AKADEMİK RAMİZ MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR

04 fevral 2018

Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də  Gürcüstan Respublikası Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.

Elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır.  Azərbaycan SSR Elmlər Akademiyasının göndərişi ilə 1975-1976-ci illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında o “Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə” mövzusunda Moskva Okeanologiya İnstitunun Dissertasiya Şurasında «Okenologiya» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Bakıya qayıtdıqdan sonra o, 1980-1985-ci illərdə Azərbaycan «Kosmik Tədqiqatlar» Elm-İstehsalat Birliyinin «Xəzər elmi tədqiqat stansiyasının» müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AEA Rəyasət Heyyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildən isə həm də bu institutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2012-ci ildən AMEA ak.H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna direktorudur.

1995-cı ildə “Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yayılmasına təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.

R.Məmmədov Azərbaycanda və dünyada Xəzər dənizinin tədqiqatları üzrə tanınmış alim və mütəxəssisdir. Onun elmi tədqiqatları, əsasən, Xəzər dənizinin ən aktual problemlərinə - hidrologiyasına, hidrofızikasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafı modelinin yaradılmasına, Xəzər dənizinin status probleminə və ümumiyyətlə, Xəzərin ekocoğrafıyasına həsr olunmuşdur. Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də R.Məmmədovun əsas tədqiqat istiqamətlərindəndir. Kür-Araz hövzəsinin transsərhəd su problemlərinin tədqiqi də alimin elmi axtarışlarının maraq dairəsindədir. Bu mövzuda önəmli məqamlardan biri onun 2009-cu ildə Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının “Daşqınların yaranmasının transsərhəd risklərinin idarə olunması” mövzusunda keçirdiyi beynəlxalq seminarda “Su resurslarının inteqrasiya olunmuş metodu ilə Kür hövzəsində daşqınların qarşısının alınması” mövzusunda etdiyi məruzədir.

R.Məmmədov Xəzər dənizində keçirilmiş 15-dən çox dəniz ekspedisiyanın iştirakçısı və çoxunun rəhbəri olmuş, onların tədqiqat planını tərtib etmişdir. O öz tədqiqatları ilə Sakit, Hind okeanlarında, Qara və Baltik dənizlərində, Baykal gölündə keçrilən bir neçə beynəlxalq ekspedisiyaların da iştirakçısı olmuşdur. 2005-ci ildə R.Məmmədov rus alimləri ilə birgə Moskvanın “Nauka” nəşriyyatının sifarişi ilə “Xəzər dənizinin müasir vəziyyəti” monoqrafiyasını yazıb. 2007-ci ildə R.M.Məmmədovun “Hidrometeoroloji dəyişkənlik və Xəzər dənizinin ekocoğrafı problemləri” kitabı işıq üzü görüb. Bu monoqrafiyada müəllifin, əsasən, özünün bu sahədə uzunmüddətli tədqiqarlarının ümumiləşdirilmiş nəticələri verilmişdir. 2007-ci ildə alimin gürcü həmkarları ilə birlikdə “Qəza və risklərin coğrafiyası (Qafqaz-Pont regionun rütubətli subtropik zonaları” kitabı Tbilisi şəhərində işıq üzü görür. Gürcüstan və türk alimləri ilə elmi əməkdaşlığı davam etdirən alim 2008-ci ildə Tbilisidə öz həmkarları ilə birgə “Cənubi Qafqazda ətraf mühitin antropogen transformasiyası” kitabını çap etdirib. 2017-ci ildə alimin “Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi” adlı kitabı nəşr olunub.

Onun ölkə iqtisadiyyatında önəmli yer tutan Xəzər dənizinin hidrometeorologiyası, səviyyə tərəddüdləri, axınları və neft ləkələrinin yayılması və ekocoğrafiyası ilə bağlı yazdığı fundamental əsərləri Bakıda, Moskvada və ilk dəfə hazırladığı irihəcmli “Xəzər dənizinin hidrometeorologiyası” atlası isə İranda və Kanadada nəşr olunmuşdur.

R.M.Məmmədovun elmi əsərləri dünyanın məşhur elmi jurnalları və nəşriyyatlarında (“Şpringer”, “Elsevier”, “Nauka”, “Kluver Akademik” və s.) çap olunmuşdur. O, 320-dən çox  elmi məqalə, 15 kitab və 1 atlasın müəllifidir, 20-dən çox işi AMEA-nın mühüm nəticələrinin siyahısına daxil edilmişdir. 1980-1986-cı illərdə Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələrinin icra etdiyi “Dünya okeanı” layihəsinin idarə heyətinin üzvü olmuşdur. O, Sakit, Hind və Atlantik okeanlarında beynəlxalq ekspedisiyaların öz tədqiqat mövzusu ilə iştirakçısı olub. Azərbaycan Respublikasında Xəzərin kompleks tədqiqat planını tərtib etmiş və Bakıda Xəzərə aid beynəlxalq və respublika konfranslarının keçirilməsinin təşkilatçısı və aktiv iştirakçılarından biridir. 02 mart 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə akademik Ramiz Məmmədov “Azərbaycanın Fövqəladə Hallar Atlası”nın hazırlanmasında məsul katib təyin edilmişdir.  

R.M.Məmmədov beynəlxalq aləmdə yaxşı tanınmış və çəkisi olan tədqiqatçıdır. Təkcə son 10 ildə 40-a qədər ölkədə keçirilmiş beynəlxalq simpozium, konfrans, seminar və toplantıların iştirakçısı olub, məruzə ilə çıxış etmiş, bəzilərinə isə sədrlik etmişdir. O, ümumiyyətlə götürdükdə dünyanın 82 şəhərində (Paris, San-Fraçisko, Brussel, London, Afina, İstanbul, Tokio, Helsinki, Brisbon, Sinqapur, Moskva, Sankt-Peterburq, Pissa, Buxarest, Berlin və s.) müxtəlif elmi toplantıların iştirakçısı olmuşdur. ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Avropanın Kopernikus, İNTAS, Çərçivə Proqamı 6 və 7, NATO-nun “Elm Sülh Naminə” və s. beynəlxalq fondların elmi qrantlarına layiq görülmüşdür.

Elmi işlərlə yanaşı R.M.Məmmədov aktiv olaraq elmi-təşkilatı və kadrların hazırlanması məsələləri ilə də məşğuldur. 2002-ci ildən Coğrafiya İnstitutunda fəaliyyət göstərən Doktorluq Dissertasiya Şurasının sədri, 2005-ci ildən Xəzər Dənizi Tədqiqatları Üzrə Əlaqələndirmə Şurasının sədri və 2002-ci ildən Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) üzvüdür. 2001-ci ildən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış “Təmiz su” beynəlxalq mərkəzin direktorlar şurasının üzvüdür. 1999- 2008-ci illərdə isə Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üçün təsis etdiyi Beynəlxalq Ekoloji Mərkəzin (Tbilisi) Konsultativ Şurasnının prezidenti olmuşdur. 2015-ci ildə akademik Ramiz Məmmədov David Publishing Company Nəşriyyat Şirkətinin öz sahəsi üzrə dünya jurnalları sırasında ən yüksək reytinqə malik “Gəmiçilik və okean mühəndisliyi” elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.  14 aprel 2015-ci ildən Milli Məclis yanında Toponomiya Komissiyasının üzvüdür.

Coğrafiya elminin aktual vəzifələrini dərindən təhlil etməyi və nəticələr çıxarmağı bacaran, bu sahədə dünyada gedən tədqiqatlardan dərin xəbərdar olan akademik Ramiz Məmmədov geniş əhatəli və praktiki-tətbiqi məzmunda tədqiqat planları hazırlamaq və kollektivi möhkəm səfərbər etmək qabiliyyətinə malikdir.  Bu baxımdan baş redaktoru olduğu  “Azərbaycan Respublikasının coğrafiyası” əsərinə görə  Azərbaycan Dövlət Mükafatına layiq görülməsi  akademik Ramiz Məmmədovun ən böyük uğurlarından biridir. Türk dünyasının coğrafiyasının hazırlanmasına başlanması da akademikin əldə etdiyi digər böyük bir hadisədir.

Ümumiyyətlə, Ramiz Məmmədovun  rəhbərlik etdiyi dövrdə İnstitut bir sıra əhəmiyyətli uğura imza atıb ki, Naxçıvan Muxtar Respublikasının coğrafiyası da buna misal ola bilər.

Ramiz Məmmədovun  innovativ və təşəbbüskar  xarakterə malik bir rəhbərdir. O, İnstitutda müasir informasiya kommunikasiya  texnologiyalarının geniş miqyasda tətbiqinə, əməkdaşların müasir texnologiya vasitələri ilə işləməsinə,  elmi-tədqiqat işlərində coğrafi informasiya sistemlərinin (GİS) tətbiqinə geniş üstünlük verir. Alim elmi-təşkilati fəaliyyətində gənclərə həmişə yüksək yer ayırır, onların elmi potensialının artması, elmi yaradıcılıqla daha geniş məşğul ola bilmələri üçün mümkün şərait yaradır, onlarla vaxtaşırı görüşlər keçirir, problemləri ilə maraqlanır, lazım olan köməyi gənclərdən əsirgəmir.

Akademik Ramiz Məmmədov özünün əməyi, zəhmətsevərliyi, məqsədyönlü yaradıcılığı ilə gənclərimizə hər zaman örnək olan bir alim, elm təşkilatçısı, müəssisə rəhbəridir.

Ramiz müəllimi  doğum günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür, Azərbaycan coğrafiyasının inkişafı yolunda yeni-yeni nailiyyətlər, yaradıcılıq uğurları  arzu edirik!

11251
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic