tam yoxlayandan sonra xoşuna gəlsə, mənə kömək edəcəyini bildirdi. Tarixi və coğrafi, xüsusən də, erkən və orta əsrlər coğrafi kəşflər tarixi ilə zəngin olan və İspaniya, Çili tarixinin müəyyən bir dövrünü özündə əks etdirən əsər nəinki yazıçının xoşuna gəlmiş, hətta mövzuya heyran qaldığından o, kitaba dair rəy verdi və həmin tarixi roman çap edilərək, oxucuların ixtiyarına verildi. Həmin görüş zamanı mən onda olan müəmmalı bir sirri özüm üçün kəşf etdim; Çingiz müəllim romanın yaranışı üçün o dərəcədə sevinirdi ki, sanki həmin əsərin müəllifi özü idi. Bu ondan xəbər verir ki, onda həmkarlarına qarşı azacıq olsa da, paxıllıq hissi yoxdur.
İnsanlarda xoş ünsiyyət yaratmaq, zamanın ruhunu duymaq, öz alovlu, təsiredici nitqi ilə on minlərlə, yüz minlərlə insanın məhəbbətini qazanmaq, əxlaqi, etik, mədəni keyfiyyətlərlə ətrafda cərəyan edən içtimai proseslərin nəbzini tutmaq Çingiz Abdullayevi geniş miqyasda kamil insan səviyyəsinə gətirib çıxarıbdır. Kamil insanın daxili aləminə girib onun ürəyindəki duyğuları və təfəkküründəki fikirləri qələmə alıb yazmaq, çox mürəkkəb proses sayılır. Lakin mən Çingiz müəllimi şəxsən tanıdığım üçün, onun daxilində cərəyan edən, bəzi xarakterik sirrlərə bələdəm və məhz buna görə də sözün əsl mənasında, təfəkkürümdə, bu böyük insan barəsində gəzdirdiyim bir çox fikirləri paylaşmaq məcburiyyətindəyəm. Çingiz Abdullayevin əhatə dairəsi və fəaliyyət məkanı o qədər genişdir ki, onun haqqında nəinki qəzetdə məqalə, hətta böyük bir kitab yazsan da azdır. Onunla bağlı mən özümdə bir çox şeyləri kəşf etdim. Həyatın ağrılı-acılı çağlarına sinə gərməyi bacaran, bir çoxları kimi ruh düşkünlüyünə qapanmayan, hansı maneə ilə üzləşirsə-üzləşsin, həyata nikbinliklə baxan nasir tezliklə öz aləmini yaradır. Çingiz Abdullayev getdikcə həyatla daha sıx əlaqəyə girir, onun sirrlərini öyrənməyə, ziddiyyətlərinə açar tapmağa can atır. Onda olan bədii istedad Azərbaycan ədəbiyyatı üçün yeni sayılan yeni romanların yaranmasına gətirib çıxarır və Çingiz Abdullayev peşəkar nasir kimi cürbəcür baxışlı oxucular arasında təşəkkül tapır və əlbəttə ki, onların maraq obyektinə çevrilərək, onun yeni yazılarını izləməyə başlayırlar.
Hamıya bəllidir ki, Çingiz Abdullayev nəinki Azərbaycanda, hətta postsovet və Avropa məkanında yazıb-yaradan ən məhsuldar yazıçılardan biridir və demək olar ki, hər ay onun əsərləri yeni-yeni ölkələrin sərhədlərini aşaraq, geniş oxucu kütləsinin qəlbinə yol tapır. Belə bir nəticə ilə yaradıcı insanlarla yanaşı, bütün xalqımız fəxr etməlidir.
Mən xalq yazıçısı ilə ünsiyyətdə olarkən, gördüm ki, o, bəşər mədəniyyətindən, o cümlədən Şərq və Qərb mədəniyyətindən bəhs edən çoxsaylı ədəbiyyat yükünü öz daxilində daşıyır. Özüm erkən və orta əsr coğrafi kəşflər tarixinin araşdırılması ilə məşğulam və bununla bağlı çoxsaylı elmi ədəbiyyatları nəzərdən keçirirəm. Bu haqda Çingiz Abdullayev xəbər tutanda, mənimlə maralı diskussiyalar yaratdı və onda anladım ki, Amerika qitəsinin müəmmalı kəşfi, onun da maraq obyekti sayılır. Ümumiyyətlə, tarixçi olmayan bir şəxsin Amerika qitəsi ilə, həmin qitənin kəşfində müstəsna rol oynamış Xristofor Kolumb, sonrakı illərdə həmin sahillərə dəniz ekspedisiyaları təşkil etmiş, Vasko de Balboa, Pedru Kabral, Diyeqo Nunyes, Bartolomeu Las Kasas, Ameriqo Vespuççi, Fransisko Pisarro, Fransisko Orelyana, Xuan Qrixalva, Ernan Kortes və başqa səyyahlar barəsində geniş bilgiyə malik olması məndə təəccüb hissi doğurdu. Həmin tarixə və tarixin səhifələrinə düşmüş həmin səyyahlara olan marağı o dərəcədə böyükdür ki, o, hətta Kolumbun qəbrini ziyarət etmək üçün İspaniyanın Seviliya şəhərində yerləşən Şəhər Kofedral məbədinə yollanmışdı.
Çingiz Abdullayev öz nəslinə mənsub olan ən gözəl xüsusiyyətlərdən birini öz xarakterində cəmləşdirərək, insanlar arasında yaranan dialoq nəticəsində liberal prinsiplərə üstünlük verir. Əlbəttə, ünsiyyət insanların bir-birini qavramasından başlanır. Çingiz Abdullayev insanlarla söhbət edərkən, ilk növbədə həmsöhbətini səmimi olmağa çağırır və hər hansı bir mövzunun aktual olmasını xoşlayır. Adəti üzrə o, inandığı, etibar etdiyi adamdan heç nə gizlətmir, özündə olan düşündürücü fikirləri, xüsusən də, ona açıqlayır. Səmimiyyət ürəkaçıqlığın, xeyirxahlığın açarıdır. Lakin bir çox insanlar çox vaxt, bu məqamda bir-birini düzgün qavramır, özlərinin davranış motivlərini birtərəfli anlayır, əsaslı bir səbəb olmadan yadlaşır, bir-birindən ayrı düşür, incik gəzir, aylarla-illərlə küsürlər və s. Çingiz Abdullayev isə insan xarakterində olan bütün bu təzadlara baxmayaraq, liberal insan olduğundan hamı ilə kompromissə gedir və humanistliyi ilə hamını sakitliyə, loyal yola dəvət edir. Hətta ətrafında olan dost-tanışlarından kimsə küsəndə, o, həmin adamları barışdırmağa çalışır. O, adamların bir-birilərini qavrayanda ən çox hansı xüsusiyyətlərə daha çox diqqət yetirdiyini aydınca sezir.
(Ardı “Çingiz Abdullayevin psixologiyası və ünsiyyəti” adlı məqalədə)
Yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz
17242