QUŞQAYA
Qobustan rayonu ərazisində yerləşən bu qaya Cəngi kəndindən 17 km cənub-qərbdədir. Dəniz səviyyəsindən hündürlüyü 326 m-dir. Vaxtilə palçıq vulkanı kimi formalaşmış qayanın uzunluğu 90, eni isə 50 metrə qədərdir. Yamaclarında meyillilik 60 dərəcədən çoxdur. Brekçiya qatı yuyulmaya davamsız olduğundan yağıntılar nəticəsində cənub-qərb və şimal-şərq yamaclarda su şırımları əmələ gəlmiş, şimal-qərb yamacda isə uçqun baş vermişdir. Maraqlı cəhətlərdən biri bu cür yuyulma proseslərinin dağın üstündə əmələ gətirdiyi relyef formalarıdır.
Yerli əhali qayanı Beşbarmaq və ya Pirdibi kimi də adlandırırlar. Ətəyində yerləşən pir müqəddəs hesab edilir. Buraya nəzir-niyaz gətirir, qurbanlıq qoyun kəsirlər.
Ətraf ərazilərdə intensiv denudasiya və eroziya prosesləri getməkdədir. Yaxınlıqdan meandr formaya malik Ceyrankeçməz çayının yatağı keçir. Çay əsasən yağış suları ilə qidalandığından ilin çox hissəsində qurumaya məruz qalır.
Quşqayasından 1 km şimal-şərqdə isə eyniadlı silsilə yerləşir. Kəskin parçalanmaya məruz qalmış silsilənin dəniz səviyyəsindən ən hündür nöqtəsi 401 m-dir. Quşqayası silsiləsi cənub-şərqdən şimal-qərbə doğru 3 km məsafədə uzanır.
Emil Cəbrayılov
Vüqar Bəndəliyev
08.04.2018
14669
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|