HƏSƏN MÜƏLLİMİ DÜŞÜNƏRKƏN

21 Dekabr 2017
AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutun Torpaq şöbəsinin müdiri, a.ü.f.d. Ənvər Əliyev görkəmli coğrafiyaçı - torpaqşünas alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə Teleqraf.com saytına müsahibə verib. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyevlə müsahibəni təqdim edirik.
- Ənvər müəllim, 2017-ci ildə Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı çoxsaylı tədbirlər, konfranslar keçirilib. Maraqlıdır, siz akademik Həsən Əliyevi necə tanıyırsınız?
- Respublikamızda elə görkəmli insanlar var ki, onlar haqqında müsbət mənada fikir söyləyərkən, insan heç bir çətinlik çəkmir. Həm İnstitutumuzun direktoru, həm şöbəmizin müdiri, həm də rəhbərim olan Həsən Əliyev də məhz bu ziyalılardan biridir. Mən kiçik elmi işçi kimi instituta gələndə buradakı ümumi atmosfer bir qədər fərqli idi. Əsl azərbaycanlı mühiti mövcud idi: böyük-kiçiyin yeri, bir-birinə səmimi münasibət, iş də ki öz yerində. Bu qaydalara əməl edən hər kəsin arxasında insanlıq, alimlik, haqq-ədalət simvoluna çevrilən bir dağ, bir azərbaycanlı kişisi olan Həsən müəllim dayanmışdı! Bu mühit içində formalaşan, respublikanın müxtəlif rayonlarından özlərindən də böyük problemlərlə şəhərə gələn hər birimiz gələcəyə çox böyük ümüdlə baxırdıq.
- Siz akademikin tələbəsi olmusunuz?
- Bəli, bir neçə ildən sonra şöbəmizin əyani aspiranturasına qəbul oldum. Qəbul imtahanında ixtisas imtahanı verərkən Həsən müəllim məndən çox razı qaldı. Üstəlik özünün namizədlik dissertasiyası zamanı tədqiqat apardığı yerlər haqqında məlumatlı olduğumu görəndə xeyli məmnun oldu. Dissertasiya mövzusunu seçərkən bir rəhbər kimi yaxşı bələd olduğum həmin əraziləri mənə təklif etməsi lap ürəyimdən oldu. Günlərin birində məni yanına dəvət edib “hazırlaş, bu günlərdə birlikdə çölə gedəcəyik” dedi. Ezamiyyətdə olduğumuz bir neçə gün ərzində Həsən müəllimin mükəmməl tədqiqatçılığı ilə bərabər, olduğu hər yerdə böyük hörmət sahibi, el ağsaqqalı, vətənini, onun hər bir guşəsini ürəkdən sevən əsl azərbaycanlı olduğunu dərk etdim. Onun hər bir hərəkəti - danışıq mədəniyyəti, tabeliyində olan və olmayan insanlarla davranışı mənim üçün həyat dərsi idi. Növbəti məzuniyyətim də yaddaqalan oldu. Təcrübi işlərimin vaxtı çatmışdı, amma institutun xəzinadarlığında pul olmadığı üçün çölə gedə bilmirdim. Rəhbərimə məlumat verməli idim. Mənə diqqətlə qulaq asan Həsən müəllim “bala, kassada pulumuz yoxdu, ancaq getmək də vacibdi” deyib əlini cibinə saldı. Gözləmədiyim bir vəziyyət yarandığı üçün heç nə deyə bilmədim. Tərəddüdümü görüb, “götür bala, bizim də çətinliyimiz çox olub, darıxma, işinlə yaxşı məşğul ol, hər şey yaxşı olacaq” dedi. Sonralar yaddaşıma hopan bu və bu kimi bir çox faktlar da mənim həyat fəaliyyətimdə bir örnəyə çevrildi. Dissertasiya işimi yerinə yetirdikdən sonra müdafiəmi 1984-cü ildə onun doğma institutu olan Torpaqşünaslıq və Aqrokimya İnstitutunda etməli oldum. Hər yerdə olduğu kimi burda da Həsən müəllimə yaradıcı, təşkilatçı, işdən başı çıxan bir ziyalı kimi xüsusi rəğbət var idi. Maraqlı idi, o öz kadrlarına qarşı nə qədər səxavətli, köməkkeş idisə, bir o qədər də tələbkar və qısqanc idi. Bütün hallarda onları kənara buraxmaq istəmirdi. Yaxşı yadımdadı, dissertasiya müdafiəmdən çox razı qalan Moldaviyadan olan opponentim mənimlə bir neçə gün çöldə olanda təsərrüfat işlərindən yaxşı başım çıxdığı və təşkilatçılıq xüsusiyyətim barədə Həsəm müəllimə bir neçə tərifli söz dedi. Sonra isə ondan xahiş etdi ki, təsdiqimi alandan sonra məni Moldovaya aparsın və 5-6 ilə doktorluq müdəfiəmdən sonra təcrübəli bir kadr kimi yenə bura qaytarsın. Bunu eşidən Həsən müəllim, doğrusu, heç gözləmədiyim halda qəflətən ciddiləşdi və bu məsələ ilə özünün məşğul olacağını bildirdi. Öz yetişdirdiyi kadrlara həddindən artıq diqqətcil və qayğıkeşliyi burda da özünü göstərirdi. Həsən müəllim təkcə İnstitutun direktoru deyil, həm də hamımızın ağsaqqalı idi. Xüsusilə, gənclərin hər zaman böyük dəstəkçisi və bir çox problemlərinin həllində himayədarı idi. Mən İnstutumuzda elə bir adam tanımıram ki, onun ən çətin probleminin həllində Həsən müəllimin rolu olmasın. Onun ən yadda qalan işlərindən biri institutun gənc kadrlarının mənzillə təminatında oldu. Yaşlılarımızın yaxşı yadında olar, o vaxtlar mənzil məsələsində uzun bir növbəlilik vardı. Buna baxmayaraq, Həsən müəllim çətinliklə də olsa, institutumuz üçün tikdirdiyi kooperativ bina üzvlərinin boşalmış mənzillərini də qanunun tələblərinə uyğun cavanlara verdirdi. Digər xidmətlərindən biri də Coğrafiya İnstitutunu çətinliklə də olsa, birinci dərəcəli institutlar siyahısına keçirməsi oldu. Bu da institut əməkdaşlarının maddi imkanlarının xeyli dərəcədə yaxşılaşması demək idi. Elə bir bayram olmazdı həyat yoldaşı Zərqələm xanımla birlikdə təbrik üçün şöbəyə gəlməsin.
- Deməli, Həsən Əliyev təkcə institutun rəhbəri olmayıb, həm də orada işləyənlərin problemlərini öz problemi bilib...
- O, təkcə elmi rəhbər yox, həm də son dərəcə diqqətcil və qayğıkeş bir insan idi. Məhz bu səbəbdən də Həsən müəllim hamımız üçün həm də güvənli bir rəhbər idi. Səbəbini bilmədiyim mənə qarşı olan xüsusi münasibəti hər yerdə özünü göstərirdi. Başqalarından fərqli olaraq dəfələrlə bayramlarda evinə dəvət edilməyim, şüfrəsində çörək kəsdiyim bu insanın mənəvi təmizliyi ilə bərabər ev, ailə işlərindəki davranışları ilə yaxından tanışlığım Həsən müəllimi mənim üçün günbəgün ideallaşdırırdı. İnstitutda milli kadrların yetişməsində, formalaşmasında həddən artıq ciddi bir səyi vardı. Məhz onun dövründə institutumuz sırf milli tərkibli oldu. Bəlkə də buna səbəb həyatının son dərəcə ağır və amansız anları olmuşdu. Yaxşı yadımdadır, bir dəfə mənə redaktə etmək üçün ailəsinin başına gətirilən müsibətlərdən bəhs edən bir yazı verdi. Bu, onun həyatının ən faciəli anlarla dolu olan bir tale yazısı idi. Mən onun heç vaxt çap olunmayan həyat hadisələrini oxuduqca dəhşətə gəlirdim. Bu, qardaş-bacılarının bəzilərini itirərək, doğma dədə-baba yurdlarından - Qərbi Azərbaycandan Naxçıvana köçmələrindən bəhs edən, faciələrlə dolu bir həyat hekayəsi idi. İndiyə qədər də yadımdan çıxmayan bu yazının sürətini çıxarıb saxlamadığıma görə özümü bağışlaya bilmirəm. Bəlkə də bu cür ürəkağrıdıcı faciələr, tarixin bir çox dəyişgənliyini gördüyü üçün idi ki, bu insan ən çətin anlarda belə öz qürur və təmkinliyini saxlaya bilirdi. Bir şözlə, Həsən müəllim zamanın bütün çətinliklərini görmüş, onun bütün sınaqlarından qürurla çıxmış bir insan idi. Onun istər ata əvəzi olan böyük qardaş kimi, istərsə də respublikanın bir çox rəhbər vəzifələrində çalışmış ləyaqətli bir kadr kimi bu ailənin formalaşmasındakı əməyi də böyük olmuşdu. Əliyevlər ailəsinin bu qədər məşhurlaşmasında və respublikanın tanınmış, elmi-siyasi məfkurəsi zəngin olan bir ailəsinə çevrilməsində Həsən müəllimin xidməti danılmazdır. Uzun illər respublikamıza rəhbərlik etmiş, dünya siyasətçiləri sırasında öz yeri olan Heydər Əliyev Həsən müəllimin bu ailə üzərindəki ağsaqqalıq rolunu dəfələrlə qeyd edib. Təbii ki, onun ən böyük xidmətlərindən biri, bəlkə də ən birincisi vətəninə, onun təbiətinə olan tükənmək bilinməyən qayğısı idi. Həsən müəllim Azərbaycanın hər guşəsinə bələd olan, onu varlığı qədər sevən, canlı və cansız aləminə doğma münasibəti olan bir insan idi. O, bütün göstəricilərinə görə əsl azərbaycanlı idi, böyük hərflə yazılası bir Azərbaycanlı!
- Həsən müəllimin vəfatı insanlara necə təsir etdi?
- 1993-cü ilin fevralın 2-də həyatımın ən kədərli anlarından biri, mənim üçün çox doğma olan bir insanın ölüm xəbəri oldu. Qarlı-şaxtalı bir gün səhər tezdən Həsən müəllimin yeganə övladı Rasim müəllim mənə zəng edərək onun ölüm xəbərini verdi. Dalımca da maşın göndərdiyini dedi. Onu da deyim ki, biz Zərqələm xanımın qırx mərasimini yenicə vermişdik. Yalnız ən yaxın qohumların iştirakı ilə keçən yas məclisləri bu ailəyə məxsus təvazökarlıqla bərabər, həm də respublikada hökm sürən çətin vəziyyətdən xəbər verirdi. Həqiqətən də ölkəmiz ağır günlərini yaşayırdı. Siyasi struktur dəyişmiş, daxili və xarici problemlər baş alıb gedirdi. Baxmayaraq ki, Coğrafiya İnstitutunun rəhbərliyi respublikanın tanınmış, dəyərli alimlərindən olan Budaq Budaqovun əlində idi. O da bəzi məsələlərdə öz sözünü deyə bilmirdi. Mərhumun nekroloqunun hazırlanması, dini və milli dəyərlərimizdən irəli gələn bir sıra tədbirləri çətinliklə olsa da, lazımı qaydada yerinə yetirə bildik. Lakin ən çətin məsələlərdən biri bu insanın tam mənada layiq olduğu Fəxri Xiyaban məsələsi oldu. Həqiqətən də çətin məsələ idi. Ümüd çox az idi. Lakin bütün xeyirxah insanları və əməlləri himayə edən haqq-ədalət qanunu burda da öz sözünü dedi. Xalqımızın görkəmli şairi Məmməd Arazın ölkə prezidenti Əbülfəz Elçibəyə zəng edərək çətinliklə “Əbülfəz, sən mənə müəllimim deyirsən, mənim də müəllimim olan Həsən müəllim rəhmətə gedib” deməsiylə bu məsələ də layiqincə həllini tapdı. Mən hər dəfə bu məzarlığın yanından keçəndə görkəmli heykəltaraşımız Ömər Eldarovun xüsusi istedadla hazırladığı, onun əsl cismini xatırladan özünəməxsus qiyafəsindəki sadə qəbirüstü abidəsini görərkən həyat simvoluma çevrilmiş o insanın sonsuz sayda olan xeyirxah əməllərini xatırlayıram. Fikirləşirəm ki, nə yaxşı ki, Azərbaycanımızı candan sevən, əməli ilə onun təbliğatçısı olan, onun xeyirxah övladlarının daima yanında olan bu cür ziyalı insanlarımız var. Mənə elə gəlir ki, həmişə böyük qürur hissi ilə yad etdiyim bu insan haqda deyiləsi mümkün olan və olmayan bir çox xatirələrin mükəmməl bir əsərə çevrilməsinin hələ ki, zamana ehtiyacı var. Mən həmişə yeri bilinən bu böyük insana qəni-qəni rəhmət diləyib, “qəbrin nurla dolsun” deyirəm.

Teleqraf.com
http://teleqraf.com/news/toplum/159433.html
14882
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic