ACC-NİN 2017-Cİ İL ÜÇÜN HESABATI

Yanvarın 31-də  AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda Azərbaycan Coğrafiya  Cəmiyyətinin illik hesabat yığıncağı keçirildi. Tədbirdə ACC rəyasət heyətinin üzvləri, ali təhsil müəssisələri coğrafiya fakültələrinin rəhbərləri, coğrafiya kafedralarının müdirləri və s. iştirak edirdilər.

Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov ACC-nin 2017-ci il üçün geniş hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi coğrafiyanın inkişafı istiqamətində görülən işlərdən danışaraq bildirdi ki,  coğrafiya artıq təsvir funksiyasını başa vuraraq təbiətin, təbii proseslərin və cəmiyyətin  ayrılıqda və qarşılıqlı inkişaf qanunauyğunluqlarını öyrənən fundamental, həm də tətbiqi elmə çevrilib. ACC-nin əsas vəzifəsi Azərbaycanda coğrafiya elminin inkişaf dinamikasını, qazandığı nailiyyətləri silsilə halında ictimaiyyətə  çatdırmaqdan ibarətdir.

Akademik Ramiz Məmmədov 2017-ci ildə baş verən mühüm coğrafi hadisələr, Azərbaycan Coğrafiya Cəmiyyətinin regional bölmələrinin fəaliyyəti, ACC-yə üzvlüyün vəziyyəti, konfrans və əhəmiyyətli görüşlər,  beynəlxalq əlaqələr, ekspedisiyalar,  yubileylər, coğrafiyaçı alim və mütəxəssislərin coğrafi biliklərin təbliği sahəsində gördükləri işlər, onların KİV-dəki çıxışları və sairdən geniş söhbət açdı.  Qeyd edildi ki, ACC-nin  tədbirlərindən biri olan “Azərbaycanı tanıyaq və tanıdaq” devizi altında təşkil olunan ekoturlar coğrafiyaçı alimlərin onlarda iştirakı və olduqları yerlər haqqında iştirakçılara geniş mütəxəssis izahı vermələri ilə fərqlənir. ACC-nin yeni nəşrlərindən danışan Cəmiyyətin prezidenti bu il “Coğrafiya və təbii resurslar” jurnalının 2 nömrəsinin, ACC və Cİ-nin elmi əsərlərinin XIX  və XX cildlərinin işıq üzü gördüyünü diqqətə çatdırdı. Elmlə təhsilin vəhdəti  istiqamətində xeyli işlər görülmüş, Bakının 10 ümumtəhsil orta məktəbinin şagirdləri üçün yerlərdə və Coğrafiya İnstitutunda seminar-məşğələlər, görüşlər keçirilmişdir. Təkcə akademik Ramiz Məmmədov bu il 4 orta məktəbdə, BDU və ADPU-da olmuş, eləcə də Coğrafiya İnstitutunda şagirdlər, tələbə, magistr və aspirantlarla, həmçinin Cİ-nin gənc alim və mütəxəssisləri ilə görüşlər keçirmiş, onların problemləri ilə yaxından maraqlanmış, əlindən gələn köməkliyi gənclərdən əsirgəməmişdir.

Sonra Ramiz Məmmədov 2018-ci il üçün nəzərdə tutulmuş tədbirlər haqqında məlumat verərək bildirdi ki, bu il mötəbər tədbirlər, görüşlər baxımından çox məhsuldar bir il olacaq. 2018-ci ildə “Daxili su hövzələri  problemlərinin - Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi”, “Avrasiya - CİS konfransı 2018” mövzuları daxil olmaqla, 4 beynəlxalq konfrans keçirilməsi planlaşdırılıb. Oktyabr ayında Ağdaş şəhərində Coğrafiya Cəmiyyətinin növbəti – X qurultayı gözlənilir. Qurultayla eyni zamanda, "Azərbaycanın arid və semiarid regionlarının coğrafi problemləri" mövzusunda növbəti regional elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulmuşdur.

Elmi  işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov ACC qurultayının keçirilməsinin vacibliyi  haqqında məlumat verdi. Onun təklifi ilə qurultaya hazırlıq üzrə Təşkilat komitəsinin yaradılması və Coğrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, ACC-nin BDU, ADPU, Gəncə, Lənkəran, Sumqayıt filiallarının nümayəndələrinin də Təşkilat komitəsinə daxil edilməsi qərara alındı.

ACC-nin elmi katibi, c.ü.f.d. Mirnuh İsmayılov 2017-ci il ərzində katibliyin gördüyü işlər haqqında məlumat verərək, əvvəlki illərdə olduğu kimi bu il də institut əməkdaşlarının coğrafiya elminin təbliği istiqamətində çox fəal olduqlarını qeyd etdi. O göstərdi ki, əməkdaşlar respublika ərazisində bütün təbii-dağıdıcı hadisələrə - meteoloji, sürüşmə, palçıq vulkanları kimi hadisələrə çox çevik reaksiya vermiş, yerlərdə olmuş, bu barədə KİV-də əhaliyə ətraflı məlumatlar çatdırmışlar.

BDU-nun kafedra müdiri, c.e.d., professor Tapdıq Həsənov  Cəmiyyətin işini yüksək qiymətləndirərək zonalar üzrə fəaliyyətin daha da gücləndirilməsini vacib hesab etdi.

ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dekanı, c.ü.f.d., dosent Şahin Pənahov çıxış edərək ACC-nin işini yaxşı qiymətləndirməklə yanaşı, işlədiyi  Universitetdə  ACC ilə görüş təşkil etmək haqqında təklif  irəli sürdü. O, eyni zamanda ACC tərkibində Gənclər şöbəsinin yaradılmasını da məqsədəuyğun hesab etdi.
Tədbirdə digər çıxış edənlər də Cəmiyyətin hesabat ili üçün  fəaliyyətini müsbət qiymətləndirərək  2018-ci ildə Cəmiyyət üzvlərinə böyük uğurlar arzu etdilər.

Azərbaycan Coğrafiya Cəmiyyətinin 2017-ci il üçün fəaliyyəti yekdilliklə yaxşı qiymətlə qəbul edildi.


 


8808
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic