ÇİNGİZ ABDULLAYEVİN PSİXOLOGİYASI VƏ ÜNSİYYƏTİ

                            (Əvvəli “Çingiz Abdullayev istedadlı yazarlara daim dəstək olur” adlı məqalədə)
 
Zəngin ünsiyyət təcrübəsi olan Çingiz Abdullayev həqiqətən də çox vaxt rastlaşdığı adamlara praktik psixoloq kimi həssaslıqla yanaşır, onların müsbət və mənfi keyfiyyətlərini nisbətən asanlıqla görür. Bundan başqa o, müntəzəm surətdə bədii ədəbiyyat mütaliə etdiyi üçün başqa adamları daha yaxşı başa düşür. Bu baxımdan psixoloji biliklərin əhəmiyyətini də ayrıca qeyd etmək lazımdır.

Çingiz Abdullayev psixoloji biliklərə ətraflı yiyələndiyindən müxtəlif həyat şəraitində rastlaşdığı adamları daha yaxşı tanıyır, onları düzgün anlaya bilir. Bir psixoloq kimi o, hər hansı bir insanın zahiri xüsusiyyətlərinə görə (əsasən, necə keyinib-gecinməsindən, özünü necə aparmasından) onun içüzünü, daxili aləmini bir növ oxumağa çalışır. Rastlaşdığı adamın vəfalı olub-olmadığını, səmimi, yoxsa yalançı, sədaqətli, yoxsa sədaqətsiz, etibarlı, yoxsa etibarsız olduğunu müəyyən etmək onun üçün mürəkkəb iş sayılmır. Çünki o, qavradığı ünsiyyət bağladığı adamı düzgün anlamağı və dərk etməyi bacarır. Ümumən, səxavətli adamlar, xüsusən də, xeyirxahlıq hissi onlarda irsi gen daşıdığından, kin-küdurətdən uzaq olar, daim başqaları ilə xoş rəftar etməyi özlərinə borc bilirlər. Elə Çingiz Abdullayev də ətrafdakılarına yalnız yaxşılıq etməyi, ahıl insanları sevindirməyi, kimsəsizlərə əl tutmağı özünün müqəddəs amalı hesab edir.

Çingiz Abdullayev səmimi insan olduğundan ünsiyyət zamanı həmsöhbətilə səmimi söhbət aparır ki, arada qaranlıq məqamlar yaranmasın. Alman yazıçısı və tərcüməçisi Fridrix Bodenştedt yaxşı deyibdir: “Hamı yaxşı bilir ki, bir saatlıq səmimi ünsiyyət insanları onillik adi münasibətlərdən daha çox yaxınlaşdırır”. Elə bu təvazökar və təmkinli Azərbaycan ziyalısı da həqiqəti aşılamaqdan ötrü həmin prinsipə üstünlük verir.

İxtiyar insanın öz əlindədir, çünki insanın mənəvi ehtiyacları, mənəvi qüvvələri, kamil fəzilətlərinin şərafəti fikir, əql, şüur və iradə vasitəsilə təmin və idarə edilir.

Ətrafda olan insanların bütün sosial təbəqələrə mənsub olan insanlarla vəhdət yaratmaq kimi yüksək əxlaqi ideal Çingiz Abdullayevin həyati rəmzi sayılır. Heç kəs təklikdə kamala çatmaz və bunun üçün bir-birinə kömək edən bütün insanları vahid bir bədən timsalında birləşdirən bir qrupun yaranması zəruriyyəti meydana çıxır. Allah-təala Çingiz Abdullayevə elə bir qüdrət və istedad bəxş edibdir ki, o, öz təbiəti etibarilə daim inkişafa meyl edir. O, öünün fiziki və kamillik vasitəsilə özündə həqiqəti intuisiyanın köməyilə bilavasitə dərk etmək qabiliyyətinə malikdir.

Siyasi dedektiv əsərlər ustadı hər hansı bir məsələylə bağlı fikirlərini söyləyəndə, ədəbiyyat sahəsində elmi məntiqi nəticəyə gələndə tələsmir, diqqətlə, səbrlə, geniş, elmi-bədii tədqiqatlara, mənbələrə əsaslanaraq, onlara bir-bir insanların gözü qarşısında müraciət etməklə, nəzəri təhlilini verməklə, müqyisələr aparmaqla, elə bir inandırıcı, həqiqi məntiqi fikirləri ümumiləşdirməklə fikrini yekunlaşdırır ki, onun elminə, yaradıcılığına, zəkasina, idrakına, zəngin elmi-nəzəri təcrübələrinə heyrət etməmək, heyran qalmaq olmur. Öz fikirində diqqətli olan Çingiz Abdullayev hər hansı məqaləsini qəzet səhifələrinə çıxarmağa hazırlaşarkən, hasil etdiyi fikrin tam təhlilini verməmiş, nəticə çıxarmağa tələsmir və məhz ondan sonra həmin fikirləri oxucuların ixtiyarına buraxır. O, sözün dəyərini bilən sənətkar kimi qarşısına qoyduğu ən ali məqsədlərə xidmət edir. Nasirin yazıları o qədər mənalı, təsirlidir ki, kitaba qapanan oxucunun diqqəti tarıma çıklir, bütün fikirləri özündə cəmləşdirir, hərtərəfli olaraq özünə çəkir.

Ruh və şüur Allah tərəfindən insanın bədəninə yeridilmiş əbədi və əzəli başlağıcdır. O ölən deyil. Şüur qeyri-maddi başlağıc olan ruhun fəaliyyət təzahürüdür və əslində maddi aləmdəki şeylər və proseslər ondan asılıdır, törəmədir. Çingiz Abdullayevin bildirdiyinə görə gerçəklikdə olmayan şey və hadisələrin obrazlarının təxəyyüldə yaradılması da ruhun və onun fəaliyyət təzahürü olan şüurun fəallığını təsdiqləyən cəhətdir. Hər bir adamın düşüncələri, duyğuları şüura aiddir. 

Çingiz Abdullayev yaradıcı bir insan kimi bütün ömrü boyu insanları anlamaqla, dünyanı dərk etməklə məşğul olur. O, idraksız yaşaya bilmir.

Necə ki, mən Bakıda oturub Qabriel Markesin, Paolo Koelyonun, Çarlz Verlindenin, Çarlz Hepqutun əsərlərini oxuyur, eləcə də Londonda, Parisdə, Madriddə, Berlində, Budapeştdə, Osloda, Moskvada, Sankt-Peterburqda və digər şəhərlərdə yaşayan sakinlər Çingiz Abdullayevin əsərlərini oxuyaraq, onlardan böyük həzz alırlar. Mən fəxr edirəm ki, adı çəkilən müasirim və həmyerlimin əsərləri tərəqqipərvər insanları sevindirir, həmin uğur ilə başda ermənilər olmaqla düşmənlərimizin bağrını çartladır.  
                     
Mən özüm, elə orta məktəbli illərində tarixi-bədii əsərlərə üstünlük versəm də, Artur Konan Doyl, Jorj Simenon, Aqata Kristinin də əsərlərini xoşlamışam. O vaxt həmin yazıçıların yaratdıqları obrazlar çoxlarının dillər əzbəri olmuşdur, lakin ağlıma belə gəlməzdi ki, haçansa Şerlok Holms, komissar Meqre, Erkül Puaro səviyyəsində və həmin çərgəyə daxil olacaq Dronqo kimi bir qəhrəmanı mənim həmyerlim yetişdirib, ədəbiyyat meydanına buraxacaq. Belə bir möcüzə yalnız, zəkası ilə dünya ədəbiyyatını mənimsəyən, güclü intellektual potensiallı geniş dünyagörüşünə malik olan bir yaradıcı tərəfindən yarana bilərdi.

Xüsusilə, onu qeyd etmək istəyirəm ki, Çingiz Abdullayevin səviyyəli, bacarıqlı, Avropa oxucularının nəbzini tuta bilən bir yazıçı kimi, zəngin biliyə malik olan yaradıcı bir insan kimi yetişməsində valideynlərinin də böyük rolu olubdur. Onun anası Şəfiqə Bədəlova 30 ilə yaxın marksizm və leninizm Universitetində rektor, o cümlədən Həmkarlar İttifaqının sədri vəzifəsində işləmiş tarixçi professor idi, atası Akif Abdullayev isə tanınmış hüquqşünas kimi Naxçıvan şəhər prokuroru vəzifəsində işləmiş və Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri olubdur. Çingiz Abdullayevin həddindən artıq məlumatlı və bilikli olması, onun çoxlu mütaliə etməsindən xəbər verir. Öz sahəsinin mütəxəssisi olan Çingiz Abdullayev ixtiyarında olan qəzet və rabitə xidmətlərinin vasitəsilə dünyada baş verən bütün yeniliklərdən xəbərdar olur, daim ixtisas ədəbiyyatı ilə maraqlanır, məşğul olduğu sahənin problemlərindən asanlıqla baş çıxara bilir. Onun idrakı özünə düzgün seçim etməkdə yardım olur və cəmiyyət arasında ona şöhrət gətirir.
 
(Ardı “İstedadı ölkə hüdudlarını aşan yazıçı - Çingiz Abdullayev” adlı məqalədə)
                                                                                                      Yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz
                                                                                                        
14096
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic